Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, Qum Elmi Hövzəsində son yüz ildə kəlam elminin inkişaf tarixinə həsr olunmuş elmi sessiya, dekabrın 5-i çərşənbə günü axşam saatlarında Hövzənin Elmi Assosiasiyalarının konfrans zalında keçirilmişdir.
“Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyinə həsr olunmuş” konfransın ixtisaslaşdırılmış sessiyalarının katibi Höccətül-İslam vəl-müslimin Rzayiməneş, bu sahənin tanınmış alim və tədqiqatçılarının iştirakı ilə baş tutan “Qum Elmi Hövzəsində kəlam elminin inkişaf tarixi” mövzusundakı xüsusi iclasda, bu silsilə müzakirələrin keçirilmə fəlsəfəsini açıqlamışdır.
O, çıxışının əvvəlində Qum Elmi Hövzəsinin dirçəldilməsində öncüllük etmiş şəxsiyyətlərin xatirəsini ehtiramla yad edərək, bu müəssisənin bir əsrlik elmi-mədəni fəaliyyətinə işarə etmiş və bildirmişdir: Son illərdə Qum Elmi Hövzəsinin yüzillik elmi mirasını yenidən oxumaq və onun nailiyyətlərini sistemli şəkildə araşdırmaq məqsədilə yüz illik yubiley katibliyində genişmiqyaslı bir layihənin icrasına başlanmışdır. Bu layihənin məqsədi, Hövzənin bu yüz illik müddətdə formalaşdırdığı elmi və intellektual irsi yenidən dəyərləndirmək, “Hövzənin niyə ‘elmiyyə’ adlandırıldığını”, hansı nailiyyətlərə imza atıldığını və gələcək perspektivin hansı istiqamətləri göstərdiyini elmi şəkildə ortaya qoymaqdır.
Sessiya katibi qeyd etmişdir ki, layihə çərçivəsində müxtəlif elm sahələrinə aid iyirmi iki elmi işçi qrupu formalaşdırılmışdır. Tanınmış alim və ixtisaslaşmış mütəxəssislərdən ibarət bu qrupların vəzifəsi, kəlam, fəlsəfə, fiqh, üsul, təfsir, əxlaq və digər sahələr üzrə əsrin əvvəlindən günümüzə qədər baş vermiş elmi dəyişiklikləri araşdırmaq, inkişaf xəttini, nəzəri meylləri, çətinlikləri və təsirli elmi simaları sənədləşdirməkdir.
Rzayiməneş nümunə olaraq kəlam elminə dair aparılan araşdırmanı göstərərək demişdir: Məsələn, kəlam elmi üzrə aparılan tədqiqatda əsrin əvvəlində Hövzənin elmi vəziyyətinin necə olduğu, hansı inkişaf mərhələlərinin keçildiyi, hansı yeniliklərin meydana gəldiyi və hazırda bu elmin hansı mövqedə dayandığı nəzərdən keçirilmişdir.
O, həmçinin bu ilin may ayında yerli və xarici mütəfəkkirlərin iştirakı ilə keçirilmiş Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyinə həsr olunmuş beynəlxalq konfransa toxunaraq demişdir ki, tədbir yüksək elmi səviyyəsi və səmərəliliyi ilə seçilmiş, çoxsaylı dəyərli əsərlərin nəşrinə əsas yaratmışdır. Onun sözlərinə görə, çağdaş böyük alimlərin əsərlərinin yenidən tənzimlənmiş külliyyatı, həmçinin son yüz ilə aid sənəd və araşdırmalar artıq iyirmi altı cilddən çox olmaqla nəşr prosesindədir.
Rzayiməneş sözlərinin davamında qeyd etmişdir ki, aparılan bu geniş fəaliyyətlərin nəticəsi olaraq belə qənaətə gəlinmişdir: Hövzədə baş vermiş elmi transformasiyanı sadəcə bir neçə məqalə və ya kitabın çərçivəsində təqdim etmək kifayət etmir. Daha dərin və çoxqatlı mövzular mütəxəssislər arasında elmi, tənqidi və dialoji müzakirələr tələb edir. Bu səbəbdən, konfrans başa çatdıqdan sonra hər bir sahə üzrə məqalələrin təkmilləşdirilməsi, həmçinin gizli qalmış elmi cəhətlərin araşdırılması məqsədilə elmi sessiyalardan ibarət yeni bir silsilə proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır.
O, əlavə edərək bildirmişdir ki, hər sessiyada müvafiq elmi qrup tərəfindən hazırlanmış və “Son əsrdə həmin elmin düşüncə tarixi” adı altında toplanmış geniş məzmunlu məqalə, müəllifi tərəfindən təqdim edilir. Ardınca həmin məqalə Hövzənin tanınmış alim və tədqiqatçıları tərəfindən tənqid və elmi qiymətləndirməyə məruz qalır. Məqsəd odur ki, tənqidi yanaşma və tamamlayıcı baxışlarla müxtəlif sahələrin tədris istiqamətləri, elmi tədqiqatları, novator meylləri, elmi məktəbləri, nəzəriyyələri və intellektual nailiyyətləri daha zəngin və daha dəqiq şəkildə təqdim olunsun.
Höccətül-İslam Rzayiməneş çıxışının sonunda vurğulamışdır: Bu proses, elmi kamilliyə çatdığımız iddiası deyil; əksinə, hövzə tədqiqatlarının dərinləşdirilməsi və inkişafı yolunda mühüm addımdır. O, həmçinin bəyan etmişdir ki, bu sessiyalarda təqdim edilən elmi məhsullar və təkmilləşdirilmiş məqalələr yaxın gələcəkdə yubiley katibliyi və müvafiq nəşriyyat mərkəzləri vasitəsilə maraqlı oxucuların ixtiyarına veriləcəkdir.
Rəyiniz