Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən, bu gün səhər saatlarında İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah üzma Seyid Əli Xamenei, Məhkəmə Hakimiyyətinin rəhbəri, yüksək vəzifəli məsul şəxslər və ölkənin müxtəlif bölgələrindən gəlmiş ədliyyə orqanlarının rəhbərləri ilə görüş keçirib. Görüş zamanı o, İran xalqının son təcavüzkar müharibədə göstərdiyi böyük iradəni təhlil edərək işğalçı qüvvələrin plan və hesablamalarının necə puç olduğunu vurğulayıb.
O, fərqli siyasi baxışlara və müxtəlif dini yanaşmalara malik insanları bir araya gətirən möhtəşəm milli həmrəyliyə diqqət çəkərək bildirib: Bu böyük milli birliyin qorunması hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin və bütün təbəqələrin üzərinə düşən mühüm bir vəzifədir.
Həzrət Ayətullah Xamenei qeyd edib: İran xalqının 12 günlük müharibədə ortaya qoyduğu iradə və fədakarlıq, qətiyyət, əzm və milli özünəinamın parlaq nümunəsidir. Belə bir mübarizə ruhunun mövcudluğu və ABŞ kimi güclə, eləcə də onun sionist rejim adlı zəncirli köləsi ilə mübarizəyə hazır olmaq olduqca yüksək dəyərə malikdir.
O, Pəhləvi dövrünün bəzi rəsmilərinin xatirələrinə istinad edərək əlavə edib ki, həmin dövrdə hətta qapalı məclislərdə belə ABŞ-a qarşı çıxmaq cəsarəti tapılmırdı.
İnqilabın Ali Rəhbəri bildirib: İran bu gün o mərhələyə çatıb ki, nəinki ABŞ-dan çəkinmir, əksinə onu qorxuya salır. Bu ruh və milli iradə İslam Respublikasının başını uca tutur və onu böyük arzularına çatdırır.
Ali Rəhbər xüsusilə vurğulayıb: Dost da, düşmən də bilməlidir ki, İran xalqı heç bir arenaya zəif tərəf kimi daxil olmayacaq. Biz həm məntiqə, həm də hərbi gücə əsaslanan bütün zəruri imkanlara sahibik. Bu səbəbdən istər diplomatik, istər hərbi sahədə meydana girdikdə, Allahın inayəti ilə həmişə güclü mövqedə olacağıq.
Ayətullah Xamenei əlavə edib: Biz sionist rejimini "xərçəng xəstəliyi" ABŞ-ı isə bu rejimi dəstəklədiyinə görə "cinayətkar" adlandırırıq. Buna baxmayaraq, heç vaxt müharibəyə başlayan tərəf olmamışıq. Lakin düşmən hər dəfə hücuma keçdikdə, cavabımız sərt, sarsıdıcı və nəticəli olubdur.
O qeyd edib ki, İranın sionist rejimə qarşı göstərdiyi qətiyyətli cavabı bu rejimi ABŞ-a sığınmağa məcbur etdi: Əgər sionist rejim bu qədər zəif duruma düşməsəydi və özünü müdafiə edə bilsəydi, belə aciz şəkildə ABŞ-a yalvarmazdı. Lakin artıq anlayıb ki, İran İslam Respublikası qarşısında tab gətirə bilməz.
Ali Rəhbər İran İslam Respublikasının ABŞ-ın hücumuna qarşılıq olaraq endirdiyi zərbənin də çox həssas və strateji olduğunu vurğulayıb: İranın cavab hücumu ABŞ-ın regionda yerləşən son dərəcə həssas və strateji obyektinə yönəlmişdi. Hazırda xəbər senzurası bu zərbənin miqyasını ört-basdır etsə də zaman keçdikcə İranın Amerikaya necə zərbə vurduğu tam aydın olacaq. Hətta bu zərbədən daha böyük və təsiredici cavablar da mümkündür.
Ayətullah Xamenei vurğulayıb ki, son müharibə zamanı milli şüurun yüksək səviyyədə üzə çıxması düşmənin planlarını alt-üst etdi: İşğalçıların hesablamaları belə idi ki, İran daxilində bəzi şəxslərə və strateji mərkəzlərə hücum etməklə sistemi zəiflədəcəklər. Daha sonra münafiqlərdən, xainlərdən, daxili düşmənlərdən, satqınlardan və şah tərəfdarlarından ibarət gizli şəbəkələrini hərəkətə gətirməklə xalqı küçələrə çıxardıb İran İslam Respublikasının məhv etmə planını cızmışdılar.
İslam İnqilabının Ali Rəhbəri qeyd etdi ki, əksinə xalqın reaksiyası düşmənin planlarını tam puç etdi. Hadisələr tamamilə düşmənin ssenarisinin əksinə doğru getdi. Bu proses bəzi şəxslərin siyasi və strateji sahələrdə apardıqları hesablamalarında nə qədər səhv olduğunu göstərdi.
Ayətullah Xamenei əlavə edib ki, təcavüzkar düşmənin siması, məqsədləri və gizli planları xalq üçün tam aydın oldu. Allah-Taala onların planlarını iflasa uğratdı, xalqı isə dövlətə və İslam Respublikasına dəstək vermək üçün səhnəyə çıxartdı. Düşmənin gözlədiyinin əksinə olaraq xalq dövlətə həm mənəvi həm də maddi cəhətdən güclü dəstək verdi.
İslam İnqilabının Ali Rəhbəri müxtəlif dini baxışlara və tamamilə fərqli siyasi yönümlərə malik insanların bir araya gələrək yaratdığı milli birliyi “milli gücün vəhdəti” adlandırıb və vurğulayıb: Bu vəhdət böyük bir nemətdir. Onun qorunması hər kəsin borcudur. İstər jurnalist, istər hakim, istər dövlət məmuru, istər ruhanilər və cümə imamları və.s hər kəs bu birliyin qorunmasına məsuliyyətlə yanaşmalıdır.
Ali Rəhbər sonda qeyd edib: Siyasi zövqlərin müxtəlifliyi və dini baxışların fərqli olması, "Əziz İran" və İslam Respublikasının müdafiəsi kimi ortaq və müqəddəs məqsəd ətrafında birgə duruş nümayiş etdirməyə mane olmamalıdır. Bu birliyin davamlılığı üçün cəmiyyətə düzgün və şəffaf izahat verilməli, qarışıqlıq və çaşqınlığa səbəb ola biləcək lazımsız mübahisələrdən və xırda məsələlər üzərində qalmaqallardan çəkinilməlidir.
O, milli birliyin qorunmasının zəruriliyinə toxunaraq qeyd edib: Səhv anlayışların izahı və aradan qaldırılması vacibdir. Lakin əsassız iradların gündəmə gətirilməsi, onlarla bağlı mübahisələr və cüzi məsələlər üzərində qalmaqal yaradılması zərərlidir. Hətta yanlış fikirlərin təkzibi də elə bir tərzdə edilməlidir ki, ölkəyə problem yaratmasın.
Həzrət Ayətullah Xamenei, dövlətə sədaqətin ifadə olunmasını və ümumi dövlət siyasətlərinə dəstəyi faydalı və vacib hesab edərək əlavə edib: Lakin cəmiyyətdə mövcud fikir ayrılıqlarını və siyasi düşərgələşməni qabartmaq, zərərli bir davranışdır və bundan çəkinmək lazımdır.
O, xüsusilə gənclər arasında müşahidə olunan ictimai həyəcan və ruh yüksəkliyini təşviq edərək vurğulayıb: Bu ruh yüksəkliyi çox faydalıdır. Lakin səbrsizlik göstərmək, səbirsiz şəkildə tələblər irəli sürmək o cümlədən "niyə filan iş görülmədi? " kimi şəklində narazılıq ifadə etmək zərərlidir.
Ali Rəhbər son tövsiyəsində qeyd edib ki, dövlətin hərbi və diplomatik qurumları öz fəaliyyətlərini daha güclü, dəqiq və düzgün istiqamətlənmiş şəkildə davam etdirməlidirlər: Xüsusilə diplomatik sahədə yönəlik strategiyaya diqqət yetirilməlidir. Bu fəaliyyətlər mütləq ehtiyatlılıq və dəqiqliklə icra olunmalıdır.
O əlavə edib: Bəzən hərbi və ya diplomatik bir məsələdə vətəndaşlar məsul şəxslərə irad bildirə bilər. Biz etiraz edilməməlidir demirik, lakin bu etirazlar və tənqidlər araşdırma və məlumat əsasında, qəbulolunan bir üslubla bildirilməlidir. Təəssüf ki, bəzən mediada səslənən bəzi açıqlamalar və etirazlar məlumatsızlıqdan qaynaqlanır.
Ayətullah Xamenei vurğulayıb: Məsul şəxslər öz vəzifələrini əzm və tam mənəvi güclə davam etdirməlidirlər. Hər kəs bilməlidir ki, Allah-taala Qurani-Kərimdə buyurduğu kimi "Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər." (Həcc surəsi, 40-cı ayə)
Buna görə də, Allahın vəd etdiyi bu yardım İran xalqı, İslam Respublikası və Qurana bağlı olan bu dövlət üçün təmin olunmuşdur. Bu millət şübhəsiz qalib gələcək.
Bu görüş zamanı Ali Rəhbər, məhkəmə hakimiyyətinin rəhbəri və bu sahədə fəaliyyət göstərən bütün əməkdaşlara təşəkkür edərək qeyd edib: Məhkəmə sistemində görülən işlər qənaətbəxş və sevindiricidir. Lakin daim həyata keçirilən işlərlə yanaşı, hələ yerinə yetirilməmiş zəruri məsələlərə də diqqət yetirilməli və onların həyata keçirilməsi istiqamətində ciddi şəkildə çalışılmalıdır.
O, sionist rejimin son müharibədə törətdiyi cinayətlərin hüquqi cəhətdən araşdırılmasını zəruri hesab edərək deyib: Keçmiş hadisələrdə də bu cür hüquqi proseslər aparılmalı idi. Lakin bəzi laqeydliklər baş verdi. Bu dəfə məhkəmə sistemi bu cinayətlərin beynəlxalq və daxili məhkəmələr vasitəsilə tam diqqət və ayıq-sayıqlıqla, hərtərəfli şəkildə izlənilməsini təmin etməlidir.
Ali Rəhbər vurğulayıb: Məhkəmə sisteminə dair bütün bu tövsiyələrin nəticəsi xalqın bu orqana olan inamında öz əksini tapmalıdır. Dəfələrlə məhkəmə məsullarına demişik ki, sistem elə işləməlidir ki, ölkənin istənilən bölgəsində bir vətəndaş zülmə məruz qaldıqda bilsin ki, onun problemi məhkəməyə müraciət etməklə həll olunacaqdır.
O bildirib ki, bu ideal nəticəyə nail olmaq üçün məhkəmə sisteminin daxilində və xaricində mövcud olan korrupsiya ilə ciddi mübarizə aparılmalıdır: Korrupsiyaya qarşı mübarizə xalqda ümid və etimad hissi yaradır.
Görüşün əvvəlində, Məhkəmə Hakimiyyətinin rəhbəri Höccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhsini Ejeyi çıxış edərək bildirib: Düşmənin öz məqsədlərinə nail ola bilməməsi xalqın ayıq-sayıqlığı və Ali Rəhbərin müdrik rəhbərliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Bu milli şərəf kitabına daha bir parlaq səhifə əlavə etdi və dünya ictimaiyyəti qarşı tərəfin etibarsız olduğunu bir daha gördü.
O, məhkəmə sisteminin ötən il ərzində həyata keçirdiyi bir sıra əsas fəaliyyətləri də qeyd edib:
Məhkəmə sisteminin islahat sənədinin yenilənməsi və bu istiqamətdə mühüm irəliləyişlər,
Daşınmaz əmlak sənədlərinin hüquqi tənzimlənməsi ilə bağlı qanunun icrası üçün zəruri tədbirlərin görülməsi,
Qanunların düzgün tətbiqinə nəzarət məqsədilə icra orqanları ilə əməkdaşlığın gücləndirilməsi,
Məhkəmə çəkişmələrinə baxılma müddətinin azaldılması,
Barış və sülh yolu ilə münaqişələrin daha geniş həcmdə həll olunması,
Məhkəmə orqanlarının xalq və məscidlər arasında daha fəal iştirakı,
İki milyondan artıq vətəndaşa pulsuz hüquqi məsləhət xidmətlərinin göstərilməsi.
Eyni zamanda, o qeyd edib ki, sionist rejimin cinayətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində hüquqi addımlar Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurası Katibliyi ilə birgə fəal şəkildə həyata keçirilməkdədir.
Rəyiniz