Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Kərbəla şəhərlərində keçirilən beşinci beynəlxalq “Əl-Əqsa Nidası” konfransında çıxış edən İmam Hüseynin (ə) mübarək hərəminin məsul şəxsi Həsən Rəşid Cavad əl-Əbayici vurğulayıb ki, İmam Hüseynin (ə) qiyamı zülm və azğınlığa qarşı əbədi islahat layihəsidir. O bildirib ki, bu gün Fələstin məsələsi İmam Hüseynin (ə) məzlumlara yardım etmək və haqqı müdafiə etmək mesajının canlı təcəssümüdür.
O, Kərbəla prinsiplərindən ilham alaraq müqavimət, fədakarlıq və istibdadın, eləcə də işğalçılığın bütün formalarına qarşı mübarizə aparmağa çağırıb.
İmam Hüseynin (ə) mübarək hərəminin məsul şəxsi çıxışında deyib: İmam Hüseynin (ə) mübarək hərəminin katibliyi və onun başında duran həzrət Ayətullah Sistaninin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Şeyx Əbdülməhdi Kərbəlayi sizi İmam Hüseyn (ə) qiyamının Ərbəin ziyarəti yürüşü günlərinə təsadüf edən bu bərəkətli konfransda salamlayır.
O əlavə edib: Bu konfrans bizi İslam dininin və Əhli-beyt (ə) məktəbinin zülm və zalımlar qarşısındakı mövqeyi barədə düşünməyə vadar edir. Bu məsələ olduqca mühüm əhəmiyyət daşıyır. Qurani-Kərimdə tağutların, zalım hökmdarların və zülmkarların aqibəti barədə çoxlu ayələr vardır. Bu ayələr göstərir ki, dünyəvi əzabların böyük hissəsi tağutların bəşəriyyətə, xüsusilə də məzlum və zülmə məruz qalan xalqlara etdikləri haqsızlıqların nəticəsidir.
Cavad Əl-Əbayici Allahın vədinə işarə edərək vurğulayıb: Uca Allah zalımların və təkəbbür sahiblərinin əməllərindən qafil deyildir. Qurani-Kərimin ayələri insanlara ümid və arxayınlıq verir ki, ilahi yardım mütləqdir. Allah məzlumlara kömək edəcək, onların haqqını geri alacaq, düşmənləri isə həm dünyada, həm də axirətdə müxtəlif əzablara düçar edəcək. Necə ki, əvvəlki zalım ümmətləri cəzalandırdı ki, başqalarına ibrət olsun.
İmam Hüseynin (ə) mübarək hərəminin məsul şəxsi bildirib: Əgər İmam Hüseynin (ə) qiyamı olmasaydı, ümmət ayılmazdı, İslamdan yalnız ad, Qurandan isə yalnız zahiri qalardı. İmam Hüseyn (ə) islahatın, yaxşılığa dəvət və pislikdən çəkindirməyin, eləcə də fəsad törədənlərin hakimiyyətinin kökünü kəsməyin bayrağını qaldırdı. Bu qiyam təkcə Kərbəla hadisəsi ilə məhdudlaşmır, bütün dövrlərdə təsir göstərmişdir. Çünki o, ədalət, azadlıq, haqq və zalımlara qarşı müqavimət anlayışlarını təcəssüm etdirib.
O sonda əlavə edib: İmam Hüseyn (ə) yalnız Kərbəlanın qəhrəmanı deyil, həm də zilləti və batili qəbul etməməyin əbədi rəmzidir. Bu gün bizim məsuliyyətimiz yalnız göz yaşı tökmək və kədərlənməklə bitmir. Biz bu qiyamı dərk etməli və ondan ilham alaraq yaşadığımız cəmiyyətin gerçəkliyində təsir göstərməliyik.
Həsən Rəşid Cavad Əl-Əbayici çıxışının digər hissəsində Fələstin məsələsinə toxunaraq bildirib: Fələstin məsələsi İmam Hüseyn (ə) qiyamının davamıdır. Cinayətkar sionist düşmən tərəfindən beynəlxalq təşkilatların və seyrçi mövqedə dayanan İslam dünyasının gözü qarşısında planlı şəkildə həyata keçirilən qətllər və dağıntılar bəşəriyyətin alnında silinməz bir ləkədir.
O, fələstinli qardaşlara müraciətlə vurğulayıb: Bu gün fələstinli qardaşlarımıza deyirik ki, İmam Hüseyn (ə) qiyamından möhkəm yapışın. Çünki bu qiyam sizin yolunuzu açır, xalqların sizinlə həmrəyliyini gücləndirir. Bu qiyama sığınan heç vaxt ümidsiz qalmayıb. Biz inanırıq ki, Fələstin məsələsinin qələbəsi Allah Rəsulunun (s) pak övladlarının yolu, xüsusilə də İmam Hüseyn (ə) qiyamı ilə getməkdən keçir.
Azad müsəlmanların baxışları müqəddəs məkanlara yönəlib və onlar zülm qarşısında əsla təslim olmayacaqlar
Həsən Rəşid Cavad əl-Əbayici “Əl-Əqsa Nidası” beşinci beynəlxalq konfransındakı çıxışını davam etdirərək deyib: Bu gün bütün dünyaya müraciət edərək bəyan edirik ki, Fələstin və Qüds Allahın peyğəmbərinin (s) müqəddəs məkanıdır. Biz izzət sahiblərinin şəhəri, məzlumların və inqilabçıların qalası, azad insanların qibləsindən – yəni həzrət İmam Hüseyn (ə) və Peyğəmbərin (s) əziz nəvəsinin pak cisminin yatdığı məkandan dünyanın hər yerində yaşayan şərəfli müsəlmanların qəlbi ilə Fələstindəki qardaşlarımızın çəkdiyi ağrılar, əzablar, didərginlik və mühasirə səbəbindən onlarla həmrəy olduğumuzu bildiririk.
O vurğulayıb: Bu nida ilə bəyan edirik ki, həqiqi müsəlmanların gözləri canlarında nəfəs olduğu müddətcə müqəddəs məkanlarına dikiləcək və onlar bu zülm, azğınlıq və təslimçilik layihələri qarşısında heç vaxt baş əyməyəcəklər.
İmam Hüseynin (ə) mübarək hərəminin məsul şəxsi bildirib: Göylərin və yerin Rəbbindən kömək diləyərək inanırıq ki, Allahın kitabına və Peyğəmbərin (s) pak Əhli-beytinə – yəni iki ağır əmanətə tutunduğumuz təqdirdə, haqq öz sahiblərinə qayıdacaq.
Cavad Əl-Əbayici sonda qeyd edib: Bu, İraqın ali dini mərcəiyyəti həzrət Ayətullah üzma Seyid Əli Hüseyni Sistaninin daim təkid etdiyi yol və məqamdır. O həzrət məzlumlara yardım göstərilməsi və müqəddəs məkanların düşmənlərin murdar varlığından azad olunması istiqamətində bu məqsədin həyata keçməsi üçün var gücü ilə çalışır.
Rəyiniz