Hövzə Xəbər Agentliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrindən minlərlə qadın və qız bu gün dekabrın 3-də İmam Xomeyni (r) adına hüseyniyyəsində İslam İnqilabın Ali Rəhbəri Ayətullah Xameneilə görüşüblər.
İsalam İnqilabının Ali Rəhbəri bu mərasimdə həzrət Fatiməni bütün sahələrdə ən yüksək xüsusiyyətlərlə bəzənmiş ilahi bir şəxsiyyət olaraq təqdim etdi və İslamın qadınların hüquq və mövqeyinə dair baxışını açıqlayaraq, kişilərin həyat yoldaşları və qadınlarla münasibətlərində nələr etməli və nələrdən çəkinməli olduqlarını izah etdi.
Ayətullah Xamenei həzrət Fatimənin “ibadət və təvazökarlıq, xalq üçün fədakarlıq və mərhəmət, çətinliklərə və sınaqlara dözümlülük, haqqı müdafiə etmə, həqiqətləri açıqlama, siyasi anlayış və fəaliyyət, ev idarəçiliyi, həyat yoldaşına və uşaqlara qayğı, İslamın ilk dövründə baş verən əhəmiyyətli hadisələrdə iştirakı” və digər sahələrdəki misilsiz fəzilətlərini qeyd etdi. O, İran qadınının Allahın lütfü ilə peyğəmbərin dediyi kimi, bütün dövrlərdə qadınların başçısı olan bu ilahi nümunədən dərs götürdüyünü və onun məqsədləri istiqamətində hərəkət etdiyini bildirdi.
Ali Rəhbər qadınların İslamdakı mövqeyini yüksək və dəyərli hesab edərək vurğuladı ki, Quranda qadının kimliyi və şəxsiyyətinə dair ifadələr ən ali və inkişaf etmiş təsvirlərdir.
O, Quran ayələrinə istinad edərək qadın və kişinin insan tarixində bərabər rolu olduğunu və qadın və kişinin mənəvi kamilliyə və yüksək mövqelərə çatmaq imkanlarının eyni olduğunu qeyd etdi. Ali Rəhbər əlavə etdi ki, bütün bu prinsiplər, dini tanıyan, lakin dini düzgün anlamayanlar və ya dini qəbul etməyənlərin yanlış təsəvvürləri ilə ziddiyyət təşkil edir.
Ayətullah Xamenei İslamın qadınların cəmiyyətdə, peşə və biznes fəaliyyətində, siyasi iştirakda və dövlət vəzifələrinin əksəriyyətinə çıxışda, həmçinin mənəvi inkişaf və fərdi və ictimai fəaliyyət sahələrində qadınların bərabər hüquqlara malik olduğunu vurğuladı.
Ali Rəhbər qeyd etdi ki, qərb və kapitalist mədəniyyətinin təsiri İslam baxımından tamamilə yanlışdır. İslam qadınların mövqeyini qorumaq və güclü və potensial təhlükəli cinsi istəkləri nizamlamaq üçün qadın və kişi münasibətləri, qadının və kişinin geyimi, qadın hicabı və evlilik təşviqi sahələrində məhdudiyyətlər və qaydalar müəyyən edib ki, bunlar qadının təbiətinə və cəmiyyətin həqiqi ehtiyaclarına uyğun şəkildə tətbiq olunur. Qərb mədəniyyətində isə məhdudiyyətsiz və dağıdıcı cinsi meyllərin idarə olunması diqqətə alınmır.
İslam İnqilabının Ali Rəhbəri, İslamda qadın və kişini bir-birini tamamlayan, çoxsaylı ortaq xüsusiyyətlərə malik və bəzi fərqləri bədən və təbiətdən irəli gələn iki tarazlı element kimi qiymətləndirdi. O bildirdi ki, bu “iki tamamlayıcı element” insan cəmiyyətinin idarəsi, nəsillərin davamı, sivilizasiyanın inkişafı, cəmiyyətin ehtiyaclarının təmin edilməsi və həyatın təşkilində mühüm rol oynayır.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu həyati rolun icrasında ailənin qurulması ən vacib işlərdəndir. O vurğuladı ki, qərb mədəniyyətində ailə institutu unudulsa da, İslamda qadın, kişi və uşaqlar ailəni formalaşdıran elementlər kimi qarşılıqlı və müəyyən hüquqlara malikdir.
Ali Rəhbər qadınların hüquqlarına toxunarkən “ictimai və ailədaxili ədaləti” qadınların əsas hüququ kimi səsləndirdi və dövlətin və cəmiyyətin bu hüququ təmin etmək öhdəliyini vurğuladı. O bildirdi ki, “təhlükəsizlik, hörmət və ləyaqətin qorunması” da qadınların əsas hüquqlarındandır və qərb kapitalizminin qadın ləyaqətini pozan yanaşmasının əksinə, İslam qadının tam hörmətini təmin edir.
Həzrət Ayətullah Xamenei Peyğəmbərin qadını “gül” olaraq təsvir etdiyi bir hədisə istinad edərək qeyd etdi ki, qadın ev işlərinin icraçısı və ya xidmətçi kimi deyil, gül kimi qayğı və diqqət görməlidir ki, ev də onun rəng və ətri ilə zənginləşsin.
Ali Rəhbər, Quranda iki mömin qadın Məryəm və Fironun xanımı Asiya nümunəsi verilərək qadının düşüncə və əməlinin əhəmiyyəti göstərildiyini bildirdi. O əlavə etdi ki, qadının sosial hüquqları, məsələn, kişi ilə eyni iş üçün bərabər əmək haqqı, işləyən və ya ailə başçısı qadınların sığortalanması, qadınlara xüsusi məzuniyyət hüquqları və digər onlarla məsələ diskriminsiyasız qorunmalıdır.
Evdə həyat yoldaşının sevgisi qadının əsas hüququ və ehtiyacıdır
İslam İnqilabının Ali Rəhbəri evdə qadının ən əsas hüququ və ehtiyacını həyat yoldaşının sevgisi kimi qiymətləndirdi. O, Peyğəmbərin kişiləri həyat yoldaşlarına sevgi ifadə etməyə və onları sevməyə təşviq edən hədisinə istinad edərək bildirdi ki, qadının evdə ikinci vacib hüququ hər cür zorakılıqdan qorunmaq və qərb mədəniyyətində rast gəlinən qadına qarşı şiddət və zorakılıq hallardan tam uzaq olmaqdır.
Qadın evin idarəedicisi və başçısıdır
Ali Rəhbər “ev işlərinin qadına məcburi şəkildə yüklənməməsi”, “ana olmanın yaratdığı çətinliklərin öhdəsindən gəlməsində həyat yoldaşının qadına dəstək göstərməsi” və “qadınların elmi və peşəkar inkişaf yolunun açıq qalması” kimi məsələləri qadınların digər əsas hüquqları kimi dəyərləndirdi. O, qadının ailədə idarəedici və rəhbər olduğunu vurğulayaraq bildirdi ki, həyat yoldaşlarının məhdud və sabit gəlirlərinə, həmçinin bazar qiymətlərinin artmasına baxmayaraq, evi bacarıq və səmərəliliklə idarə edən qadınlara təşəkkür edilməlidir.
Ali Rəhbər kapitalist və İslam baxışlarının qadın anlayışındakı fərqlərinə də diqqət çəkərək qeyd etdi: İslamda qadın müstəqil, bacarıqlı, şəxsiyyət sahibi və inkişaf imkanlarına malikdir. Kapitalist baxış isə qadının şəxsiyyətini kişiyə bağlayır, onun şərəf və ləyaqətini nəzərə almır, qadını maddi vasitə və əyləncə obyekti kimi təqdim edir. ABŞ-da son illərdə baş verən cinayətkar qrupların fəaliyyəti bu cür baxışın nəticəsidir.
Ayətullah Xamenei kapitalist mədəniyyətin ailəyə vurduğu zərəri də qeyd etdi. O, “ailə institutunun dağıdılması”, valideynini tanımayan uşaqların artması, ailə münasibətlərinin zəifləməsi, gənc qızların hədəf alındığı qruplar və cinsi azadlığın artırılması kimi halları son iki əsrdə kapitalist mədəniyyətin əsas günahları kimi səciyyələndirdi. O əlavə etdi ki, qərb kapitalizmi bu pozuntuları “azadlıq” adı altında təqdim edir, hətta ölkəmizdə də bu termin işlədilir, amma əslində bu, azadlıq deyil, əsarətdir.
İran İslam Respublikası qadına dair Qərbin yanlış məntiqini səhv hesab edir
Ali Rəhbər qərbin öz mədəniyyətini dünya ölkələrinə ixrac etmək cəhdlərinə toxunaraq qeyd etdi: Qərb tərəfi iddia edir ki, qadına qoyulan müəyyən məhdudiyyətlər, məsələn, hicab, onun inkişafına mane olacaq. Lakin İslam Respublikası bu yanlış məntiqi alt-üst etdi və göstərdi ki, hicablı müsəlman qadın bütün sahələrdə digər qadınlardan daha fəal ola bilər və rolunu uğurla icra edə bilər.
O, qadınların elmi, idman, intellektual, tədqiqat, siyasi, sosial sahələrdə, həmçinin sağlamlıq, ömür müddəti və cihad dəstəyi sahəsindəki nailiyyətlərini misilsiz hesab etdi. Ali Rəhbər vurğuladı ki, İran tarixində qadınlar heç bir zaman bu qədər alim, düşüncə sahibi və ictimai fəal olmayıb və bu yüksəlişi təmin edən İslam Respublikasıdır.
Ali Rəhbər vacib tövsiyə olaraq media orqanlarını qərb kapitalizminin qadına dair yanlış fikirlərini təkrarlamamağa çağırdı. O bildirdi ki, qadınların hicabı, geyimi və kişi-qadın əməkdaşlığı barədə danışarkən, yerli media qərb fikirlərini təqdim etməməli, İslamın dərin və təsirli baxışını daxildə və beynəlxalq platformalarda ön plana çıxarmalıdır. Bu, İslamın yayılması və xüsusilə qadınların bu dəyərlərə yönəlməsi üçün ən yaxşı yoldur.
Ali Rəhbərin çıxışından əvvəl şəhid General Qulaməli Rəşidinin həyat yoldaşı və şəhid Əmin-Əbbas Rəşidinin anası və həmçinin şəhid Hüseyn Salaminin qızı qadınlar, onların məsuliyyətləri və ehtiyacları haqqında fikirlərini bölüşdülər.
Rəyiniz