Hövzə Xəbər Agentliyinin tərcümə şöbəsinin məlumatına görə, Livanlı sünni ruhani və “Qulna vəl-əməl” cəmiyyətinin sədri şeyx Əhməd Qəttan siyasi mövqeyini açıqlayaraq bildirib ki, Livanda və eləcə də hər yerdə ölkəni, xalqı və müqəddəs məkanları qorumaq üçün mövcud olan silah şəriət baxımından təhvil verilə bilməz. Onun sözlərinə görə, bu silahların onları qoruya bilməyən hər hansı bir tərəfə verilməsi yolverilməzdir.
Şeyx Qəttan Livan hökumətinin ölkədə saxlanılan sionist əsiri İsrailə təhvil verməsindən təəccübünü ifadə edib. O deyib: “Hamımız yaxşı bilirik ki, işğal altındakı Fələstində İsrailin əlində çox sayda livanlı mülki əsirlərimiz var. Belə olan halda, dövlətimizin heç bir təzminat olmadan bir israillini düşmənə təhvil verməsi necə qəbul edilə bilər? Bu təzminatın ən az miqdarı İsrail həbsxanalarındakı bir neçə mülki livanlının geri qaytarılması olmalı idi”.
Şeyx Əhməd Qəttan bəzi dövlətlərin və hökumətlərin İsraillə “sülh” və “münasibətlərin normallaşması” adı altında atdıqları addımları tənqid edərək bildirib: “Onlar hər şeyi bu düşmənə təhvil vermək istəyirlər, amma əvəzində heç nə almaq istəmirlər və ondan heç nə almağa da icazələri yoxdur.”
O əlavə edib: “Biz deyirik ki, Livanda və harada olursa-olsun, ölkəni, xalqı və müqəddəs məkanları qoruyan silahların təhvil verilməsi şəriətimizə görə qadağandır. Bu, bizim əqidəmiz və dini bir fətvadır. İslam qanunlarına görə, gücümüzü elə təslim etmək yolverilməzdir ki, düşmən onu məhv edib bizə hücum edə bilsin. Biz qalan gücümüzü təslim etməmişik və hər gün qətliamların, dağıntıların, işğalın və suverenliyimizin pozulmasının şahidi oluruq. Bizdən silahlarımızı təhvil verməyimizi istəyirsiz ki, düşmən daha da vəhşiləşsin, xalqımızı tam qırsın və bütün torpaqlarımızı işğal edib nəzarət altına alsın!”
Şeyx Qəttan vurğulayıb ki, heç kəs İsrailə qarşı zəmanət verə bilməz:
“Kim bu düşmənin Livana hücum etməyəcəyinə təminat verə bilər? Livanda və ya başqa bir məntəqədə hansı qrup buna zəmanət verə bilər? Əgər ABŞ deyirsə ki, mən zəmanət verə bilmirəm, onda kim təmin edə bilər ki, bu düşmən İsrail Livana soxulmayacaq və bütün ölkəmizi işğal etməyəcək? Onsuz da beş məntəqəni işğal altında saxlayıb və hər gün torpaqlarımıza və ölkəmizə hücum edir!”
Livanlı ruhani sonda deyib: “Gəlin bir az da məntiqli olaq və ölkəmizi müdafiə etmək məsuliyyətini daşıyan qüvvələrin yanında dayanaq. Bizim Livan ordusuna güclü inamımız var və, inşaallah, inanırıq ki, ordu heç vaxt daxili müharibəyə və millətimizə, xalqımıza qarşı qarşıdurmaya cəlb olunmayacaq. Çünki Livanda ordu vətəndaş sülhünün rəmzi və əmin-amanlığın təminatçısıdır. Biz Uca Allahdan diləyirik ki, ölkəmiz olan Livanı, həmçinin bütün ərəb və müsəlman ölkələrini qoruyub mühafizə etsin.”
Müxbir: Əmir Kərimi
Rəyiniz