çərşənbə axşamı 30 iyun 2026 - 21:38
Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentin Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyəti ilə görüşündə milli birlik, müqavimət, xalqın sosial rifahı və İran–ABŞ anlaşması müzakirə olunub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran Prezidenti Məsud Pezeşkian 29 iyun 2026-cı il tarixində Quma səfəri çərçivəsində Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin üzvləri ilə iki saatdan artıq davam edən səmimi görüş keçirib. Görüşdə son iki il ərzində ölkədə baş vermiş ən mühüm hadisələr, mövcud çağırışlar, təhdidlər və qəbul edilmiş strateji qərarlar barədə ətraflı məlumat verilib.

Prezident ekspert müzakirələri və birbaşa dialoq şəraitində keçirilən bu görüşdə düşmənlərin həddini aşan tələbləri və təcavüzkar siyasəti qarşısında İran İslam Respublikasının əldə etdiyi mühüm uğur və nailiyyətlərdən bəhs edib. O vurğulayıb ki, İran xalqının nümayiş etdirdiyi möhkəm iradə, Silahlı Qüvvələrin əldə etdiyi uğurları, eləcə də xalqın ölkəyə dəstək məqsədilə göstərdiyi geniş və təsirli həmrəylik İran tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir və bu, ölkənin İslam dünyasında, eləcə də dünya azadlıqsevərləri arasında izzət və nüfuzunu daha da artırıb.

İran xalqının və Silahlı Qüvvələrin göstərdikləri fədakarlığa görə minnətdarlıq 

Cənab Pezeşkian çıxışının əvvəlində son baş vermiş müharibə zamanı şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad edib, İran xalqının göstərdiyi mətinliyə, Silahlı Qüvvələrin misilsiz fədakarlığına və cəmiyyətin bütün təbəqələrinin ölkənin çətin sınaqlardan uğurla çıxması naminə nümayiş etdirdiyi nümunəvi həmrəyliyə görə dərin minnətdarlığını ifadə edib.

Prezident bildirib: Son aylarda baş verən hadisələr İran xalqının milli birliyinin, vətənə, İslam İnqilabına və İslam Respublikasına sarsılmaz sədaqətinin, həmçinin ölkənin milli təhlükəsizliyi və milli ləyaqətinin qorunması naminə bütün imkan və potensialın səfərbər edilməsinin parlaq təzahürü olmuşdur.

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Ölkənin əsas sərvəti xalqla dövlət arasında qarşılıqlı etimaddır

Prezident silahlı qüvvələrin ölkənin müdafiəsində göstərdiyi qəhrəmanlığa, eləcə də bazar nümayəndələrinin, istehsalçıların, sahibkarların, tacirlərin və iqtisadi fəalların xüsusi şəraitdə əhalinin tələbatının təmin olunmasındakı həmrəyliyinə toxunaraq dedi: Düşmənlərin hərtərəfli təzyiqlərlə ölkədə sabitliyi pozmağa və təhlükəsizlik böhranı yaratmağa çalışdığı günlərdə İran xalqı həmrəyliyi, məsuliyyət hissi və şüurlu iştirakı ilə onların planlarını iflasa uğratdı və bir daha göstərdi ki, ölkənin ən böyük sərvəti xalqın özü və xalqla dövlət arasında qarşılıqlı etimaddır.

Məsud Pezeşkian daha sonra hökumətin fəaliyyətə başladığı vaxtdan ölkədəki vəziyyət barədə hesabat təqdim edərək vurğuladı ki, son iki il ərzində hökumətin idarəetmə potensialının böyük hissəsi böhranların idarə olunmasına, xarici təzyiqlərin təsirlərinin azaldılmasına və bu problemlərin gündəlik insanların həyatına sirayət etməsinin qarşısının alınmasına yönəlib.

Prezident düşmənlərin ölkənin idarəçilik sistemini pozmaq üçün geniş cəhdlərinə işarə edərək vurğulayıb: Bu gün cəmiyyətdə müşahidə olunan sabitlik icra hakimiyyəti orqanları, dövlət təsisatları, silahlı qüvvələr və həmçinin xalqın gecə-gündüz göstərdiyi fədakar səylərin nəticəsidir. Onlar düşmənlərin sabitliyi pozmaq, iqtisadi strukturları çökdürmək və milli birliyi sarsıtmaq məqsədlərinin həyata keçməsinə imkan vermədilər.

Qeyri-obyektiv mühakimələrdən çəkinmək lazımdır

Pezeşkian bildirdi ki, hökumətin fəaliyyətinə ədalətli qiymət vermək üçün ölkənin mövcud şəraitini və hökumətin üzləşdiyi yığılıb qalmış böhranların miqyasını düzgün dərk etmək vacibdir. O əlavə edib ki, belə bir şəraitdə ölkənin bütün xeyirxah qüvvələrinin problemlərin həlli naminə birgə fəaliyyət göstərməsi, qeyri-obyektiv mühakimələrdən və dövlətin sosial kapitalını zəiflədən davranışlardan çəkinməsi gözlənilirdi.

Prezident daha sonra hökumətin müxtəlif sahələrdə gördüyü işlərdən danışaraq enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji balanssızlığının idarə olunması, enerji istehsalı və paylanması infrastrukturunun inkişafı, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən ərzaq kuponu proqramı vasitəsilə dəstəklənməsi, təhsil sistemində ədalətin genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi, müharibənin vurduğu ziyanın ödənilməsi, zərər çəkmiş bölgələrin bərpası, istehsalın dəstəklənməsi, eləcə də bütün təzyiqlərə, təhdidlərə və maliyyə məhdudiyyətlərinə baxmayaraq müdafiə potensialının və silahlı qüvvələrin gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlara toxundu.

Prezident Pezeşkian həmçinin “məhəllə mərkəzli idarəetmə” yanaşmasını hökumətin sosial idarəçilik sahəsində əsas strategiyalarından biri adlandıraraq bildirib: Bu yanaşmanın məqsədi qərarların hazırlanması, qəbul edilməsi və icrası prosesində xalqın iştirakını artırmaq, yerli səviyyədə sosial kapitalı gücləndirməkdir.

Elita ölkənin reallıqlarını xalqa izah etməlidir

Prezident ölkədəki vəziyyətin təhlilində reallıq hissinin vacibliyini vurğulayaraq deyib: Bütün ziyalıların, media qurumlarının və ictimai rəyə təsir göstərən qrupların vəzifəsi ölkənin reallıqlarını xalqa düzgün izah etmək, cəmiyyətdə ümidsizliyə səbəb ola biləcək əsassız gözləntilərin və qeyri-real tələblərin formalaşmasına yol verməməkdir.

Prezident Pezeşkian çıxışının digər hissəsində danışıqların gedişi və son əldə olunmuş razılaşma barədə danışaraq qeyd edib ki, bu sahədə qərarların qəbulu prosesi son dərəcə mürəkkəb olub. O bildirib ki, danışıqların bütün mərhələləri dövlətin ali siyasətləri çərçivəsində, İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə tam və davamlı koordinasiya şəraitində, ölkənin qanuni mexanizmləri əsasında aparılıb.

Prezident əlavə edib: Mövcud təhlükəsizlik məhdudiyyətləri və həssas məqamlar nəzərə alınmaqla, razılaşmanın yekun mətni səlahiyyətli qurumlarda ekspert və təhlükəsizlik baxımından qiymətləndirilib, həmçinin Milli Təhlükəsizlik Ali Şurasında üzvlərin qəti dəstəyi ilə qarşılanıb.

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Hökumət heç bir şəraitdə düşmənlərin diktə etdiyi tələbləri qəbul etməyəcək

Prezident Pezeşkian vurğulayıb ki, hökumət danışıqların bütün mərhələlərində İran xalqının hüquqlarını ləyaqət, qüdrət və milli maraqlar mövqeyindən müdafiə edib və heç bir şəraitdə düşmənlərin məcburi tələblərini qəbul etməyib və etməyəcək.

Prezident  Məsud Pezeşkian son razılaşmanı İran xalqının diplomatiya sahəsində əldə etdiyi növbəti uğurlardan biri kimi qiymətləndirərək deyib: Təəssüf ki, bəzi dairələr xarici düşmən media orqanlarının psixoloji əməliyyatları ilə eyni istiqamətdə hərəkət edərək danışıqlar heyətini gözdən salmağa, milli qərarları şübhə altına almağa və bu diplomatik nailiyyəti zəiflətməyə çalışırlar.

Məsud Pezeşkian daha sonra Müəllimlər Birliyinin üzvlərinin iqtisadi, siyasi, sosial, mədəni məsələlər və danışıqların gedişi ilə bağlı səsləndirdikləri fikirlərə açıq və aydın izahat verərək, ölkədə strateji qərarların qəbuluna təsir göstərən bəzi reallıq və amilləri izah edib. O, ölkənin idarə olunmasının şərtlərinin və tələblərinin daha dəqiq dərk edilməsinin vacibliyini vurğulayıb.

Prezident Məsud Pezeşkian qeyd edib ki, dövlət qurumları arasında daxili həmrəylik və müxtəlif hakimiyyət qollarının qarşılıqlı əməkdaşlığı ölkə problemlərinin həllində uğurun əsas şərtidir. O bildirib ki ortaq dil və vahid yanaşma formalaşmadıqca milli məqsədlərə nail olmaq çətin olacaq.

Şəhid Ayətullah Seyid Əli Xamenei daim hökuməti dəstəkləyirdi

Prezident Pezeşkian şəhid Ayətullah Seyid Əli Xameneinin hökumətə göstərdiyi dəstəyə toxunaraq bildirib ki, o, dövləti daim müdafiə edir və hakimiyyətin müxtəlif institutları arasında koordinasiya və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verirdi. Hətta yalnız öz səlahiyyətinə aid olan məsələlərdə belə, digər hakimiyyət qolları, o cümlədən icra hakimiyyəti ilə koordinasiyanı zəruri hesab edirdi.

Prezident Məsud  Pezeşkian ictimai etimadı sarsıdan bəzi siyasi və qrup maraqlarına əsaslanan davranışları tənqid edərək bildirib: Bu gün bəzi dairələr ölkənin mənafeyini nəzərə almadan hökumətin fəaliyyətini ittiham və qarayaxma kampaniyalarının hədəfinə çevirirlər. Halbuki hökumət milli birlik və həmrəyliyi qorumaq naminə bir çox mübahisələrə qoşulmaqdan və bəzi açıqlamalara cavab verməkdən çəkinib.

Prezident Pezeşkian həmçinin medianın ictimai həmrəyliyin möhkəmləndirilməsindəki roluna toxunaraq bütün təsirli media qurumlarının dövlətin təsdiqlənmiş siyasətləri və qanuni qurumların qərarları çərçivəsində fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Prezident  Pezeşkian hökumətin iqtisadi siyasəti və onun ölkə iqtisadiyyatına təsiri barədə danışaraq bildirib: Xarici valyuta subsidiyaları sistemində aparılan islahat ölkənin ali qərarverici qurumları ilə tam koordinasiya şəraitində qəbul edilib və rentanın, korrupsiyanın, eləcə də əsas istehlak mallarının təminatında yaranan pozuntuların qarşısının alınmasında mühüm nəticələr verib.

Pezeşkian əlavə edib: Ölkənin ciddi valyuta məhdudiyyətləri ilə üzləşdiyi bir şəraitdə bu mexanizmin islah edilməsi və icra hakimiyyəti qurumlarının strateji ehtiyatların tamamlanması istiqamətində gecə-gündüz fəaliyyəti sayəsində müharibə və böhran dövründə əsas ərzaq məhsullarının qıtlığı yaşanmadı.

Prezident danışıqların gedişi ilə bağlı səsləndirilən suallara toxunaraq vurğulayıb ki, İran İslam Respublikası heç bir şəraitdə xalqın hüquqlarından, fundamental prinsiplərindən və milli maraqlarından geri çəkilməyəcək. O qeyd edib ki, ölkənin əsas dayağı uca Allah, xalq və İslam İnqilabının Ali Məqamlı Rəhbəridir.

Prezident Pezeşkian bildirdi: Həssas şəraitdə qərar qəbul etmək müxtəlif variantlar arasında seçim etməyi, hər bir yolun xərc və faydalarını dəqiq qiymətləndirməyi tələb edir. Son mərhələdə də Milli Təhlükəsizlik Ali Şurası üzvlərinin əksəriyyəti əldə edilmiş meydan uğurlarının möhkəmləndirilməsi və milli maraqların təmin edilməsi üçün diplomatiyanın imkanlarından istifadə olunmasını məqsədəuyğun hesab edib.

Hökumət İran xalqının hüquqlarının müdafiəsindən geri çəkilməyəcək

O, ABŞ və sionist rejimin İran xalqına qarşı törətdiyi cinayətlərin hüquqi müstəvidə təqibi barədə də bildirib ki, hökumət bu cinayətlərin araşdırılması üçün bütün daxili və beynəlxalq hüquqi imkanları səfərbər edib və İran xalqının hüquqları tam bərpa olunana qədər bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Prezident iclasın sonunda cəmiyyətdəki mədəni məsələlər və hicabsızlıq mövzusuna toxunaraq vurğulayıb ki, mənəvi dəyərlərin formalaşması uzunmüddətli tərbiyə prosesidir. O bildirib ki, mövcud mədəni və sosial problemlər təhsil və tərbiyə sahəsində illərlə davam edən laqeydliyin nəticəsidir və bu çətinliklərin qısa müddətdə aradan qalxacağını gözləmək düzgün deyil.

Pezeşkian əlavə edib ki, məhz buna görə də hökumət əsas diqqətini təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə və məktəblərdə tərbiyə prosesinin islahına yönəldib. Çünki bir çox mədəni və sosial problemlər uşaqlıq və yeniyetməlik dövründə formalaşır.

Prezident həmçinin ruhani təbəqənin və elmi hövzələrin cəmiyyətdə mənəvi dəyərlərin möhkəmləndirilməsində mühüm rolunu vurğulayaraq bildirib: Hamımız mövcud vəziyyətə tənqidi yanaşmalı, bu sahədə öz payımızı və məsuliyyətimizi qiymətləndirməli, çatışmazlıqların aradan qaldırılması və ölkənin mədəni potensialının gücləndirilməsi üçün səylərimizi artırmalıyıq.

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Vilayətlə həmrəy olan hər bir hökumət uğur qazanır

İclasın əvvəlində Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin sədri Ayətullah Seyid Haşim Hüseyni Buşəhri bildirib: «Uca Allahdan arzu edirik ki, sizə və danışıqlar heyətinə elə bir uğur nəsib etsin ki, İran İslam Respublikası hərbi sahədə dünyanın iki nüvə gücü qarşısında parladığı kimi, diplomatiya meydanında da əhdini pozan bu düşmən qarşısında başıuca olsun.»

Ekspertlər Məclisinin sədr müavini əlavə edib: Belə bir şəraitdə ölkəni idarə etmək olduqca çətindir. Çünki həm müharibə şəraitindəyik, həm də qarşımızda heç kimə mərhəmət etməyən bir düşmən dayanıb.

Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin sədri Şəhid Ayətullah Seyid Əli Xameneinin, komandirlərin, dövlət rəsmilərinin, həmçinin Minab şəhərinin Şəcərəyi-Təyyibə adlı tam orta məktəbinin şagirdlərinin şəhid olmasına və ölkəyə dəyən digər zərərlərə toxunaraq deyib: İnşallah, xalqın iştirakı ilə bu meydanda da qalib gələcəyik.

Prezidentdən gözləntilər böyükdür

Ayətullah Hüseyni Buşəhri Prezidentə müraciətlə bildirib: Sizdən gözləntilər çoxdur, lakin üzləşdiyiniz çətinlikləri də nəzərə alırıq.

O, Prezidentin təhsil sahəsinə, eləcə də insanların, xüsusilə də məişət problemlərinin həllinə göstərdiyi diqqəti yüksək qiymətləndirərək vurğulayıb: Sizin uğurunuzun sirri həmrəylik, birlik və əziz rəhbərimiz Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin göstərişlərinə şüurlu şəkildə əməl etməkdir. Vilayətlə həmrəy olan və  Ali Məqamlı Rəhbərin müəyyən etdiyi yolu davam edən hər bir hökumət uğur qazanır.

O, çıxışının sonunda Vilayəti-Fəqih institutunun Əhli-beytnin (ə) vilayətinin davamı olduğunu bildirib və xalqın yüzdən artıq gecə küçələrdə nümayiş etdirdiyi birlik və iradəni dünya miqyasında nadir hadisə kimi dəyərləndirib.

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

İclasda Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin 12 üzvünün çıxışlarının əsas məqamları:

Bu görüşdə Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin 12 üzvü – Ayətullahlar və Höccətül-İslamlar Seyid Haşim Hüseyni Buşəhri, Həsən Nəzəri Şahrudi, Seyid Məhəmmədrza Mədrəsi Yəzdi, Seyid Məhəmmədəli Mədrəsi Təbatəbai, Seyid Əhməd Xatəmi, Seyid Məhəmməd Qərəvi, Əbülqasim Vafi, Mahmud Abdullahi, Abbas Kəbi, Nəcməddin Mürüvvi Təbsi, Mahmudrza Cəmşidi və Möhsün Əraki öz fikir və təkliflərini səsləndiriblər.

Onların çıxışlarında aşağıdakı məsələlər vurğulandı:

1. Təvəkkülün, ilahi vədlərə etimadın, eyni zamanda düzgün planlaşdırma və idarəçiliyin əhəmiyyəti;


2. İslam İnqilabının Ali Məqamlı Rəhbərinin narahatlıq doğuran məsələlərinin diqqətdə saxlanılmasının zəruriliyi;


3. Düşmən qarşısında müqavimət və möhkəm dayanmağın vacibliyi;


4. Bəzi rəsmilərin çıxışlarında düşmənə zəiflik mesajı verilməsinin tənqid olunması;


5. Qərarların qəbulunda ictimai rəyin inandırılmasının əhəmiyyəti;


6. Milli qüdrətin düşmən qarşısında qorunmasının vacibliyi;


7. Hicabsızlıq və digər mədəni problemlərlə bağlı narahatlıqlar;


8. Prezidentin səmimiyyətinin yüksək qiymətləndirilməsi;


9. İran v ABŞ anlaşmasının bəzi müddəalarının pozulmasının tənqid edilməsi;


10. Danışıqların təfərrüatlarının xalqa daha geniş şəkildə izah edilməsinə çağırış;


11. Xalqın sosial rifahı və dolanışıq problemlərinin həllinin vacibliyi;


12. Milli birliyin daha da möhkəmləndirilməsi məqsədilə müharibə mövzusunda vahid təbliğat proqramının hazırlanmasının zəruriliyi.

Xəbərin sonu 3 / 313

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Prezidentlə Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin görüşündə hansı məsələlər müzakirə edildi?

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha