cümə 23 oktyabr 2026 - 09:10
Xarici ölkələrdə yaşayan azərbaycanlı ruhanilərin hicab məsələsi ilə bağlı bəyanatı

Hövzə | Biz bu haqlı mübarizədə xalqımızın, şəhid ailələrinin və qazilərimizin yanında olmağı, onların səsinə səs verməyi özümüzə mənəvi bir borc hesab edirik.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, xarici ölkələrdə yaşayan bir qrup azərbaycanlı ruhani hicab məsələsi ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatın tam mətnini təqdim edirik.

Bağışlayan və mehriban Allahın adı ilə 

Əziz Azərbaycan xalqı!

Son günlər ölkəmizdə hicab qadağası ilə bağlı baş verən xoşagəlməz hadisələrin şahidi oluruq. Bir tərəfdə hicablı qızların məktəblərə buraxılmaması, şəhid analarına və övladlarına qarşı hörmətsiz münasibət, dinc etirazçıların saxlanılması, digər tərəfdə isə öz qanuni hüquqlarının təmin olunmasını tələb edən valideynlər və şagirdlər dayanır.

Biz, azərbaycanlı ruhanilər olaraq, bu haqlı mübarizədə xalqımızın, şəhid ailələrinin və qazilərimizin yanında olmağı, onların səsinə səs verməyi özümüzə mənəvi bir borc hesab edirik. İnanırıq ki, həzrət Fatimənin (s.ə) şəhadət günləri ərəfəsində uca Allahın yardımı, həzrət Fatimənin (s.ə) xüsusi nəzəri, şəhidlərimizin duaları, məsum qızlarımızın göz yaşları, xalqımızın güclü iradəsi və haqq mücadiləsindən geri çəkilməməsi sayəsində bu haqsızlığa son qoyulacaqdır.

Bu məqsədlə aidiyyəti dövlət orqanlarına aşağıdakı tələblərlə müraciət edirik:

1. Hicablı şagirdlərin təhsil hüququ təmin edilsin. Şagirdlərin hicablı olduqlarına görə məktəblərə buraxılmaması hallarına son qoyulsun.

2. Hicablı xanımlara qarşı dövlət orqanlarında, ictimai yerlərdə, ticarət mərkəzlərində və nəqliyyat vasitələrində yaradılan süni maneələr aradan qaldırılsın. Heç bir vətəndaş dini etiqadına görə məhdudiyyətlərlə üzləşməsin.

3. Şəxsiyyət vəsiqələri və pasportlarda hicablı fotoşəkillərdən istifadəyə icazə verilsin. Dini etiqadlarına uyğun geyinən şəxslərin rəsmi sənədlərdə hicablı fotoşəkillərlə təmsil olunmasına maneələr aradan qaldırılsın. Bu məsələdə dini etiqad azadlığına hörmətlə yanaşılsın.

4. Dinc etiraz iştirakçılarının hüquqları qorunsun. Vətəndaşların öz hüquqlarını dinc və sivil şəkildə tələb etmələrinə hörmətlə yanaşılsın, qanunsuz olaraq saxlanılan şəxslər azad edilsin.

Həmçinin bildiririk ki, hicab qadağasını təsbit edən hər hansı razılaşmanı, xalqımızın haqq mücadiləsinə kölgə salan addımları və çıxışları, eləcə də məktəbə parik və ya papaqla getməyi dini baxımdan məqbul hesab etmirik. Biz bu addımları İslam dəyərlərinin aradan qaldırılmasına yönəlmiş addımlar kimi qiymətləndiririk.

Hicablıların hüquqlarının müdafiəsinə dəstək verən bütün xalqımıza və fəallara təşəkkürümüzü bildirir, problemin ədalətli həllinə nail olanadək haqq mücadiləsindən geri çəkilməyən və öz hüquqlarını tələb edən vətəndaşlarımıza dua edir, uca Allahdan xalqımıza birlik, səbir və yardım diləyirik.

İnanırıq ki, xalqımızın iradəsi və haqqın müdafiəsi istiqamətində göstərilən səylər öz nəticəsini verəcəkdir.

Allah xalqımızı qorusun!

Bu bəyanat Nəcəf, Qum və Məşhəd elmi hövzələrində təhsil alan və tədris fəaliyyəti ilə məşğul olan, habelə Rusiya və Avropa ölkələrində yaşayan bir qrup azərbaycanlı ruhani tərəfindən verilir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha