çərşənbə axşamı 1 sentyabr 2026 - 21:58
İnsan haqlarından məzhəbin mühakiməsinə: Bəhreyndə şiə alimlərinə qarşı məhkəmə prosesinə baxış

Hövzə | Bir şahid Bəhreyndə şiə alimlərinin məhkəmələrinin keçirilməsi prosesi ilə bağlı ətraflı yazısında bu işlərə baxılması zamanı açıq-aşkar ziddiyyətlərə və ayrı-seçkili münasibətlərə yol verildiyini açıqlayıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, bir şahid Bəhreyndə şiə alimlərinin məhkəmə proseslərinin keçirilməsi ilə bağlı geniş qeydlərində bu işlərə baxılması zamanı baş verən açıq ziddiyyətləri və ayrı-seçkilik xarakterli münasibətləri açıqlayıb. “Mərat əl-Bəhreyn” tərəfindən yayımlanan bu hesabatda məhkəmə iclaslarının keçirildiyi ağır şərait və onların idarə olunmasında bilərəkdən yaradılan nizamsızlıqlar təsvir edilir və bildirilir ki, Bəhreyndə hazırda davam edən məhkəmə prosesi adi cinayət işinə baxılması deyil, bir məzhəbin etiqad və şəxsiyyətlərini təzyiq altında saxlamağa yönəlmiş siyasi layihədir.

Mənimlə birlikdə yaşlı şeyxlərdən biri vardı. Onun yaşı bəlkə də yetmişə çatırdı. Buna baxmayaraq, yandırıcı günəşin istisində və evindən məhkəməyə qədər olan uzun məsafəyə rəğmən, bir alimin günahsızlığına şahidlik etmək və ona qarşı irəli sürülən ittihamı rədd etmək üçün evindən çıxmışdı. Məhkəmə binasına çatanda bu hörmətli şeyx – həm yaşına, həm də əxlaqına görə böyük şəxsiyyət idi – elektrik lifti olduğu halda, birbaşa pilləkənlərə tərəf getdi. Sanki zaman və qocalıqla mübarizə aparmaq istəyirdi. O, uzun pilləkənləri asta addımlarla qalxırdı ki, şahidlik etmək vəzifəsini, yəni şəri vəzifəsini yerinə yetirsin.

Şahidlərin toplandığı salona çatdıq. Burada şeyxlər, dini elm alan tələbələr, əzadarlıq mərasimlərinin keçirildiyi məkanların və hüseyniyyələrin qəyyumlar şurasının üzvləri, xətiblər və digər mömin şəxslər toplaşmışdılar. Onlar sakit qəlb və gülərüzlə bir-biri ilə görüşür, əl sıxırdılar, sanki şiə məzhəbinin mühakimə edildiyi bir iclasa gəlməmişdilər. Az danışır, çox susurdular və bəzən bir-birləri ilə mehriban davranırdılar.

Eşidirdim ki, biri dua edib deyirdi: «Allahım, dillərimizi haqq və hikmət üzərində möhkəm et!» Başqa biri isə duasında astadan pıçıldayırdı. Onun «اللهم یا مخلّص الشجر من…» dediyini eşitdim. Bu, İmam Kazımın (ə) Harunun zindanında etdiyi duadır. Başqa biri isə zühurun tezləşməsi üçün dua edirdi.

İclasın başlanma vaxtı səhər saat 10:00 idi. Biz bir qədər əvvəl gəlmişdik, lakin iki saatdan çox gözləməli olduq. Bəziləri səbir edərək Ədliyyə Nazirliyindən uzaq ərazilərdən, Manamadan gəlmişdilər. Onlardan biri Draz qəsəbəsindən, digəri isə Kərzəkan bölgəsindən gəlmişdi. Uzun müddət zəif havalandırılan bir məkanda, isti havada stulda oturmaqdan yorulan bu yaşlı şeyx isə səbirli idi və özünü bu sözlərlə təsəlli edirdi: «Allahın istədiyi hər şey gözəldir».

Oturduq, səbir etdik və gözlədik. Gözləmə o qədər uzandı ki, din xadimlərindən biri əmmaməsini çıxarıb başını əsasına söykədi və dincəlmək üçün ona söykənərək oturdu. Nəhayət, günorta azanı vaxtı gəlib çatdı. Təəccüb içində qalmışdıq: Gözləməyə davam edək, bəlkə şahidlik növbəmiz çatar, yoxsa vaxtında namaz qılıb ilk vaxtda namaz qılmağın fəzilətini əldən verməyək?

Gözləmə uzandıqca şahidlərin sayı salonda azaldı və məscid namaz qılmaq üçün onlarla doldu.

Namazdan sonra yenidən gözləmə salonuna qayıtdıq. Lakin bu dəfə danışıqdan daha çox sükut və sakitlik hökm sürürdü. Çünki gözləməkdən yaranan yorğunluq bütün gücümüzü tükətmişdi.

Saat 12:45-də, təxminən üç saatlıq gözləmədən sonra vəkillərdən biri gəlib ilk şahidin içəri daxil olacağını bizə bildirdi. Onun şahidlik etməsi, verilən suallar və ifadəsinin qeydə alınması təxminən 10 dəqiqə çəkirdi.

Həmin iclasda müttəhimlərin sayı 11 nəfər idi və hər bir müttəhim üçün iki şahid nəzərdə tutulmuşdu. Beləliklə, şahidlərin ümumi sayı 20-dən çox idi. Bu isə hamımızın işinin başa çatması üçün daha üç saatdan çox vaxt tələb olunacağı demək idi.

Bütün bunlara baxmayaraq, biz buraya öz istəyimiz və iradəmizlə gəlmişik. Vaxtımızı sərf etmək edə biləcəyimiz ən kiçik işdir. Məsələ ayrı-ayrı şəxslərlə bağlı cinayət işi deyil, bütövlükdə bir məzhəbin və bir icmanın mühakimə olunması məsələsidir.

Günorta saat 13:30 radələrində məsul şəxslər gəldilər və bütün şahidləri davam edən məhkəmə iclasının keçirildiyi zalın yaxınlığındakı xüsusi bir salona apardılar. Bu addım şahidlik etmiş şəxslərin digər şahidlərlə görüşməsinin qarşısını alırdı. Sanki məktəbdə imtahan keçirilirdi və sualların yayılmasının qarşısını almaq üçün belə tədbir görülürdü!

Gözləmə müddəti uzandıqca özümüzə sual verirdik: Vaxt seçimi hansı səviyyədədir? Burada bir nöqsan var, yoxsa məqsəd sadəcə şahidləri fiziki və mənəvi baxımdan yormaqdır? Yaxud məsələ məzhəbin mühakiməsini bilərəkdən uzatmaq və gərginlik yaratmaqdır? Hər halda, bu gecikmə ya səhlənkarlıqdan, ya da bilərəkdən yol verilən yubanmadan qaynaqlanırdı. Əgər şahidlərin məzhəbə yardım etmək və alimləri müdafiə etmək həvəsi olmasaydı, heç kim bu qədər gözləməz və dözməzdi. Şahidlər faktiki olaraq nə vaxt oradan çıxacaqlarını bilmədikləri bir otaqda saxlanılırdılar.

Saat 14:00-da vəkillərdən biri bizə bildirdi ki, hər bir şahidin ifadə verməsi, hakim və ittiham tərəfinin suallarını cavablandırması ilə birlikdə 30 dəqiqə davam edəcək.

Saat 14:45-də isə bizə bildirildi ki, hakim istirahət üçün iclası dayandırıb. Bəli, hakimin, ittiham tərəfinin və onların yanında olan şəxslərin istirahət etmək, yemək yemək və nəfəs almaq hüququ var. Axı onlar şahidləri «vilayəti-fəqih» məsələsi ilə bağlı sorğu-suala tutmaqdan yorulublar!! Təbii ki, yorulmaları da normaldır, çünki onlar bir və ya iki nəfəri deyil, bütövlükdə bir məzhəbi və bir icmanı mühakimə edirlər.

Məhkəmə şahidin vaxtını və enerjisini, onun verdiyi ifadənin qəbul ediləcəyinə, yoxsa rədd olunacağına dair heç bir əminlik olmadan əlindən aldı. Lakin Allah heç bir əməl sahibinin zəhmətini hədər etmir. Vəkillərdən birinin bizi təsəlli etmək üçün dediyi kimi: «Bu, sizin savab tərəzinizdədir».

Biz şahidlərin yorğunluğu və uzun müddət gözləməyimiz alimlərin həbsdə saxlanılması və təhqir olunması ilə müqayisədə heç nədir. Onlar özlərini və vaxtlarını dinə və məzhəbə xidmət yolunda fəda ediblər. İndi isə öz cihadlarını həbsxana barmaqlıqları arxasında səbir göstərməklə və onlara qarşı irəli sürülən böyük, əsassız ittihamlarla üzləşməklə davam etdirirlər.

İnsan haqlarından məzhəbin mühakiməsinə: Bəhreyndə şiə alimlərinə qarşı məhkəmə prosesinə baxış

Bəhreyn alimləri 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha