Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzənin İslami Təbliğat İdarəsinin rəisi Höccətül-İslam vəl-müslimin Əhməd Vaizi Qum şəhərində İmam Rza (ə) hərəminin Mədəniyyət Mərkəzi adlı akt zalında keçirilən “Şəhid İmam Xameneinin (r) şəhadəti və onun ictimai dünyadakı əks-sədası” mövzusunda humanitar və ictimai elmlər üzrə alimlərin fikir mübadiləsi toplantısında, həmçinin “Qanlı Besət” kitabının təqdimat mərasimində çıxış edib.
O, şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətinin sosial və mədəni nəticələrinə toxunaraq bildirib ki, şəhid Ayətullah Xameneinin şəhadətindən sonra İran xalqı nadir rast gəlinən birlik, milli həmrəylik və möhtəşəm ictimai iştirak nümunəsi nümayiş etdirdi. Onun sözlərinə görə, bu iştirak ötəri emosiyalar əsasında deyil, dərin inam, qəlb arxayınlığı və zəngin mədəni irsə söykənirdi.
Elmi hövzənin İslami Təbliğat İdarəsinin rəisi əlavə edib ki, həmin həssas dövrdə xalqın davranışı İran cəmiyyətinin sosial yetkinliyini göstərdi. O vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində böhranlar zamanı müşahidə olunan ərzaq, yanacaq və digər zəruri tələbat mallarının alınması üçün uzun növbələr, təşviş və emosional davranışlar İranda baş vermədi. Cəmiyyət sakitlik, sabitlik və öz yoluna inamla hərəkətini davam etdirdi.
İran xalqının reaksiyası dünya ictimaiyyətinin rəğbətini qazandı
Höccətül-İslam vəl-müslimin Vaizi bildirib ki, İran xalqının məsuliyyətli və təmkinli davranışı həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
O qeyd edib ki, bu hadisəni ifadə etmək üçün ən uyğun anlayış “oyanış” və “dirçəliş” məfhumlarıdır. Onun sözlərinə görə, şəhid Ayətullah Xameneinin özünün də istifadə etdiyi bu ifadələr həmin ictimai hərəkatın mahiyyətini ən yaxşı şəkildə izah edir.
Höccətül-İslam vəl-müslimin Vaizi vurğulayıb ki, bu möhtəşəm ictimai həmrəylik şəhid liderinin şəhadətindən sonra özünü göstərsə də, onu yalnız bir tarixi hadisənin nəticəsi hesab etmək düzgün deyil. Bu reaksiyanın kökləri uzun illər ərzində İran cəmiyyətinin dini və mədəni dəyərlərində formalaşmış dərin etiqadi təməllərə dayanır.
İran xalqının milli və mənəvi kimliyi minilliklərə söykənən tarixi sərvətdir
O, İran xalqının milli və mənəvi kimliyinin bu misilsiz həmrəyliyin formalaşmasında əsas amil olduğunu bildirib. Onun sözlərinə görə, məhz bu möhkəm kimlik həmin böyük mənəvi, ictimai və mədəni hərəkatın yaranmasına zəmin yaradıb və İran xalqının kimlik kapitalının hələ də canlı, dinamik və təsirli olduğunu nümayiş etdirib.
Elmi hövzənin İslami Təbliğat İdarəsinin rəisi qeyd edib ki, İranın milli kimliyi uzun illərdir humanitar və ictimai elmlərdə geniş müzakirə olunan mövzulardandır. Bunun əsas səbəblərindən biri İranın minilliklərə söykənən zəngin və keşməkeşli tarixidir ki, bu da xalqın milli kimliyinin tarixi davamlılığını qoruyub saxlamasına imkan verib.
Qloballaşma İran xalqının milli kimliyini zəiflətməyib
Höccətül-İslam vəl-müslimin Vaizi müasir dövrün çağırışlarına toxunaraq bildirib ki, qloballaşma, virtual məkanın genişlənməsi və mədəni dəyişikliklər bir çox cəmiyyətlərdə vətənə bağlılıq hissinin zəifləməsinə və milli kimliklərin sarsılmasına səbəb olsa da, İran xalqının təcrübəsi bunun əksini göstərir.
O vurğulayıb ki, İran xalqının milli kimliyi hələ də yüksək möhkəmliyə malikdir və tarixi dönüş nöqtələrində özünü ictimai birlik, həmrəylik və milli həmrəyliyin ən mühüm amili kimi göstərir.
Höccətül-İslam vəl-müslimin Vaizi milli kimliyin cəmiyyətlərin möhkəmliyindəki rolunu izah edərək bildirib ki, milli kimlik bir xalqı digər xalqlardan fərqləndirən ən mühüm amildir. Milli kimlik nə qədər möhkəm və dərin olarsa, eləcədə ictimai həmrəylik, milli birlik, dövlətin əsas dayaqlarının dayanıqlılığı və həmçinin cəmiyyətin müxtəlif təhdid və çağırışlara qarşı müqavimət gücü də bir o qədər artar.
Milli kimlik – xalqları fərqləndirən və ictimai dayanıqlığı təmin edən əsas amil
O qeyd edib ki, cəmiyyətdə milli kimlik möhkəm və köklü şəkildə formalaşdıqda, bu, ictimai həmrəyliyin güclənməsinə, sosial kapitalın artmasına, ölkənin əsas institutlarının qorunmasına və xalqın daxili və xarici böhranlar qarşısında dayanıqlığının möhkəmlənməsinə zəmin yaradır.
Qum Elmi hövzəsinin İslami Təbliğat İdarəsinin rəisi əlavə edib ki, şəhid Ayətullah Xamenei bir fəqih, mütəfəkkir, ictimai islahatçı və siyasi lider kimi uzun illər İran xalqının milli kimliyinin İslam kimliyi ilə sıx vəhdətdə möhkəmlənməsinə çalışıb. Onun sözlərinə görə, bu yanaşma şəhid rəhbərin mədəni, ictimai və siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri olub.
Şəhid Ayətullah Xameneinin fars dili və İranın mədəniyyət irsinə xüsusi diqqəti
Elmi hövzə müəllimi bildirib ki, şəhid Ayətullah Xamenei istər ölkə rəhbəri, istər prezident, istərsə də görkəmli dini şəxsiyyət kimi fəaliyyət göstərdiyi bütün dövrlərdə ölkənin mədəni kimliyinin möhkəmlənməsinə xüsusi önəm verib.
O qeyd edib ki, fars dili və ədəbiyyatına davamlı dəstək göstərilməsi, İranın ədəbi və dil irsinin qorunması, bu mədəniyyət sərvətlərinin yaşadılmasına xüsusi diqqət yetirilməsi həmin yanaşmanın ən mühüm təzahürlərindən idi. Şəhid Ayətullah Xamenei fars dilini İran xalqının mədəni kimliyinin əsas sütunlarından biri hesab edir və onun qorunmasını milli kimliyin mühüm tərkib hissəsi kimi dəyərləndirirdi.
İslam birliyinin və xalqlar arasında dinc birgəyaşayışın möhkəmləndirilməsi milli kimliyin əsas sütunlarındandır
Höccətül-İslam vəl-müslimin Vaizi bildirib ki, şəhid Ayətullah Xamenei yalnız milli baxışa deyil, İslam cəmiyyətini birləşdirən dini və ürfü ortaq dəyərlərə daha çox önəm verirdi.
Onun sözlərinə görə, şəhid Ayətullah Xamenei müsəlmanlar, xüsusilə şiə və sünni məzhəbləri arasında birliyin möhkəmlənməsinə, eləcə də ölkədə yaşayan müxtəlif xalqların və etnik qrupların dinc yanaşı yaşamasına daim çalışırdı.
Höccətül-İslam vəl-müslimin Vaizi əlavə edib ki, bu birlik yaradan yanaşma sosial kapitalın güclənməsinə, eləcədə mədəniyyət fərqlərinin yaratdığı uçurumların azalmasına, milli həmrəyliyin artmasına və ortaq İran və İslam kimliyinin möhkəmlənməsinə mühüm töhfə verib.
Şəhid Ayətullah Xameneinin (ə) baxışında İran xalqının milli kimliyinin ən böyük dayağı xalqın imanı idi
Höccətül-İslam vəl-müslimin Vaizi vurğulayıb ki, şəhid Ayətullah Xameneinin İran cəmiyyətində mənsubiyyət quruculuğu sahəsində ən mühüm xidmətlərindən biri xalqın iman və dini etiqadına verdiyi xüsusi önəm olub.
O bildirib ki, şəhid Ayətullah Xamenei dini inanclarla milli mənsubiyyət arasında möhkəm bağlılıq yaradaraq İran cəmiyyətində davamlı, güclü və köklü kimliyin formalaşmasına çalışıb. Belə bir kimlik ölkənin müxtəlif təhdidlər və dəyişikliklər qarşısında birliyini və dayanıqlığını qorumağa xidmət edir.
“Biz bacararıq” ruhu və gənclərə etimad
Höccətül-İslam vəl-müslimin Vaizi şəhid Ayətullah Xameneinin elmi və mədəni mövqeyinə toxunaraq bildirib ki, o, İslam İnqilabının qələbəsindən illər əvvəl dini düşüncənin dirçəldilməsi istiqamətində öncül simalardan biri idi və İslamın həyatverici, islahatçı və hərəkətverici mahiyyətini daim ön plana çəkirdi.
Onun sözlərinə görə, məhz bu yanaşma şəhid Ayətullah Xameneiyə gənclərlə, universitet mühiti və elmi dairələrlə dərin və təsirli əlaqələr qurmağa imkan verib.
Şəhid Ayətullah Xamenei ilə ilk tanışlıq
Höccətül-İslam vəl-müslimin Vaizi şəhid Ayətullah Xamenei ilə ilk görüşünü xatırlayaraq bildirib: Onunla ilk tanışlığım Tehran Universitetində keçirilən bir elmi toplantıda baş verdi. Həmin toplantıda universitetin tanınmış alim və natiqləri iştirak edirdi. Şəhid Ayətullah Xamenei öz elmi səviyyəsi, möhkəm arqumentləri və təsirli nitqi ilə hamının diqqətini cəlb etdi. Elə həmin görüşdən sonra mən də daxil olmaqla, iştirakçıların çoxu onun elmi və intellektual şəxsiyyətinə dərin rəğbət bəslədi.
Qum Elmi hövzəsinin İslami Təbliğat İdarəsinin rəisi bildirib ki, şəhid Ayətullah Xameneinin ən mühüm xidmətlərindən biri xalqda müstəqillik ruhunun və milli özünəinamın gücləndirilməsi olub. O deyib: “Müstəqillik ruhunun aşılanması, ‘Biz bacararıq’ inamının cəmiyyətə təlqin edilməsi və xüsusilə gənclərin potensialına etimad göstərilməsi onun idarəçilik və mədəni irsinin ən mühüm cəhətlərindəndir. O, daim hesab edirdi ki, ölkənin daxili imkanlarına və insan kapitalına arxalanmaqla problemləri aradan qaldırmaq və inkişaf yolunda irəliləmək mümkündür.”
İslam birliyi və ictimai həmrəyliyin möhkəmləndirilməsi
Qum Elmi hövzəsinin müəllimi şəhid Ayətullah Xameneinin birlik yaradan baxışına toxunaraq bildirib ki, o, İslam ümmətində birlik və həmrəyliyin ən ciddi tərəfdarlarından idi. Şəhid Ayətullah Xamenei şiə və sünnilər arasında, eləcə də müxtəlif xalqlar və dini icmalar arasında qarşıdurma, ixtilaf və ayrı-seçkiliyin əleyhinə çıxırdı. Onun yanaşması milli həmrəyliyin gücləndirilməsi və İslam ümmətinin birliyinin qorunmasına əsaslanırdı.
Düşmənə qarşı mübarizədə iman və təvəkkülün rolu
Höccətül-İslam vəl-müslimin Vaizi bildirib ki, şəhid Ayətullah Xameneinin seçilən xüsusiyyətlərindən biri də düşmənin təzyiq və təhdidləri qarşısında müqavimət və möhkəmlik ruhunu formalaşdırması idi. O, İran xalqında belə bir inam yaratmışdı ki, sanksiyalardan, təhdidlərdən və düşmənlərin düşmənçiliyindən qorxmaq lazım deyil.
Höccətül-İslam vəl-müslimin Vaizi əlavə edib ki, şəhid Ayətullah Xamenei daim uca Allaha təvəkkül etməyi, İlahi yardım vədəsinə inanmağı, eləcədə düşməni düzgün tanımağı və onun fitnələri ilə ağıllı şəkildə mübarizə aparmağın vacibliyini vurğulayırdı. Bu yanaşma onun cəsur, mömin və qətiyyətli şəxsiyyətindən qaynaqlanırdı.
Əməldə nümayiş etdirilən cəsarət
Höccətül-İslam vəl-müslimin Vaizi şəhid Ayətullah Xameneinin cəsarətindən bəhs edərək deyib: Onun məşhur cümə namazı xütbəsini xatırlayın. Xütbə zamanı tribunanın yaxınlığında partlayış baş verdi. Buna baxmayaraq, o, yalnız qısa müddət oturdu, sonra isə heç bir həyəcan və səsində ən kiçik titrəyiş olmadan xütbəsini əvvəlki əzmkarlıq və arxayınlıqla davam etdirdi. Bu səhnə onun cəsarətinin, təmkininin və Allaha təvəkkülünün parlaq nümunəsi idi.
O, daha sonra şəhid Ayətullah Xamenei ilə döyüş tapşırıqlarında iştirak etmiş pilotlardan birinin xatirəsini nəql edərək bildirib ki, həmin pilotun sözlərinə görə, şəhid Ayətullah Xamenei bəzi əməliyyatlarda cəbhənin ön xəttinə qədər gedirdi. Döyüş zonasına yaxın olduğuna görə bəzən üz-gözü toz-torpaq içində qalırdı. Bu birbaşa iştirak onun cəsarətinin, məsuliyyət hissinin və döyüşçülərlə, xalqla əməli həmrəyliyinin bariz göstəricisi idi.
Şəhid Ayətullah Xameneinin siyasəti İslam Respublikasının möhkəmlənməsinə və milli həmrəyliyin güclənməsinə xidmət edib
Höccətül-İslam vəl-müslimin Vaizi şəhid Ayətullah Xameneinin ölkənin idarə olunması və rəhbərliyi sahəsindəki roluna toxunaraq bildirib ki, o, İslam Respublikasının idarəçiliyində həlledici və qalıcı rol oynayıb. Onun əsas missiyalarından biri dövlət sisteminin möhkəmləndirilməsi və dayanıqlılığını təmin edən siyasətin formalaşdırılması idi. Bu siyasətin nəticələri ölkənin taleyüklü mərhələlərində aydın şəkildə özünü göstərib.
O əlavə edib ki, şəhid Ayətullah Xamenei daim dövlət rəsmilərini həmrəyliyə, qarşılıqlı əməkdaşlığa və koordinasiyalı fəaliyyətə çağırır, kollektiv işin vacibliyini və fikir ayrılıqlarından çəkinməyi dəfələrlə vurğulayırdı. Bu strateji yanaşma ölkənin idarəetmə strukturlarının möhkəmlənməsinə şərait yaradıb və İslam Respublikasının böyük hadisələr və böhranlar qarşısında sabitliyini və davamlılığını qorumasına imkan verib.
Qum Elmi hövzəsinin İslami Təbliğat İdarəsinin rəisi sözünə davam edərək bildirib: Şəhid Ayətullah Xameneinin formalaşdırdığı bu ruhun və həyata keçirdiyi strateji siyasətin bərəkəti onun və bir qrup hərbi komandirin şəhadəti zamanı özünü aydın şəkildə göstərdi. Belə ki, İslam Respublikası bu ağır itkiyə baxmayaraq, daxili potensialına söykənərək möhkəm qaldı və xalq da fəal iştirakı və dəstəyi ilə ölkənin inkişaf yolunun davam etdirilməsində həlledici rol oynadı. Bu, şəhid Ayətullah Xameneinin milli həmrəyliyin və dövlət qüdrətinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi təsirin dərinliyini nümayiş etdirir.
Milli kimliyin möhkəmlənməsi siyasi qüdrətdən asılıdır
Höccətül-İslam vəl-müslimin Vaizi milli kimliklə siyasi güc arasındakı əlaqəyə toxunaraq bildirib: Mənim fikrimcə, milli kimlik siyasi hakimiyyətin gücü və möhkəmliyi ilə birbaşa bağlıdır. Cəmiyyətin siyasi hakimiyyəti nə qədər sabit, güclü və həmrəy olarsa, milli kimliyin formalaşması, möhkəmlənməsi və davamlılığı üçün də bir o qədər əlverişli zəmin yaranar.
O əlavə edib ki, şəhid Ayətullah Xamenei bu əlaqəni dərindən dərk etdiyi üçün daim ölkənin siyasi dayaqlarının gücləndirilməsi istiqamətində fəaliyyət göstərib, uzaqgörən siyasəti ilə sosial kapitalın və milli həmrəyliyin möhkəmlənməsinə şərait yaradıb.
Elm və texnologiya sahəsindəki siyasət milli kimliyin möhkəmlənməsinə xidmət edib
Höccətül-İslam vəl-müslimin Vaizi elm və texnologiyanın inkişafını da şəhid Ayətullah Xameneinin mühüm fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirərək deyib: Onun elm, texnologiya və ölkənin inkişafı sahəsində həyata keçirdiyi uzaqgörən siyasət milli kimliyin güclənməsində mühüm rol oynayıb. Çünki elmi tərəqqi və müasir texnologiyalara yiyələnmək ölkənin qüdrətini artırmaqla yanaşı, cəmiyyətdə qürur hissini, özünəinamı və milli özünəgüvəni də möhkəmləndirir.
Qum Elmi hövzəsinin İslami Təbliğat İdarəsinin rəisi əlavə edib ki, şəhid Ayətullah Xamenei uzun illər ərzində müxtəlif ictimai və mədəni institutlar, eləcə də dövlət strukturları vasitəsilə İran xalqının milli kimliyinin möhkəmlənməsinə çalışıb və strateji rəhbərliyi ilə bu kimliyin daha da güclənməsi üçün zəmin yaradıb.
Höccətül-İslam vəl-müslimin Vaizi çıxışının sonunda vurğulayıb ki, milli kimlik dini etiqad və İranın zəngin mədəniyyəti üzərində qurulub. Onun sözlərinə görə, şəhid rəhbər strateji siyasəti, ardıcıl tövsiyələri və həmçinin dini və mədəni dəyərlərə verdiyi dəstək sayəsində milli kimliyin dərinləşməsində və cəmiyyətin mədəni həmrəyliyinin qorunmasında mühüm rol oynayıb. Bu dəyərli irs bu gün də ölkənin ən mühüm sərvətlərindən biri hesab olunur.
Xəbərin sonu
Rəyiniz