Ata, məgər Allahın da evi var? Bəs niyə məscidə Allahın evi deyirik? Allah məsciddə yaşayır?
Mənim əziz balam, gəl, sənə bunu izah edim. Sən məscidə gedəndə orada çoxlu insan görürsən, elə deyilmi? Bəziləri namaz qılır, bəziləri Quran oxuyur, bəziləri də dua edir. Hamı məscidə Allahı yad etmək, ona ibadət etmək və dua etmək üçün gəlir.
İndi sənə bir sual verim: Biz evdə də namaz qıla və Allahla danışa bilərikmi? Əlbəttə, bilərik! Bəs onda məscid niyə bu qədər vacibdir?
Çünki, mənim balam, məscid Allahı yad etmək və ona ibadət etmək üçün xüsusi bir yerdir. İnsanlar məsciddə bir yerə toplaşır, birlikdə namaz qılır, dua edir və Allahı yad edirlər. Buna görə də biz məscidə Allahın evi deyirik.
Ata, deməli Allah da məsciddə yaşayır?
Xeyr, mənim gözəl balam! Allah bizim kimi deyil. Gəl bir az düşünək. Bizim evimiz var, çünki yaşamaq, yemək yemək və dincəlmək üçün bir yerə ehtiyacımız var. Bəs Allahın da bizim kimi otağa, çarpayıya və evə ehtiyacı varmı? Yaxud Allah başqa bir yerə getmək istəsə, məsciddən çıxmalıdırmı?
Xeyr, elə deyil, əziz balam! Allahın heç bir yerə ehtiyacı yoxdur. O, bizim kimi müəyyən bir məkanda yaşamır. Heç nə Allahdan gizli qalmaz. Sən evdə olanda da məktəbdə olanda da həyətdə oynayanda da Allah sənin harada olduğunu və nə etdiyini bilir.
İndi sənə bir misal çəkim. Tutaq ki, biz bir evə babanın evi deyirik. Bu, həmin evin babaya məxsus olduğu deməkdir. Amma bu o demək deyil ki, babanın adını çəkəndə o, mütləq evdə olmalıdır. Elə deyilmi?
Məscidə Allahın evi deməyimiz də buna bənzəyir. Yəni məscid Allah üçün ayrılmış, insanların ona ibadət etdiyi və onu yad etdiyi bir yerdir. Bu Allahın məsciddə yaşadığı demək deyil.
Ata, bəs mən məsciddə olmayanda da Allahla danışa bilərəm?
Əlbəttə, mənim əziz balam! Bu çox gözəl bir şeydir. Sən olduğun hər yerdə Allahla danışa bilərsən. Məsələn, otağında oturub anan üçün darıxanda Allahdan onu qorumasını və həmişə sağlam saxlamasını istəyə bilərsən. Başına gözəl bir hadisə gələndə isə Allaha şükür edə bilərsən. Bunun üçün mütləq məscidə getməyinə ehtiyac yoxdur. Çünki Allah hər zaman bizim halımızdan xəbərdardır və bizi eşidir.
Deməli, ata, məscid Allahın evidir, amma Allah orada yaşamır?
Bəli, mənim ağıllı balam! Məscid Allahın evidir deyəndə, Allahın orada yaşadığını nəzərdə tutmuruq. Biz məscidə belə deyirik, çünki ora namaz qılmaq, dua etmək və Allahı yad etmək üçün xüsusi olaraq ayrılmış bir yerdir. Allahın evə də, başqa bir məkana da ehtiyacı yoxdur. Sən harada olursan ol, Allahla danışa, ona dua edə və ondan kömək istəyə bilərsən.
Hövzə | Uşaqlar bəzən dini anlayışları gündəlik həyat təcrübələri ilə müqayisə edir və bu barədə suallar verirlər. Onların bu maraq və suallarına sadə dildə, tanış nümunələr əsasında cavab vermək dini anlayışları daha düzgün dərk etmələrinin və bu barədə təsəvvürlərinin formalaşmasının möhkəmlənməsinə kömək edir.
Rəyiniz