Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Cavadi Amuli çıxışında Peyğəmbər Əkrəmin (s) vəfatının yaratdığı müsibətin əzəməti ilə bağlı dəyərli məqamları açıqlayıb. Həmin fikirləri oxuculara təqdim edirik.
İmam Əli (ə) Allah Rəsulunun (s) vəfatının yaratdığı müsibət barədə belə buyurur:
«وَ إِنَّ الْمُصَابَ بِکَ لَجَلِیلٌ، وَ إِنَّهُ قَبْلَکَ وَ بَعْدَکَ لَجَلَلٌ»
“Şübhəsiz, sənin vəfatınla üzləşdiyimiz müsibət çox böyükdür. Səndən əvvəl və səndən sonra baş verən müsibətlər isə bunun qarşısında kiçik və əhəmiyyətsizdir.”¹
Burada “cələl” (جَلَل) sözü “kiçik, əhəmiyyətsiz, yüngül” mənasında işlədilir. Çünki Peyğəmbərin (s) vəfatının yaratdığı müsibət “cəlil”, yəni böyük, əzəmətli və ağır bir müsibətdir.
İmam Əli (ə) buyurur ki, sənin vəfatının yaratdığı müsibət böyük, ağır və dözülməsi çətin bir müsibətdir. Lakin sənin vəfatından əvvəl baş verən və ya səndən sonra meydana gələcək bütün digər müsibətlər bu müsibətin qarşısında kiçik və əhəmiyyətsizdir. Əsas və ən böyük müsibət Peyğəmbərin (s) vəfatıdır. Ondan başqa bütün müsibətlər isə onunla müqayisədə daha kiçikdir.
İmam Əli (ə) başqa bir hissədə Allah Rəsulunun (s) vəfatının yaratdığı acı hadisəyə toxunaraq Peyğəmbərə (s) belə xitab edir:
«لَقَد خَصَّصْتَ حَتَّی صِرْتَ مُسَلِّیاً عَمَّنْ سِوَاکَ وَ عَمَّمْتَ حَتَّی صَارَ النَّاسُ فِیکَ سَوَاءً.»²
“Şübhəsiz, sənin müsibətin elə bir xüsusiyyətə malikdir ki, digər bütün müsibətlər qarşısında insana təsəlli verir. Həmçinin bu müsibət elə ümumiləşmişdir ki, insanlar sənin müsibətində bərabərdirlər.”
Ayətullah Cavadi Amuli bildirir ki, Peyğəmbərin (s) vəfatının yaratdığı müsibətin xüsusi bir xüsusiyyəti vardır və bu xüsusiyyət digər müsibətlər qarşısında insana təsəlli verir. Heç bir müsibət Peyğəmbərin (s) vəfatının müsibəti ilə müqayisə oluna bilməz. Əgər Peyğəmbərin (s) vəfatından başqa digər müsibətlər də baş verərsə, biz onları məhz həmin böyük müsibətin fonunda daha asanlıqla qəbul edib dözə bilirik. Çünki digər müsibətlər onunla müqayisədə daha kiçikdir.
Qeydlər:
1. “Nəhcül-Bəlağə”, hikmət 292.
2. “Nəhcül-Bəlağə”, xütbə 235.
Rəyiniz