çərşənbə 23 sentyabr 2026 - 01:40
Milli kimliyinizin köklərini, ana dilinizi və müqəddəs bayrağınızı qoruyun / Məktəb və universiteti vətəninizin tərəqqi və inkişaf ocağına çevirin

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İslam İnqilabının Ali Məqamlı Rəhbəri, məktəblər və universitetlərdə yeni tədris ilinin başlanması münasibətilə yayımladığı müraciətində son müharibədə şəhid olmuş şagird, tələbə, müəllim və professorlara ehtiramını ifadə edib. O, məktəb və universitetlərin yeni tədris ili ilə fəaliyyətə başlamasını xalqın ruh yüksəkliyi, ümid və parlaq gələcəyə doğru sürətli hərəkətinin müjdəçisi kimi dəyərləndirib. İslam İnqilabının Ali Məqamlı Rəhbəri şagird və tələbələrə “elm və təqva, bilik və bacarıq”la silahlanmağı tövsiyə edərək onlara müraciətlə vurğulayıb: Məktəb və universiteti özünüzün ikinci evi hesab edin və onun sərhədlərini qoruyaraq, şüur və dünyagörüşü səviyyənizin daha da yüksəldilməsi, davranış və rəftarlarınızın kamilləşdirilməsi istiqamətində hərəkət edin və onu vətəninizin tərəqqi ocağına çevirin.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin yeni tədris ilinin başlanması münasibətilə müraciət yayımlayıb. Müraciətin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

«یَرفَعِ اللهُ الَّذینَ آمَنوا مِنکُم وَ الَّذینَ اوتُوا العِلمَ دَرَجات»

“Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Mucadilə surəsi, 11-ci ayə.)

Yeni tədris ilinin başlanması və məktəb və universitetlərdə elm və ədəb ocaqlarının yenidən fəaliyyətə başlaması xalqın gələcəyə doğru daha böyük ruh yüksəkliyi, ümid və sürətli addımlarla hərəkət edəcəyindən xəbər verir. Bu, parlaq və əzəmətli gələcəkdir. Bu gələcəyin qurulması İranın əziz övladlarının və İslam məktəbinin, eləcə də İslam İnqilabının yetirmələrinin qüdrətli əllərindədir. Məhz bu nəsil böyük İmam Xomeyni (r) və əzəmətli şəhid Ayətullah Xamenei (Allah ona rəhmət eləsin) tərəfindən dəfələrlə öz ümidlərini bağladıqları nəsil kimi xatırlanıb.

İndi yeni tədris ilinin qapıları çoxsaylı şagird və tələbələrin üzünə açılır, elm və hikmət yolçuları isə Allah-Təalanın lütfü ilə uğur qazanacaqlarına ümid edərək bilik, mərifət və bacarıq əldə etməyin yeni mərhələsinə qədəm qoyurlar. Bu münasibətlə, şəhid övladlarının dərdinə şərik olan analar və atalarla birgə, son müharibədə şəhid olmuş şagirdlərin xatirəsini bir daha ehtiramla yad etmək yerinə düşər. Bu il tədris ilinin başlanğıcındakı xatirələrlə dolu günlər bizdə dünyadan köçmüş övladlarımızın ayrılıq kədərini yenidən yaşadacaq. Məktəb və universitetlərdə bəzi tələbələrin, professorların və müəllimlərin boş qalan yerləri hiss olunacaq və bu kədər düşüncələrimizi xeyirlə şərin, haqqla batilin qarşıdurmasının doğru istiqamətinə yönəldəcək.

Bu gün şagird və tələbələrin məsuliyyəti elm və təqva, ümid və əxlaq, bilik və bacarıqla silahlanmağa, cəhalət və qaranlıq pərdələrini aradan qaldırmağa çalışmaqdır ki, elm sərhədlərini aşaraq, onun tərəqqiyə aparan zirvələrini fəth etdikləri zaman İranın yüksəlişi istiqamətində üzərlərinə düşən tarixi missiyanı yerinə yetirə bilsinlər. Bu mühüm vəzifə onların ikinci evi sayılan məkanda həyata keçirilir. Buna görə də əziz övladlarıma deyirəm ki, həmin məkanın sərhədlərini hər zaman ən yaxşı şəkildə qorumağınız, şüur və dünyagörüşü səviyyənizi daha da yüksəltməyiniz, davranış və rəftarlarınızı kamilləşdirməyiniz və onu öz vətəninizin tərəqqi ocağına çevirməyiniz zəruridir. Bir neçə il ərzində elm, ədəb, ruh yüksəkliyi və ümid məkanı olan bu ocaqda iştirak etmək fürsətindən özünüzü daha da inkişaf etdirmək üçün maksimum yararlanın. İnsan həyatının ən mühüm amili olan yaradanla əlaqənizi gücləndirməkdə, öz həmyaşıdlarınız, həmvətənləriniz və ailənizlə münasibətlərinizi inkişaf etdirməkdə, eləcə də elm əldə etmək və müxtəlif bacarıqlara yiyələnmək istiqamətində özünüzü daha da təkmilləşdirin.

Bu müddət ərzində düzgün düşünməyi və yenilikçi olmağı məşq edin, milli kimliyinizin, mədəni izzət və müstəqilliyinizin, ana dilinizin, İslam sisteminin müqəddəs bayrağının və digər rəmzlərinin köklərini daim qoruyun. Tezliklə cəmiyyətdə özünüzə uyğun rolu müəyyənləşdirmək növbəsi çatacaq və həmin zaman üzərinizə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirməklə həm özünüzü, həm də ölkənizi başıuca edəcəksiniz.

İndi hegemonluq sisteminin, xüsusilə də cinayətkar ABŞ hökumətinin və saxta sionist rejimin vəhşiliyinin tüğyan etdiyi bir dövrdə elm, təqva və əxlaqla müşayiət olunan bilikdən doğan qüdrət polad qalxan və kəsərli qılınc kimi onların bəşəriyyətə qarşı uzatdığı təcavüzkar əlləri kəsib atacaq. Bu gün siz bir qədər əvvəl sizin sevimli məktəb partalarınızda əyləşmiş nəsillərin hazırda İran İslam Respublikası üçün vətənin və şərəfin müdafiəsinin müxtəlif cəbhələrində fədakarlıq göstərərək izzət və qüdrət yaratdıqları dərslərdə iştirak edirsiniz. Onlar sizin üçün örnək və yol göstərən çıraq olacaqlar. Necə ki, onlardan əvvəl də məhz bu siniflərdə fədakarlıq nümunələri, ölkənin əzəmətinin simvolları, böyüklük və alicənablıq əfsanələri sayılan insanlar əyləşmişdilər.

Son sözüm müəllim və professorlarla bağlıdır. Biz hamımız təhsilimizin hər bir mərhələsində bizə dərs deyən müəllimlərimizə borcluyuq. Şagirdlərinin ən səmimi duyğuları ilə qarşılaşan bu əziz və sevimli təbəqə müxtəlif məclislərdə və müxtəlif zamanlarda hər kəs tərəfindən ehtirama layiqdir. Onlarda, bir qayda olaraq, müşahidə olunan ləyaqət və qənaətcillik onların hazırkı yaşayış vəziyyəti ilə bağlı məsul şəxsləri qane etmir və inşallah, hikmətli planlaşdırma yolu ilə onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində səmərəli tədbirlər görüləcək. Xüsusilə ona görə ki, bu məsələ yalnız qanuni vəzifənin yerinə yetirilməsindən daha geniş məna daşıyır və insanın qəlbindən gələn bir məsələdir.

Allahın salamı, rəhməti və bərəkəti üçüncü məcburi müharibənin şəhid professorlarının, müəllimlərinin, tələbə və şagirdlərinin, onların başında dayanan, ölkədə elmin sürətli inkişafında böyük haqqı olan hikmətli Rəhbər və böyük məqamlı şəhidimizin ( Allah ona rəhmət eləsin) üzərinə olsun. Elm, bilik və din sahəsində fəaliyyət göstərən bütün tərbiyəçilərə, müəllimlərə və professorlara təşəkkür edirəm. İran xalqının xoşbəxt gələcəyinə nail olacaq bütün şagird və tələbələrə təbriklərimi və xoş arzularımı çatdırıram. İnşallah, İmam Zamanın (ə.f) bərəkətli duasının sayəsində elm, ədəb və tərəqqinin zirvələrinə çatmaqda daha böyük uğurlar qazansınlar.

Seyid Müctəba Hüseyni Xamenei

22 sentyabr 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha