Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, Pakistanın Qucranvala şəhərindən olan əhli sünni zəvvarı Məlik Fələk Şeyr, Nəcəf şəhərindən Kərbəlaya doğru milyonlarla insanın iştirak etdiyi İmam Hüseynin (ə) ərbəin yürüşü zamanı Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində İmam Hüseynin (ə) mesajının ümumbəşəri olması və məhəbbətin bəşəriyyətin problemlərinin həll edilməsində olan rolunu vurğulayıb.
O, çıxışının davamında bu mənəvi səfərlə bağlı hisslərini ifadə edərək bildirdi: Uzun müddətdir ürəkdən dua edirdim ki, Allah mənə Əhli-beyti (ə) ziyarət etməyi nəsib etsin. İndi bu şərəf qismət olduğuna görə təsvirolunmaz bir coşqu və sevinc bütün varlığıma hakim olub. “Hüseyn hamınındır” şüarını eşidəndə isə bu cümlə ruhumun dərinliklərinə qədər təsir etdi.
Əhli sünni zəvvarı sözlərinə belə davam etdi: Bu yolda gördüyüm əxlaq, məhəbbət və intizam mənzərələri misilsiz idi. Bəziləri düşünür ki, İmam Hüseyn (ə) yalnız şiələrə məxsusdur, lakin mənim etiqadım budur ki, hər kəsin İmam Hüseyn (ə) və Əhli-beyt (ə) ilə bağlılığı yoxdursa, əslində onun imanla bağlılığının olmaması anlamına gəlir.
O, sözlərinin davamında Nəcəfdən Kərbəlaya doğru piyada yürüş haqqında belə deyib: Bu hərəkət eşq və məhəbbətin saf bir təzahürüdür. İnsan qəlbində məhəbbət və sevgi qazandıqda, çətin və uzun yollar onun üçün asanlaşır. Biz də elə bu eşqlə Nəcəfdən Kərbəlaya qədər yolu piyada qət etdik.
Məlik Fələk Şeyr, Ərbəinin əsas mesajı barədə belə deyib: Bu toplanışın ən böyük mesajı məhəbbətdir.Çünki məhəbbət insanları bir-birinə yaxınlaşdırır və bütün problemlərin açarıdır. Mən yol boyu öz gözlərimlə görürdüm ki, insanlar zəvvarlara necə israrla və eşqlə xidmət edir, cani-dildən onlara imkanlar yaradır və yemək verirdilər. Belə mənzərələri mən həyatımda heç vaxt yaşamamışdım.
O, həmçinin Həcc və Ərbəini müqayisə edərək dedi: Bu iki səfərin hər birinin özünəməxsus yeri və dəyəri var, lakin Ərbəin bütün bəşəriyyət üçün mənəviyyat, fədakarlıq və müqavimət mesajını daşıyır. Onun böyük dərsi budur ki, İlahi razılıq ən böyük uğurdur, hətta bunun üçün ən böyük fədakarlıq tələb olunsa belə.
Məlik Fələk Şeyr, sonda İmam Hüseynin (ə) ziyarətini qəbul etməsi üçün dua edərək qeyd etdi: Bu piyada yürüşü və ziyarətində iştirak etməyim mənim həyatımın ən gözəl və ən şirin anı oldu.
Xəbərin sonu
Rəyiniz