Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibətilə yayımladığı müraciətində vurğulayıb: İran xalqının səkkizillik Müqəddəs Müdafiəsi, on iki günlük müharibə və Ramazan ayında baş verən müharibə ilə birlikdə İran xalqının mübarizəsinin üç halqasını təşkil edir. Bu üç halqa bir-biri ilə müəyyən oxşarlıqlara malik olmaqla, İran xalqının müqavimət tarixini bir-birinə bağlayır və xalqın ümumi düşmən qarşısında vahid sıralarının daha da möhkəmlənməsinə səbəb olur.
Ölkə üzrə Elmi hövzələrin rektoru xalqın üç müdafiə halqasındakı mübarizəsinin 10 oxşar cəhətini izah edərək məsul şəxslərdən və üç hakimiyyət qolundan, qüdrətli və əziz silahlı qüvvələrdən, eləcə də İranın şücaətli və cəsur xalqından bir daha möhkəm, səbirli və müqavimətli olmalarını, iqtisadi problemlərin həlli, sosial kapitalın artırılması, ümummilli birlik və həmrəyliyin gücləndirilməsi, habelə mədəni, əxlaqi və sosial fəsadlarla mübarizə istiqamətində səylərini davam etdirmələrini istəyib.
Ayətullah Ərafinin müraciətinin tam mətnini təqdim edirik:
Bağışlayan və mehriban Allahın adı ilə
﴿فَلَا تُطِعِ الْكَافِرِینَ وَجَاهِدْهُم بِهِ جِهَادًا كَبِیرًا﴾
“Elə isə kafirlərə itaət etmə və onunla onlara qarşı böyük bir mübarizə apar!” (Furqan surəsi, 52-ci ayə)
İslam vətəninə düşmənlərin təcavüzünün başlanmasının 46-cı ildönümü və Müqəddəs Müdafiə Həftəsi İran xalqının iman, birlik və müqavimətə söykənərək, İmam Xomeyninin (r) rəhbərliyi ilə düşmənlərin təcavüzü qarşısında göstərdiyi və bu torpağın tarixində böyük bir qürur səhifəsi açdığı əbədi qəhrəmanlığı xatırladır.
Bu il Müqəddəs Müdafiə Həftəsinə elə bir şəraitdə başlayırıq ki, ABŞ və sionist düşməni bir il ərzində ikinci dəfə əziz vətənimizə təcavüz edib və bir çox komandanı, məsul şəxsi və məzlum İran xalqının nümayəndələrini, onların başında isə İslam ümmətinin böyük və əzəmətli rəhbəri həzrət İmam Xameneini (Allah ona rəhmət etsin) şəhid edib. Bu hadisə bir daha göstərdi ki, onlar heç bir insani prinsipə sadiq deyillər və xalqa zərbə vurmaq, vətənin varlığını məhv etmək üçün heç bir sui-qəsd və fitnədən çəkinmirlər. Lakin qüdrətli və şücaətli silahlı qüvvələrin cəsarəti, eləcə də xalqın bəsirətli və möhtəşəm iştirakı düşmənlərə sərt cavab oldu və onların mənfur planlarına çatmasına mane oldu.
İran xalqının səkkizillik İran və İraq arasında baş vermiş müharibəsi, on iki günlük müharibə dövrü və həmçinin Ramazan ayında baş vermiş müharibə ilə birlikdə İran xalqının mübarizəsinin üç halqasını təşkil edir. Bu üç halqa müəyyən oxşarlıqlara malik olmaqla, İran xalqının müqavimət tarixini bir-birinə bağlayır və xalqın ümumi düşmən qarşısında vahid sıralarının daha da möhkəmlənməsinə səbəb olur.
Bəlkə də vətənin müdafiəsinin hər üç halqası üçün aşağıdakı 10 oxşar cəhəti qeyd etmək olar ki, onların hamısı İran xalqının qürur mənbələrindən hesab olunur:
1. Müharibələrdəki qeyri-bərabərlik:
Hər üç müharibədə düşmənlər genişmiqyaslı hərbi təchizat və qlobal dəstəklə İran xalqının qarşısına çıxıblar. Lakin İran xalqı boş əllərlə və polad iradəli imanla müqavimət göstərib və bu Aşura xarakterli sınaqlardan uğurla keçib.
2. İran xalqının mövqeyinin müdafiə xarakterli olması:
Bütün bu müharibələrdə İran İslam Respublikası daim müdafiə mövqeyində olub və heç vaxt təcavüzə başlayan tərəf olmayıb. O, öz baxışına görə, insan, bəşəriyyət və beynəlxalq normalara zidd olan hücumlar qarşısında müqavimət göstərib.
3. Xarici düşmənlərlə yanaşı, daxili amillərlə də eyni vaxtda mübarizə: İran xalqı hər üç müharibədə xarici təhdidlərlə yanaşı, eyni zamanda daxili xəyanətlərlə də mübarizə aparıb.
4. İranın və İslam sisteminin hədəfə alınması: Düşmənlər bütün bu müharibələrdə yalnız İran torpaqlarını və onun parçalanmasını deyil, həm də İslam dövlətinin əsaslarını və onun dəyərlərini hədəfə alıblar.
5. Düşmənin hücumlarında amansızlıq və qəddarlıq: Qadağan olunmuş silahlardan istifadə, qadın və uşaqların qətlə yetirilməsi, məktəb və xəstəxanalara hücumlar, habelə infrastrukturun dağıdılması hər üç müharibədə düşmənin törətdiyi cinayətlərin bir hissəsi olub.
6. İran xalqının müqaviməti və dözümlülüyü:
İran xalqı hər üç müdafiədə misilsiz müqavimət, səbir, dözüm və həmçinin qəhrəmanlıqla mübarizə apararaq düşmənin mənfur məqsədlərinə çatmasına mane olub.
7. İlahi yardımlar:
Qurani-Kərimdə vəd edilən ilahi yardım hər üç müdafiədə açıq şəkildə gerçəkləşib və ən çətin anlarda İran xalqına yardım göstərib.
8. Müharibənin insan yetişdirən məktəbə çevrilməsi:
Müqəddəs Müdafiə istər səkkiz il, istər on iki gün, istərsə də Ramazan ayında baş vermiş müharibə dövründə İran xalqının mənəvi, əxlaqi və insani inkişafı üçün zəmin yaradıb. Səkkizillik İran və İraq müharibəsi zamanı döyüş meydanında yeni nəsillər formalaşıb və yeni cücərtilər meydana gəlib.
9. Müqavimətin dünyaya təsiri:
İran xalqının bu üç müdafiədə göstərdiyi müqavimət dünyanın bütün azadlıqsevərləri üçün nümunəyə çevrilib və hegemonluğun əzəmətinə ağır zərbə vurub.
10. Düşmənin yanlış hesablamaları:
Düşmənlər hər üç müharibədə yanlış hesablamalara əsaslanaraq İran xalqının təzyiqlər qarşısında təslim olacağını düşünürdülər. Lakin onlar bu xalqın imanının gücünü və ilahi iradəsini nəzərə almamışdılar.
Qeyd etmək lazımdır ki, Ramazan ayında baş vermiş müharibə İran xalqının layiqli şəkildə müdafiə olunması və müqavimət göstərməsi istiqamətində inkişaf və sivilizasiya baxımından tamamlayıcı üçüncü halqa olub. Onun ən mühüm xüsusiyyətləri aşağıdakılardır:
1. Bütün riyakarlıq pərdələrinin aradan qalxması, dünya hegemonluğu ilə birbaşa qarşıdurmanın baş verməsi, onun əzəmətinin sarsılması, ABŞ və sionist düşmənindən qorxunun aradan qalxması və gizli həqiqətlərin bütün dünya üçün aşkara çıxması.
2. Dünyanın ən böyük şeytani gücü qarşısında heyrətamiz hərbi və müdafiə nailiyyətlərinin, eləcə də qabaqcıl təhlükəsizlik və hərbi texnologiyaların nümayiş etdirilməsi və tətbiq olunması.
3. Qarşıdurmanın regiona yayılması və düşmənin regionun müxtəlif yerlərində yerləşən hərbi bazalarına birbaşa hücumların həyata keçirilməsi.
4. İranın çəkindirici qüdrətinin və dəniz, Fars körfəzi və Hörmüz boğazı üzərindəki üstün mövqeyinin təcəssüm etməsi.
5. İranın şücaətli xalqının böyük dirçəlişi və genişmiqyaslı oyanışı.
6. Müsəlman xalqlarının və dünyanın azad insanların bir-biri ilə sıx birləşməsi və müqavimətin səviyyəsinin yüksəlməsi.
7. İran, İraq, Livan, Yəmən, Fələstin və digər bölgələri əhatə edən Müqavimət cəbhəsi zəncirinin formalaşması və gücləndirilməsi, eləcə də düşmən qarşısında müxtəlif cəbhələrin birliyi siyasətinin elan edilməsi.
8. Müharibənin qlobal miqyasda əks-səda doğurması, mövcud hesablamaların dəyişməsi və dünya miqyasında, eləcə də sivilizasiya mübarizələrində mübarizə üçün nümunə formalaşdırması.
Müqəddəs Müdafiə Həftəsini ehtiramla yad edən Elmi hövzələrin İdarəetmə Mərkəzi, müqavimət cəbhələrinin və müqəddəs İran İslam Respublikası sisteminin dəstəklənməsində, eləcə də mübariz nəsillərin yetişdirilməsində ruhaniyyətin və Elmi hövzələrin misilsiz rolunu vurğulayır və şəhidlərin yolunun, İmam Xomeyninin və şəhid Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) ideallarının, eləcə də İslam İnqilabının Ali Məqamlı Rəhbərinin (Allah onuqorusun) yolunun davam etdirilməsində israr edir.
Elmi hövzələrin İdarəetmə Mərkəzi bütün tələbələrdən, ustadlardan və Elmi hövzələrin fəallarından istəyir ki, böyük mərceyi-təqlidlərin (Allah-Təala onların bərəkətlərini davamlı etsin) tövsiyələrindən ilham alaraq və yüksək məqamlı şəhidlərdən dərs götürərək, cihad və Müqəddəs Müdafiə maarifini izah etsin, bu maarifi gənc nəslə ötürsün və beləliklə, bu qiymətli irsin qorunub saxlanılmasında öz rollarını yerinə yetirsinlər.
Həmçinin möhtərəm məsul şəxslərə, üç hakimiyyət qoluna, qüdrətli və əziz silahlı qüvvələrə, eləcə də İranın şücaətli və cəsur xalqına təşəkkür və minnətdarlığını bildirərək onlardan bir daha möhkəm, səbirli və müqavimətli olmalarını, düşmən qarşısında müqavimət göstərməkdən çəkinməmələrini, iqtisadi problemlərin həlli, sosial kapitalın artırılması, ümummilli birlik və həmrəyliyin gücləndirilməsi, habelə mədəni, əxlaqi və sosial fəsadlarla mübarizə istiqamətində səylərini davam etdirmələrini istəyir.
وَ مَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِیزِ الْحَكِیمِ
“Qələbə yalnız yenilməz qüdrət və hikmət sahibi Allah tərəfindəndir.” — Ali-İmran surəsi, 126-cı ayə.
Allahın rəhmət və bərəkəti üzərinə olsun
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz