Hövzə Xəbər Agentliyinin Bircənd şəhəri üzrə müxbirinin verdiyi məlumata əsasən Ali Mədəni İnqilab Şurasının katibi Höccətül-İslam vəl-müslimin Xosrovpənah, Ayətullah Müfəttihin (r) şəhadətinin ildönümü və hövzə ilə universitetin vəhdəti mövzusunda Bircənd Universitetində keçirilən anım mərasimində çıxış edərək vurğulamışdır ki, hövzə ilə universitetin vəhdəti yalnız zahiri əməkdaşlıqlarla məhdudlaşmır. O, elm və din arasında fundamental və tətbiqi qarşılıqlı əlaqəni bu vəhdətin reallaşmasının, eləcə də ölkənin elmi və ictimai tərəqqisinin əsas şərti kimi dəyərləndirmişdir.
Ali Mədəni İnqilab Şurasının katibi qeyd etmişdir ki, hövzə ilə universitetin vəhdəti hələ kifayət qədər düzgün izah olunmayıb. Bəzən insanlar düşünür ki, vəhdət yalnız institusional birləşmə və ya hövzə və universitet müəllimlərinin bir-birinin dərslərində iştirak etməsi deməkdir. Halbuki bunlar faydalı olsa da, hövzə ilə universitetin vəhdətinin mahiyyəti bundan daha dərindir və yalnız elm ilə dinin qarşılıqlı dərin əlaqəsi çərçivəsində öz mənasını tapır.

O, vurğuladı ki, həqiqi vəhdət fundamental səviyyədə elm və din arasında nəzəri və fəlsəfi dialoqlara bağlıdır. O əlavə etdi: Elm və dinin fəlsəfəsi və dini təlimlərin eləcədə təbii elmlər məsələn, biologiya və kvant fizikasının nəzəriyyələri ilə münasibəti kimi mövzular hövzə ilə universitet arasında ciddi qarşılıqlı əlaqə tələb edir. Bu qarşılıqlı təsir ziddiyyət yaratmadan, elmi, etik və biliyə əsaslanan bir mühitdə həyata keçirilə bilər.
Höccətül-İslam Xosrovpənah müasir tarixdə din və universitet alimləri arasında aparılmış elmi dialoqlardan nümunələr gətirərək qeyd etdi: Elmi fikir ayrılıqları yalnız zərərverici deyil, əksinə, sağlam və ədalətli dialoq şəraitində biliklərin inkişafına və elmin yaradılmasına xidmət edir.

O, çıxışının digər hissəsində ölkənin yeni sahələrdəki elmi tərəqqisinə, o cümlədən kvant texnologiyaları, süni intellekt və strateji elmlərə diqqət çəkdi və bildirdi ki, bu tərəqqinin böyük bir hissəsi universitet alimlərinin səylərinin nəticəsidir. Bu isə göstərir ki, ölkənin universitetləri elmi cihad yolunda irəliləyir. Eyni zamanda, son onilliklərdə hövzə elm ocaqları da ixtisaslaşmış fiqh sahələrində, əlavə fəlsəfə sahələrində və disiplinlərarası elmlərdə nəzərəçarpacaq inkişaf müşahidə etmişdir.
Ali Mədəni İnqilab Şurasının katibi əlavə etdi ki, hövzə ilə universitetin vəhdəti tətbiqi sahədə də zəruridir. O vurğuladı: Sosial məsələlərdə universitet mövcud vəziyyəti elmi üsullarla təsvir edə bilər, hövzə isə Quran və sünnət əsasında ideal insan modelini təqdim edə bilər. Bu iki baxışın birləşməsi sosial islahata və səmərəli idarəetməyə zəmin hazırlayacaqdır.

O, bu qarşılıqlı təsirin reallaşması üçün geniş düşüncəli olmağı, elmi səbr və siyasətdən uzaq yanaşmanı şərt kimi göstərdi və qeyd etdi: Fikir ayrılıqları təbii haldır, lakin onlara açıq fikirli, dialoq və nəzəri təhlil ruhu ilə yanaşmaq lazımdır ki, ölkənin inkişaf yolu aydın və maneəsiz olsun.
Höccətül-İslam vəl-müslimin Xosrovpənah çıxışının sonunda İslam İnqilabından sonra hövzə elm ocaqlarında baş verən dəyişikliklərə diqqət çəkdi. O bildirdi ki, ixtisaslaşmış sahələrin formalaşması və dini şübhələrə elmi cavab verilməsi həm hövzə, həm də universitetin dinamizmini (aktivliyini) göstərir. Bu yolda davamlılığın təmin olunması üçün isə bu iki elmi institut arasında real əlaqə və qarşılıqlı təsirin gücləndirilməsi zəruridir.
Xəbərin sonu

Rəyiniz