Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ilə eyni vaxtda Livan və digər ölkələrdə keçirilən xalq toplantılarında etdiyi çıxışda vurğulayıb ki, Livan hökumətinin imzaladığı «çərçivə razılaşması» tamamilə İsrailin xeyrinədir. O bildirib: «Əgər İsrail bu razılaşmanı təkbaşına hazırlamaq istəsəydi, ABŞ və Livan hökumətinin əməkdaşlığı olmadan onu həyata keçirə bilməzdi.»
Çıxışın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd və şükür aləmlərin Rəbbi olan Allaha məxsusdur. Qiyamət gününədək salavat və salam yaradılmışların ən şərəflisi Peyğəmbərimiz Məhəmmədə (s), onun pak və məsum Əhli-beytinə (ə), saleh və seçilmiş səhabələrinə olsun.
Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun.
Biz bu gün həzrət Ayətullah üzma, Şəhid Seyid Əli Xameneinin (r) dəfn mərasimində bir araya toplaşmışıq. Allah xatirinə ayağa qalxın! Çünki bu dəfn mərasimi qiyamdır, hərəkətdir və inqilabdır.
Uca Allah buyurur:
﴿وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُولَٰئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاءُ عِندَ رَبِّهِمْ ۖ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ﴾
«Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar Rəbbinin yanında olan doğruçular və şəhidlərdir. Onlar üçün mükafat və nur vardır.» (Hədid surəsi, 19-cu ayə).
Biz məzlumların liderini yola salırıq. O, öz ailəsinin bir qrup üzvü ilə birlikdə şəhid olmuş şəxsdir.
Bu böyük müsibət münasibətilə başda həzrət Sahibəz-Zaman (ə.f.) olmaqla, şəhid Ayətullah Seyid Əli Xameneini müşayiət edən möhtərəm ailəsinə, bütün dostlarına, həmçinin İran İslam Respublikasında Allah dərgahına yaxınlaşmaq üçün canlarını fəda etmiş bütün komandirlərə, eləcədə xalqa və məsul şəxslərə başsağlığı veririk.
Eyni zamanda, bu ən uca məqamı olan şəhadət məqamı münasibətilə İslam ümmətini və bütün dünyanı təbrik edirik. Şəhidlik bəşəriyyətin yolunu işıqlandıran, məqamı ucaldan və bərəkəti gələcək nəsillərə qədər uzanan bir məqamdır.
Şəhid Ayətullah Seyid Əli Xameneinin, onunla birlikdə şəhid olanların və bu yolda canından keçən bütün şəhidlərin ruhuna «Fatihə» surəsinin savabını Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavatla birlikdə hədiyyə edirik.
İmam Xamenei (r) öz dövrünün misilsiz şəxsiyyətidir. O, tarixdə bənzərinə az rast gəlinən istisna və müasir bir rəhbərdir. O, ümmətin vəliyyi-fəqihi, məsum qeybdə olan İmamı – Həzrət Məhdiyə (ə.f.) naibi idi. O, vilayət və mərcəiyyət üçün bütün şərtlərə malik olan fəqih, ali dini mərcə, həzrət Ayətullah üzma idi. O, müxtəlif sahələrdə strateji baxış sahibi, müasir İslam sivilizasiyasının əsaslarını formalaşdıran şəxsiyyətdir. O, yol göstərən, himayə edən və tərbiyə edən rəhbərdir. O, xalqın qəlbində qərar tutmuş bir sərkərdədir. İnsanları xurafatın və maddiyyat bütlərinin əsarətindən qurtuluşa yönəldir.
O, davranışı ilə öyrədən bir nümunədir. O, istiqamət müəyyənləşdirən yaradıcı və yenilikçi mütəfəkkirdir. O, dünyanın bütün hadisələrini dərinliklə dərk edən uzaqgörən siyasətçidir. O, öz möhkəmliyi ilə hər kəsə cəsarət, iradə, izzət, özünəinam və Allaha təvəkkül ruhu bəxş etdi.
Uca Allah buyurur:
﴿الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا﴾
«Onlar Allahın mesajlarını çatdırar, yalnız Ondan qorxar və Allahdan başqa heç kəsdən çəkinməzlər. Hesab çəkən olaraq Allah kifayətdir.» (Əhzab surəsi, 39-cu ayə).
Ey şəhid Ayətullah Seyid Əli Xamenei! Ey mənim rəhbərim, komandirim və qəlbimin sevimlisi! Qəlbim və canım sizə olan məhəbbətə elə bağlanıb ki, sevginiz bütün ruhumu və varlığımı bürüyüb. Sizin sözləriniz mənim və silahdaşlarımın Allah-Təalaya doğru yolunu işıqlandıran nurdur. Sizinlə görüşlər tükənməz mənəvi xəzinə, göstərişləriniz isə heç vaxt sönməyən ümid işığıdır.
Sizin rəhbərliyinizdə peyğəmbərlərin ağası olan həzrət Məhəmmədin (s) ilahi təlimlərinin daşıyıcısını gördüm. Sizdə Əmirəl-möminin həzrət Əlinin (ə) ədalətini və zahidliyini, həzrət İmam Hüseynin (ə) heç bir məzəmmətdən çəkinmədən dini ayaqda saxlayan qiyamını, mömin cəmiyyətini həzrət Məhdiyə (ə.f) bayraqdar olmağa hazırlayan məktəbi, dini dirçəldən və müasir dövrdə məzlumlara ilham verən Ruhullah Xomeyni məktəbinin davamını gördüm.
Ağam! Sizə bütün səmimiyyətimlə deyirəm: 2024-cü il 9 oktyabr (18.07.1403) tarixində mənə göndərdiyiniz məktub məni heyrətə saldı. Bu məktub, ümmətin şəhidlər ağası, sevimli rəhbərimiz Seyid Həsənin (r) şəhadətindən cəmi on iki gün, Seyid Haşimin (r) şəhadətindən isə altı gün sonra, qardaşlarım məni Hizbullahın baş katibi seçdiyi günlərdə mənə çatmışdı.
Siz yazmışdınız:
"Mən əziz şəhidimiz Seyid Həsən Nəsrullahı necə dəstəkləmişdimsə, səni də elə dəstəkləyəcəyəm."
Bu cümləni dəfələrlə oxudum. Şəhid Ayətullah Seyid Əli Xamenei bununla nə demək istəyirdi? O, bizə bildirirdi: "Mən sizinləyəm. Sizə dayaq olacağam. Nəyə ehtiyacınız varsa, istəyin. Bütün gücümlə yanınızda olacağam. Bütün dünya sizə qarşı çıxsa belə, qorxmayın. Mən, möminlər, mücahidlər, Allah və onun mələkləri sizin dayağınızdır." Bu, olduqca böyük bir dəyər idi. Bu dəstək sadəcə şəxslərə deyil, yolun özünə, müqavimətə verilən dəstək idi.
Bütün bu müddət ərzində, şəhadətinə qədər şəhid ali dini lider bizdən heç nə istəmədi. Əksinə, bizi izləyən məsul şəxslərə həmişə deyirdi: Onlardan soruşun, nəyə ehtiyacları var. Nə istəyirlərsə, təmin edin. Allah yolunda haqq, azadlıq və insanın ləyaqəti uğrunda ayağa qalxmış bu igid və şücaətli mücahidlərdən heç nəyi əsirgəməyin.
O, bizdən heç nə istəmədi. Biz isə hər nə istədiksə, hamısını əldə etdik.
Şəhid Seyid Həsən Nəsrullah (r) ilə də vəziyyət eyni idi. Mən hər çətinlikdə, hər mərhələdə sizin diqqət və qayğınızı hiss edirdim. Siz həmişə soruşurdunuz: "Nəyə ehtiyacınız var?"
Siz elə bir vəlisiniz ki, başqalarına dayaq olursunuz, amma heç kimə ehtiyacınız yoxdur. Sizin işarələriniz və yönləndirmələriniz, heç bir nümayiş olmadan, birbaşa qəlbimizə və düşüncəmizə nüfuz edirdi.
Mən Seyid Həsənin şəhadəti zamanı demişdim ki, onun ruhu yaşayır. Demişdim ki, biz Seyid Həsən Nəsrullahın cismini itirdik, amma onun ruhu, yolu və səsi həmişə bizimlə olacaq və əbədi yaşayacaq.
İndi isə etiraf edirəm ki, mən bu böyük nemətlərin haqqını verə bilmirəm. Bu ilahi bəxşişlər göstərir ki, haqq yol möhkəm və sarsılmazdır. Biz də sizin buyurduğunuz sözləri təkrar edirik:
Siz bizim aramızda dirisiniz və həmişə də bizimlə qalacaqsınız.
Ey Rəhbərim! Biz bu yolu indi həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) rəhbərliyi altında davam etdirəcəyik. O, rəhbərliyi öz üzərinə götürdüyü gündən biz onun yanında da sizin yanınızda hiss etdiyimiz eyni arxayınlığı duyduq. Bu, övliyaların yoludur, salehlərin yoludur, izzət və şərəf yoludur.
Biz İran və İraqda milyonlarla insanın iştirak etdiyi əzəmətli izdihamı gördük. Bu izdiham hər cür təsəvvürün fövqündə idi. Tarixdə iyirmi milyon insanın Tehranda, milyonlarla insanın isə Qum, Nəcəf, Kərbəla və Məşhəddə bir araya gəldiyi başqa bir yürüş olmayıb. Bu milyonlarla insan öz etiqadını, məhəbbətini, fədakarlığını və təmsil etdikləri yol ilə mənəvi bağlılığını nümayiş etdirdi.
Qoy dünya bunu görsün! Məgər bu milyonlarla insan adi bir izdihamdır? Bu mənzərə açıq şəkildə göstərir ki, İran İslam Respublikasının qurduğu İslam nizamı xalqın, insanın və canlı həyatın nizamıdır.
Həqiqətdə, bu böyük İran xalqına təşəkkür və ehtiramımı bildirirəm. Siz bizim başımızı uca etdiniz, bütün dünyaya sübut etdiniz ki, belə bir rəhbərliyə layiqsiniz və bütün dünya üçün nümunə olmağa haqqınız çatır. Biz sizi sevirik, sizinlə birlikdə qalacağıq və insanın ləyaqəti və azadlığı naminə tək bir yumruq kimi təkəbbürə, İsrailə və yer üzünün zalımlarına qarşı dayanacağıq. Bu izdihamlar mənəvi izdihamlardır. Onlar göylə bağlıdır və heç vaxt sarsılmayacaq.
Əslində, qısa bir ifadə şəhadətin mahiyyətini belə müəyyənləşdirir: “Şəhadət həyat və qiyamdır, qiyam izzətdir, izzət sahibi isə qalibdir.” Sənin şəhadətin, bölgənin meyarlarını və tarazlıqlarını dəyişdirəcək inqilab yolunun başlanğıcıdır. Uca Allah buyurur:
> ﴿وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِن لَّا تَشْعُرُونَ﴾
“Allah yolunda öldürülənləri əsla ölü hesab etməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
(“Bəqərə” surəsi, 154-cü ayə)
İmam Xomeyni (r) buyururdu: “Bizi öldürün ki, xalqımız daha çox ayılsın.” İmam Hüseyn (ə) şəhid oldu və İmam Hüseyn hərəkatı doğuldu. Şəhid Ayətullah Seyid Əli Xamenei şəhid oldu və Xamenei hərəkatı doğuldu. Bu, davam edən bir yoldur və ucaldılmış bir bayraqdır.
Ey yolunu azmış münafiqlər, ey Allahın itaətindən uzaq düşmüş kafirlər! Məgər artıq anlamadınızmı ki, öldürülmək bizim üçün adidir, Allah tərəfindən bizə verilən ən böyük şərəf isə şəhadətdir? Şəhidlərimizin dostları hər keçən gün sevgilərini, iradələrini və bu yolu davam etdirmək əzmlərini daha da artırırlar.
Seyid Əli! Livandakı mübarizlər, Hizbullahın övladları şəhadət aşiqidirlər, vilayət aşiqidirlər. Onlar cihadın haqqını verdilər, dünyaya indiyədək görünməmiş bir nümunə göstərdilər. Bütün bunlar vilayətin bərəkətlərindəndir.
Müqaviməti sevən və ona ürəkdən bağlı olan xalqımız böyük fədakarlıqlar göstərib, daha artıq fədakarlığa da hazırdır. Lakin əsla sarsılmır. O, sizdən səbirli, mücahid, dözümlü və bağışlayan olmağı öyrənib. Bu yolda heç vaxt dayanmayacaq, çünki izzətlə yaşamaq istəyir. O, heç bir halda zilləti qəbul etməz. Bu xalq məğlub olmaz, çünki vilayət məktəbinin tərbiyəsini almış xalqdır. “هیهات منا الذلة” – “Zillət bizdən uzaqdır!”
Şəhid Ayətullah Seyid Əli Xamenei (r) ata qayğısı ilə ümmətə rəhbərlik etdi və düzgün İslamın təlimləri əsasında onun izzət yolunu beş əsas sütun üzərində qorudu:
1. Dövlət və cəmiyyətin qurulması;
2. İşğala və təkəbbürə qarşı müqavimətin dəstəklənməsi;
3. Milli, İslami və bəşəri birliyin qorunması;
4. İstiqamətverici kompasın Fələstinin azadlığına yönəldilməsi;
5. Müstəqillik və heç bir gücdən asılı olmamaq.
ABŞ və İsrailin İran İslam Respublikasına qarşı təcavüzü əslində, təkbaşına ayaqda duran və bu təcavüzün məqsədlərini puç edən bir ölkəyə qarşı qlobal hücum idi. İran xalqın birliyi sayəsində daha da möhkəmləndi və rəhbərliyi ətrafında daha sıx birləşdi. İranın güclü olmağa haqqı var. Onun dinc məqsədli nüvə enerjisinə sahib olmağa haqqı var. Beynəlxalq münasibətlərini öz iradəsinə uyğun qurmağa haqqı var. Lakin azğın Amerika və onun əlaltısı İsrail bu xalqı azadlığından, mövqeyindən və tarixi rolundan məhrum etmək istədi. Buna nail ola bilmədilər. ABŞ və İsrail məğlub oldular. İstədikləri məqsədlərə çata bilmədilər və İran bu qarşıdurmadan başıuca, qüdrətli və qalib çıxdı.
Bizə dəstək olan İslam Respublikasına deyirik: İran dövləti, ABŞ və İran anlaşması hazırlanarkən, birinci bənddə Livanda atəşkəsin və İsrailin geri çəkilməsinin təmin olunmasını israrla irəli sürdü, həmçinin bildirdi ki, ABŞ bu birinci bəndi yerinə yetirməyincə, Vaşinqtonla əldə edilən razılaşmanı irəli aparmayacaq. Bunun nəticəsində ümumi atəşkəs əldə olundu və İsrailin davam edən pozuntularına baxmayaraq, təcavüz ümumilikdə dayandırıldı. Bu məsələ hələ tam başa çatmayıb, lakin biz əminik ki, İran İslam Respublikası bunu sonadək davam etdirəcək. İran rəsmiləri də bunu açıq şəkildə bəyan edirlər.
Biz İranın rəhbərliyinə, dövlətinə, Sepahına, eləcədə ordusuna, xalqına və həmçinin ziyalılarına təşəkkür edirik. Hamınıza minnətdarıq. Çünki siz bölgədəki tarazlığı azadlıq və qurtuluş naminə dəyişdirəcək gücə maliksiniz.
İran bizə güc verdi, dəstək verdi, izzət verdi və xalqımızı azad etməyə, cəmiyyətimizə xidmət göstərməyə imkan yaratdı. Əgər İran olmasaydı, atəşkəs də əldə olunmazdı. Müqavimətin və müqavimət xalqının göstərdiyi möhkəm dayanış əsas amildir, İranın dəstəyi isə ikinci əsas sütundur və həqiqi qüvvə mənbəyidir. Biz bu seçimə sadiqik, çünki onun faydası sübuta yetib və bu, bizim üçün əlavə qüvvədir.
Hamımız birlikdə Livandan ABŞ-ın hegemonluğunu aradan qaldırmaq üçün çalışmalıyıq. ABŞ hiyləgərdir, ABŞ müstəmləkəçidir. O, İsrailə xidmət edən tələbləri ilə Livanı tükəndirir və addım-addım bu ölkəni öz təsiri altına salır. Bəziləri bizə deyirlər: “Niyə İranla əlaqə saxlayırsınız?” Mən isə soruşuram: Bəs siz niyə ABŞ-la əlaqə saxlayırsınız? Halbuki ABŞ sizi alçaldır, sizi öz seçimlərinə məcbur edir, sərvətlərinizi əlindən alır və əvəzində sizə heç nə vermir. Atəşkəsdən bu günə qədər yüzlərlə dəfə razılaşma pozulub. Sonuncu nümunə isə Nəbətiyyə əl-Fəvqada məktəb direktoru Qəndurun anası və iki xidmətçisi ilə birlikdə mülki avtomobildə, mülki evdə, mülki ərazidə qətlə yetirilməsi oldu.
Bəs dövlət buna nə deyir? ABŞ-dan haqqın tələb olunması istiqamətində hansı real addımlar atılır? Bu gün baş verən hər bir hadisə ABŞ-ın qərarı ilə həyata keçirilir. Hətta İsrailin özü də etiraf edir ki, bütün əməliyyatlar üçün ABŞ-dan icazə alır. Deməli, onların razılığı olmadan heç nə baş vermir. Bizi hüquqlarımızdan məhrum edən də ABŞ-dır, bu vəhşi siyasəti həyata keçirən də ABŞ-dır.
Livan hökumətinin imzaladığı çərçivə razılaşması tamamilə İsrailin maraqlarına xidmət edir. Əgər İsrail bu sənədi təkbaşına hazırlamaq istəsəydi, ABŞ və Livan hökumətinin əməkdaşlığı olmadan buna nail ola bilməzdi. Razılaşmanın bütün müddəaları Livanın mənafeyinə ziddir. Batil əsas üzərində qurulan hər bir sənəd də batildir. Çünki bu danışıqların əsası nə şəri baxımdan, nə hüquqi baxımdan, nə beynəlxalq prinsiplər, nə də normal münasibətlər baxımından qəbul edilə bilər. Bu sazişin bütün məzmunu Livanı İsrailə təslim edir. Orada hətta “geri çəkilmə” ifadəsi də işlədilməyib, əvəzində “mövqelərin dəyişdirilməsi” ifadəsi yazılıb. Bu isə o deməkdir ki, Livan torpağının bir hissəsi İsrailin razılığı ilə onun nəzarətində qalacaq. Bundan əlavə, sizdən tələb olunur ki, müqaviməti və Livanın gücünü zəiflədəsiniz, sonra da İsrail bunun necə həyata keçirildiyinə nəzarət etsin. Bu, qəbuledilməzdir.
Mən sizi öz ətrafınızdakı insanların sözlərinə yönəldirəm. Təkcə biz bu razılaşmaya etiraz etməmişik, təkcə müqavimət cəbhəsi buna qarşı çıxmayıb. Hətta sizin öz siyasi dairələriniz də sizə deyirlər ki, bu razılaşma pisdir, alçaldıcıdır və sizi süquta aparacaq. Siz bunu “çərçivə razılaşması” adlandırırsınız. Onu kənara atın. Dövlətin “biz bu razılaşmanı qəbul etmirik” deməsinə nə mane olur? Axı artıq məlum olub ki, bu sənəd tamamilə İsrailin maraqlarına xidmət edir və Livan xalqını iki yerə bölür. Cəsarətlə mövqe nümayiş etdirin. Qoy tarixə dövlətin Livan xalqını birləşdirən mövqe tutduğu yazılsın, onu parçalayacaq mövqe deyil. Sonda isə bu razılaşmanın heç bir bəndi həyata keçirilməyəcək və siz də heç nə edə bilməyəcəksiniz.
Prezident soruşur: “Mənə bir çıxış yolu göstərin.” Mən sizə çıxış yolunu göstərirəm. Biz dolayı danışıqlara razıyıq. Heç olmasa dolayı danışıqlar zamanı sizə təqdim olunan təklifləri mütəxəssislərlə araşdırın, aidiyyəti tərəflərlə məsləhətləşin, özünüzü hazırlayın, düşünülmüş cavab verin və mümkün reaksiyaları qiymətləndirin. Nəbi Berrinin 27 noyabr razılaşması ilə bağlı təcrübəsinə baxın. O, elə bir saziş hazırladı ki, İsrail öz maraqlarını orada görmədiyi üçün ondan boyun qaçırdı. Lakin bu prosesdə müzakirə və dialoq üsulu var idi. İranla ABŞ-ın danışıqlarına baxın. Onlar qırx-qırx beş gün ərzində danışıqlar üzərində işlədilər. Bəs siz niyə bu qədər tələsirsiniz? Deyirsiniz ki, təzyiq altındayıq. Bəs sizə kim təzyiq edir? Əgər öz xalqınızla birlikdə olsanız, heç kim sizə təzyiq göstərə bilməz. Yox əgər düşünürsünüz ki, bu yolla mövqeyinizi qoruyacaqsınız, yanılırsınız. Çünki heç nə əldə etməyəcəksiniz və heç bir iş görə bilməyəcəksiniz. Deyirlər ki, “əməkdaşlıq etməsək, iş irəliləməyəcək.”
Mən sizi geri çəkilməyə çağırıram. Biz fitnəyə sürüklənməyəcəyik. Amma heç kimin bizə təcavüz etməsinə də imkan verməyəcəyik. Bizim səsimiz yüksək olacaq, mövqeyimiz isə Livanın suverenliyi və xalqının hüquqlarının müdafiəsi istiqamətində qəti olacaq. Əsas prioritet suverenliyin bərpası və İsrailin Livan torpaqlarından çıxarılmasıdır. Heç kim bizə həll yollarını diktə edə bilməz. Həll yollarını birlikdə müzakirə edib birlikdə razılaşdıracağıq. İsrail tamamilə geri çəkilməyincə və Litani çayının cənubunda Livan ordusu sərhədlərə qədər yerləşdirilməyincə, başqa heç bir həll yolu yoxdur. Bu da dəfələrlə vurğuladığımız beş əsas prinsipə əsaslanır: İsrailin tam geri çəkilməsi və Litani çayının cənubunda Livan ordusunun yerləşdirilməsi, havadan, qurudan və dənizdən bütün hücumların dayandırılması, dağıntılara son qoyulması, əsirlərin azad edilməsi, dağıdılmış ərazilərin bərpası və insanların öz kəndlərinə, son qarış torpağınadək geri qaytarılması.
Biz İranla ABŞ arasında əldə olunan anlaşma yoluna sadiqik və bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Təslim olmayacağıq. Necə ki, müqaviməti aradan qaldırmaq məqsədini puça çıxarmaqla düşmənin layihəsini məğlub etdik, bundan sonra da xalqımızla birlikdə meydanda olacağıq. İsrail rahatlıq tapmayacaq. Biz bu torpaqların azadlığına aparan hər addımı atacağıq və Allahın izni ilə onları azad edəcəyik.
Allah şəhid Ayətullah Seyid Əli Xameneiyə, onun ailəsinə və bu yolda şəhid olan bütün dostlarına rəhmət etsin.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun.

Şeyx Nəim Qasim
Rəyiniz