bazar 27 sentyabr 2026 - 15:57
İraq müftisindən ölkənin Baş nazirinə xəbərdarlıq

Hövzə / İraq Respublikasının müftisi Şeyx doktor Məhdi əs-Sumeydəi bu ölkənin Baş nazirinə ünvanladığı mesajında İraq və İran arasında hava uçuşlarının dayandırılması ilə bağlı bildirib ki, İraq başqalarının iradəsinin həyata keçirildiyi məkana çevrilməməlidir və bu ölkənin hava limanları xalqlara təzyiq vasitəsi kimi istifadə edilməməlidir.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, İraq Respublikasının müftisi Şeyx doktor Məhdi bin Əhməd əs-Sumeydəi İraqın baş nazirinə ünvanladığı mesajda İraq ilə İran İslam Respublikası arasında hava reyslərinin dayandırılması məsələsinə toxunaraq, İraqın suverenliyinin qorunmasının, bu ölkə xalqının maraqlarının təmin edilməsinin və siyasi fikir ayrılıqlarının xalqlara təzyiq vasitəsinə çevrilməsinin qarşısının alınmasının zəruriliyini vurğulayıb. Bu mesaj xüsusi olaraq “Qadimun” Ümumdünya Assambleyasına da göndərilib.

Əs-Sumeydəi İraq dövlətinin suverenliyinə tam hörmət bəslədiyini və hökumətin ölkənin təhlükəsizliyinin və maraqlarının qorunması istiqamətində tədbirlər görmək hüququnu vurğulayaraq bildirib ki, İraqın suverenliyi bu ölkənin başqalarının istəklərinin həyata keçirilməsi üçün meydana çevrilməsi anlamına gəlməməlidir və İraq xalqı onun maraqlarına xidmət etməyən qarşıdurma və siyasətlərin bədəlini ödəməməlidir.

İraqın müsəlman ölkəsi olduğunu, İslam xalqları arasında dini, qonşuluq, tarixi əlaqələrin və ortaq maraqların mövcudluğunu qeyd edən müfti İraq ilə İran İslam Respublikası arasındakı münasibətlərə toxunaraq deyib: İran İraqla qonşu olan, bu ölkə ilə ortaq sərhədə malik, həmçinin dərin sosial, iqtisadi və dini əlaqələri olan bir dövlətdir.

İraq Respublikasının müftisi daha sonra belə bir sual irəli sürüb: Müsəlman bir xalqın çətin vəziyyətlərdə İraqın yanında dayanmasının qarşısını necə almaq, daha sonra isə İraqdan həmin xalqla düşmən tərəf kimi davranmasını istəmək mümkündürmü? O, siyasi fikir ayrılıqlarının xalqlar arasında düşmənçiliyə gətirib çıxarmamalı olduğunu vurğulayıb.

O, həmçinin İraqın çətin dövrlərində, xüsusilə İŞİD terror qruplaşmasına qarşı mübarizə zamanı bu ölkənin yanında dayanan və müxtəlif formalarda dəstək göstərən ölkə və xalqların mövqelərini xatırladaraq bildirib ki, bu dəstəklərin nəticəsi həmin ölkələrin vətəndaşlarının üzünə qapıların bağlanması, siyasi qərarların nəticələrinin mülki şəxslərə, xəstələrə, tələbələrə və zəvvarlara yüklənməsi olmamalıdır.

İraq Respublikasının müftisi Əs-Sumeydəi vurğulayıb ki, onun sözləri qanunun pozulmasına çağırış, beynəlxalq qərarlara qarşı çıxmaq və ya İraqın suverenliyinə göz yummaq anlamına gəlmir. Əksinə, o, İraqın ləyaqətini və xalqının maraqlarını qoruyan, eyni zamanda İraqın böhranları zamanı bu ölkənin yanında dayanan insanlara zərər dəyməsinin qarşısını alan İraq siyasətinin həyata keçirilməsini istəyir.

O, sədaqətin alicənab insanların xüsusiyyətlərindən biri olduğunu və ədalətin parçalanmaz olduğunu vurğulayaraq əlavə edib ki, siyasi fikir ayrılıqları xalqlara qarşı düşmənçiliyə çevrilməməli və dövlətlərin siyasətinə görə mülki şəxslər cəzalandırılmamalıdır.

İraq Respublikasının müftisi daha sonra ölkə hökumətindən İraqın mənafeyini prioritet hesab etməyi və mövcud bütün diplomatik və hüquqi vasitələrdən istifadə etməklə beynəlxalq qarşıdurmaların İraq və onun xalqı üçün doğura biləcəyi fəsadların qarşısının alınması istiqamətində çalışmasını istəyib.

O, həmçinin humanitar, dini, tibbi və təhsil məsələləri ilə bağlı halların istisna edilməsi üçün səy göstərilməsini istəyib və vurğulayıb ki, İraqın hava limanları xalqlara təzyiq vasitəsinə çevrilməməlidir.

İraq Respublikasının m Əs-Sumeydəi mesajının digər hissəsində vurğulayıb: «İraqın böhranları zamanı bu ölkənin yanında dayanan şəxs ən azı ədalət, sədaqət və layiqli münasibətə layiqdir. İraqa və onun xalqına zərər vuran hər kəs isə kollektiv tədbirlərə yol vermədən, qanun və ədalət çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Siyasi tədbirlər İraqla dini və qonşuluq əlaqələri olan müsəlman xalqların kollektiv cəzalandırılmasına çevrilməməlidir.»

O, daha sonra «Əvvəlcə İraq, əvvəlcə İraqın suverenliyi, əvvəlcə İraq xalqının mənafeyi və hamıya qarşı ədalət — bizim yolumuz budur» ifadəsini vurğulayaraq bildirib ki, İraq xalqının səsini eşitməyən və onun ağrı-acısını hiss etməyən şəxslərin xeyrinə olmayan gözlənilməz hadisələrə zəmin hazırlanmamalıdır.

İraq Respublikasının müftisi həmçinin İraq xalqının ruhiyyəsinə toxunaraq deyib: İraqlılar vətənlərinə qarşı nə qədər qeyrətli və müdafiəçi davranırlarsa, çətin günlərdə onların yanında dayanan və onlara dəstək göstərən insanlara qarşı da bir o qədər sadiq və qeyrətlidirlər.

Şeyx Məhdi əs-Sumeydəi sonda Qurani-Kərimin ayələrinə istinad edərək Allah-Taaladan İraqı və onun xalqını qorumasını, bu ölkəni fitnə və qarşıdurmalardan uzaq saxlamasını, ölkə və xalq üçün xeyirli olan işlərə görə məsul şəxsləri hidayət etməsini və islah etməsini diləyib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha