Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Məhdi Mirbaqiri “Darül-elm” yay kurslarının Məhəmməd Cəfər məktəbində (Rəzəvi İslam Elmləri Universiteti) keçirilən tələbələrin əxlaq dərsində əxlaq sahəsində bəzi rəvayət mövzularına toxunaraq bildirib:
Əxlaqla bağlı müzakirələrdə diqqətdən kənarda qalan və haqqında daha az danışılan mühüm məsələlərdən biri ictimai məsələlər və möminlərin bir-biri ilə münasibətləridir. Halbuki bu mövzu qədim alimlərin bəzi kitablarında diqqət mərkəzində olub.
O əlavə edib: Qədim rəvayət mənbələrində ayrıca “Əxlaq kitabı” adı ilə bir bölmə yoxdur və bu mövzular üçün müxtəlif başlıqlardan istifadə edilib. Məsələn, “əl-Kafi” adlı möhtəşəm əsərdə bu mövzular “İman və küfr” başlığı altında təqdim olunub və əxlaqi məsələlər də həmin bölmədə müzakirə edilib. Əlbəttə, bu məsələlər yalnız əxlaqla məhdudlaşmır və daha geniş məzmun daşıyır, lakin əxlaqla bağlı məsələlərin bir qismi məhz bu başlıq altında araşdırılıb.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü sözlərinə belə davam edib: Bəzi əxlaq məsələlərində də “Ağıl və cəhalət” kitabı başlığı altında müzakirə olunub. “Əl-Kafi” kitabında “Ağıl və cəhalət hədisi” bizim mühüm əxlaqi hədislərimizdən biridir və böyük alimlər bu hədisi geniş şəkildə araşdırıblar. Böyük şəxsiyyətlərdən, o cümlədən İmamdan da ağıl və cəhalət haqqında risalə, həmçinin “Ağıl və cəhalət qoşunları hədisi”nin şərhi mövcuddur.
Höccətül-islam vəl-müslimin Mirbaqiri “Ağıl və cəhalət hədisi”nə işarə edərək bildirib: Bu hədisdə əxlaqın əsasları açıqlanır. Rəvayətin əvvəlində İmam buyurur ki, ağlı və onun qoşunlarını, cəhaləti və onun qoşunlarını tanısanız, hidayət olar və doğru yolu taparsınız. Daha sonra İmam ağlın yaradılışı və onun məqamı barədə məsələləri açıqlayır və bu mövzuda ixtisas sahibləri geniş izahlar veriblər.
O bildirib: Hədisin davamında gəlir ki, Allah-taala ağıla buyurdu: «أدبر فأدبر، ثم قال له أقبل فأقبل» — yəni ona “geri dön” buyurdu və ağıl geri döndü. Sonra “üz tut” buyurdu və ağıl da üz tutdu. İnsanın vəzifələri də mahiyyət etibarilə bu məna ətrafında cəmlənir: Vəzifələrdən biri insanın ona tapşırılan missiyalara doğru hərəkət etməsi, digər vəzifəsi isə bu missiyanı yerinə yetirdikdən sonra Allah-taalaya doğru geri qayıtmasıdır.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Bal arısına da “əssal” deyilir, çünki o, öz missiyasını yerinə yetirmək üçün gedir və sonra geri qayıdır. İmam Hüseynin (ə) Səyid ibn Tavusun nəql etdiyi Ərəfə duasında da bu məna müşahidə olunur. Belə ki, insan əsərlərdən və yaratdıqlarından keçərək Allaha doğru qayıtmalı və bu qayıdış onun varlığında ağıl həqiqətlərinin üzə çıxmasına səbəb olmalıdır.
O, ağlın sifətlərinin tərifəlayiq xüsusiyyətlər və bəndəlik sifətləri olduğunu bildirərək deyib: İnsan bəndəlik və itaətinin səviyyəsi qədər bu sifətlərdən bəhrələnir. Bu sifətlər müstəqil şəkildə yaradılmır, əksinə, Peyğəmbərin (s) ardınca insana bəxş edilir. Peyğəmbərin (s) nurunun şüası möminlərin qəlblərində və iman əhlindən ibarət ümmətdə təcəlla edir. Belə deyil ki, ağıl qüvvələri hər bir insana müstəqil şəkildə verilir. Necə ki, möminin ağlı küllü ağılın şüasıdır, onun ağıl qüvvələri də həmin həqiqətin şüasıdır.
Höccətül-islam vəl-müslimin Mirbaqiri vurğulayıb: Bu təcəllilər möminlərin qəlblərində onların imanları ölçüsündə üzə çıxır. Əgər insan təkəbbür göstərərsə, Şeytanın sırasına daxil olur və onda cəhalət və cəhalət qüvvələri təzahür edir.
O, sözlərinə davam edib: Peyğəmbərlər və kamil möminlər rəvayətlərdə «أمرنا صعب مستصعب» )Bizim işimiz çətin və dərk edilməsi olduqca çətin olan bir məsələdir) ifadəsi ilə təsvir olunan bir həqiqəti daşıyırlar. Bu, elə bir həqiqətdir ki, müqərrəb mələk, göndərilmiş peyğəmbər və imtahandan keçmiş mömin onu daşıya bilər. Bu həqiqət Peyğəmbərin (s) vilayətidir və peyğəmbərlərə və kamil möminlərə onların varlıq tutumları çərçivəsində bəxş edilir. Beləliklə, Peyğəmbərin (s) sifətləri onların varlığında təzahür edir..
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü “pak kəlmə” ilə bağlı hədislərə işarə edərək bildirib: Qurani-Kərim pak kəlməni pak ağaca bənzədir. Rəvayətlərdə isə İmamların buyurduğuna görə, pak kəlmə tövhid ağacıdır. Onun kökü Peyğəmbərin (s) müqəddəs varlığı, gövdəsi İmam Əli (ə), budaqları imamlar (ə) və möminlər isə bu pak ağacın yarpaqlarıdır.
O əlavə edib: Bu ifadənin mənası budur ki, kökü və budaqları olan vahid bir ağac mövcuddur və möminlər bu ağacın budaqlarıdır. Onlar iman gətirdikləri ölçüdə tərifəlayiq sifətlər onların varlığında təcəlla edir. Rəvayətdə də belə buyurulur: «بِنَا عُبِدَ اَللَّهُ وَ بِنَا عُرِفَ اَللَّهُ» — yəni “Allah bizim vasitəmizlə ibadət edildi və bizim vasitəmizlə tanındı”. Bəndəliyin əsli mütləq bəndə və Peyğəmbər (s) ilə Əhli-beytdə (ə) gerçəkləşir və möminlər onların ardınca ibadət edirlər.
Höccətül-islam vəl-müslimin Mirbaqiri həqiqi ibadətin Peyğəmbərin (s) və Əhli-beytin (ə) varlığında gerçəkləşdiyini bildirərək deyib: “Əs-səlat” və digər ibadət həqiqətləri də eyni məna daşıyır. Yəni bəndəliyin əsas həqiqətləri orada gerçəkləşib və onun budaqları möminlərdə imanları ölçüsündə təzahür edir.
O, qeyd edərək bildirib: Əgər insanın varlığında sifətlərin kamilləşməsini istəyiriksə, təvəlla və təbərra da kamil olmalıdır. Əgər insanın təbərrası naqis olarsa, bəzi sifətlər də onda naqis şəkildə təzahür edər. Qarışıqlıq aləmində kafirlərin sifətləri, cəhalət sifətləri və təkəbbürlülərin sifətləri mömində də təzahür edə bilər. İnsan tam təbərra məqamına çatmayınca onun sifətləri kamilləşməz.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü sözlərinə davam edərək bildirib: Əlbəttə, varlıq aləmində bu qarışıqlığın sona çatacağı bir mərhələ vardır. Zühur dövründə rəvayətlərdə bunun müəyyən bir mərhələsinə işarə edilmişdir və möminlərlə digərləri bir-birindən ayrılacaqlar. Qiyamət aləmində də ayırdetmə mərhələsi mövcuddur. İnsanın öz imamı ilə münasibəti müəyyənləşdikdən sonra onun dərəcələri aşkara çıxacaq.
O əlavə edib: Qarışıqlıq aləmində xalis təbərra meydana gəlməyincə, Peyğəmbərin (s) bütün sifətləri insanda təzahür etməz. Aydındır ki, insanın istər-istəməz istibdad sisteminə ən kiçik bağlılığı belə varsa, iman sifətləri onda tam şəkildə təzahür etməyəcək. İnsanın maddi sivilizasiyaya bağlı olduğu halda onun yaxşı bir təzahürünün olduğunu söyləmək, ona könül vermək və daha sonra iman sifətlərinin insanda kamil şəkildə təzahür etməsini gözləmək mümkün deyil.
Höccətül-islam vəl-müslimin Mirbaqiri vurğulayıb: İman sifətlərinin kamilliyi insanın cəhalətdən paklanması və onun bütün təzahürlərindən və müxtəlif yönlərindən tam şəkildə təbərra etməsidir. Bunun qarşı tərəfində dünya həyatı şeytani sistemin mərkəzində formalaşır və müxtəlif təzahürlərə malikdir. Necə ki, Qurani-Kərim buyurur:
«اعلموا أنما الحیاة الدنیا لعب ولهو وزینة وتفاخر بینکم وتکاثر فی الأموال والأولاد»
“Bilin ki, dünya həyatı yalnız oyun, əyləncə, bər-bəzək, aranızda öyünmək, mal-dövlət və övladların sayını artırmaqdan ibarətdir.” (Hədid surəsi 20-ci ayə)
O deyib: Bu təzahürlər qalıcı olmasa da, müəyyən müddət ərzində insanı öz ardınca apara bilər. İnsan dünya həyatından keçib getməli və ona bağlı olmamalıdır. Qurani-Kərim də buyurur:
«ولا تمدن عینیک إلی ما متعنا به أزواجاً منهم زهرة الحیاة الدنیا»
“Onlardan bəzi dəstələrə verdiyimiz dünya həyatının çiçəklərinə gözlərini dikmə.” (Taha surəsi, 131-ci ayə)
Yəni insanın baxışı dünya həyatının çiçəklərinə bağlanıb qalmamalıdır. Əks halda insan dünya həyatının tələsinə düşər.
Gözəl əxlaqın kökü bəndəlikdə, pis əxlaqın kökü isə təkəbbürdədir
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü bildirib: Bu rəvayətlərdən belə nəticə çıxarmaq olar ki, gözəl əxlaqın kökü Allaha ibadətdə, pis əxlaqın kökü isə təkəbbürdədir. Mən bu məqamı yalnız mərhum Şəhid Mütəhhərinin əsərlərində görmüşəm ki, əxlaq ibadətə qayıdır. Bütün gözəl əxlaq xüsusiyyətləri bəndəlik əxlaqıdır və bütün pis əxlaq xüsusiyyətləri təkəbbürün qollarıdır.
O əlavə edib: İkinci məqam budur ki, gözəl və pis əxlaq xüsusiyyətlərinin özünəməxsus bir sistemi vardır. Onun əsası Peyğəmbərə (s) aiddir, daha sonra peyğəmbərlər silsiləsində, kamil möminlərdə və ardınca digər möminlərdə təzahür edir. Gözəl sifətlər Peyğəmbərdə (s), Əhli-beytdə (ə), peyğəmbərlərdə və kamil möminlərdə kamilliyə çatır, digər möminlərdə isə onların imanının səviyyəsinə uyğun olaraq tədricən təzahür edir və onlar tam təbərra məqamına çatırlar.
Höccətül-islam vəl-müslimin Mirbaqiri davam edib: Bu məsələdən belə nəticə çıxarmaq olar ki, bəndəliklə əxlaq arasındakı əlaqələndirici halqa təvəlla və təbərradır. Yəni əxlaqın əsası bəndəlik və təkəbbür, təvəlla və təbərradır (haqqı sevmək və ona bağlanmaq və batildən uzaqlaşmaq və onu rədd etmək) və sifətlər də bunların əsasında formalaşır. Bu məqam əxlaq məsələlərinin araşdırılmasında çox mühümdür.
O, əxlaqla bağlı bəzi baxışlara toxunaraq bildirib: Bəzən əxlaq “insani əxlaq” kimi müəyyənləşdirilir və daha sonra şəriət onun tərkibinə daxil edilir. Bu yanaşmaya əsasən, əxlaq qanunvericilikdən üstün tutulur, rasional insanların qəbul etdiyi ümumi əxlaqi prinsiplər əsas götürülür və daha sonra fiqh Qərbin insani əxlaq anlayışı əsasında müəyyənləşdirilməyə və nəzəri əsaslara salınmağa çalışılır.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Bəzən də insan hüquqları “məqsədlər” prinsipi əsasında fiqhə hakim edilir. Diqqət etmək lazımdır ki, əxlaqın əsası ibadətə qayıdır. Elə deyil ki, bizim Allahın ibadətindən müstəqil ayrıca bir əxlaqımız olsun. Gözəl əxlaq təkəbbürün əksinə olaraq formalaşır.
O vurğulayıb: Yaxşı və pis anlayışı da bu mənaya əsaslanır: Ədalət nə üçün yaxşı, zülm isə nə üçün pisdir? Bu anlayışın kökü insanın fitrətindədir. Fitri məsələnin kökü isə tövhid və Allaha ibadətdir ki, bu da əxlaqi fitrətə çevrilir. Qurani-Kərim buyurur:
«فألهمها فجورها وتقواها»
“Sonra ona günahını və təqvasını ilham etdi.” (Şəms surəsi 8-ci ayə)
Bu məna da «فطرت الله التی فطر الناس علیها» — “Allahın insanları onun üzərində yaratdığı fitrət” prinsipi çərçivəsində izah olunur.
Höccətül-islam vəl-müslimin Mirbaqiri deyib: Rəvayətlərdə fitrət tövhid kimi təfsir edilmişdir. Bəzi rəvayətlərdə də bildirilir ki, insanın fitrətində yerləşdirilən həqiqət tövhidə, nübüvvətə və vilayətə şəhadətdir. Buna görə də tövhid əsasdır və Allaha ibadət yolu Əhli-beyt (ə) və Peyğəmbər (s) vasitəsilə keçir.
O sözlərinə davam edərək bildirib: Bu halda fücur təkəbbürə, təqva isə ibadətə qayıdır. Əgər əsası ibadət olmayan və əxlaqı fitri və müstəqil bir məsələ hesab edən əxlaq sistemi yaratsaq, Allahın ibadətini əxlaqla məhdudlaşdıra və deyə bilərik ki, əgər hansısa yerdə Allaha ibadət əxlaqa ziddirsə, Allaha ibadət edilməməlidir. Halbuki yaxşı və pis anlayışının kökü ibadət və təkəbbürdür.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Əmirəl-möminin İmam Əlinin (ə) xütbələrinə işarə edərək bildirib: Əmirəl-möminin İmam Əlinin (ə) xütbələrində də bu məna üzərində vurğu edilir ki, Allah-Təala izzət və böyüklüyü Özünə məxsus xüsusiyyətlərdən qərar verib. Kim izzət və böyüklük libasını geyinmək istəsə, ilahi rəhmətdən uzaq düşər.
O əlavə edib: Allah-Təala öz rəhməti ilə müstəkbirlərə, yəni təkəbbür göstərənlərə də güc və imkan verir. Lakin lənətə düçar olmaq rəhmət dairəsindən çıxmaq deməkdir. Yəni insanın əli varlıq aləmində bağlanır və fəaliyyət imkanları məhdudlaşır. Allah-Təala mələkləri də məhz bu məsələ ilə imtahan etdi: Görəsən, onlar Allahın böyüklüyü və izzəti qarşısında təzim edəcəklər, yoxsa bu müqəddəs hüduda daxil olmağa çalışacaqlar?
Höccətül-islam vəl-müslimin Mirbaqiri bildirib: Əmirəl-möminin İmam Əli (ə) həmin xütbənin davamında buyurur ki, əgər Allah-Təala Adəmi (ə) elə bir nurdan yaratmaq istəsəydi ki, ağıllar onun qarşısında təzim etsin və ona elə xoş ətir versəydi ki, nəfslər ondan ləzzət alsın, bunu edə bilərdi. Lakin bu halda imtahan gerçəkləşməzdi. Buna görə də Allah-Təala öz bəndələrini müəyyən məsələlərlə imtahan etdi ki, onlarda ixlas və təkəbbürün rədd edilməsi gerçəkləşsin.
O vurğulayıb: Allah-Təalanın bəndədən istədiyi əsas məsələ Onun böyüklüyü və izzəti qarşısında təzim etməkdir. Bunun əksi isə təkəbbür və özünü izzətli hesab etməkdir. İstikbar və özünü üstün görmək Allahın hüduduna və müqəddəs məqamına daxil olmaq deməkdir. Biz Allah-Təalanın qarşısında tamamilə zəlil və tamamilə möhtacıq. Böyüklük yalnız ona məxsusdur, izzət də ondandır. Biz isə təvazökarlıq, itaət və bəndəlik göstərməliyik.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Xeyrin əsasının bünövrəsi bəndəlik, şərin əsasının bünövrəsi isə istikbar və özünü üstün görməkdir. Yəni Allahın izzət və böyüklüyünə məxsus hüdudlara riayət etməməkdir. Bu rəvayətdən belə nəticə çıxır ki, gözəl əxlaq xüsusiyyətlərinin əsası bəndəliyin budaqlarıdır, pis və rəzil sifətlərin əsası isə istikbarın budaqlarıdır.
O deyib: Bəndəliyin varlıq aləmində genişlənməsini təmin edən qüvvələr gözəl əxlaq xüsusiyyətləridir. Allah qarşısında istikbarın yayılmasına xidmət edən qüvvələr isə, məsələn, həsəd və xəsislik, istikbarın vasitələrindən hesab olunur. Xəsis insan öz xəsisliyi ilə istikbar edir. Həsəd və riya da belə bir rol oynaya bilər.
Höccətül-islam vəl-müslimin Mirbaqiri bildirdi: Bu sifətlərlə bəndəlik məqamı arasında vasitəçi olan şəxslər mütləq bəndələr və Allahın əziz bəndələridir: «لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ» — “Onlar Allahdan qabaq söz deməzlər və Onun əmri ilə hərəkət edərlər.” Allah-Təala sifət və qüvvələri onlara bəxş edib və onlar bu qüvvələrlə varlıq aləmində bəndəliyi genişləndirməyə və ümmət formalaşdırmağa məmurdurlar.
O davam edərək bildirib: İman ümməti Allah-Təalanın qarşısında təzim etmək, Allahın dostlarına təvəlla, düşmənlərindən təbərra etmək və gözəl əxlaq xüsusiyyətləri üzərində formalaşır. Ümmət nə qədər çox inkişaf etsə, gözəl əxlaq xüsusiyyətləri də onda bir o qədər çox təzahür edər və möminlərin münasibətləri səxavət, yaxşılıq, bağışlama və fədakarlıq əsasında formalaşar.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü vurğulayıb: “İman və küfr” kitabının mühüm bir hissəsi də məhz bu məna ilə əlaqədardır və mömində iman sifətləri bu əsaslar üzərində formalaşır. Bunun qarşı tərəfində isə insanın daxilində istikbar nə qədər formalaşarsa, onun yolu və zəmini zülmkar rəhbərlərə təvəlla etmək olar. İnsan onlara təvəlla edərsə, istikbar onun varlığında genişlənər.
O əlavə edib: Əmirəl-möminin İmam Əlinin (ə) Qasiə xütbəsində bəyan etdiyi kimi, şeytan Allah qarşısında təkəbbür etdi və insan diqqətli olmalıdır ki, bu sifətə düçar olmasın. Çünki şeytanın təkəbbürü insana da sirayət edən bir xüsusiyyətdir və insanı da müstəkbirə çevirir. İstikbarın yolu cəhalətə, Fironlara, insan və cin şeytanlarına təvəlla etməkdir. Bu təvəlla həm istikbarı, həm də rəzil əxlaq xüsusiyyətlərini insanın daxilində genişləndirir.
Höccətül-islam vəl-müslimin Mirbaqiri bildirib: Nəticədə, elə bu dünyada iki aləm formalaşır: Biri dünya həyatı, digəri isə axirət həyatıdır. Axirət həyatı bəndəlik, Allah-Təalaya təvəlla, şeytandan və şeytanlardan təbərra olmaq və gözəl əxlaq xüsusiyyətləri üzərində formalaşır. Dünya həyatı isə istikbar, şeytani qüvvələrə təvəlla və rəzil sifətlərin formalaşması üzərində qurulur.
O deyib: Bu iki aləm varlıq aləmində paralel şəkildə mövcuddur və əlbəttə, bir-birindən fərqlənir. Tədricən imtahanlar, təmizlənmə, ayrışma və saflaşdırma vasitəsilə bu iki aləm bir-birindən ayrılır. Qurani-Kərimdə, o cümlədən “Bəyyinə” surəsində, ayrışma məsələsinə toxunulub. Təmizlənmə və saflaşdırma (təmhis) də imtahanlar çərçivəsində diqqətə alınan məsələlərdəndir.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü bildirdi: Əxlaqı bu şəkildə izah etsək, Allah-Təala ilə birbaşa əlaqə Peyğəmbər Əkrəmin (s) məqamı və məktəbi vasitəsilə formalaşır və bu şəcərənin ətrafında bir ümmət meydana gəlir. Əxlaqın böyük bir hissəsi möminlər cəmiyyətinin qarşılıqlı münasibətlərini müəyyən edən sifətlərdən ibarətdir və möminlərin münasibətləri də gözəl əxlaq xüsusiyyətləri əsasında formalaşır. Bu, bəzən əxlaq mövzusunda aparılan müzakirələrdə kifayət qədər diqqət yetirilməyən məsələdir.
Höccətül-islam vəl-müslimin Mirbaqiri vurğulayıb: Əxlaq adətən fərdi şəkildə izah edilir. Halbuki “İman və küfr” kitabının böyük bir hissəsi məhz möminlərin qarşılıqlı münasibətləri və ictimai əxlaq xüsusiyyətləri ilə bağlıdır.
Rəyiniz