Hövzə Xəbər Agentliyinin məlumatına görə, “ideal cəmiyyətə doğru" məhdəviyyət mövzuları adlı məqalələr silsiləsi, İmam Zaman (ə.f) ilə bağlı bilgi və maarifin yayılması məqsədilə siz dəyərli oxucuların diqqətinə təqdim olunur.
Məhdəviyyət mövzularının ən böyük problemlərindən biri, bu müqəddəs sahədə ortaya çıxan yalançı iddiaçılardır. İmam Mehdinin (ə.f) qeybət dövrü ərzində bir çox şəxslər yalançı olaraq iddia etmişlər ki, onlar İmam Zamanla (ə.f) xüsusi əlaqələri olub və ondan xüsusi göstəriş və səlahiyyət alıblar.
İmam Zaman (ə.f) dördüncü naibi Əli ibn Məhəmməd Səmuriyə ünvanladığı son məktubunda belə buyurmuşdur:
«یَا عَلِیَّ بْنَ مُحَمَّدٍ اَلسَّمُرِیَّ أَعْظَمَ اَللَّهُ أَجْرَ إِخْوَانِکَ فِیکَ فَإِنَّکَ مَیِّتٌ مَا بَیْنَکَ وَ بَیْنَ سِتَّةِ أَیَّامٍ فَاجْمَعْ أَمْرَکَ وَ لاَ تُوصِ إِلَی أَحَدٍ یَقُومُ مَقَامَکَ بَعْدَ وَفَاتِکَ فَقَدْ وَقَعَتِ اَلْغَیْبَةُ اَلثَّانِیَةُ فَلاَ ظُهُورَ إِلاَّ بَعْدَ إِذْنِ اَللَّهِ عَزَّ وَ جَلَّ وَ ذَلِکَ بَعْدَ طُولِ اَلْأَمَدِ وَ قَسْوَةِ اَلْقُلُوبِ وَ اِمْتِلاَءِ اَلْأَرْضِ جَوْراً وَ سَیَأْتِی شِیعَتِی مَنْ یَدَّعِی اَلْمُشَاهَدَةَ أَلاَ فَمَنِ اِدَّعَی اَلْمُشَاهَدَةَ قَبْلَ خُرُوجِ اَلسُّفْیَانِیِّ وَ اَلصَّیْحَةِ فَهُوَ کَاذِبٌ مُفْتَرٍ.» (کمالالدین، ج ۲، ص ۵۱۶)
“Ey Əli ibn Məhəmməd Səmuri! Allah qardaşlarının sənin üçün etdiyi duaları və səyləri artırıb mükafatlandırsın. Altı gün içində vəfat edəcəksən. İşlərini yekunlaşdır və heç kəsə vəsiyyət etmə ki, sənin yerinə keçsin. Sənin ölümündən sonra tam qeybət baş verəcəkdir. Zühur yalnız uca və əzəmətli Allahın izni ilə olacaq. Bu isə uzun müddətli və qəlblərin sərtliyi, yerin isə zülmlə dolması ilə müşayiət olunacaq. Mənim şiələrim arasında isə bəziləri iddia edəcək ki, İmamı görüb. Kim Süfyani çıxmadan və səmadan gələn nida gəlməmişdən əvvəl İmamı görmək iddiasında olarsa, o yalançıdır və böhtan atmışdır.” (Kəmalud-din, c.2, s.516)
Bu açıq ifadə ilə hər bir şiə üçün vəzifədir ki, İmam Zaman (ə.f) ilə xüsusi əlaqə və nümayəndəlik iddiasında olanları ifşa etsin və bu fürsətçilər ilə dünyapərəstlərin nüfuz yollarını bağlasın.
Bəzi yalançılar isə bir addım daha irəli gedərək, nümayəndəlik iddiasından sonra məhdəviyyət iddiası irəli sürmüşdür. Bu yalançı iddia əsasında azğın bir məzhəb və ya qrup qurmuş, bir çox insanın inancını çaşdırmışlar. Tarix göstərir ki, bu qrupların çoxu müstəmləkəçilərin dəstəyi ilə yaranmış və varlığını davam etdirmişdir.
Aydın görünür ki, azğın qrupların və yalançı məhdəviyyət iddiaçılarının meydana çıxması, insanların cahilliyi və məlumatsızlığı ilə bağlıdır.
İmamı görmək arzusunun çoxluğu, lakin ona kifayət qədər məlumat və anlayışla yanaşmamaq və bu sahədəki fırıldaqçıların mövcudluğunu nəzərə almamaq, insanları yalançı iddiaçılarla ünsiyyətə sövq edir.
Buna görə də zühuru gözləyən şiələr İmam Mehdi (ə.f) ilə bağlı düzgün bilikləri öyrənərək özlərini fırıldaqçılardan qorumalı və şiə alimlərinin rəhbərliyi altında aydın və doğru yolda hərəkət etməlidirlər.
(1) Burada “görmək” ifadəsi nümayəndəlik (naiblik) mənasında işlədilir.
Bu müzakirələrin ardı var....
Mənbə Negine Afərinəş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz