bazar 9 avqust 2026 - 18:41
Ailə münasibətləri | Övladlara həddindən artıq sevgi göstərmək ər-arvad münasibətlərinə zərər verə bilərmi?

Hövzə / Övlad sahibi olduqdan sonra əsas çətinliklərdən biri ailə daxilində rolların yenidən tənzimlənməsi və övladla həyat yoldaşına göstərilən diqqət arasında tarazlığın qorunmasıdır. Bəzən “qısqanclıq” adlandırılan hiss əslində həyat yoldaşının diqqət görmək istəyinin ifadəsi ola bilər. Həyat yoldaşına daha açıq, daha çox və müxtəlif şəkildə diqqət göstərilməsi onun özünü dəyərli və diqqət mərkəzində hiss etməsinə kömək edir, eyni zamanda bu, uşaqlar üçün də faydalıdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam Rza Yusifzadə «Övlad dünyaya gəldikdən sonra həyat yoldaşının qısqanclıq hissini necə idarə etmək olar?» mövzusunda sual-cavab şəklində tövsiyələrini təqdim edib.

Sual:

Qızım məni çox sevir və bu məsələ həyat yoldaşımda qısqanclıq hissi yaradıb. Bu vəziyyəti necə idarə edə bilərəm ki, ailədə problem yaranmasın?

Cavab:

Övlad sahibi olduqdan sonra qarşıya çıxan əsas çətinliklərdən biri ailə daxilində rolların yenidən tənzimlənməsidir. Yəni övlad dünyaya gələnədək ailədə yalnız mən və həyat yoldaşım oluruq və diqqətimiz, sevgimiz və ailədaxili münasibətlərimiz əsasən bir-birimizə yönəlir. Lakin övlad dünyaya gəldikdən sonra ailəyə yeni bir insan daxil olur və bu vəziyyətdə münasibətlərdə tarazlığın yenidən qurulması çox mühüm məsələyə çevrilir.

Birinci məqam: Bu qardaşımız ilk növbədə özünü yoxlamalı və övladına göstərdiyi diqqətdə tarazlıq həddini aşıb-aşmadığını müəyyən etməlidir. Yəni evə gəldikdə diqqətinin həddindən artıq şəkildə yalnız övladına yönəlib-yönəlmədiyinə baxmalıdır. Çünki bu vəziyyət ananın, bəzi hallarda isə atanın da narazılığına səbəb ola bilər. Əgər belə hal varsa, ilk növbədə diqqət və münasibətlərdə tarazlığın qorunub-qorunmadığını nəzərdən keçirmək lazımdır.

İkinci məqam: Yaxın münasibətlərdə «qısqanclıq» kimi bir ifadədən istifadə etdikdə, bu hissi yaşayan tərəf haqqında müəyyən təsəvvür yaranır. Halbuki məncə, yaxın münasibətlərdə məsələ hər zaman bu qədər güclü qısqanclıqla bağlı olmur. Qarşı tərəf vəziyyəti belə ifadə etdiyinə görə, mən bunu daha çox «mənə də diqqət yetir» fəryadı kimi qiymətləndirirəm.

Əslində, «qısqanclıq» dedikdə, həyat yoldaşı sözlə ifadə etməsə də, davranışı və ya dediyi sözlərlə qarşı tərəfə belə bir mesaj verir: «Mənə göstərdiyin diqqət azalıb.»

Buna görə də, əgər məsələyə praktiki baxımdan yanaşmalı olsam, bu qardaşımıza deyərdim ki, həyat yoldaşınıza göstərdiyiniz diqqəti bir qədər daha aşkar, daha çox və daha müxtəlif şəkildə ifadə edin. O, övladınız dünyaya gəldikdən sonra özünü ailə həyatında kənarda qalmış, artıq görünməyən və diqqətdən məhrum edilmiş biri kimi hiss etməməlidir.

Bizim üçün övladımızın tərbiyəsi baxımından da çox yaxşı olar ki, həyat yoldaşımızla elə münasibət quraq ki, uşaqlarımız onu həyatın mərkəzi kimi görsünlər. Yəni uşaq görsün ki, ana üçün həyatın əsas dayağı və mərkəzi ata, ata üçün isə ana kimi qəbul olunur.

Eyni şəkildə, ana da ata ilə elə münasibət qurmalıdır ki, uşaqlar hiss etsinlər: Ata bizim həyatımızın mərkəzindədir, ailəmizin əsas dayağı və həqiqi sütunudur.

Belə qarşılıqlı münasibət və ailə daxilində bu cür tarazlığın qorunması övladımızın tərbiyəsi və sağlam ailə münasibətlərinin formalaşması baxımından da çox faydalıdır.

Səs yazısını dinləmək və yükləmək üçün buraya klikləyin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha