Hövzə Xəbər Agentliyinin məlumatına görə «İdeal cəmiyyətə doğru» məhdəviyyət mövzuları adlı məqalələr silsiləsi İmam Zaman (ə.f) ilə bağlı bilgi və maarifin yayılması məqsədilə siz dəyərli oxucuların diqqətinə təqdim olunur.
İmam Mehdinin (ə.f) qeyb dövrü fitnələrin, təhlükələrin və müxtəlif azğınlıqların baş qaldırdığı bir mərhələdir. Qeybdə olan imamın ardıcılları qeyb dövrünün bütün enişli-yoxuşlu mərhələlərində həm öz etiqadlarının keşikçisi olmalı, həm də davranışlarına nəzarət etməlidirlər ki, imama itaət çərçivəsindən kənara çıxmasın və şeytanın tələsinə düşməsinlər.
Bu çətin mərhələdə ən mühüm səbr və dayaq amillərindən biri, dua etmək, Allahla və eyni zamanda imamla mənəvi əlaqəni qorumaqdır. Bu yolla möminlər onu unutmur, zikr, dua və ziyarət vasitəsilə onunla davamlı mənəvi əlaqəni qoruyub saxlayırlar.
İmam Sadiq (ə) buyurmuşdur:
«سَتُصِیبُکُمْ شُبْهَةٌ فَتَبْقَوْنَ بِلاَ عَلَمٍ یُرَی وَ لاَ إِمَامٍ هُدًی وَ لاَ یَنْجُو مِنْهَا إِلاَّ مَنْ دَعَا بِدُعَاءِ اَلْغَرِیقِ قُلْتُ کَیْفَ دُعَاءُ اَلْغَرِیقِ قَالَ یَقُولُ یَا اَللَّهُ یَا رَحْمَانُ یَا رَحِیمُ یَا مُقَلِّبَ اَلْقُلُوبِ ثَبِّتْ قَلْبِی عَلَی دِینِکَ.» (کمالالدین، ج ۲، ص ۳۵۱)
«Sizə elə bir şübhə gələcək ki, nə görünən bir nişanə olacaq, nə də hidayət edən bir imam. Bu şübhədən yalnız “qərq olanın duasını” oxuyan nicat tapacaq».
Ravi soruşur: “Qərq olanın duası necədir?”
Həzrət buyurur:
«Ey Allah! Ey Rəhman! Ey Rəhim! Ey qəlbləri dəyişdirən! Qəlbimi öz dinində sabit saxla».
(Kəmalud-din, c. 2, s. 351)
Bu duada, hidayət bayrağını daşıyan imamın qeyb dövründə dində möhkəm və sabit qalmaq üçün dua etməyin zəruriliyi vurğulanır ki, bu da duanın nə qədər mühüm bir mövqeyə malik olduğunu göstərir.
İmam Həsən Əskəri (ə) buyurur:
«وَ اللَّهِ لَیغِیبَنَّ غَیبَةً لَا ینْجُو فِیهَا مِنَ التَّهْلُکَةِ إِلَّا مَنْ یثَبِّتُهُ اللَّهُ عَلَی الْقَوْلِ بِإِمَامَتِهِ وَ وَفَّقَهُ لِلدُّعَاءِ بِتَعْجِیلِ فَرَجِه.» (بحارالانوار، ج ۵۲، ص ۲۳)
«Allaha and olsun ki, o elə bir qeybə çəkiləcəkdir ki, həmin dövrdə yalnız Allahın onu imamətə etiqadda sabit saxladığı və zühurun tezləşməsi üçün dua etməyə müvəffəq etdiyi şəxs həlak olmaqdan nicat tapacaq».
(Biharul-ənvar, c. 52, s. 23)
Başqa bir baxımdan, İmam Zaman (ə.f) üçün dua etmək, o həzrətin intizarında olanların üzərinə düşən mühüm vəzifələrdən biridir və bu məsələ məsum imamların xüsusi diqqət mərkəzində olmuşdur. Rəvayətlərdə qeyd olunur ki, İmam Rza (ə) İmam Zaman (ə.f) üçün dua etməyi tövsiyə edərək belə buyurmuşdur:
«اللَّهُمَّ ادْفَعْ عَنْ وَلِیکَ وَ خَلِیفَتِکَ وَ حُجَّتِکَ عَلَی خَلْقِکَ….َ وَ احْفَظْهُ مِنْ بَینِ یدَیهِ وَ مِنْ خَلْفِهِ وَ عَنْ یمِینِهِ وَ عَنْ شِمَالِهِ وَ مِنْ فَوْقِهِ وَ مِنْ تَحْتِه….َ أَیدْهُ بِنَصْرِکَ الْعَزِیزِ وَ أَیدْهُ بِجُنْدِکَ الْغَالِبِ …..وَ وَالِ مَنْ والاهُ وَ عَادِ مَنْ عَادَاهُ…» (بحارالانوار، ج ۹۲، ص ۳۳۰)
«İlahi! Öz vəlin, xəlifən və bəndələrin üzərindəki höccətin olan o həzrətdən bütün bəlanı uzaqlaşdır… Onu qarşıdan, arxadan, sağdan, soldan, yuxarıdan və aşağıdan gələn bəlalardan qoru… Onu qalib yardımınla dəstəklə və qüdrətli ordunla kömək et… Onu sevənləri sev və ona düşmən olanlara düşmən ol…»
(Biharul-ənvar, c. 92, s. 330)
Beləliklə, qeyb dövründə imamla mənəvi və ruhi əlaqənin qorunması, dua və münacat vasitəsilə onunla ünsiyyət qurmaq şiə məzhəbinin əsas prinsiplərindən biridir və saysız-hesabsız mənəvi təsirlərə malikdir.
Məhdəviyyətlə bağlı dualar və ziyarətlər iki qismə bölünür:
a) Birbaşa İmam Mehdidən (ə.f) nəql olunmuş və kiçik qeybət dövründə onun xüsusi naibləri vasitəsilə şiələrə çatdırılmış dualar və ziyarətlər. Məsələn, «Ali-yasin ziyarətnaməsi» və «Fərəc duası».
b) Məsum imamlar (ə) tərəfindən İmam Mehdi (ə.f) haqqında nəql edilmiş dualar və ziyarətlər. Məsələn, «Əhd duası» və «müqəddəs Samira şəhərində İmam Həsən Əskərinin (ə) mübarək hərəmində Sahibul-Əmr ziyarəti».
İmam Mehdi (ə.f) üçün dua ona təvəssül etnəyin və onu ziyarət etməyin xüsusi zaman və məkanı yoxdur. Onun ardıcılları hər zaman və hər məkanda onunla mənəvi söhbət edə, salam və ehtiramlarını təqdim edə və onunla olan əhdlərini yeniləyə bilərlər. Bununla belə, rəvayətlərə əsasən cümə günü xüsusi olaraq İmam Zamana (ə.f) aid edilmiş və həmin gün üçün ayrıca bir ziyarət nəql olunmuşdur.
Şiə alimləri o cümlədən Seyid ibn Tavus, Əllamə Məclisi və Şeyx Abbas Qumi kimi böyük şəxsiyyətlər tərəfindən tərtib edilmiş dua və ziyarət kitablarında İmam Zaman (ə.f) barəsində çoxsaylı dualar və ziyarətlər yer almışdır ki, onların bəziləri xüsusi tövsiyə olunmuş və şiələr arasında daha geniş yayılmışdır.
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz