Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ailə məsələləri üzrə müşavir və mütəxəssis Höccətül-İslam vəl-müslimin Əlirza Təraşiyun tətil günlərinin tərbiyəvi imkanlarını vurğulayaraq, övladların dini ruhiyyəsinin və mənəvi potensialının, xüsusilə də Əhli-beytə (ə) məhəbbət əsasında necə gücləndirilə biləcəyini izah edib.
Sual:
Valideynlər dini maarifi övladlarına necə öyrətməlidirlər?
Höccətül-İslam vəl-müslimin Təraşiyunun cavabı:
Tətil günlərində həyata keçirilə biləcək faydalı işlərdən biri də valideynlərin övladlarının dini bilik və mənəviyyatını gücləndirməsidir. Çünki tədris ili və digər günlərdə ata işdə olur, bəzi analar da işləyirlər, uşaqlar isə məktəbə gedirlər. Buna görə ailə üzvləri bir araya gəldikdə əsasən gündəlik həyat məsələləri ilə məşğul olurlar.
Lakin deyirik ki, tətil günləri bir-birimizə, xüsusilə də övladlarımızın mənəvi hisslərinin, ruhiyyəsinin və iman gücünün inkişafına kömək etmək üçün xüsusi fürsətdir.
Çox gözəl olar ki, ailə üzvləri birlikdə həzrət İmam Hüseyn (ə) haqqında söhbət etsinlər, bir kitab götürüb həzrət İmam Hüseynin (ə) həyatını oxusunlar. Əmin olun ki, uşaqlar üçün bu hadisələr, əhvalatlar və həyat hekayələri çox təsirli olur. Xüsusilə də onları əvvəllər az eşitdikləri insanların dilindən eşitsələr, təsiri daha da artır.
Elə bu tətil günlərində bir kitab gətirib uşaqlara növbə ilə ucadan oxutmaq olar. Şübhəsiz ki, bu, onların yaddaşında gözəl xatirələr yaradacaq.
Uşaqların öyrənmə səviyyəsi, xüsusilə də atadan öyrənməsi çox yüksək olur. Ata uşaqlara bir cümlə və ya tərbiyəvi bir fikir dedikdə, həmin söz və ya hadisə onların qəlbində daha asan qəbul olunur. Bəzən ata çox az vaxt ayırır, amma həmin qısa anlarda övladlarının şəxsiyyətinə çox dərin təsir göstərə bilir.
Ona görə də atalar yaranan fürsətlərdən istifadə edərək övladlarına dəyərli və saf dini həqiqətləri çatdırmalıdırlar. Bunlardan biri də Əhli-beytə (ə) məhəbbətdir.
Məsələn, ata övladlarını ətrafına toplayıb onlara belə desə:
«Uşaqlar, atanızı görürsünüz. İstəyirəm sizin qarşınızda bir gözəl etiraf edim. Bilin ki, mən atanız həzrət İmam Hüseyni (ə) çox sevirəm və arzum budur ki, Qiyamət günü onunla birlikdə məhşur olum.»
Bu söz uşaqların qəlbinin dərinliyində öz yerini tapacaq. Hətta bundan artıq danışmağa da ehtiyac yoxdur. Bu, valideynlərin dəyərləndirə biləcəyi çox qiymətli fürsətlərdəndir.
Uşaqların xüsusiyyəti budur ki, onlar valideynləri ilə özlərini eyniləşdirməyi sevir, onlara bənzəməyə çalışırlar. Valideynin söylədiyi bu cür sözlər uşağın şəxsiyyətinin dərinliklərində öz yerini tutur. Övladlarımız bizim dediyimiz cümlələrdən təsirlənirlər. Çalışaq ki, bunu həmişə eyni formada deyil, fərqli və səmimi üsullarla həyata keçirək.
Səs faylını yükləmək üçün buraya klikləyin.
Rəyiniz