Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Ərafi Azərbaycan Respublikasının təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatın tam mətnini təqdim edirik.
Bağışlayan və mehriban Allahın adı ilə
Hicab və geyim məsələsi, xüsusilə də qadınların geyimi müqəddəs İslam dinində, İslam həyat tərzində və əsil İslam ənənələrində tarix boyu şəri cəhətdən vacib əməli kimi qəbul edilmişdir. Əslində, şəri vaciblər inzibati sərəncamlar, eləcə də bəşəri və hakimiyyət qanunları ilə qüvvədən düşmür və onların müsəlmanlar üçün vacibliyi aradan qalxmır.
Bundan əlavə, İslam məktəbinin etiqad sistemində hicab müsəlman qadının imanının, iffətinin və dini kimliyinin təzahürü, habelə mömin qadınların inancından və şüurlu seçimindən qaynaqlanan bir dəyər hesab olunur. Heç bir müsəlman ölkəsinin öz cəmiyyətində yaşayan qadın və qızları bu şəri hüquqdan məhrum etməyə haqqı yoxdur. Onları insan hüquqlarına və bəşəri ləyaqətə zidd şəkildə təhsil almaq, dərs demək, elmi və ictimai fəaliyyətlərdə iştirak etmək kimi hüquqlarından məhrum etmək yolverilməzdir.
Uca Allah Qurani-Kərimin Nur surəsinin 31-ci ayəsində buyurur:
وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ...
Mömin qadınlara da de ki, gözlərini haram baxışlardan çəksinlər, iffətlərini qorusunlar, zinətlərini görünən hissəsi istisna olmaqla, aşkara çıxarmasınlar və baş örtüklərini yaxalarının üzərinə salsınlar ki, boyun və sinələri örtülsün.
Bu nurani ayəyə əsasən, qadınlar başlarını və boyunlarını naməhrəmdən örtməli, İslam hicabına riayət etməlidirlər. Heç kəs inzibati sərəncamlar və bəşəri qanunlar vasitəsilə Qurani-Kərimin açıq hökmünü qüvvədən sala bilməz.
Azərbaycan Respublikasında hicab məsələsinə gəldikdə isə, son vaxtlar bu ölkənin hakimiyyət orqanları və bəzi qurumları tərəfindən möhtərəm müəllimlər və əziz şagirdlər üçün müəyyən məhdudiyyətlər yaradılmışdır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu bu ölkədə hicabla bağlı məsələ də eyni dini və hüquqi prinsiplər əsasında nəzərdən keçirilməlidir.
Buna görə də ölkənin hakimiyyət nümayəndələrindən və məsul şəxslərindən gözlənilir ki, müsəlman və inanclı Azərbaycan xalqının, xüsusilə də məktəbli qızların və qadın müəllimlərin şəri tələblərinə hörmətlə yanaşsınlar. Qurani-Kərimə və Əhli-beyt (ə) məktəbinin təlimlərinə əsaslanan bu tələb və istəklərin nəzərə alınması vacibdir. Ölkənin müsəlman əhalisinin dini etiqadına və dini tələblərinə xələl gətirilməsinə yol verilməməlidir.
Elmi Hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz