Beynəlxalq Əl-Mustafa (s) Universitetinin Hindistandakı nümayəndəsi: “Qadınlar da İslam ümməti üçün əməli və mənəvi örnək ola bilərlər.”
Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Beynəlxalq Əl-Mustafa (s) Universitetinin (Cəmiətul-Mustafa əl-Aləmiyə) Hindistandakı nümayəndəsi höccətül-İslam vəl-müslimin Seyid Kamal Hüseyni Laknau şəhərində yerləşən Zeynəbiyyə mədrəsəsinə səfəri zamanı qız tələbələrin iştirakı ilə keçirilən xüsusi əxlaq dərsində çıxış edib. Bu proqram iştirakçılar üçün İslamın əxlaqi və mənəvi təlimləri, eləcə də qadınların cəmiyyətin tərbiyə və istiqamətləndirilməsindəki mühüm rolu ilə tanış olmaq baxımından dəyərli bir fürsət olmuşdur.
O, “Qurandakı qadın nümunələri” mövzusu əsasında çıxış edərək vurğulamışdır ki, mənəvi və ruhani yüksəliş yalnız kişilərlə məhdudlaşmır. Qadınlar da ən ali mənəvi məqamlara çata bilərlər. Höccətül-islam Hüseyni həzrət Məryəm (s.ə), həzrət Asiyə (s.ə) və Fizzə xanıma (s.ə) işarə edərək bildirib: bu görkəmli xanımlar bütün ümmət üçün əməli və əxlaqi nümunədirlər və onların həyatı qadınların mənəvi kamilliyə çatmaq üçün sahib olduqları böyük potensialı nümayiş etdirir.
Höccətül-islam Kamal Hüseyni çıxışının davamında Əbul-Qasim Quşeyridən nəql olunan bir rəvayətə toxunaraq bildirmişdir: “Bir gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) xidmətçisi olan Fizzə xanım səfər zamanı səhrada karvandan ayrı düşür. Ondan haradan gəldiyi və hara getdiyi soruşulduqda, cavablarını birbaşa Qurani-Kərimin ayələrinə istinad edərək verir.” Cənab Hüseyni bu hadisəni qadınların yüksək mənəvi məqamlara çatmaq imkanının açıq nümunəsi adlandıraraq vurğulamışdır: “Bu xanımların həyat yolu tələbələr üçün əxlaqi və mənəvi nümunə ola bilər. Çünki Qurani-Kərimin təlimlərindən bəhrələnmək qadınların mənəvi yüksəliş və kamillik yolunu asanlaşdırır.”
Bu görüş qadınların cəmiyyətin əxlaqi və mənəvi səviyyəsinin yüksəldilməsindəki rolunu izah etmək və onları tələbələr üçün praktik nümunə kimi təqdim etmək məqsədilə təşkil olunmuşdur. Tədbirdə xüsusilə qız tələbələrin İslam tarixinin görkəmli qadınlarının həyatı və davranışları ilə yaxından tanış olmalarının əhəmiyyətinə diqqət çəkilmişdir. İştirakçılar İslam tarixinin nümunəvi qadınlarının həyatı və təlimləri ilə tanış olmaq, onların ilhambəxş rəftarlarını öz əxlaqi və mənəvi inkişaf yollarında tətbiq etmək imkanı əldə etmişlər.
Rəyiniz