cümə 28 avqust 2026 - 23:14
İctimai həmrəyliyə zərər vuran hər hansı bir addımın atılması qadağandır / Hökumətin, xüsusilə də sadiq və xalqın qayğısına qalan Prezidentin layiqli fəaliyyətlərini təqdir edirəm

Hövzə/ İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei dövlət həftəsi münasibətilə yayımladığı müraciətində hökumətin, xüsusilə də sadiq və xalqın qayğısına qalan Prezidentin bütün məhdudiyyətlərə, o cümlədən, Amerika və sionist düşməninin müxtəlif fitnə və planlarına, sanksiyaların və mühasirələrin gücləndirilməsinə baxmayaraq həyata keçirdiyi layiqli tədbirləri təqdir edərək, “İranın qüdrət və gücünün” izah edilməsi və düzgün şəkildə təqdim olunması, bu gücün önə çıxarılması, eləcə də “ümidsizlik yaradan və milli və ictimai motivasiyanı zəiflədən” hər hansı fikirdən və “ikiləşdirmələrin xəyalından” çəkinməyin zəruriliyini vurğulayıb və qəti şəkildə bəyan edib: İctimai həmrəyliyə zərər vuran hər hansı bir addımın atılması yolverilməzdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin mesajının tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Hər il avqust (şəhirvər) ayının ilk həftəsi İran İslam Respublikası hökumətinin xalqa göstərdiyi xidmətlərə diqqət yetirmək üçün bir fürsətdir. Bu il İran İslam Respublikası hökuməti Dövlət Həftəsinin Rəbiül-əvvəl ayının iki mübarək və bərəkətli mövludunun ildönümü günləri ilə eyni vaxta təsadüf etməsi ilə iftixar duyur.

Bu fürsətdən istifadə edərək dövlət qurumlarında fəaliyyət göstərən bütün işçiləri və rəhbərləri, xüsusilə də XIV hökumətin sadiq və xalqın qayğısına qalan Prezidentini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Xüsusilə də Amerika və sionist düşməninin müxtəlif məhdudiyyətlərinə, çoxsaylı fitnə və planlarına, sanksiyaların və mühasirələrin gücləndirilməsinə baxmayaraq, üçüncü məcburi müharibə dövründə və ondan sonrakı mərhələdə xalqın ehtiyac duyduğu malların və müxtəlif xidmətlərin təmin edilməsi, mühüm zərər görmüş məntəqələrin bərpası və enerji sahəsinin idarə olunması istiqamətində həyata keçirdikləri layiqli tədbirlər təqdirəlayiqdir.

Həmçinin şəhid prezidentlər Rəcai və Rəisinin, şəhid Baş nazir Bahünərin, müxtəlif hökumət dövrlərində şəhid olmuş işçilərin, rəhbərlərin və həmçinin nazirlərin xatirəsini yad etmək, onların hamısı, xüsusilə də iki prezidentlik dövrünə yaxın müddət ərzində prezident vəzifəsini həyata keçirmiş böyük və əzəmətli şəhid liderimiz üçün uca Allahdan yüksək məqam və ilahi mərhəmət diləmək yerinə düşər.

Xalqa və İslam Respublikasının məqsədlərinə xidmət etmək fürsəti qorunmalı olan qiymətli bir nemətdir. Müasir dövrdə və “getdikcə daha güclü İran”a çatmağın qarşısında duran mürəkkəb və həssas şəraitdə bu məqsədə nail olmaq üçün gecə-gündüz səylə çalışmaq və davamlı yenilikçiliklə yanaşı, İranın və onun əziz xalqının qüdrət və gücünün izah edilməsi, bu gücün düzgün şəkildə təqdim olunması da zəruri məsələlərdən biridir.

Zəiflik, çatışmazlıq və problemlərin təbliğinə və önə çıxarılmasına ehtiyac yoxdur. Əksinə, onların aradan qaldırılması və həlli üçün planlaşdırma aparmaq və tədbirlər görmək lazımdır. Bəzən düşmənin mənəvi ruh yüksəkliyinə ehtiyac duyduğu bir vaxtda öz zəifliklərimizi səmimi şəkildə ifadə etmək ona böyük kömək göstərir, hətta dostların və həmrəy insanların qəlbində narahatlıq yarada, onları çaşqın və tərəddüd içində qoya bilər.

Bəli, bu cür səmimi açıqlamaları yalnız xalqımız və ölkəmizin qayğısına qalan insanlar eşidirsə, problem nisbətən azalır. Lakin qüdrət, güc və müsbət məqamlar Qurani-Kərimin “Rəbbinin nemətini isə dilə gətir” təliminə əsasən, izah edilməli və önə çıxarılmalıdır.

Son altı ay ərzində düşmənə qarşı mübarizənin müxtəlif təzahürlərində, meydanlarda iştirakında, həmrəyliyində, birlik və qarşılıqlı dəstəyində özünün həqiqi mahiyyətini nümayiş etdirən əziz İran xalqı bu əzəmətli dövlətin və yüksək məqama layiq xalqın arzuolunan səviyyəsinə çatmaq istiqamətində İran İslam Respublikasının dövlət hakimiyyəti qollarının və məsul qurumlarının göstərdiyi xidmətləri öz həyatında hiss etməyə layiq və haqlıdır.

Şübhəsiz ki, aşağıda qeyd ediləcək məsələlər xidmətçi hökumətin proqramlarının əsasını təşkil edir və ya bu və ya digər formada onun məqsədləri sırasındadır. Onların burada qeyd edilməsi yalnız xatırlatma xarakteri daşıyır.

Bu məsələlər sırasında inflyasiya, işsizlik, qiymətlərin, mal və xidmətlər bazarının idarə olunması kimi iqtisadi və məişət sahəsindəki problemlər zəncirinə ciddi diqqət yetirilməsi, eləcə də iqtisadiyyatın digər mühüm istiqamətlərinə, o cümlədən iqtisadi artıma, investisiyaların artırılmasına və onların faydalı və ehtiyac duyulan sahələrə yönəldilməsinə, istehsalın canlandırılmasına, dolların iqtisadi sistemdə mühüm rol oynayan valyuta olmaq mövqeyindən tədricən çıxarılmasına və nəhayət, iqtisadi müqavimət siyasətləri kompleksinin əsas istiqamət kimi müəyyən edilməsinə xüsusi diqqət göstərilməsi zəruridir.

Bu sahədə bütün bu məsələlərin həlli üçün əsas nökdə “daxili istehsala mümkün qədər daha çox söykənmək” prinsipindədir. Əlbəttə, kifayət qədər həcmdə zəruri və ixtisaslaşdırılmış malların mövcudluğunun təmin edilməsi də qəti zərurətdir. Buna görə də daxili istehsalın kifayət qədər olmadığı hallarda idxaldan düzgün və uzaqgörən şəkildə istifadə edilməlidir.

Təbii ki, istehsalın təşviq edilməsi, eyni zamanda idxalın və qiymətlərin idarə olunması elə bir vəziyyət yarada bilər ki, ölkə iqtisadiyyatında özünü göstərən qaranlıq ləkələr tədricən daha da kiçilsin və nəhayət, tamamilə aradan qalxsın.

Bu prosesdə düşmənin müharibə zamanı və müharibədən sonrakı davranışının müəyyən təsiri olsa da, bu sahənin müxtəlif komponentlərinin daha ağıllı və məqsədyönlü şəkildə idarə olunması, bəzi hallarda xalq kütlələrinin, digər hallarda isə mütəxəssislərin və texnologiya sahəsində çalışanların imkanlarından yardım alınması, eləcə də yeni potensialların reallaşdırılması ölkəni işlərin genişləndirilməsi və abadlıq istiqamətində irəliləməyə yönəldəcək.

Bu xalqın and içmiş düşməni belə bir təsəvvür yaratmağa çalışır ki, ölkənin abadlaşması və tərəqqiyə doğru yolu onun və əsassız tələblərinin ardınca getməkdən keçir. Halbuki onun keçmiş dövrlərdə, hətta İslam İnqilabından illər əvvəl bu ölkə və onun sərvətləri ilə necə davrandığına nəzər saldıqda bunun tam əksinin doğru olduğu aydın görünür.

Digər mühüm məsələlərdən və mövzulardan biri də gənc elitanın təklif etdiyi texnologiya və innovasiyalardan istifadə edilməsidir. Bəzən bu üstünlükdən vaxtında yararlanmaq, hər hansı bir məsələdə mövcud qaydalardan və ənənəvi vərdişlərdən kənara çıxmaq ölkənin tərəqqisi və inkişafı yolunda əhəmiyyətli sıçrayışlara səbəb olur. Bu məsələ kənd təsərrüfatı, sənaye, mədəniyyət və tərbiyə, kommunikasiya və ictimai məsələlər də daxil olmaqla, qüdrət formalaşdıran bütün sahələrdə mümkündür.

Ölkənin daim dövlətin, dövlət məmurlarının, bütün məsul şəxslərin və hakimiyyətin müxtəlif strukturlarının diqqət mərkəzində saxlamalı olduğu digər əsas məsələlərdən biri də birliyin qorunması və ictimai həmrəyliyə diqqət yetirilməsidir. Mədəni, ictimai, siyasi, təhlükəsizlik və iqtisadi sahələrin hər birində həyata keçirilən bütün tədbirlər ictimai həmrəyliklə bağlı müvafiq əlavə nəzərə alınmaqla həyata keçirilməlidir. Bəzi tədbirlər zahirən ölkənin müəyyən təbəqələri arasında tərəfdarlara malik ola bilər. Lakin belə tədbirlərdə ictimai həmrəyliklə bağlı müvafiq əlavə nəzərdə tutulmadığı və ya bu məqsədlə hazırlanmış müddəalar praktiki icra zamanı nəzərdən kənarda qaldığı təqdirdə, həmin təbəqələrə və digər insanlara zərər vura bilər.

Şübhəsiz ki, ümidsizlik yaradan, milli və ictimai motivasiyanı zəiflədən hər bir fikir, eləcə də keçmişdə əziz xalqımıza birbaşa və ya dolayı şəkildə zərər vurmuş “müharibə, yoxsa danışıqlar”, “həmrəylik, yoxsa radikallıq”, “barışıq, yoxsa müharibə tərəfdarlığı” kimi xəyali ikiləşdirmələrin istənilən forması bundan sonra da eyni təsirə səbəb ola bilər. Buna görə də mən qəti şəkildə bəyan edirəm ki, ictimai həmrəyliyə zərər vuran hər hansı bir addımın atılması yolverilməzdir.

Digər mühüm məsələlərdən biri də mədəniyyət, təhsil və tərbiyə məsələsinə fövqəlstrateji səviyyədə diqqət yetirilməsidir. “Fövqəlstrateji” ifadəsi o deməkdir ki, digər strategiyalar müəyyən edilərkən bu məsələ mütləq nəzərə alınmalıdır. Bu baxımdan, müsbət və qurucu mədəniyyətin yayılmasının əsas mənbəyi olan təbəqələrə, o cümlədən təhsil və tərbiyə sistemində, universitetlərdə və elmi hövzələrdə çalışan müəllimlərə, eləcə də özlərini qeyri-kommersiya xarakterli müəssisələrdə vəzifələrinin icrasına həsr etmiş tibb bacılarına və həkimlərə xüsusi diqqət yetirilməsi böyük əhəmiyyət daşıyır.

Eyni zamanda, gələcəyin gözəl və arzuolunan mədəniyyətinin ən incə ünsürlərini bu torpağın hər bir övladına ailə ocağının daxilində öyrədən evdar qadınların roluna diqqət yetirilməsi də eyni dərəcədə mühüm əhəmiyyət daşıyır.

Ümidvaram ki, bu tövsiyələrin, eləcə də Allaha şükür, hökumətin proqramlarında öz əksini tapmış digər faydalı iddiaların həyata keçirilməsi qüdrətli ölkəmizi “getdikcə daha güclü İran” istiqamətində irəlilədəcək və bu yolda fəaliyyət göstərən şəxsləri Mövlamız həzrət İmam Zamanın (ə.f) xüsusi diqqətinə və onun xeyir-duasına, bərəkət və hidayətinə layiq edəcək.

Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei

28 avqust 2026-cı il

Rəyiniz

You are replying to: .
captcha