Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə verdiyi məlumata görə, “Pakistan İslam İcmasının" partiya sədri Hafiz-ər-Rəhman, partiyanın yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə İslam məzhəblərinin birliyi üzrə Dünya Forumunu ziyarət edərək, Forumun Baş direktoru Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyari ilə görüşmüş və İslam dünyasının vəhdəti ilə Fələstin məsələsinə dəstək mövzularında müzakirələr aparmışdır.
Görüş zamanı Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyari İranın 12 günlük müharibədən sonrakı vəziyyətini izah edərək, İranda keçiriləcək 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransına toxunmuş və qeyd etmişdir:
“Bu il keçiriləcək Vəhdət Konfransında İran İslam Respublikasının Prezidenti də iştirak edəcəkdir. Sizi də 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransına qatılmaq üçün İrana dəvət edirik.
Höccətül-İslam vəl-müslimin Şəhriyari, "Pakistan İslam İcması" partiyasının mövqeyinə toxunaraq bildirmişdir:
Bu partiya subkontinentin (yarımqitənin) ən nüfuzlu siyasi təşkilatlarından biridir və onun qurucusu Seyid Əbül Əla Məvdudinin düşüncələri mərhum İmam Xomeyninin ideyalarına olduqca yaxındır.
Forumun Baş direktoru həmçinin İslamın üç əsas dəyərinə işarə edərək qeyd etmişdir ki, məzhəblərin birliyi təhlükəsizlik, ədalət və insan şəxsiyyətinin prinsiplərinə əsaslanır və məhz bu prinsiplər müsəlmanların Fələstin məsələsinə diqqətini artırmışdır.
O, çıxışının bir hissəsində "Pakistan İslam İcması" partiyasının Fələstinə dəstək mövqeyini yüksək qiymətləndirmiş və demişdir:
Bu bir insanlıq vəzifəsidir. 12 günlük müharibədən sonra Pakistanda daxili həmrəyliyin artması həmin müharibənin mühüm nailiyyətlərindən biri olmuşdur. Hətta əvvəllər bizə qarşı mövqe tutan bəzi şəxslər də həmin müharibə dövründə bizim xeyrimizə bəyanat vermişlər. Bu böyük bir uğurdur.
Şəhriyari əlavə etmişdir: Səudiyyə Ərəbistanı bəyan etmişdir ki, öz ərazisindən ABŞ təyyarələrinin İrana qarşı uçuşuna icazə verməyəcək. Bu İslam dünyasının İsrailə qarşı birliyi və həmrəyliyi baxımından mühüm dəyərdir. Biz bu nailiyyəti böyük bir dəyər hesab edirik və onun genişlənməsi üçün çalışacağıq.
Görüşdə çıxış edən Hafiz Nəim-ər-Rəhman İranda baş vermiş 12 günlük müharibəni “ilahi imtahan” adlandıraraq, İranın bu sınaqdan müvəffəqiyyətlə çıxdığını bildirmiş, Forumun müsəlmanlar arasında vəhdət yaratmaq istiqamətindəki fəaliyyətlərini yüksək dəyərləndirmişdir.
O əlavə etmişdir: Bir vaxtlar vəhdətə əhəmiyyət verməyənlər, Qəzza müharibəsindən sonra anladılar ki, İslam ümmətinin nicatı yalnız birlikdədir.
İslam məzhəblərinin birliyi üzrə Dünya Forumunun dəvəti ilə İrana səfər edən "Pakistan İslam İcması" Partiyasının direktoru, məzhəblərarası birliyin Pakistanda gücləndirilməsinin və İslam dünyasında parçalanmaya qarşı mübarizədə İranla əməkdaşlığın zəruriliyini vurğulamışdır.
O, həmçinin öz partiyasının Fələstin məsələsində İranın siyasətlərinə tam dəstək verdiyini və İsraili isə rəsmi olaraq tanımadıqlarını bəyan edərək demişdir:
Mövqeyimiz haqq və batil meyarı üzərində qurulub. "Pakistan İslam İcması" adi bir partiya deyil. Biz orada dini dəyərlərin bərpası və məzhəblər arasında parçalanmaya qarşı mübarizə aparırıq və bu istiqamətdə bizə dəstək göstərilməsini istəyirik.
Nəim-ər-Rəhman İslam ölkələrinin Fələstin məsələsindəki problemlərinə diqqət çəkərək vurğulamışdır: Fələstindəki mövcud vəziyyət İslam dünyasının birliyi üçün bir fürsətdir. Bu istiqamətdə İslam təşkilatları və dövlətləri əməkdaşlıq etməlidirlər.
O, həmçinin İslamın və onun dəyərlərinin Qərb gənclərinə mənəvi ruh yüksəkliyi kimi təqdim edilməsinin vacibliyini qeyd etmiş, İran və Pakistanın terrorizmlə mübarizə sahəsində əməkdaşlıq etməsi zərurətini də önə çəkmişdir.
Rəyiniz