cümə axşamı 25 dekabr 2025 - 15:15
İmam Hadi (ə) imamət və vilayət sisteminin bərqərar edilməsində həlledici rol oynamış şəxsiyyətdir. Müasir İranın qüdrəti isə vilayəti-fəqihə sadiqliyin nəticəsidir

Ayətullah Hüseyni imamət və vilayət düşüncəsinin izahı və möhkəmləndirilməsində İmam Hadinin (ə) strateji rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, vilayətə sədaqət İslamın möhkəmliyinin əsas rəmzi və İran İslam Respublikasının bu günkü qüdrətinin başlıca amilidir. Əhli-beytin (ə) tarixi təcrübəsi göstərir ki, cəmiyyət öz imamından uzaqlaşdığı hər bir mərhələdə, hətta ilahi övliyaların ən üstünləri belə zülm və məzlumiyyətlə üzləşmişlər.

Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Xubriqan Məclisinin üzvü Ayətullah Seyid Müctəba Hüseyni çərşənbə günü televiziya vasitəsilə yayımlanan «Şərqi Günəş» proqramında İmam Hadinin (ə) şəhadəti münasibətilə bütün Əhli-beyt (ə) sevərlərinə başsağlığı verərək imamət və vilayətin məqamını, habelə İmam Hadinin (ə) şiə maarifinin möhkəmləndirilməsində oynadığı əsas rolu izah etmişdir.
O bildirmişdir ki, təəssüf ki, İslam düşmənləri və vəhşi təkfirçi cərəyanlar bəzi dövrlərdə İmam Hadinin (ə) hərəmini dağıtmışlar. Lakin ilahi iradə belə olmuşdur ki, bu müqəddəs məkan möminlərin, xüsusilə İran xalqının səyi ilə keçmişdən də daha abad və möhtəşəm şəkildə yenidən bərpa edilsin və bu gün orada sərdabə və yüksək memarlıq dəyərinə malik möhtəşəm bir minarə formalaşsın.


Xubriqan Məclisinin üzvü qeyd etmişdir ki, İmam Hadinin (ə) mühüm xüsusiyyətlərindən biri imamət məsələsinə xüsusi vurğu etməsi olmuşdur və əlavə etmişdir: İmam Rzadan (ə) sonrakı dövrdən etibarən imamət və vilayət mövzusu ən yüksək mərhələsinə çatmışdır. İmamət İslam sisteminin rəhbərliyidir. İslamın möhkəmliyi, dinin uca qolları və İslamın ictimai həyatı bütövlükdə imamətin ixtiyarındadır. «بنی‌الاسلام علی خمس» (İslam dinin əsasları 5dir yəni üsuliddin) hədisi də daxil olmaqla çoxsaylı rəvayətlərdə vilayət İslamın əsas dayağı kimi təqdim edilmişdir.
Ayətullah Hüseyni əlavə etmişdir: Bu gün də bizim imamımız İmam Zamandır (ə.f) və vilayəti-fəqih İmam Zamanın (ə.f) naibidir. Vilayəti-fəqihə itaət, İmam Zamana (ə.f) itaət deməkdir. Necə ki, İslamın ilk dövrlərində Əmirəl-möminin Əliyə (ə) itaət, Peyğəmbəri-Əkrəmə (s) itaət sayılırdı. Bu, İslam tarixində aydın və davamlı bir xəttdir.

O, İmam Hadinin (ə) elmi və etiqadi roluna toxunaraq demişdir: İmam Hadi (ə) hətta imamların məqamı barədə də maariflər bəyan etmişdir ki, bundan əvvəl bu genişlikdə irəli sürülməmişdi. Bunun ən bariz nümunəsi Əhli-beytin (ə) məqamının dərki baxımından son dərəcə uca və dərin məna daşıyan «Camiəyi-Kəbirə ziyarətnaməsidir». Bu maariflər İmam Hadinin (ə) Abbasilər hakimiyyətinin ən sərt nəzarəti və təzyiqləri altında olduğu, faktiki olaraq mühasirədə saxlanıldığı bir dövrdə yayılmışdır. Buna baxmayaraq, o həzrət şagirdlərin yetişdirilməsi və etibarlı şəxslərdən ibarət bir şəbəkə vasitəsilə imamət mesajını cəmiyyətə çatdırmışdır.

Xubriqan Məclisinin üzvü imamətə sədaqətin əhəmiyyətini vurğulayaraq bildirmişdir: İmamətə sədaqət nə qədər güclü olarsa, imamətin qüdrəti də bir o qədər artar. Əks halda, Allah qorusun Əmirəl-möminin Əli (ə) kimi elmi, siyasi və ilahi baxımdan misilsiz bir şəxsiyyət belə məzlum vəziyyətə düşə bilər. İmam Əli (ə) elmini birbaşa Peyğəmbəri-Əkrəmdən (s) almışdı, lakin xalqın yetərli dəstəyi olmadığı üçün uzun müddət məzlumiyyətələ səbr etmək məcburiyyətində qaldı və dəfələrlə səhabələrinin süstlüyündən gileylənmişdir.

O, İslam dünyasında və İranda mövcud olan bugünkü şəraitə toxunaraq demişdir: Əgər bu gün İran İslam Respublikası vilayəti-fəqihin bərəkəti və Ali Rəhbərin müdrik rəhbərliyi sayəsində çəkindirici güc səviyyəsinə çatmamış olsaydı, düşmənlər təcavüzə əl atmaqdan və müharibəni davam etdirməkdən çəkinməzdilər. Qurani-Kərimdə buyurulur:
«وَأَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة» «Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! ) yəni elə güclü olmalıyıq ki, düşmən ümumiyyətlə müharibəyə başlamağa cürət etməsin, təkcə müharibədə qalib gəlmək kifayət deyil. Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi sayəsində Sepah, ordu və digər silahlı qüvvələr tam hazırlıq vəziyyətindədir və bu hazırlıq vilayətin böyük nemətlərindən biridir.
Ayətullah Hüseyni, həmçinin İraq xalqının Ali Rəhbərə olan dərin ehtiram və məhəbbətinə diqqət çəkərək bildirmişdir: Biz İraqda xalqın Ali Rəhbərə olan sevgi və bağlılığını yaxından müşahidə edirik. İraq xalqının böyük bir qismi özünü ona tabe hesab edir və bu mövqe İmam Hadi (ə) və İmam Rza (ə) tərəfindən xüsusi vurğulanan imamət və vilayət düşüncəsinin səmərəsidir.
Xubriqan Məclisinin üzvü sonda vurğulamışdır: Vilayət bütün əməllərin əsası və İslamın təməl sütunudur. Əgər vilayəti-fəqih olmasaydı və  xalq İmam Xomeynini dəstəkləməsəydi, bu gün İran asılı və geri qalmış bir ölkəyə çevrilərdi. Lakin bu gün İran qlobal miqyasda təsir gücünə malikdir və hətta özünü zamanın fironu hesab edən güclər, o cümlədən ABŞ  bu xalq və onun rəhbərliyi qarşısında geri çəkilməyə məcbur olurlar. Bu, bir çox xalqların, xüsusilə İraq xalqının və digər ölkələrin də etiraf etdiyi danılmaz bir həqiqətdir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha