bazar 16 avqust 2026 - 20:46
Uşaqlarla yetkinlik dövrü haqqında nə vaxt danışmaq lazımdır?

Hövzə / Bir çox valideyn övladlarının yetkinlik dövrü ilə bağlı məsələlər haqqında susur və bu mövzunu danışılması uyğun görülməyən məsələ hesab edir. Halbuki reallıq budur ki, ailələr bu barədə düşünməzdən əvvəl uşaqlar və yeniyetmələr öz aralarında bu mövzuda söhbət edirlər. Buna görə də yaxşı olar ki, valideynlər bu məlumatları özləri, düzgün şəkildə və münasib zamanda övladlarına çatdırsınlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, əgər bütün bu məsələlərin tabu (danışılması uyğun görülməyən mövzu) olduğunu və onlar haqqında danışmağın düzgün olmadığını düşünən valideynlərdənsinizsə, bilməlisiniz ki, siz hələ bu barədə düşünməzdən əvvəl uşaqlar bir-birləri ilə bu mövzuda danışırlar. Buna görə də ən yaxşısı, yetkinlik yaşına çatdıqları dövrdə uşaqlarınıza bu məsələlərlə bağlı düzgün məlumatı məhz özünüz verəsiniz.

Uşaqlarla yetkinlik əlamətləri barədə danışmaq üçün ən münasib yaş 9 yaşdır. Yəni uşaq bu mövzuda düzgün dərk və şüur səviyyəsinə çatdığı zaman.

Yetkinliyin ilkin və ikinci dərəcəli əlamətlərinin uşaqda ortaya çıxmasını gözləmək və sonra onun bu dəyişikliklərlə qorxu və təşviş içində qarşılaşmasına, yaxud nə etməli olduğunu bilməməsinə imkan verməməliyik. Buna görə də bu dəyişiklikləri uşağın bədənində baş verən təbii proses kimi təqdim etməli və ona bu barədə çox normal, rahat və heç bir problem yaratmadan izah verməliyik. Bununla yanaşı, tövsiyə olunur ki, bütün bu məsələləri uşaqla eyni cinsdən olan valideyn müzakirə etsin. Çünki bu, uşağın özünəinamına da təsir göstərir.

Yeniyetmənin cinsi tərbiyəsi ilə bağlı valideynlərin iki əsas və ümumi vəzifəsi var:

Birincisi, onu cinsiyyətlə bağlı düzgün bioloji həqiqətlərlə tanış etməkdir ki, yeniyetmə cinsiyyət orqanlarının necə fəaliyyət göstərdiyini və onların sağlamlığının necə qorunmasının mümkün olduğunu bilsin.

İkincisi isə ona öyrətməkdir ki, cinsi istəyini öz cəmiyyətinin mənəvi və mədəni dəyərlərinə uyğun şəkildə necə idarə və təmin edə bilər ki, cinsi azğınlıqlardan, bunun nəticəsində yaranan təşvişdən və digər psixoloji fəsadlardan qorunsun.

Atalar və analar uşaqları ilə cinsi tərbiyə barədə danışarkən aşağıdakı maarifləndirici məqamlardan istifadə edə bilərlər:

1. Yetkinlik və yeniyetmələrin bu yaşda qarşılaşdıqları dəyişikliklər barədə övladlarınıza, xüsusilə qızlarınıza kifayət qədər məlumat verin.

2. Övladınıza izah edin ki, bütün bu dəyişikliklər tamamilə normal və təbii prosesdir və buna görə heç bir narahatlıq və təşvişə ehtiyac yoxdur. Yetkinlik dövrü valideynlərlə uşaqlar arasındakı münasibətlərə təsir göstərə bilər. Bəzən bu dövrdə baş verən əhval-ruhiyyə dəyişiklikləri ailədə çoxsaylı qarışıqlıqlara və problemlərə səbəb olur. Əvvəllər yaxın, səmimi və isti olan valideyn-övlad münasibətləri bəzən soyuma, uzaqlaşma və mübahisəli söhbətlərlə müşayiət olunur.

3. Qızlar adətən hiss və duyğularını daha asan ifadə edir, oğlanlarda isə bəzən əsəbilik və kəskin aqressiv davranışlar müşahidə olunur. Bu əhval-ruhiyyə dəyişikliklərinin səbəblərindən biri onların orqanizmində baş verən hormonal dəyişikliklərdir. Belə şəraitdə valideynlər yeniyetmə ilə sakit, səbirli və mülayim davransalar, onunla sağlam şifahi ünsiyyəti qoruyub saxlamaq daha asan olar. Ailə münasibətlərinin sabitliyi, dostyana və səmimi mühitin yaradılması yeniyetmələrin emosional və hissi problemlərinin həllində mühüm və əsas rol oynayır. Dəstək göstərmək, psixoloji təhlükəsizliyi təmin etmək və yeniyetmənin yanında daim olmaq bir çox sapma, yanlış davranış, hüquqazidd hərəkət və sosial zərərin qarşısını ala bilər.

4. Övladınızla yaxın və səmimi münasibət qurmağa çalışdığınız halda belə, onun şəxsi həyatına və özəl məkanına hörmət edin. Yeniyetmənizə izah edin ki, yetkinlik dövründə hər bir insanda baş verən dəyişikliklər fərqli olur. Yeniyetməyə bu məqamı izah etmək vacibdir ki, onun bədənində baş verən fiziki dəyişikliklər emosional, idraki və davranış dəyişiklikləri ilə də müşayiət olunacaq və bütün bu hallar, həyəcanlar və hisslər tamamilə normal və sağlamdır. Cinsi hisslərlə sağlam emosional duyğular — məsələn, maraq, məhəbbət və s. — arasındakı mühüm əlaqəni də yeniyetmənizə izah edin.

Mənbə: Kitabe bərresie tərbiyət cinsie kudək və nocəvan əz nəzəre İslam (İslam baxımından uşaqların və yeniyetmələrin cinsi tərbiyəsinin araşdırılması adlı kitab.)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha