Hövzə Xəbər Agentliyinin Tehran şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, elmi hövzələr və şəhid Ayətullah Seyid Əli Xameneinin müraciətindən irəli gələn vəzifələr şəhid Seyid Həsən Nəsrullah məktəbinin yol göstərməsi ilə” mövzusunda elmi-ixtisaslaşdırılmış sessiya Ayətullah İrəvani adına elmi hövzənin ev sahibliyi, Əmənər-Rəsul beynəlxalq katibliyi və xanımlara aid dini elmi hövzələrin idarəsinin birgə iştirakı və əməkdaşlığı ilə keçirilib.
Bu sessiya İslamın sivilizasiya sistemində elmi hövzələrin rolunun yenidən nəzərdən keçirilməsi və şəhid Seyid Həsən Nəsrullahın idarəçilik metodunun müasir dövr üçün sivilizasiya quruculuğuna xidmət edən bir nümunə kimi araşdırılması məqsədi daşıyan intellektual təşəbbüs olub.
Sessiyada Əmənər-Rəsul katibliyinin elmi komitəsinin katibi Höccətül-İslam vəl-müslimin Məhəmmədtağı Rəbbani elmi-analitik yanaşma ilə elmi hövzələr, ruhanilərin tarixi missiyası və şəhid Seyid Həsən Nəsrullahın fəaliyyət modeli arasındakı əlaqəni izah edib.
Dini təhsil ocaqları imamət məktəbinin davamıdır
Höccətül-İslam vəl-müslimin Rəbbani çıxışının əvvəlində elmi hövzələrin tarixi mənşəyinə nəzər salaraq bu qurumu yalnız təhsil müəssisəsi kimi deyil, həm də əsl “imamət məktəbi” cərəyanının davamı kimi qiymətləndirib.
O, Aşura hadisəsindən sonrakı proseslərə toxunaraq bildirib: Bu hadisədən sonra İmam Səccad (ə) “Xilafət məktəbi”nin “Səqifə” adı ilə tanınan məktəbin qarşısında paralel bir xətt formalaşdıraraq şiə məzhəbinin yenidən bərpasının təməlini qoydu.
Onun sözlərinə görə, bu məktəbin missiyası saf düşüncəni qorumaqdan ibarət olub və bu məsələni də nəzərə almaq lazımdır ki, həmin dövr ən ağır təzyiq və çətin şəraitin hökm sürdüyü bir mərhələ idi. Buna görə də bu gün elmi hövzələr də bilməlidirlər ki, onların vəzifəsi yalnız mətnlərdəki bilikləri ötürməkdən ibarət deyil. Bu missiya “xəbərdar etmək” və “himayə etmək, insanlara əl tutmaq” kimi iki əsas anlayış üzərində qurulan daha geniş bir məsuliyyəti əhatə edir.
Höccətül-İslam vəl-müslimin Rəbbani əlavə edib: Bu missiya ilahi bir dinamizmdir və cəmiyyəti passivlikdən çıxararaq onu sivilizasiya baxımından kamilliyin zirvələrinə doğru istiqamətləndirir.
Xanımlara məxsus dini təhsil ocaqları bir sivilizasiya hadisəsidir
İclasın məruzəçisi çıxışının digər hissəsində dini təhsil ocaqları sahəsində yaranan yeni imkanlara diqqət çəkərək xanımlara məxsus dini təhsil ocaqlarının yaradılmasını İslam İnqilabının əsas faydalarından biri və “böyük sivilizasiya hadisəsi” kimi qiymətləndirib.
O vurğulayıb: Xanımlara məxsus dini təhsil ocaqları yalnız təhsil məkanı deyil, həm də cəmiyyətdə faydalı olacaq şəxslərin yetişdirilməsi üçün bir qurumdur.
Elmi hövzə müəllimi dini təhsil alan xanımların iki mühüm sahədə rol oynamasına diqqət çəkib: Birincisi, ailə mühitinin idarə olunması, ikincisi isə genişmiqyaslı ictimai məsələlərin izahında iştirak etmək.
O, dini təhsil alan xanımların bu gün qarşıya çıxan düşüncə və mədəniyyət problemlərinə qarşı mübarizədə rolunu danılmaz zərurət hesab edərək deyib: Bu qurum İslam dininin yenidən qurulması üçün güclü dayaq kimi cəmiyyətdə strateji rol oynaya bilər.
Quran məntiqində “zəlil olma” layihəsinin təhlili
Höccətül-İslam vəl-müslimin Rəbbaninin çıxışının əsas istiqamətlərindən biri tağut və zalım cərəyanların cəmiyyətlər üzərində hökmranlıq etmək məqsədilə həyata keçirdikləri strateji layihənin təhlili olub. O, bu layihəni “istixfaf” yəni insanların düşüncə və şəxsiyyət baxımından kiçildilməsi, alçaldılması və dəyərsizləşdirilməsi anlayışı ilə ifadə edib.
O, Quran məntiqinə və Fironun öz qövmü ilə rəftarına istinad edərək bu ayəyə diqqət çəkib:
«فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ»
Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər.
(Zuxruf surəsi, 54-cü ayə)
Höccətül-İslam vəl-müslimin Rəbbani vurğulayıb ki, tağut və zalım cərəyanlar tarix boyu cəmiyyətlər üzərində hökmranlıq etmək üçün vahid üsuldan istifadə ediblər. Bu üsul insanların kiçildilməsi, alçaldılması və onların insanlıq ləyaqətindən məhrum edilməsinə əsaslanıb.
O, sözlərini davam etdirərək deyib: Bu layihə Səqifədən sonra Əməvi və Abbasi hakimiyyətləri dövründə, eləcə də müasir dövrdə yeni formalarda və müasir müstəmləkəçilik vasitəsilə davam etdirilib ki, İslam ümməti zilləti qəbul etməyə və özünü aşağı görməyə düçar olsun.
İslam İnqilabı və İslamın izzətinin bərpası
Əmənər-Rəsul katibliyinin elmi komitəsinin katibi çıxışının davamında İslam İnqilabını tarixi alçaldılma səddini sındıran və İslamın izzətinin yenidən bərpasına zəmin yaradan amil kimi qiymətləndirib.
O bildirib: “İslam İnqilabı İslam ümmətinin tarix boyu alçaldılması və kimliksizləşdirilməsi prosesinin qarşısında dayanmağı bacararaq dini və ictimai izzətin bərpası yolunu açdı.
Höccətül-İslam vəl-müslimin Rəbbaninin sözlərinə görə, şəhid Seyid Həsən Nəsrullah bu izzəti qlobal səviyyədə və bəşəriyyətin ən amansız düşmənləri ilə qarşıdurmada gerçəkləşdirərək göstərdi ki, dini prinsiplərə söykənməklə təzyiq və məhrumiyyət altında olan bir cəmiyyəti güclü və çəkindirici qüvvəyə çevirmək mümkündür.
Şəhid Nəsrullahın şəxsiyyəti özü bir idarəçilik və sivilizasiya məktəbi idi
İclasın məruzəçisi çıxışının davamında şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyətinin əsas xüsusiyyətlərini təqdim edərək onu yalnız adi bir şəxs deyil, həm də “idarəçilik və sivilizasiya məktəbi” kimi xarakterizə edib.
O, bu məktəbin əsas xüsusiyyətləri sırasında yüksək zəkaya malik olmaq, böhranları idarə etmək, birlik və həmrəylik yaratmaq, ziddiyyətləri həll etmək bacarığı və müxtəlif sosial qruplar arasında həmrəylik yaratmağı qeyd edib.
Dini təhsil ocaqlarının məhdəviyyət üzrə elmi assosiasiyasının sədri Livanın mürəkkəb sosial quruluşuna toxunaraq bildirib: Şəhid Nəsrullah Livandakı müxtəlif qruplar, o cümlədən şiələr, sünnilər, druzlar və xristianlar arasında mövcud olan dərin parçalanmaları müqavimət istiqamətində həmrəyliyə çevirməyi bacardı.
O, bu bacarığı şəhid Nəsrullahın idarəçilik və sivilizasiya məktəbinin mühüm təzahürlərindən biri hesab edərək vurğulayıb: Çoxşaxəli və müxtəlif düşüncəli cəmiyyəti idarə etmək üçün dəqiq sosial anlayış, dialoq aparmaq, inandırmaq və müxtəlif qruplar arasında etimad yaratmaq bacarığı tələb olunur.
Ehtiyaclılara yardım və zəifliyi gücə çevirmək
Höccətül-İslam vəl-müslimin Rəbbani təhlilinin digər hissəsində şəhid Seyid Həsən Nəsrullahın Livanın ən məhrum sosial təbəqələrinə izzət qazandırılmasındakı roluna diqqət çəkib.
O bildirib: Şəhid Nəsrullah məhrumiyyət və zəiflik şəraitində olan bir cəmiyyəti güclü və çəkindirici qüvvəyə malik bir gücə çevirməyi bacardı.
Onun fikrincə, bu ictimai transformasiya elmi hövzələr üçün ən böyük dərslərdən biridir. Çünki bu nümunə göstərir ki, dini prinsiplərə söykənməklə məhrum təbəqələrin ictimai potensialını necə səfərbər etmək və zəif, təzyiq altında olan bir cəmiyyəti təsirli və həlledici gücə çevirmək mümkündür.
Emosional ehtiramdan kənara çıxmağın zəruriliyi
Höccətül-İslam vəl-müslimin Rəbbani çıxışının son hissəsində “emosional ehtiram” mərhələsindən kənara çıxaraq “metodologiyanın hazırlanması” mərhələsinə keçməyə çağırıb.
O, sivilizasiya quruculuğu baxımından mühüm şəxsiyyətlərlə bağlı yalnız tərif və ehtiramla kifayətlənilməsini tənqid edərək bildirib: Elmi hövzələrin vəzifəsi yalnız şəhid Nəsrullah kimi şəxsiyyətlərin xatirəsini yad etmək və onlara ehtiram göstərmək deyil, onların həyat yolu və təcrübəsindən iş kitabı və praktiki fəaliyyət təlimatları çıxarmaqdır.
O təklif edib ki, tədqiqatçılar və elmi mərkəzlər şəhid Nəsrullahın həyat yolu və fəaliyyətinin müxtəlif aspektlərini elmi və tədris modellərinə, o cümlədən auditoriyanı inandırma üsulları və bacarıqlarına, çoxmillətli və çoxməzəbli cəmiyyətlərdə ziddiyyətlərin idarə olunması modellərinə, o cümlədən təhlükəli və çoxsaylı maneələrin mövcud olduğu mühitlərdə yaşamaq və səmərəli fəaliyyət göstərmək prinsiplərinə, media əməliyyatlarının sənət və taktikasına çevirsinlər.
Onun sözlərinə görə, bu istiqamətlər sosial, mədəni və hövzə sahəsində fəaliyyət göstərən kadrların hazırlanması üçün elmi modelin işlənib hazırlanmasına zəmin yarada bilər.
Zühura hazırlıq üçün sivilizasiya potensialının formalaşdırılması
Əmənər-Rəsul katibliyinin elmi şurasının katibi sonda bu elmi və tədqiqat yönümlü fəaliyyəti İmam Zamanın (ə.f) zühuruna həqiqi hazırlıq yolunda potensialın formalaşdırılması üçün zəruri ilkin mərhələ kimi qiymətləndirib.
O vurğulayıb: İlahi vədlərin gerçəkləşməsi intizarında olan insanlar arasında real və sivilizasiya səviyyəsində imkanların və potensialın yaradılmasını tələb edir. İntizar yalnız şüar səsləndirməklə və ya məhəbbət ifadə etməklə gerçəkləşmir. Əksinə, bu intizar ictimai, düşüncə, idarəçilik və sivilizasiya sahələrində bacarıq və imkanlara çevrilməlidir.
Sessiya elmi və təbliğat yönümlü qurumlar arasında birgə əməkdaşlığın davam etdirilməsinin və “müqavimət məktəbi” ilə bağlı araşdırmaların davamlı şəkildə aparılmasının zəruriliyi vurğulanmaqla başa çatıb.
Rəyiniz