Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Ərafi strateji bəyanatında 2026-cı il Ərbəin ziyarətinin altı sivilizasiya dərsini açıqlayaraq, İslam ümmətinin böyük şəhid Ayətullah Xameneinin xatirəsini yad edərək bildirib: Bu ilki Ərbəin böyük, lakin qürurverici bir kədərlə başlayır. Bu, ömrünü İslamın və İranın izzəti yolunda sərf edən qayğıkeş mərce və uzaqgörən rəhbər şəhid Ayətullah Xameneinin itkisinin hüznüdür. Elə bir şəhid ki, İmam Hüseyn (ə) kimi yaşadı və Hüseyn (ə) kimi şəhadətə çatdı.
Elmi hövzələrin rektoru Ərbəin bəyanatında aşağıdakı altı mühüm sivilizasiya dərsini açıqlayıb:
1. Ərbəin tarixi – ümmətin yeni oyanışı və dirçəlişi
2. Ərbəin məktəbi ətrafında İslam ümmətinin və müqavimət cəbhəsinin birlik, qardaşlıq və həmrəyliyi
3. “Mənim kimisi Yezid kimisinə beyət etməz” Aşura şüarı ətrafında cihad, müqavimət və dayanıqlılıq
4. Ərbəin və şəhid Ayətullah Xameneinin intiqamı və qanının tələb edilməsi fəryadı
5. Ərbəin tarixi– məişət və iqtisadi sahədə həmrəylik və yardımlaşmanın, eləcə də milli və qlobal miqyasda iqtisadi cihadın mərkəzi
6. Ərbəin – zühura hazırlığın əyani məşqi
Ayətullah Ərafi həmçinin vurğulayıb ki, Ərbəin yalnız böyük matəm mərasimi deyil, əksinə, vahid ümmətin formalaşması və həzrət İmam Zamanın (ə.f) tərəfindən qurulacaq qlobal hökumətin həyata keçməsi üçün praktiki hazırlıqdır.
O bildirib ki, milyonlarla insan dünyanın müxtəlif bölgələrindən bir sevgi və bir amalla Kərbəlaya doğru hərəkət etdikdə, əslində İmam Zamanın (ə.f) qiyamını kiçik miqyasda canlandırmış olur. Bu möhtəşəm birlik gələcək ədalət və mərifət dövrünün müjdəsidir. Həmin dövrdə bütün bəşəriyyət ədalət çadırı altında birləşəcək.
Ayətullah Ərafi bəyanatında tələbə və təbliğçilərə də xüsusi tapşırıqlar verərək bildirib ki, onlar xidmət çadırlarında, yürüş yollarında və təbliğ fürsətlərində Qurani-Kərim və sünnə əsasında şəhadətin fəlsəfəsini və İlahi intiqam vədini izah etməli, eləcədə Əhli-beyt (ə) maarifindən istifadə etməklə İmam Hüseynin (ə) qanı ilə şəhid Ayətullah Xameneinin (r) qanı arasındakı bağlılığı dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Elmi hövzələrin rektorunun mühüm və strateji bəyanatının tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
وَ بَذَلَ مُهْجَتَهُ فِیکَ لِیَسْتَنْقِذَ عِبَادَکَ مِنَ الْجَهَالَهِ وَ حَیْرَهِ الضَّلَالَهِ
Bağışlayan və mehriban Allahın adı ilə
“Öz qanını Sənin yolunda fəda etdi ki, bəndələrini nadanlıqdan və azğınlıq yolundakı çaşqınlıqdan xilas etsin.”
(Ərbəin ziyarətindən)
Ayətullah Ərafi bəyanatında yazıb: Bu il Ərbəin üfüqü göylə yerin əlaqəsinin misilsiz təzahürü ilə yeni bir mərhələdə gerçəkləşir. Ərbəin yalnız şəhidlərin ağası İmam Hüseynə (ə) matəm mərasimi deyil, həm də Aşura mədəniyyətinin bu günə qədər davam etməsinin tam aynasıdır.
Bu dövr elə bir dövrdür ki, İmam Hüseyn (ə) hərəkatı İran xalqının şərəfli və qürurlu meydan iştirakının möhtəşəmliyi ilə ayrılmaz şəkildə birləşib.
Bu Ərbəin böyük, lakin qürurverici bir hüznün kölgəsində başlayır. Bu, İslamın və İranın izzəti yolunda ömrünü sərf edən qayğıkeş mərce və uzaqgörən rəhbər şəhid Ayətullah Xameneinin itkisinə olan matəmdir. Elə bir şəhid ki, Hüseyn (ə) kimi yaşadı və Hüseyn (ə) kimi şəhadətə çatdı.
Ayətullah Ərafi bildirib ki, həmin şəhid Ayətullah Xameneinin pak cənazəsinin İran və İraqda, xüsusilə müqəddəs Nəcəf və Kərbəla şəhərlərində əzəmətli və tarixi şəkildə dəfn mərasimlərinin keçirilməsi, eləcə də İran və İraq xalqlarının misilsiz iştirakı göstərdi ki, İslam ümmətinin, xüsusilə iki xalqın İnqilab ideallarına bağlılığı günü-gündən daha da möhkəmlənir.
O əlavə edib ki, bu Ərbəin qlobal təkəbbürə qarşı, xüsusilə ABŞ-a qarşı mövcud olan sivilizasiya və varlıq mübarizəsi meydanında keçirilir. Onun sözlərinə görə, bu, hərbi, iqtisadi və informasiya sahələrini əhatə edən genişmiqyaslı hibrid müharibədir və ABŞ İran ordusu, İran xalqı və müqavimət cəbhəsindən aldığı ağır zərbələr və unudulmaz dərslər nəticəsində öz acizliyini daha açıq şəkildə göstərib.
Bu gün bu müqavimət göstərən xalq, həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) hikmətli rəhbərliyi, müqəddəs Qum və Nəcəf şəhərinin böyük mərceiyyətinin göstərişləri, eləcə də xalqın iman və uzaqgörənliyi ilə məğlubedilməz tövhid qüdrəti simasında qatil və cinayətkar Amerika və sionist düşmənin həddini aşan tələbləri qarşısında dayanmışdır. Bu ilki Ərbəin yürüşü həmin Amerika xülyalarına və boş iddialarına qəti cavaba çevriləcək, İslam ümmətinin böyük coşqu və dirçəlişindən daha bir qızıl səhifə yazacaqdır.
Bu həssas şəraiti, meydanın və hadisələrin mürəkkəb ölçülərini dərindən dərk edərək və strateji baxışla, misilsiz imkanlara malik Ərbəin fürsətində o cümlədən, maarifləndirmə və aydınlatma cihadı üçün böyük bir potensial olan bu zamanda, bu şərəfli yolda elm, təbliğ, hidayət və maarifləndirmə ömcüsü olan siz dəyərli tələbələrə, ruhanilər və təbliğçilərə bir neçə mühüm məqamı çatdırıram.
Ümid edirəm ki, həzrət İmam Hüseynin (ə) köməyi ilə Ərbəin fürsətindən şəhidlərin, xüsusilə Ayətullah İmam Xomeyninin (r) və şəhid Ayətullah Xameneinin xatirəsini və ideallarını yaşatmaq, İnqilab, müqavimət və ümidvericilik düşüncəsini izah etmək üçün istifadə edəcəyik və bu hərtərəfli və varlıq mübarizəsində bəsirətli və mücahid əsgərlər kimi öncüllərdən olacağıq.
1. Ərbəin yürüşü – ümmətin yeni oyanışı və dirçəlişi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İmam Xomeyninin (r) vəfatının 37-ci ildönümü münasibətilə verdiyi mesajdan aydın olduğu kimi, İslam İnqilabının tarixində beş dönüş nöqtəsi ümmətin oyanış və dirçəliş həqiqətini açıq şəkildə nümayiş etdirib:
1- 1342-ci il 15 xordadda (5 iyun 1963) İmam Xomeyninin (r) rəhbərliyi ilə İran xalqının Aşura ruhlu qiyamı;
2- 1357-ci il 12 bəhməndə (1 fevral 1979) İslam İnqilabının qələbəsinin başlanğıcı;
3- 1368-ci il 14 xordadda (4 iyun 1989) İnqilabın böyük banisi İmam Xomeyninin vəfatı və şəhid Ayətullah Xameneinin uzaqgörən rəhbərliyi ilə yeni bir dövrün başlanması;
4- 1404-cü il 10 isfənddə (1 mart 2026) şəhid Ayətullah Xameneinin məzlumcasına şəhadəti;
5- Şəhid Ayətullah Xameneinin İran və İraqda keçirilən tarixi dəfn mərasimi: Bu mərasim böyük bir dirçəliş yaratdı və dünyaya yeni bir oyanış və heyrətamiz iştirak nümunəsi göstərdi.
Şübhəsiz ki, 2026-cı il Ərbəin ziyarəti yeni oyanışın təzahürü və əsas meydanı kimi İslam xalqlarının ümumi dirçəlişində və müqavimət cəbhəsinin coğrafiyasında daha bir dönüş nöqtəsi olacaqdır.
Rəşadətli İran xalqı, digər İslam ölkələrinin xalqları və xüsusilə şərəfli İraq xalqı aşağıdakı şuar ilə bir daha göstərər ki, bu cihad və fədakarlıq yalnız Aşura hadisəsinə aid deyil, əksinə, xüsusilə bu gün Amerika ilə apardığımız cihad və varlıq mübarizəsində hər zaman ümmətin vəzifəsidir:
«أَشْهَدُ أَنَّهُ وَلِیُّکَ وَ ابْنُ وَلِیِّکَ... فَجَاهَدَهُمْ فِیکَ صَابِراً مُحْتَسِباً حَتَّی سُفِکَ فِی طَاعَتِکَ دَمُهُ وَ اسْتُبِیحَ حَرِیمُهُ»
“Şəhadət verirəm ki, o, sənin vəlin və vəlisinin oğludur... Sənin yolunda səbir və ixlasla onlarla mübarizə apardı, nəhayət sənə itaət yolunda onun qanı töküldü və hörməti tapdalandı.”
Buna görə də, əziz tələbələr və təbliğçilər Ərbəin karvanlarında və məclislərində zəvvarlara “davamlı oyanış” həqiqətini izah etməli, bu yolun çətinliklərini və mübarizələrini açıqlamalı və Ərbəin ziyarətində buyurulduğu kimi:
«إِنَّ اللّهَ مُنْجِزٌ ما وَعَدَکَ»
“Həqiqətən, Allah sənə verdiyi vədi yerinə yetirəndir.”
– İlahi qələbənin son vədinə və parlaq zühur üfüqünün yaxınlaşmasına diqqəti vurğulamalıdırlar.
2. İmam Hüseynin (ə) Ərbəin mərasimi ətrafında İslam ümmətinin və müqavimət cəbhəsinin birlik, qardaşlıq və bütövlüyü
İmam Hüseynin (ə) Ərbəin mərasimi tarix boyu bəşəriyyətin ən böyük toplantısıdır. Bu toplantıda coğrafi, milli, dil və məzhəb sərhədləri “Hüseyn sevgisi” qarşısında öz rəngini itirir. Bu böyük mərasim uca Allahın belə buyurduğu ayənin bariz nümunəsidir:
«وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِیعًا وَلَا تَفَرَّقُوا»
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın.” (Ali-İmran surəsi 103-cü ayə)
Əhli-beytə (ə) məhəbbət və vilayət ətrafında birlik və vəhdət yalnız bir duyğu deyil, əksinə, müqavimət cəbhəsini ortaq düşmən qarşısında vahid və məğlubedilməz edən kimlik formalaşdıran və həmrəylik yaradan bir hərəkatdır.
Həzrət Ayətullah Seyid Əli Xamenei dəfələrlə vurğulamışdır ki: Müqavimət cəbhəsi vahid və həmrəydir və ona hər hansı zərbə vurulması düşmənin maraqlarını təmin edir.
Bu gün düşmənlər bütün imkanları ilə müqavimət göstərən xalqlar arasında ixtilaf yaratmağa çalışırlar. Lakin Ərbəin milyonlarla insanın möhtəşəm iştirakını nümayiş etdirməklə bu fitnəni puça çıxarır.
İraqlı, iranlı, livanlı, yəmənli, fələstinli və digər xalqlar Kərbəla yolunda hamısı bir amal və bir sevgi “Ya Hüseyn” bayrağı altında hərəkət edirlər. Bu, Qurani-Kərimin belə ifadə etdiyi həqiqətdir:
«أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ» (فتح: ۲۹)
“Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər.” (Fəth surəsi, 29-cu ayə)
Əziz tələbələr, ruhanilər və təbliğçilər “Hüseyn sevgisi bizi birləşdirir” düşüncəsini yaymaqla, Quran ayələrinə və Əhli-beyt (ə) hədislərinə əsaslanaraq müqavimət cəbhəsinin birlik və bütövlüyünü vurğulamalıdırlar.
Onlar Ərbəin xidmət çadırlarında, toplantılarda və çıxışlarda Ərbəində iştirak edən bütün məzhəb və millətlərin ortaq dəyərlərinə diqqət yetirməli, müqavimət cəbhəsinin istismarçı qüvvələrə və Amerika və sionist düşmənə qarşı mübarizəsində əldə etdiyi qələbələr və nailiyyətlər barədə maarifləndirmə və izah işi aparmalıdırlar.
Rəvayətlərin mübarizəsində ağıllı və şüurlu iştirak Aşura mesajıdır. Bu gün də azad və həqiqət axtaran media qurumları və dəyərli təbliğçilər Ərbəində və dünya səviyyəsində bu məsələyə diqqət göstərməlidirlər.
3. “Mənim kimisi Yezid kimisinə beyət etməz” Aşura şüarı ətrafında cihad, müqavimət və möhkəm dayanmaq
Həzrət İmam Hüseynin (ə) təsirli kəlamı:
«مَثْلِي لَا يُبَايِعُ مِثْلَ يَزِيد»
“Mənim kimisi Yezid kimisinə beyət etməz.”
– yalnız tarixi bir beyətin rədd edilməsi deyildi, əksinə, bütün dövrlər üçün strateji bir prinsipdir.
İmam Hüseyn (ə) bu cümlə ilə haqq cəbhəsi ilə batil cəbhəsi arasındakı əbədi ayrılma xəttini müəyyən etdi.
Bu gün də həmin şüar zamanın fironu, yəni Amerika və onun əlaltıları qarşısında müqavimət cəbhəsinin ən uca bayrağıdır. Necə ki, Yezid İmam Hüseynin (ə) şəhadəti ilə özünə yalnız zillət və rüsvayçılıq qazandırdısa, Amerika da törətdiyi cinayətlərlə ardıcıl məğlubiyyətlərdən və rüsvayçılıqdan başqa heç nə əldə etməyəcək.
İran İslam Respublikası son illərdə istismarçı qüvvələrin bədəninə ağır zərbələr vurmuş və sübut etmişdir ki, “İmam Hüseyn kimi olanlar” “Yezid kimiləri” qarşısında heç vaxt geri çəkilməzlər.
Qurani-Kərimdə Peyğəmbərə (s) verilən İlahi əmr bu gün bütün müqavimət cəbhəsinə aiddir:
«فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَنْ تَابَ مَعَكَ» (هود: ۱۱۲)
“Sənə əmr olunduğu kimi möhkəm dayan və səninlə birlikdə tövbə edənlər də (möhkəm dayansınlar).” (Hud surəsi, 112-ci ayə)
Haqq yolunda ümmətin kollektiv müqaviməti batil cəbhəsi üzərində qələbənin sirridir.
Bu gün Amerika ilə varlıq mübarizəsi yeni ölçülər qazanıb və istismarçı qüvvələr bütün imkanları ilə meydandadır. Lakin müqavimət cəbhəsi Aşura məktəbindən dərs alaraq, İmam Hüseynin (ə) və onun səhabələrinin möhkəmliyini özünə nümunə götürərək, hələ də davamlı və qalibdir.
Heç bir iqtisadi, hərbi və psixoloji təhdid bu vahid cəbhənin iradəsini zəiflədə bilməz. Çünki onun dayağı Allahın doğru vədidir:
«إِنَّ اللّهَ مَعَ الصَّابِرِینَ» (بقره: ۱۵۳)
“Həqiqətən, Allah səbir edənlərlədir.” (Bəqərə surəsi, 153-cü ayə)
Bu baxımdan əziz xalqın, İslam ümmətinin və həmçinin məsul şəxslərin üzərinə düşür ki, bu prinsipdə israr etsinlər: Millətin və ümmətin inkişaf və səadət yolu yalnız müqavimət və möhkəm dayanmaq yolu ilə həyata keçə bilər. Amerika istismarçısı qarşısında geri çəkilmək və onunla uzlaşmaq isə ölkənin problemlərini həll etməyəcəkdir.
Zəruridir ki, inqilabçı və mücahid tələbələr, ruhanilər və həmçinin təbliğçilər “Mənim kimisi Yezid kimisinə beyət etməz” şüarını yenidən oxumaq, izah etmək və ictimai düşüncəyə çevirmək yolu ilə bu Aşura şüarını müasir dövrün aydın nümunələri ilə insanlara açıqlasınlar. Onlar Amerikanın həqiqi mahiyyətini yəni, bizi təslim etmək və ya məhv etmək istəyən “zamanın Yezidi” kimi isdəyini izah etməli, onun qarşısında cihad və müqavimət göstərməyi, onunla beyət etməməyi ümmətin izzət və ləyaqətinin yeganə yolu, həmçinin hiyləgər düşmən qarşısında çəkindirici güc yaratmağın yeganə vasitəsi olan şəri və inqilabi vəzifə kimi bəyan etməlidirlər.
4. Ərbəin və şəhid Ayətullah Xameneinin intiqamı və qanının tələb edilməsi niası
Bu il Ərbəin yürüşü İmam Hüseyn yolunda şəhid olan mücahid Ayətullah Xameneinin və şəhidləin qanının intiqamı məsələsi ilə birləşib.
O zaman ki, İran və İraqda keçirilən misilsiz və tarixi dəfn mərasimində yumruqlar sıxıldı və möminlərin qəlbinin dərinliyindən intiqam və qan tələb etmək fəryadları ucaldı, əslində bu, Allah, İmam Hüseyn (ə) və həzrət İmam Zaman (ə.f) qarşısında tarixdə qeydə alınmış bir əhdnamə idi.
Bizim intiqamımız zalımdan məzlumun qanının intiqamıdır. Bu, Allahın Quranda vəd etdiyi intiqamdır:
«وَ مَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِیِّهِ سُلْطَانًا»
“Kim məzlum olaraq öldürülərsə, biz onun sahibinə (vəlisinə) hökmranlıq və haqq vermişik.” (İsra surəsi 33-cü ayə)
Bu gün həmin qanın vəlisi oyaq və intiqam tələb edən ümmətdir. Bu ümmət, şəhid Ayətullah Xameneinin dəfn mərasimində əhd etdi ki, zalımların, qəsbkarların və zamanın Yezidlərinin tam məhvinə qədər intiqam yolundan əl çəkməyəcək. İnşallah, bu il Ərbəin tarixində “یا لثارات الحسین” (Ey Hüseynin qanının tələb edənləri!) fəryadı “یا لثارات الخامنهای” fəryadı ilə birləşəcək.
Bu intiqam uzunmüddətli, strateji, sivilizasiya və qlobal məna daşıyır.
Bu əsasla əziz tələbələr və təbliğçilər xidmət çadırlarında, yürüş yollarında və təbliğ fürsətlərində şəhadətin fəlsəfəsini və İlahi intiqam vədəsini Quran və sünnə əsasında izah etməli, mədəni və dini proqramlarla, Əhli-beyt (ə) maarifindən istifadə edərək İman Hüseynin (ə) qanı ilə şəhid Ayətullah Xameneinin (Allahın ona rəhmət eləsin) qanı arasındakı bağlılığı dünya xalqlarına çatdırmalıdırlar.
Dil bilən ruhanilər bu Ərbəinin mesajını — şəhid Ayətullah Xameneinin qanının tələb edilməsi və zamanın Yezidlərinə qarşı dayanmaq mesajını — müxtəlif dillərdə bütün azad xalqlara və qeyri-iranlı zəvvarlara çatdırmalıdırlar.
5. Ərbəin tarixi – məişət və iqtisadi sahədə həmrəylik və yardımlaşmanın, eləcə də milli və qlobal səviyyədə iqtisadi cihadın mərkəzi
Bu gün düşmən hərtərəfli müharibə üsuluna əl atdığı, tam iqtisadi müharibə, zalım sanksiyalar və infrastrukturlara zərbə vurmaq yolu ilə xalqı ümidsizliyə salmağa çalışdığı bir şəraitdə mömincəsinə həmrəylik və yardımlaşma, eləcə də aidiyyatı qurumların iqtisadi cihad və müqavimət əsasında planlaşdırmaları İslam ümmətinin ən böyük silahıdır.
Allah Rəsulu (s) buyurmuşdur:
«مَثَلُ الْمُؤْمِنِینَ فِی تَوَادِّهِمْ وَ تَرَاحُمِهِمْ وَ تَعَاطُفِهِمْ مَثَلُ الْجَسَدِ الْوَاحِدِ إِذَا اشْتَکَی مِنْهُ عُضْوٌ تَدَاعَی لَهُ سَائِرُ الْجَسَدِ بِالسَّهَرِ وَ الْحُمَّی»
“Möminlərin bir-birinə sevgi, mərhəmət və qayğı göstərməsində misalı bir bədən kimidir. Bədənin bir üzvü ağrıdıqda, digər üzvlər də yuxusuzluq və qızdırma ilə ona qoşular.”
Möminlər sevincdə və kədərdə bir-birinin yanında olurlar və heç vaxt qardaşlarının dərd və əziyyətlərindən xəbərsiz qalmazlar.
Bu, Ərbəin tarixinə hakim olan əasa prinsipdir. Belə ki, zəvvarlara xidmət maddi hesablamaları aradan qaldırır və möminlər başqalarının ehtiyaclarını ödəmək üçün ən az imkanlarından belə əsirgəmirlər.
Buna görə də Ərbəin məişət və iqtisadi sahədə həmrəylik və yardımlaşmanın praktik şəkildə nümayiş etdirilməsi üçün ən yaxşı fürsətdir və həqiqi mənada müqavimət iqtisadiyyatının həyata keçməsinə səbəb ola bilər.
Əziz tələbələr və ruhanilər bu günlərdə Ərbəin xidmət çadırlarında və məclislərində mömin həmrəylik və yardımlaşma mədəniyyətini yayaraq insanları, xüsusilə Ərbəin günlərində ehtiyaclılara kömək etməyə təşviq etməli və Ərbəini müqavimət iqtisadiyyatının və praktiki həmrəyliyin nümunəsi kimi təqdim etməlidirlər.
Həmçinin istehlakın düzgün idarə olunmasını təşviq etməklə zəvvarları və xidmətçiləri yemək və imkanlardan istifadə zamanı israfçılıqdan uzaq durmağa çağırmalı, Ərbəin günlərində düzgün istehlak mədəniyyətini yaymalıdırlar.
Vurğulamalıdırlar ki, zəvvarlara xidmət ev sahiblərinin vəziyyətini nəzərə almaq və mövcud imkanları qorumaqla həyata keçirilməlidir.
Bu istiqamətdə hörmətli təbliğçilər insanları Ərbəin günləri ilə məhdudlaşmadan xeyriyyə işlərində və ehtiyaclılara yardımda iştirak etməyə təşviq etməli və göstərməlidirlər ki, bu həmrəylik iqtisadi böhranlardan çıxışın əsas yollarından biridir.
6. Ərbəin – zühura hazırlığın əyani məşqi
Eyni zamanda müsəlman dövlətləri və xalqları İslam dünyasının iqtisadiyyatını inkişaf etdirmək və xalqların və elitaların iştirakı ilə yeni iqtisadi güc yaratmaq üçün böyük iqtisadi cihada başlamalıdırlar.
İmam Hüseynin (ə) Ərbəin ziyarəti yalnız böyük bir matəm mərasimi deyil, həm də vahid ümmətin formalaşması və həzrət İmam Zamanın (ə.f) qlobal hökumətinin həyata keçməsi üçün praktiki hazırlıqdır.
Milyonlarla insan dünyanın müxtəlif guşələrindən bir sevgi və bir amalla Kərbəlaya çatdığı zaman, əslində İmam Zamanın (ə.f) qiyamını kiçik miqyasda yenidən canlandırmış olur.
Bu möhtəşəm birlik həmin vəd olunmuş zühurun müjdəsidir. O zühur zamanı:
«یَمْلَأُ الْأَرْضَ قِسْطًا وَعَدْلًا»
“Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, ədalət və insafla dolacaq.” və bütün bəşəriyyət ədalət və mərifət çadırı altında birləşəcək.
Şəhid Ayətullah Xamenei öz ömrünü məhz bu vədin gerçəkləşməsi yolunda sərf etdi və pak qanı ilə adını İmam Məhdinin (ə.f) dostları və zühur yolunun fədailəri sırasında tarixə yazdırdı. Bu gün Ərbəin mərasimi İmam Hüseynin (ə) qanı ilə şəhid Ayətullah Xameneinin qanını zühuruna bağlayan bir körpüdür. Çünki bu böyük toplantılar nə qədər coşqulu, həmrəy və məqsədli olarsa, haqq düşmənləri bir o qədər zəifləyəcək və zühur üçün zəmin daha da hazır olacaqdır.
Dəyərli tələbələr və təbliğçilər bu sahədə aşağıdakı vəzifələri daşıyırlar:
Zühur prespektivini söz və davranışlarda canlandırılması
Ziyarətçilər üçün Ərbəin ilə zühur arasındakı əlaqəni aydın şəkildə izah edin. Bildirin ki, bu böyük hərəkət bir gün İmam Zamanın (ə.f) əmri ilə dünyanı fəth edəcək “böyük Məhdi ordusu”nun bir nümunəsidir. Məhdəviyyətlə bağlı dərslər və rəvayətlər vasitəsilə xalq arasında ümid və fəal intizar ruhunu canlı saxlayın.
Zühur qarşısındakı maneələrin müəyyənləşdirilməsi və aradan qaldırılması
Təbliğ imkanlarından istifadə edərək zühurun qarşısındakı maneələri (o cümlədən parçalanma, dünyaya həddindən artıq bağlılıq, ümidsizlik və cəhalət) müəyyənləşdirin, izah edin və onların aradan qaldırılması yollarını Qurani-Kərimin ayələri və Əhli-beytin (ə) həyat yolundan çıxararaq təqdim edin.
Müntəzirlərin qlobal şəbəkəsinin yaradılması
Qeyri-iranlı ziyarətçilər və müxtəlif xalqlarla əlaqə quraraq zühur üçün beynəlxalq qarşılıqlı əlaqələrin və İslam ümmətinin daha böyük həmrəyliyinin formalaşmasına zəmin yaradın. Siz bu qlobal hərəkatın əlaqələndirici körpüsüsünüz.
İntizar həyat tərzinin tanıdılması
Həqiqi intizar sahibinin ibadət, mübarizə, elm öyrənmək, əxlaq və hərbi-iqtisadi hazırlıqdan ibarət olan əməli nümunəsini dərslər, çıxışlar və üzbəüz söhbətlər vasitəsilə ziyarətçilərə öyrədin.
Bilin ki, bu yolda atdığınız hər addım qeyb dövründə olan həmin vəd edilmiş ilahi rəhbərə yaxınlaşmaq üçün atılan addımdır. Belə ki, buyurulmuşdur:
«وَ أَکْثِرُوا الدُّعَاءَ بِتَعْجِیلِ الْفَرَجِ فَإِنَّ ذَلِکَ فَرَجُکُمْ»
“Fərəcin tezləşməsi üçün çox dua edin. Çünki sizin nicat və açılışınız bundadır.”
Daha sonra bu böyük mərasimlə bağlı bir neçə mühüm məqama diqqətinizi çatdırıram:
A)
And içmiş düşmənlər və fitnəkar qüvvələr daim təhlükəsizlik boşluqlarını gözləyir və hər hansı bir boşluğu cəmiyyətin nizamını və təhlükəsizliyini pozmaq üçün fürsət hesab edirlər. İndiyədək xalqın küçələrdə şüurlu və coşqulu iştirakı düşmənlərin planları qarşısında ən güclü maneə olmuşdur.
Bu günlərdə də dəyərli ziyarətçilərdən tələb olunur ki, dəqiq planlaşdırma ilə yol və xidmət xeymələrində qalma müddətlərini azaltsınlar. Bu ağıllı addım ölkədə küçələrin, keçidlərin və xalq toplaşmalarının boş qalmamasına səbəb olacaqdır.
B)
Bu il keçmiş illərlə müqayisədə Ərbəin hərəkatını ölkə daxilində daha geniş şəkildə davam etdirmək və Ərbəin mərasimində iştirak edə bilməyənləri (“geri qalanları”) bu mənəvi karvana qoşmaq lazımdır.
Buna görə də bu günlərdə Ərbəin mərasimləri küçə toplantıları ilə birləşdirilməli, böyük şəhərlərdən ən ucqar kəndlərə qədər möhtəşəm yürüşlər keçirilməlidir. İnsanlar məscidlərdə və hüseyniyyələrdə, meydanlarda və küçələrdə vahid və ümumi bir hərəkat şəklində Kərbəla ziyarətçiləri ilə eyni səslə:
“Ləbbeyk ya Hüseyn”,
“Cinayətkar Amerikaya ölüm olsun”,
“Ayətullah Xameneinin qanının intiqamı” şüarlarını hər tərəfə yüksəltməlidirlər.
Minbər çıxışçıları, xeymələrdə fəaliyyət göstərən məsullar və Əhli-beyt (ə) məddahları üzərinə düşür ki, dəqiq tədbir və planlaşdırma ilə ölkənin hər bir bölgəsində bu böyük xalq yürüşlərini təşkil etsinlər. Müqavimət və istikbara qarşı mübarizə məzmunu ilə İmam Hüseyn (ə) ideologiyasını qəlblərdə dirçəldərək Aşura coşqusunu ən yüksək həddə çatdırsınlar.
Bu dəfə bütün İran Kərbəladır və hamı İmam Hüseyn kimi öz dövrünün Yezidinin qarşısında dayanır.
C)
Ən mühüm və əsas məsələ milli birlik və həmrəyliyin qorunmasıdır. Bu, həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) açıq və hikmətli şəkildə vurğuladığı mühüm bir məsələdir.
O, İslam İnqilabının böyük məqsədlərinin həyata keçirilməsi, qüdrətli İranın izzət və müstəqilliyinin qorunması, xüsusilə də cinayətkar və hiyləgər Amerika düşməni qarşısında xalqın və məsul şəxslərin bütün səviyyələrində söz birliyinin və müqəddəs birliyin vacibliyini vurğulamış, xalqın məsuliyyətli və xeyirxah idarəçilərə etimadının davam etdirilməsini tövsiyə etmişdir.
Bu Ərbəində İmam Hüseynlə (ə) qan və şüur görüşündə əhd bağlayırıq ki, İmam Məhdinin (ə.f) zühuruna qədər müqavimət və cihad əhdimizdə sabit qalaq və bir səslə belə fəryad edək:
«هَیهَاتَ مِنَّا الذِّلَّةُ»
“Zillət bizdən uzaqdır!”
«وَ مَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ»
“Qələbə yalnız Qüdrətli və Hikmət sahibi Allah tərəfindəndir.”
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz