Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei vəhdət həftəsi münasibətilə yayımladığı müraciətində həzrət Məhəmməd Mustafanın (s) mübarək mövludunu və həzrət İmam Cəfər Sadiqin (ə) mövludunun ildönümünü təbrik edərək, İslamın bədxahları və düşmənlərinin əsas məqsədini İslam ümmətini zəiflətmək və ona hakim olmaq üçün fikir ayrılıqlarını qabartmaq kimi qiymətləndirib. O, cinayətkar ABŞ-ın üzündən aldadıcı maskaların düşməsinə toxunaraq, İslam ümmətinin birliyini, küfr qarşısında bir-birini müdafiə etməsini, eləcə də maddi və mənəvi müxtəlif sahələrdə həmrəyliyini və qarşılıqlı imkanlarından istifadə etməsini zəruri hesab edib və İslam ölkələrinin hakimlərinə müraciətlə vurğulayıb: Cinayətkar ABŞ hakimləri və saxta sionist rejim İslam birliyinin və bütün İslam ümmətinin, o cümlədən Qərbi Asiya və Şimali Afrika xalqlarının and içmiş düşmənləridir. Buna görə də əsl düşməninizi tanıyın və onun planına qarşı mübarizə aparın.
O, həmçinin əziz İran xalqında İslam məktəbinin birlik yaradan dərslərinin qənaətbəxş şəkildə həyata keçməsinə toxunaraq, bir daha xalqın bütün təbəqələrinə tövsiyə edib ki, heç bir halda aralarında hər hansı fikir ayrılığının yaranmasına imkan verməsinlər.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müraciətinin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
مُحمّدٌ رَسولُ اللهِ وَالّذینَ مَعَهُ اَشِّداءُ عَلی الکُفّارِ رُحَماءُ بَیْنَهُم
“Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər.” (Fəth surəsi 29-cu ayə)
Uca Allahın seçdiyi, məxluqatın ən şərəflisi, parlaq günəş, nurlu çıraq, aləmlərə rəhmət olan Allahın seçilmişi, elm şəhəri, İslamın möhtərəm Peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s) və onun pak və pakizə övladı, Allahın höccəti həzrət İmam Cəfər Sadiqin (ə) mövlud günlərini şərəfli İran xalqına və böyük İslam ümmətinə təbrik edirəm.
Həzrət Xatəmül-ənbiya olan Peyğəmbərin mübarək vücudunun Məkkəyi-Mükərrəmədə doğduğu andan etibarən, insan səadətinin Allah-Təalaya kamil bəndəlik və itaətdən asılı olan üfüqü yeni bir parlaqlıq qazandı. Peyğəmbərlərin, ilahi və mələklərin ruhları sevincə qərq oldu, insan və cinlərdən olan şeytanlar isə qəzəb, həsrət və kədərdən barmaqlarını dişlədilər. Çünki Allahın bütün saysız-hesabsız yaradılış aləmlərində yaratdığı ən üstün məxluq yer üzünə qədəm qoyurdu və çox keçmədən nübüvvət və xatəmiyyət libasını geyinərək, əlində böyük Qurani-Kərim və insanı hərtərəfli hidayət etmək missiyası ilə bəşəriyyətin böyük karvanının Allaha bəndəlik və kamilliyə doğru hərəkətinin istiqamətini müəyyənləşdirəcəkdi.
Həzrət Məhəmməd Peyğəmbərin (s) və onun məsum canişinləri olan İmamıarın (ə) həyatı bütövlükdə hidayət və bəndəlik dərsi, mərifət və məhəbbət dərsi, etiqad və cihad dərsi, fərdi və ictimai həyat və gözəl əxlaq dərsi, əmanət və doğruluq dərsi, izzət və ləyaqət dərsi, elm və əməl dərsi, mərhəmət və qətiyyət dərsi, haqq və ədalət dərsi, birlik və qardaşlıq dərsidir. Bu dərslər nə qədər yaxşı öyrənilər və onlara əməl olunarsa, bəşər övladının səadət və xoşbəxtlik zirvələrinə çatması bir o qədər asan olar.
Biz inanırıq ki, rəhmət Peyğəmbəri olan həzrət Məhəmmədin (s) pak ruhu, eləcə də onun pak canişinlərinin və Allahın seçilmiş höccətlərinin müqəddəs ruhları daim müsəlmanların və İslam cəmiyyətinin vəziyyətinə nəzarət edir, onları hidayət edir və onlara mərhəmət göstərirlər. Bu mehriban və böyük atanın övladlarından biri xəta etdikdə, onların qəlbi inciyir, müsəlmanlar onların dərs və göstərişlərinə əməl etdikdə isə mübarək qəlbləri sevinir.
Bu gün İslam və İslam əhli ilk dövrdən bu günədək ağır və təlatümlü mərhələlərdən keçdikdən, çoxsaylı eniş-yoxuşları arxada qoyduqdan sonra taleyüklü və həlledici bir mərhələyə çatmışdır. Bu gün müsəlmanlar çox təsirli və tarix yaradan rol oynaya bilərlər. Bu gün haqqın batil, İslamın isə küfr üzərində son qələbəsinin mənzərəsinin əvvəlki bütün dövrlərlə müqayisədə gerçəkləşməyə daha da yaxınlaşdığı gündür.
Bu mühüm məqsədin birinci şərti müsəlmanların söz birliyidir. Müsəlmanların qlobal küfr qarşısında birliyi Qurani-Kərimə əsaslanan strategiya və pak Məhəmməd İslamının (s) həqiqi təlimlərindən biridir. Bu, səthi və ötəri məsələ deyil. Birlikdən məqsəd odur ki, İslam cəmiyyətlərinin ümumi səviyyəsində hamı arasındakı ortaq məqamlar əsas və meyar kimi qəbul edilsin. Əlbəttə, çalışmaq lazımdır ki, dəlil və əsaslandırmaya söykənərək, qardaşlıq və həmrəylik prinsiplərinə tam riayət etməklə və Qurani-Kərimin təlimlərindən irəli gələn şəkildə, sülh və mehribanlıq şəraitində fikir ayrılığı olan məqamlar ortaq nöqtələrə çevrilsin.
Şübhəsiz ki, İslam cəmiyyətlərində bütün müsəlmanlar qlobal küfrlə qarşılaşarkən Qurani-Kərimin «اَشِدّاءُ عَلی الکُفّار، رُحَماءُ بَیْنَهُم»
“Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər.” (Fəth surəsi, 29-cu ayə ) prinsipini öz düşüncə, söz və əməllərinin əsasına çevirməlidirlər. İslam birliyi və həmrəyliyi məhz belə əldə edilir. Bu ilahi mesajın iki hissəsindən hər hansı biri müsəlmanların əməl mərhələsindən uzaqlaşdıqda, onlar İslam şəhərində haqlı olaraq qazandıqları həmin izzət məqamından da uzaq düşəcəklər. Bu, pozulması mümkün olmayan bir qaydadır.
Bu qayda İslam İnqilabının əsas prinsiplərindən və mesajlarından biridir. İlk vəhdət həftəsinin keçirilməsi 1356-cı şəmsi ilinin esfənd ayına (1978-ci ilin fevral–mart aylarına), Pəhləvi rejiminə qarşı mübarizə dövrünə təsadüf edir. Həmin vaxt şəhid Ayətullah Xamenei (Allah ona rəhmət eləsin) İrandaşəhrdə sürgündə olduğu dövrdə bu fikri irəli sürmüş və şiə və sünni müsəlmanlar bunu müsbət qarşılamışdılar. İslam İnqilabının qələbəsindən qısa müddət sonra isə İslam Respublikasının banisi İmam Xomeyninin (r) tədbiri ilə “Vəhdət həftəsi” rəsmiləşdirildi. Uca Allahın lütfü ilə müsəlman İran xalqının bütün təbəqələri arasında birlik məsələsi uğurlu bir nümunədir və düşmənlərin hiylələri bu birliyi ciddi şəkildə zədələyə bilməyib.
Lakin şübhəsiz ki, bədxahlar hər zaman bu böyük neməti hədəfə almaq üçün pusquda dayanırlar. Onları ümidləndirən məsələ fikir ayrılıqlarının qabardılmasıdır. Etiqadi və məzhəbi fikir ayrılıqları düşmənin İslama qarşı məqsədinin mühüm bir tərəfi sayılsa və o, bundan istifadə etməyə böyük ümid bəsləsə də, bununla kifayətlənməyəcək. O, irqi, mədəni, sosial, iqtisadi, siyasi və coğrafi fərqliliklərin bütün növlərini İranda və digər İslam ölkələrində müsəlman xalqlar arasında parçalanma yaratmaq üçün bəhanələrə çevirməyə çalışır ki, bu yolla İslam ümmətinin parça-parça olmasını, qüvvələrinin zəifləməsini izləsin və münasib fürsətdə onlara hakimiyyətini tətbiq etsin.
Bu məsələlərdə Qurani-Kərimin göstərişi belədir:
وَ لا تَنازَعوا فَتَفْشَلوا و تَذْهَبَ ریحُکُم
“Bir-birinizlə çəkişməyin, yoxsa ruhdan düşər, gücünüzü və qüvvənizi itirərsiniz.” (Ənfal surəsi, 46-cı ayə)
Buna görə də hər hansı mövqedə olan bir şəxs müsəlmanlar arasında parçalanmaya səbəb olan hər hansı işi görər və İslam cəmiyyətində çəkişmə yaradarsa, bunu bilərək və ya bilməyərək, istəyərək və ya istəməyərək İslam düşmənlərinin məqsədinə xidmət etmiş olar.
Bəs bu gün hansı insan belə bir əməli öz cəhaləti və qəfləti ilə izah edə bilər? Halbuki artıq dünya tağutları, onların başında isə cinayətkar Amerika özlərinin müstəmləkəçi məqsədləri, hegemonluq və hakimiyyətə can atan planlarının çirkin üzündən aldadıcı və saxta maskaları götürmüş, hiyləgər məxmər əlcəklərini çıxarmış və qanlı caynaqlarını bütün dünyaya göstərmişlər.
İndi müsəlmanların düşünməsinin və hadisələrə daha dəqiq nəzər salmasının vaxtıdır. Əgər müsəlmanlar bir yumruq kimi birləşsəydilər və yumruqlarını möhkəm sıxsaydılar, Fələstin xalqı bu şəkildə müdafiəsiz halda işğalçıların zülm və cinayətinə məruz qalardımı? Əgər Fars körfəzi sahillərində yaşayan xalqlar və dövlətlər İslam bayrağı altında öz birliklərini təmin etsəydilər, kimliksiz və fasiq quldurlar minlərlə kilometr uzaqdan onların torpaqlarına və sərvətlərinə göz dikməyə cəsarət edərdilərmi?
Mənim İslam ölkələrinin, xüsusilə Qərbi Asiya regionu və Fars körfəzi sahili ölkələrinin hakimlərinə təkidli və dəfələrlə təkrar etdiyim tövsiyə budur: Əsl düşməninizi tanıyın, onun planını anlayın və ona qarşı mübarizə aparın.
İslam ümmətinin problemlərinin həlli söz birliyi, xeyir və yaxşılıq yolunda dostluq və əməkdaşlıqdır. Cinayətkar Amerika hakimləri və saxta sionist rejim bu birlik və dostluğun and içmiş düşmənləridir. Onlar yalnız İslam Respublikasının, İran xalqının və böyük İslam müqaviməti cəbhəsinin düşməni deyillər. Onlar bütün İslam ümmətinə, o cümlədən Qərbi Asiya və Şimali Afrika xalqlarına düşmənçilik edirlər. Hətta bu ölkələrin hakimləri – onların bir çoxu həmin qüvvələrin əməkdaşı hesab olunsa da – bu düşmənçilikdən kənarda deyillər. Necə ki, hegemonluq iddiasında olan dövlətlərin rəhbərlərinin bəzi İslam ölkələri başçılarına qarşı açıq şəkildə hörmətsizlik etməsi və nalayiq ifadələr işlətməsi həm sizin, həm də bizim yaxın yaddaşımızda qalır.
Birlik və çəkişmədən uzaq durmaq dərsi İslam məktəbinin düşmən və dostla necə davranmaq barədə ilk dərsidir. İkinci dərs isə küfr qarşısında bir-birini müdafiə etməkdir. Üçüncü dərs isə müsəlmanların maddi və mənəvi həyatının müxtəlif sahələrində, eləcə də sərvət, təhlükəsizlik, elm və tərəqqi baxımından müxtəlif əməkdaşlıq və qarşılıqlı imkanlardan istifadə etməkdir. Bu yolun sonu yeni İslam sivilizasiyasına çatmaqdır.
Buna görə də müsəlmanlar arasındakı birlik əziz və qalib İslam sivilizasiyasına çatmağın əsas təməl daşıdır. İslam dünyası üçün arzumuzu özündə ehtiva edən bu anlayış və düşüncə kompleksi müəyyən dərəcədə əziz İranda həyata keçmişdir. Bu xadimin xalqın bütün təbəqələrinə yenidən tövsiyəsi budur ki, heç bir halda öz aralarında hər hansı fikir ayrılığının yaranmasına imkan verməsinlər.
Sonda ümid edirəm ki, İslamın möhtərəm Peyğəmbərinin (s) və onun pak Əhli-beytinin (ə) şəfaəti sayəsində ilahi lütfün rəhmət və bərəkətlə dolu nuru İslam cəmiyyətlərinin üzərinə düşər və onlar ilahi əmrlərə əməl etməyin kölgəsi altında tərəqqi və izzət pillələrini gündən-günə daha da yüksələrək qət edərlər.
Allahın salam və rəhməti sizin üzərinizə olsun
Seyid Müctəba Hüseyni Xamenei
30 avqust 2026 (17 Rəbiül-əvvəl 1448)
Rəyiniz