cümə 24 iyul 2026 - 15:41
İntiqamın əsası fiqhi hökmlərə və rasional düşüncəyə söykənir

Hövzə / Ali Məqamlı Rəhbərin Qum şəhərindəki ofisinin rəhbəri bildirib ki, cəmiyyət təcavüzə və əhd pozuntusuna qarşı reaksiya verməzsə, ictimai təhlükəsizlik və nizam aradan qalxacaq.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ali Məqamlı Rəhbərin Qum şəhərindəki ofisinin rəhbəri və Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü, Höccətül-İslam vəl-müslimin Mahmud Məhəmmədi İraqi, İslam Mədəniyyət və Düşüncəsi Tədqiqat Mərkəzində keçirilən “İntiqam vədəsinin gerçəkləşməsi” beynəlxalq konfransının bağlanış mərasimində Qurani-Kərimdə intiqam anlayışını izah edərək bildirib ki, intiqam anlayışının ən kamil, qəti və gözəl izahı Qurani-Kərim ayələrində verilib və bu anlayış bəzi yanlış təsəvvürlərin əksinə olaraq nifrət yaymaqla heç bir əlaqəyə malik deyil.

O bildirib ki, Qurani-Kərim məntiqində intiqam başlanğıc xarakterli hərəkət deyil. İntiqam həmişə təcavüz və zülmə verilən cavabdır. Qurani-Kərim vurğulayır ki, əgər kimsə sizə təcavüz edərsə, cavab vermək haqqınız var, lakin heç vaxt ədalət həddini aşmaq və sizə edilən zülmdən artıq qarşılıq vermək olmaz.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Qurani-Kərim ayələrinə istinad edərək qeyd edib ki, İslam mədəniyyətində intiqamın fəlsəfəsi zülmün qarşısını almaq və ədaləti bərqərar etməkdir, hisslərdən və ya nifrətdən doğan qisasçılıq deyil. Buna görə də Qurani-Kərim düşmənlə qarşıdurmada həddi aşmağı qadağan edir və hətta təcavüzkarlarla üz-üzə qalanda da ədalətin qorunmasını zəruri sayır.

Qum Elmi hövzəsinin müəllimi “qisas” və “intiqam” anlayışlarının oxşar və fərqli cəhətlərini izah edərək deyib ki, hər iki anlayış zülmə verilən cavabı ifadə edir. Lakin qisas daha çox fərdi hüquqlar sahəsinə aid olduğu halda, intiqam bir çox hallarda cəmiyyətin izzəti, ləyaqəti və təhlükəsizliyinin müdafiəsi ilə bağlı ictimai hüquqları əhatə edir.

Höccətül-İslam vəl-müslimin Məhəmmədi İraqi İslam təlimlərində əhdə sədaqətin yerinə toxunaraq bildirib ki, Qurani-Kərim əhdə vəfa etməyi əsas prinsip hesab edir və hətta düşmənlə münasibətdə də müqavilə pozulmadığı müddətcə müsəlmanları öhdəliklərinə sadiq qalmağa çağırır. Ancaq qarşı tərəf əhdini pozarsa, ona qarşı mübarizə aparmaq şəri və ağıllı addımdır.

O vurğulayıb ki, əhdini pozanlarla mübarizə təkcə fiqhi hökm deyil, eyni zamanda ağılın tələbidir. Əgər cəmiyyət təcavüz və əhd pozuntusu qarşısında reaksiya göstərməsə, ictimai təhlükəsizlik və nizam pozular.

Ali  Məqamlı Rəhbərin Qum şəhərindəki ofisinin rəhbəri bildirib ki, Allah-Taala Qurani-Kərimin müxtəlif ayələrində zalımlardan intiqam almağı Özünə aid edir. Bu isə göstərir ki, zülmlə mübarizə ilahi sünnənin tərkib hissəsidir və məzlumların müdafiəsi, təcavüzkarlara qarşı dayanmaq dinin əsas təlimlərindən qaynaqlanır.

Qum Elmi hövzəsinin müəllimi sionist rejimin Fələstin xalqına qarşı törətdiyi genişmiqyaslı cinayətlərə toxunaraq bildirib ki, insanların canına, xalqların ləyaqətinə və ölkələrin ərazi bütövlüyünə təcavüz yalnız hərbi əməliyyat deyil, bütün bəşəriyyətin müqəddəslərinin tapdanmasıdır. Qurani-Kərim baxımından xalqların belə təcavüz qarşısında öz izzətini və hüquqlarını müdafiə etmək haqqı var.

Höccətül-İslam vəl-müslimin Məhəmmədi İraqi çıxışının digər hissəsində İmam Hüseynin (ə) qiyamına toxunaraq bildirib ki, Aşura hadisəsi təkcə bir şəxsin şəhid olması deyildi. Bu hadisə İslam həqiqətinə, ədalətə və ilahi dəyərlərə qarşı hücum idi. Buna görə də bu qiyamı yaşatmaq ilahi və bəşəri dəyərləri qorumaq deməkdir.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü çıxışının sonunda dünya ictimai rəyində baş verən dəyişikliklərə toxunaraq bildirib ki, bu gün müqavimət düşüncəsi sionist rejimin yaratdığı təsəvvürü sarsıtmağa nail olub. Dünyanın bir çox xalqları və universitetləri bu rejimin mahiyyəti və Fələstin xalqını müdafiə etməyin zərurəti barədə əvvəlkindən daha çox məlumatlıdırlar. Bu isə müqavimətin beynəlxalq müstəvidə təsir gücünün artdığını göstərir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha