bazar 19 iyul 2026 - 16:27
İran xalqının düşmən Amerika üçün unudulmaz dərsləri var

Hövzə / İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurub: ABŞ prezidentinin imzası etibarsızdır – razılaşmanın pozulması bunu bir daha sübut etdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin şəhid Ayətullah Seyid Əli Xameneinin əzəmətli dəfn və vida mərasimi, eləcə də ölkənin mühüm məsələləri ilə bağlı müraciəti yayımlanıb. Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin müraciətinin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Ey əziz və rəşadətli İran xalqı!

Sizə səmimi qəlbdən öz salam, ehtiram və təşəkkürümü bildirirəm. Siz şəhid Ayətullah Seyid Əli Xameneinin tarixi vida mərasimində yaratdığınız bənzəri olmayan misilsiz mənzərə ilə İslam dini və İran xalqının möhkəm iradəsini, vəfadarlığı, uzaqgörənliyi və həmçinin İslam ümmətinin, eləcədə İnqilabın şəhid rəhbərinə olan misilsiz məhəbbətinizi bir daha sübut etdiniz.

Yanan qəlblərin hərarəti, yaşlı gözlər və Tehran, Qum, Məşhəd, eləcə də digər şəhər və kəndlərdə on milyonlarla insanın kilometrlərlə uzanan qətiyyətli iştirakı İran xalqının dostlarını və dünyanın azad insanlarını heyran etdi, İran xalqının təkəbbürlü düşmənlərini isə çaşqınlıq, qəzəb və vahiməyə saldı.

Bu əzəmətli hadisə ilə eyni vaxtda böyük şeytan olan Donald Tramp İran və ABŞ prezidentləri arasında imzalanmış anlaşma memorandumunu dəfələrlə pozması bir daha hamıya sübut etdi ki, ABŞ prezidentinin imzası nə qədər dəyərsiz və etibarsızdır. Zorakılıq, hegemonluq və vəhşilik Amerika siyasətinin ayrılmaz hissəsidir.

Bu gün Donald Tramp bir daha maskasını çıxararaq öz həqiqi simasını göstərdi ki, xəyanət və vəfasızlığın bu təcrübəsi Amerikanın yalançı, məntiqsiz, etibarsız və çirkin mahiyyətini sübut edən yeni bir sənəd olsun.

İndi Amerika kimi mənfur düşmən yeni müharibələr törətmək, daha ağır xərclər və daha böyük rüsvayçılıq yaşamaq niyyətindədirsə, bilməlidir ki, İran xalqı və müqavimət cəbhəsinin onun üçün unudulmaz dərsləri var. İslam döyüşçülərinin igidliyi və son günlərdə cənub bölgəsinin cəsur insanlarının qeyrəti bunun nümunələrini artıq göstərmişdir.

Əziz, vəfalı və başıuca İran xalqına bildirmək istəyirəm ki, bu həssas mərhələdə ən mühüm məsələlərdən biri xalqın və məsul şəxslərin bütün səviyyələrdə, eləcədə bütün sahələrdə mənəvi birlik və həmrəyliyi qorumasıdır. Bu birlik İslam İnqilabının ali məqsədlərinin gerçəkləşməsi, qüdrətli İran İslam Respublikasının izzət və istiqlalının, xüsusilə də cinayətkar və hiyləgər Amerika düşməni qarşısında qorunmasının əsas şərtidir.

Əvvəllər də dəfələrlə vurğulandığı kimi, birliyin qorunması, parçalanma və ixtilafdan çəkinmək, siyasi qarşıdurmaların və ictimai fərqliliklərin qabardılmaması hamının vəzifəsidir. İnqilaba, İmam Xomeyni (r) və həmçinin şəhid Ayətullah Xameneiyə bağlı olan məsul şəxslərin və fədakar insanların ölkənin birliyi və həmrəyliyinin möhkəmləndirilməsində rolu isə daha mühüm və həssasdır.

Bu əsasda əziz xalq, hər üç hakimiyyət qolunda çalışan və xalqın rifahı, səadəti üçün səmimi şəkildə çalışan məsul şəxslərə etimadını davam etdirərək, İran İslam Respublikasının mənafelərinin qorunması üçün bundan sonra da ayıq və fəal olacaqdır.

Bəzi insanlar tam ixlasla və xeyirxahlıq niyyəti ilə bəzi məsul şəxslərin fəaliyyətini tənqid edə bilərlər. Mənim nəzərimcə, bu qayğı və həssaslıq həm onların özləri, həm də İslam dövləti üçün böyük sərvətdir və özlüyündə müsbət hal hesab olunur. Lakin xüsusilə də uzaqgörənliyi ilə tanınan bu əziz insanlar diqqətli olmalıdırlar ki, bu yanaşma:

Birincisi, günahsız bir insana zülm edilməsinə səbəb olmasın. Çünki bu, ilahi bərəkət və mərhəmətdən məhrumiyyətə gətirib çıxarar.

İkincisi isə cəmiyyətin birliyi və həmrəyliyinə zərbə vurmasın. Bu şərtlərə riayət olunduğu təqdirdə tənqidlər işlərin inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.

Düşmən bizdən heç bir zəiflik əlaməti, o cümlədən belə bir zəiflik hiss etməməlidir. Əgər biz bu həssas məqamların hamısına tam şəkildə riayət etsək, düşmən məcburən geri çəkiləcəkdir.

Bir daha əziz xalqımızın hər bir üzvünə səmimi təşəkkürümü bildirirəm. Siz özünüz ümmətin şəhid atasının matəm sahibisiniz və bütün çətinliklərə, məhdudiyyətlərə baxmayaraq şəhid Ayətullah Seyid Əli Xameneinin (r) vida mərasimində tarixi bir qəhrəmanlıq yaratdınız.

Həmçinin böyük təqlid mərcələrinə, alimlərə, mütəfəkkirlərə, o cümlədən ziyalılara, mədəni, ictimai və siyasi fəallara, dövlət və hərbi qurumlara, eləcə də müqavimət cəbhəsinin və şərəfli İslam hərəkatlarının nümayəndələrinə bu əzəmətli mərasimdə göstərdikləri xidmət və səylərə görə təşəkkür edirəm.

Ümid edirəm ki, bu tarixi qəhrəmanlıqda hər bir şəraitdə iştirak edən, həmrəylik və dəstək göstərən hər kəs həzrət İmam Zamanın (ə.f) xüsusi diqqət və duasına nail olar.

Seyid Müctəba Hüseyni Xamenei

(17 iyul 2026)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha