Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi sentyabrın 4-də Qum şəhərində Qüds adlı Müsəllada keçirilən cümə namazının xütbələrində son dövrdə baş vermiş müharibə ilə bağlı təhlillərin aparılmasının zəruriliyinə toxunaraq bildirib: «Bu xalq ilahi missiya daşıyan və öncül xalqdır, lakin bu hadisələrin müasir nəsil və gələcək nəsillər üçün davamlı şəkildə izah edilməsi yol göstərici ola bilər. Çünki hazırda içərisində olduğumuz mübarizə ötən əsrdə İslam ilə istismar cəbhəsi arasında misli görünməmiş mübarizələrdən biridir».
Qum şəhərinin cümə imamı vurğulayıb: İran xalqının və rəhbərliyin istismar qarşısında müqavimət göstərməkdə nümayiş etdirdiyi qüdrət bütün dünyanı heyrətə gətirib. Onlar bir xalqın dünyanın ən böyük elmi, texnoloji, iqtisadi, siyasi və hərbi gücünün qarşısında dayana biləcəyini düşünmürdülər.
Ayətullah Ərafi bildirib: Bu qüdrət cümə namazlarından, intizar və Məhdəviyyət əqidəsindən, saysız-hesabsız şəhidlərdən və mərhum İmamın düşüncəsindən qaynaqlanır və dünyada sizdən nümunə götürmüş yerlər istisna olmaqla, bunun bənzəri heç bir yerdə yoxdur. Bu saf və dəyərli mirasa sahib çıxmaq və onu qorumaq lazımdır.
Ölkə üzrə Elmi hövzələrin rektoru çıxışının davamında ABŞ-ın və istismar sisteminin İslam İnqilabı qarşısındakı zəif və kövrək tərəflərini izah edib.
Birinci: Zülm üzərində qurulmuş sivilizasiya
Qərb sivilizasiyasının təməlində tarixi ədalətsizliklər və zülmlər mövcuddur. Qərbin bir çox nailiyyətləri Asiyanın, Afrikanın və Şərqin müstəmləkə altına alınması üzərində qurulub. Tarix göstərir ki, zülm və ədalətsizliyin kökləri elmi və texnoloji inkişafın əsaslarına nüfuz edib. Onlar Afrikanın mədənlərini talan edib, sənayelərini inkişaf etdirmək məqsədilə Afrika xalqlarını köləliyə məruz qoyublar; İngiltərənin, Portuqaliyanın və digər Qərb ölkələrinin sənayesinin inkişafı bu istismar üzərində qurulub. Təməli zülm üzərində qurulan saray kövrək olur.
İkinci: Dünyanın onlara qarşı nifrəti
Dünyanın Qərbin istismarçı siyasətinə qarşı nifrət və ikrahı hədsizdir. Lakin onların cəsarəti və böyük liderləri yoxdur ki, «İstismara və Amerikaya ölüm!» desinlər, buna görə də susublar.
Üçüncü: İnkişaf etmiş, lakin mürəkkəb iqtisadiyyat
Onların iqtisadiyyatı və iqtisadi sistemləri böyük inkişaf əldə edib, lakin bu inkişaf həmin sistemlərdə elə mürəkkəbliklər yaradıb ki, nəticədə onların kövrəkliyi artıb.
Dördüncü: Korrupsiyaya əsaslanan iqtisadiyyat
Bu gün də onların iqtisadi sistemi korrupsiyaya, ayrı-seçkiliyə və dünya xalqlarının sərvətlərinin talan edilməsinə əsaslanır. Onlar həyasızcasına Venesuela rəhbərini oğurladılar və deyirdilər ki, həmin ölkənin neftindən əldə olunan pullar bizim hesablarımıza daxil olur və bundan heç bir xəcalət çəkmirlər. Bu korrupsiya onları kövrək vəziyyətə salıb.
O davam edib: İndiyədək heç kim sizin qarşınızda dayana bilməyib, lakin bu gün İran xalqı, İslam İnqilabı, Müqavimət cəbhəsi və İslam ümməti Allahın köməyi ilə sizin qarşınızda dayanacaq.
Beşinci: Rifah içində yaşamaq və böyük sarsıntılara tab gətirə bilməmək
Onlar rifah içində qərq olublar. Təməli kövrək olan saxta rifah içində yaşayırlar. Onlarda müqavimət və dayanıqlılıq qabiliyyəti olduqca zəifdir və məhz bu xüsusiyyət onları kövrək vəziyyətə salıb. Onlar «Müqavimət» və «İslam İnqilabı» adlı sarsılmaz qayaya çırpılıblar. Nadan Tramp bu gün nə edəcəyini bilməyərək çaşqın vəziyyətə düşüb.
Ölkə üzrə Elmi hövzələrin rektoru vurğulayıb: Biz Allahın köməyi ilə Hörmüz boğazında, Babül-Məndəb boğazında və dünyanın digər məntəqələrində sizə böyük sarsıntılar yaşadacağıq.
Altıncı: Bizim yeni üsullarımızı tanımamağınız
Bizim yeni üsullarımızı, qeyri-müəyyən və qeyri-klassik müharibə metodlarımızı tanımamağınız sizin digər zəif cəhətinizdir. Siz bunun bir hissəsini artıq görmüsünüz və digər hissələrini də görəcəksiniz.
Yeddinci: ABŞ demokratiyasının siyasi dalana dirənməsi
ABŞ-ın daxilində demokratiya mövcuddur, lakin onların demokratiyası siyasi dalana dirənib. ABŞ-da çoxsaylı səslər və müxtəlif baxışlar mövcuddur, lakin onların özlərini ifadə edə biləcəkləri bir siyasi məkan yoxdur və məhz bu vəziyyət onların kövrəkliyinə səbəb olub.
Səkkizinci: İkili standartlar
Seçkilərin və xalq hakimiyyətinin olmadığı Səudiyyə Ərəbistanı və Əmirliklər ABŞ-ın xüsusi himayə etdiyi ölkələrdir. Lakin xalq hakimiyyətinin mövcud olduğu ölkələr ABŞ-ın nifrət etdiyi dövlətlərə çevrilir. Bu ikili standartlar bütün dünyada onlara qarşı ikrah və nifrətin yaranmasına səbəb olub.
Doqquzuncu: Hesablama səhvləri
Əvvəlki xütbələrimizdə ABŞ-ın son müharibə zamanı yol verdiyi 15 hesablama səhvini sadaladıq. Sizin ilk səhviniz işğalçı İsrail rejimi ilə bağlıdır. Ürəyimiz ABŞ xalqının halına yanır ki, bir qrup nadan və zorakı şəxs sizi əhəmiyyətsiz və işğalçı İsrail rejiminin əsirinə çevirib. Onlar sizi aldadaraq elə bir müharibəyə daxil etdilər ki, nəticədə həmin müharibənin içində ilişib qaldınız.
Ayətullah Ərafi sözünə davam edərək bildirib: «Düşmənlər hətta İranın əks-inqilab qüvvələrini də düzgün tanımadılar və qorxaq insanların onların müttəfiqlərinə çevrilə biləcəyini düşündülər. Siz İranın əzəmət və möhtəşəmliyini, eləcə də İran Silahlı Qüvvələrini düzgün tanımadınız. ABŞ xalqından müəyyən addımlar atması gözlənilir».
Ölkə üzrə Elmi hövzələrin rektoru düşmənlərə müraciətlə bildirib: İran xalqı və məğrur İranın məntiqi yaxanızdan yapışacaq. Ya düzgün məntiqə və öz əhdinizə qayıdın, ya da ilahi mübarizələrin davamına hazır olun və “Ya Rəsulullah, ləbbeyk!”, “Ya Hüseyn (ə), ləbbeyk!”, “Ey şəhidlər, ləbbeyk!” və “Ey Xamenei, ləbbeyk!” nidalarını eşidin».
Qəyyumlar Şurasının üzvü xatırladıb: Məsul şəxslər xalqın qədrini bilməli, mövcud problemlərin aradan qaldırılması üçün çalışmalı və o pak qanın intiqamını almaq, Allah yolunda cihad etmək istiqamətində irəliləməlidirlər. Məsul şəxslər və bütün siyasi və ictimai cərəyanlar bu xalqdan nümunə götürməli və xalqla bağladıqları əhdə sadiq qalmalıdırlar.
O bildirib ki, mədəniyyət məsələləri İslam İnqilabının davamlılığının əsas sütunlarındandır. Cəmiyyətin mənəviyyatının qorunması, iffət və hicab məsələsinə diqqət yetirilməsi, eləcə də sosial problemlərin və fəsadların azaldılması cəmiyyət qarşısında duran zəruri məsələlərdəndir. Hamımız çalışmalıyıq ki, mövcud mənfi halları azaldaq və həzrət Məsumənin (s) şəhəri olan Qumun nurani ab-havasını daha da pak və təmiz saxlayaq.
Ayətullah Ərafi polis qüvvələrinə və məhkəmə orqanlarına təşəkkürünü bildirərək sözünə davam edib: Mövcud problemlərin həlli bütün qurumların əməkdaşlığını və Qumun nurani simasının qorunması üçün ümumi iradə və səfərbərlik tələb edir. Artıq onilliklərdir ki, Qum İslam və dinin mərkəzi, ilahi dəyərlərin öncül daşıyıcısıdır. Bu mövqe qorunub saxlanılmalıdır. Ruhaniyyət, məsul şəxslər, müxtəlif dövlət qurumları, bazar əhli və şərəfli xalq bu istiqamətdə xüsusi səy göstərməlidirlər.
O, Əməkdaşlıq günü münasibətilə çıxış edərək bildirib: Düzgün əməkdaşlığa əsaslanan iqtisadiyyatın əhəmiyyətinə xüsusi diqqət yetirilməlidir. Təəssüf ki, bu gün özəl və dövlət iqtisadiyyatından fərqlənən kooperativ iqtisadiyyatını qanunvericilikdə nəzərdə tutulduğu formada lazımi səviyyədə inkişaf etdirə bilməmişik. Ümid edirik ki, bu sahə də ölkənin inkişafı naminə digər iki iqtisadi sahə ilə yanaşı diqqət mərkəzində saxlanılacaq.
Xaricilərin qarşısında başıuca dayanmağın qaydaları
Ayətullah Ərafi birinci xütbədə xaricilərin qarşısında başıuca dayanmağın əsas prinsiplərini izah edərək bildirib: «İzzət» və «səbir və müqavimət» İslam cəmiyyətinin qarşılaşdığı problemlər, hadisələr və çətinliklər qarşısında dayanıqlılığını təmin edən fundamental prinsiplərdəndir.
Ölkə üzrə Elmi hövzələrin rektoru qeyd edib ki, izzət və səbir möhkəm dayanmağın və düşmən üzərində qələbənin sirridir. O bildirib ki, səbir və müqavimət geniş ictimai miqyas qazandıqda xalqın küçələrdə 200 gecə davam edən qəhrəmanlıq mübarizəsi kimi möcüzələr yarada bilər.
Qəyyumlar Şurasının üzvü üçüncü amilin düşüncə və bəsirət olduğunu bildirərək əlavə edib ki, düşüncə və bəsirət düşmən qarşısında dayanıqlılıq və müqavimət göstərməkdə, xalqın və İslam ümmətinin qarşısında duran çağırışları və çətin keçidləri dəf etməkdə mühüm rol oynayır.
Qum şəhərinin cümə imamı sözünə davam edərək bildirib ki, Allah-Təala «Yusuf» surəsində buyurur:
«قُلْ هَٰذِهِ سَبِیلِی أَدْعُو إِلَی اللَّهِ ۚ عَلَیٰ بَصِیرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِی ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِکِینَ»
«De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar açıq-aydın bir bəsirət və dərin idrak əsasında Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm”».
O vurğulayıb ki, bu ayədə üç əsas istiqamət öz əksini tapır:
Birinci istiqamət: Allah Rəsulunun (s) ilahi amallara, ixlas və xalis tövhidə dəvəti.
Bütün dünya güclərinin ixtiyarında olduğu Allaha doğru dəvət.
İkinci istiqamət: Peyğəmbərin (s) dəvəti səthi, sadəlövh və bəsirətdən məhrum bir çağırış deyil. Əksinə, bu, ağıl, hikmət, düşüncə və bəsirətə əsaslanan bir dəvətdir.
Üçüncü istiqamət: Bu dəvət müəyyən bir dövrlə məhdudlaşmır və müəyyən zaman mərhələsinin başa çatması ilə sona çatmır. Əksinə, Allah Rəsulunun (s) bəşəriyyət qarşısında açdığı əbədi bir yoldur və bundan sonra Onun davamçıları bu yolu davam etdirirlər.
Rəvayətlərdə bildirilir ki, ayədəki «وَمَنِ اتَّبَعَنِی» ifadəsi İmam Əliyə (ə) və imamlara (ə) işarə edir. Lakin aydındır ki, onlar Allaha doğru bu hərəkatın rəhbərləri və insanları Allaha doğru hidayət edən öncüllərdirlər. Bununla belə, cəmiyyətin hidayəti yalnız onlarla məhdudlaşmır.
O bildirib ki, bu yol öz davamını taparaq bu gün İslam İnqilabına gəlib çatıb və əlavə edib: İlahi missiya daşıyan xalq və İslam ümməti bu dəvəti qəbul edib və bu yolda irəliləməkdə davam edir.
Qum şəhərinin cümə imamı bildirib ki, ayənin sonunda «وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِکِینَ» ifadəsi ilə xüsusi vurğu edilir. Yəni Allah Rəsulunun (s) əbədi səadətə doğru hidayət etdiyi bu yolun mərkəzində yalnız Allah-Təala dayanır. Qəlbləri yalnız Allaha bağlamaq lazımdır.
O, «وَمَا یُؤْمِنُ أَکْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِکُونَ» ayəsinə də toxunaraq bildirib:
«وَمَا یُؤْمِنُ أَکْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِکُونَ»
«Onların əksəriyyəti Allaha iman gətirmir, yalnız ona şərik qoşmaqla iman gətirirlər». (Yusif surəsi, 106-cı ayə)
Ayətullah Ərafi bildirib ki, möminlər arasında heç də hamı xalis tövhid və saf ixlas mərhələsinə çatmayıb. Bir çox insan Allaha iman gətirir, lakin onların imanı xalis olmadığı üçün gizli şirk halları ilə qarışıb. Belə insanlar Allaha etiqad etməklə yanaşı, digər şəxslərin və müxtəlif güclərin də təsir və qüdrətinə inanırlar.
Elmi hövzələrin rektoru: Gizli şirk qaranlıq gecədə qara qayanın üzərində hərəkət edən qara qarışqadan daha gizlidir
Elmi hövzələrin rektoru bildirib ki, rəvayətlərdə gizli şirk formalarının qaranlıq gecədə qara qayanın üzərində hərəkət edən qara qarışqadan belə daha gizli olduğu qeyd edilir. Yəni həmin qarışqanı görüb müəyyən etmək nə qədər çətindirsə, bu növ şirkin əlamətlərini aşkar etmək də bir o qədər çətindir.
O, «أَدْعُو إِلَی اللَّهِ ۚ عَلَیٰ بَصِیرَةٍ» ayəsinin Allaha dəvətdə və Allah yolunda mübarizədə bəsirət amilinin əsas roluna diqqət çəkdiyini bildirərək sözlərinə davam edib: Bəsər və bəsirət bir-birindən fərqlənir. Bəsər maddi gözlə və zahiri hisslərlə bağlıdır. Bəsirət isə daxili qavrayış, mənəvi nur, əqli idrak və yolun mürəkkəbliklərini dərk etmək deməkdir.
Elmi hövzələrin rektoru əlavə edib: Lüğətdə bəsirət sözünün ağıl və zirəklik mənasında işlədildiyi qeyd olunur. Fəhanət və zirəklik adi idrakdan fərqlənir. Fəhanət dərin idrak, çətin mərhələlərdə düzgün anlayışa malik olmaq, müsibətlərin müxtəlif qatlarını dərk etmək və fitnə şəraitində həqiqəti tanımaq deməkdir.
O, hər kəsin məsələlərin gizli və görünməyən tərəflərinə nüfuz edə bilmədiyini qeyd edərək deyib: Bəsirət yolu tanımaq, höccəti və doğru dəlili ayırd etmək, istiqaməti itirməmək və yaranan toz-torpağın, eləcə də fitnələrin vəziyyəti insan üçün qaranlıq və anlaşılmaz hala gətirməməsi deməkdir.
Qum şəhərinin cümə imamı əlavə edib: Etiqadi baxımdan bəsirət Allahı düzgün dərk etmək, gələcəyi və Qiyaməti tanımaq, maddi aləmin insanı varlığın həqiqətini dərk etməkdən yayındırmasına imkan verməmək deməkdir. Lakin bu bəsirət Allah yolunu ictimai müstəvidə qət etmək üçün kifayət deyil. Bunun üçün mədəni, sosial və siyasi bəsirət də olmalıdır. Haqq yolunu Allaha dəvət istiqamətində tanımaq, şeytani və azdırıcı səslərin içində yolu itirməmək, haqq yoluna qarşı yaradılan toz-duman və fitnələr içində qərq olmamaq həqiqətin ikinci əsas dayağıdır.
O bildirib ki, bu ayə həm etiqadi, həm də ictimai bəsirətə işarə edir. İmam Hüseyn (ə) Aşura hadisələri zamanı bu ayəni bir neçə dəfə tilavət edib və bununla bəsirətin iki mühüm ölçüsünün olduğunu göstərib:
Birinci ölçü: Allahı tanımaq, axirəti və Qiyaməti dərk etmək, etiqadi əsasları möhkəmləndirmək;
İkinci ölçü: Allahın Höccətini və doğru yolu tanımaq, bu yolda irəliləmək, hiylələri, məkr və fitnələri dərk etmək.
Elmi hövzələrin rektoru sonda xatırladıb ki, hadisələrin və mübarizənin gedişində bəsirətə malik olmaq, düşmən qarşısında bəsirətli davranmaq, hiyləgərlərin məkrinə qarşı ayıq olmaq və düşmən tərəfindən yaradılan cərəyanların içində öz kimliyini və mövqeyini itirməmək bəsirətin müxtəlif formalarındandır.
Xəbərin sonu
Rəyiniz