Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Livanın Cəfəri (şiə) məzhəbinin ali müftisi Höccətül-İslam şeyx Əhməd Qəbəlan vurğulayıb ki, əsas məsələ Livanın suverenliyi, konsensus əsasında formalaşan siyasi sistemi və müsəlman-xristian tərəfdaşlığıdır. Onun sözlərinə görə, bu model ölkəni məhv etməyə yönəlmiş sionist layihələri ilə ziddiyyət təşkil edir. O bildirib ki, reallığı inkar etmək heç kimin xeyrinə deyil. Çünki bəzi dairələr ABŞ və İsrail layihələrinin itaətkar icraçısı rolunu oynayırlar. Buna görə də, kim Təl-Əvivin maraqlarına xidmət edən mühitdə israr edirsə, elə oraya da getməlidir. Ağlama Divarının (West Wall) müdafiəçiləri bu mərcdə uduzublar. Bu gün isə müqavimət Livanın rəmzi və onun suverenliyinin ifadəsidir. O əlavə edib ki, ordu ilə müqavimət arasında əməkdaşlığın təşkil olunması ölkənin təhlükəsizlik və milli müdafiə sisteminin formalaşdırılması üçün ən mühüm təməl olacaq.
Şeyx Qəbəlan əlavə edib ki, hazırkı mərhələ Livanı qorumaq, onun suverenliyi uğrunda mübarizə aparan qüvvələri dəyərləndirmək və milli qərarların təmin olunması mərhələsidir, ABŞ-ın göstəriş və diktələrinin icrası mərhələsi deyil. Xüsusilə də Təl-Əvivin cəlladı Benyamin Netanyahu bu müharibənin nəticələri ilə artıq siyasi keçmişə çevrilib və onu da digər siyasi fiqurlar kimi siyasi məzarlıq gözləyir. O bildirib ki, Livan artıq regionda mühüm ağırlıq mərkəzinə çevrilib və cənub cəbhəsinin yaratdığı reallıq bütün tərəflərə qəbul etdirilib. Həmçinin İran Livanın milli suverenliyinin qorunmasına elə bir səviyyədə israr edir ki, bu gün Livan məsələsi Tehranla Vaşinqton arasında aparılan böyük danışıqların əsas mövzularından birinə çevrilib.
O daha sonra bildirib ki, onlar Tehrana tam etibar edirlər. Vaşinqton-Tehran danışıqlarından Livanı ayıraraq onu Vaşinqton-Təl-Əviv danışıqlarının xeyrinə yönəltmək cəhdi tamamilə aydındır və onlar buna heç bir siyasi və ya təhlükəsizlik imkanı verməyəcəklər. Şeyx Qəbəlan qeyd edib ki, Livanı Amerika təsiri altına salmaq istəyən qüvvələr buna nail ola bilməyəcəklər. Livan heç kimin, xüsusilə də Təl-Əvivin oyun meydanına çevrilməyəcək. Onun sözlərinə görə, hazırkı hakimiyyət suverenlik və siyasi baxımdan özünü məhv etmək yolundadır. Çünki Livan ordusunun öz vətənini müdafiə etməsinə, heç olmasa ölkəsinin müdafiəsində iştirak etməsinə mane olur və bununla yanaşı milli razılaşmaya zərbə vurmaqda davam edir.
Tehrana qarşı hər hansı düşmənçiliyin qarşısını alacağıq
Livanın şiə məzhəbinin ali müftisi vurğulayıb ki, Livan milli inanc və konsensus üzərində qurulmuş təsisçi sistemə malik ölkədir. Kim bu konsensus sisteminə zərbə vurarsa, ölkəni görünməmiş milli fəlakətə sürükləmiş olar və bu, son dərəcə təhlükəli seçimdir. Onun sözlərinə görə, bu intihar xarakterli oyunun arxasında Vaşinqton, Təl-Əviv və məzhəb qarşıdurmalarını qızışdıran qüvvələr dayanır.
Şeyx Qəbəlan qeyd edib ki, onlar hazırda həzrət İmam Hüseynin (ə) əza günlərini və onun böyük qəhrəmanlığını yad edirlər. O, Livanın suverenliyinin qorunmasında göstərdiyi böyük dəstəyə görə İrana təşəkkür edib və İranı Livanda Səudiyyə Ərəbistanının tərəfdaşı və dayağı rolunu oynamağa çağırıb ki, ABŞ və İsrail fitnələrinin qarşısı alınsın. O vurğulayıb ki, Livan nə İrana, nə də Səudiyyə Ərəbistanına qarşı ola bilər. Kim İrana qarşı düşmənçilik layihələrini həyata keçirirsə, Livanı Amerika canavarının ağzına atmış olur. Biz Tehrana qarşı hər hansı düşmənçiliyin qarşısını alacağıq. Bəziləri yaxşı bilirlər ki, ABŞ Livana qarşı müharibədə terrorçu İsrail rejiminin əsas tərəfdaşıdır. İran isə Livanın suverenliyinin müdafiəsində onun tərəfdaşıdır.
Tramp Netanyahuya alternativ axtarır
O bildirib: Buna görə də, xüsusilə suverenlik məsələlərində, dini və mənəvi bağlarla bağlı mövzularda odla oynamaqdan çəkinin. Siyasi rüşvət oyunlarını bir kənara qoyun. Bu gün Livan Allahın iradəsi və qüdrəti, müqavimətin fədakarlıqları, yaralılarının əzabları və şərəfli xalqının səbir və dözümü sayəsində tarixinin ən təhlükəli müharibəsindən ən böyük qələbə ilə çıxır. Bu isə Tehranın Yaxın Şərqdə əsas regional güclərdən birinə çevrildiyi bir dövrə təsadüf edir. Belə bir vəziyyət Livanın suveren maraqlarını daha da gücləndirir. Eyni zamanda Donald Tramp Benyamin Netanyahuya alternativ axtarır. Nəticədə İsrail yeni Yaxın Şərqin siyasi xəritəsini formalaşdırmaq imkanını itirib. Tehran və onun güclü raket arsenalının mövcudluğu fonunda Livan Yaxın Şərqin yeni düzəninin mərkəzi mövqeyini tutub.
Məqsədimiz Livanın suverenliyini gücləndirmək və sadiq regional müttəfiqləri qorumaqdır, zalım və xəyanətkar müttəfiqləri deyil
Şeyx Qəbəlan bildirib ki, onların əsas məqsədi Livanın suverenliyini möhkəmləndirmək və sadiq regional müttəfiqləri qorumaqdır, zalım və xəyanətkar müttəfiqləri deyil. Onun sözlərinə görə, Livan yalnız milli razılaşmaya əsaslanan tərəfdaşlıq və öz suveren gücü sayəsində möhkəmlənə bilər. O vurğulayıb ki, onlar üçün sünni-şiə İslam birliyindən daha vacib heç nə yoxdur və bu prinsipi heç vaxt qurban verməyəcəklər.
O, Livanı ABŞ və İsrail layihələrinin yaratdığı ən təhlükəli fitnələrdən qoruyan hər kəsə, müqavimət qüvvələrinə, şəhidlərə, yaralılara və didərgin düşənlərə, xüsusilə Cənubi Livan, Dahiyə və Bəqaa sakinlərinə təşəkkürünü bildirib. Həmçinin, Livanın taleyüklü günlərində geri çəkilməyən milli liderlərə və fərdi təşəbbüs göstərən şəxslərə minnətdarlığını ifadə edib.
İmam Hüseyni (ə) örnək seçən heç vaxt məğlub olmayacaq
Şeyx Qəbəlan sonda vurğulayıb: Hazırkı Livan hakimiyyətinə xatırladırıq ki, onlar parlament sədri Nəbi Berri ilə məsləhətləşməlidirlər. Onsuz heç bir öhdəliyi qəbul etməyəcəyik. Bizim tariximiz İmam Hüseyndir (ə). Bizim İmam Hüseyndən (ə) başqa heç nəyimiz yoxdur və onun heç bir alternativi yoxdur. İmam Hüseyni (ə) örnək seçən insan, təcavüzkar ordular nə qədər çox olsa da, zamanın fitnələri nə qədər uzansa da, nadanlar və düşmənlər nə qədər təzyiq göstərsələr də, heç vaxt məğlub olmayacaq.

Livanın şiə məzhəbinin müftisi Şeyx Əhməd Qəblan
Rəyiniz