Hövzə Xəbər Agentliyinin məlumatına görə İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında möminlərin əmiri Əli ibn Əbu Talibin (ə) mübarək mövludu və general Qasim Süleymaninin şəhadətinin altıncı ildönümü münasibətilə, son 12 günlük müharibədə şəhid olmuş “iqtidar şəhidlərinin” ailə üzvləri ilə görüşdə çıxış edib.
Ali Rəhbər Əmirəl-mömininin (ə) ədalət və təqvasını ölkənin bu gün ən çox ehtiyac duyduğu iki ali zirvə və cəmiyyətin idarə olunması üçün ən vacib xüsusiyyətlər kimi dəyərləndirib. O, düşmənlərin apardığı “psixoloji müharibəyə” qarşı ayıq-sayıqlığın və milli birliyin gücləndirilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, bu müharibə “aldatma, yalan, böhtan və şayiə” üzərində qurulmuş eyni mübarizədir ki, hərbi məğlubiyyətlərdən sonra İmam Əlinin (ə) qurduğu hökumətə qarşı aparılmış və onun ali məqsədlərinin reallaşmasına mane olmağa yönəlmişdi.
Həzrət Ayətullah Xamenei Əmirəl-mömininin mövlud gününü doğulduğu məkanın Allahın evi olması və dünyaya gələn şəxsiyyətin ucalığı baxımından tarixdə istisna bir gün adlandıraraq qeyd edib ki, həzrət Əlinin (ə) saysız-hesabsız və misilsiz xüsusiyyətləri arasında bu gün cəmiyyətin ədalət və təqvaya daha çox ehtiyacı var. O vurğulayıb ki, möminlərin mövlasını örnək götürərək, həzrət Əlinin dayandığı bu iki zirvəyə doğru irəliləməliyik. Hərçənd bu yolda müəyyən irəliləyişlər əldə edilib, lakin hələ çatmalı olduğumuz nöqtəyə qədər məsafə qalır.
İran İslam İnqilabının Ali Rəhbəri həzrət Əlinin (ə) ədalətin bərqərar olunması üçün tətbiq etdiyi müxtəlif üsullara toxunaraq bildirib ki, Əmirəl-möminin (ə) bəzən ədaləti mehribanlıq, zəiflərə və sahibsiz ailələrə xidmət yolu ilə həyata keçirirdi. Bəzən də zülfüqar və ilahi sərtliklə, bəzən isə açıq bəyan, hikmət və izahla təmin edirdi.
O, Əmirəl-möminini “təbyin cihadının” qaynağı adlandıraraq qeyd edib ki, həzrət Əlinin Malik Əştərə ünvanladığı idarəçilik fərmanı ədalətin gerçəkləşməsinə xidmət edən dərin məzmunlarla zəngindir.
Həzrət Ayətullah Xamenei həzrət Əlinin (ə) təqva anlayışını izah edərkən bildirib ki, Əmirəl-möminin (ə) bəzən təqvanı ibadət mehrabında, namaz və Allah dərgahına münacatla təcəssüm etdirir, ərş mələklərini heyrət və qibtəyə qərq edirdi. Bəzən isə, müsəlmanların birliyini qorumaq və ixtilafların qarşısını almaq üçün öz haqqından keçərək səbir və sükut nümayiş etdirirdi. Digər hallarda isə "لیلهالمَبیت " ölülər gecəsi və Peyğəmbərin (s) döyüşlərində olduğu kimi, çətin məqamlarda sinəsini sipər edirdi.
Ali Rəhbər xüsusilə məsul şəxslər də daxil olmaqla bütün xalqın həzrət Əlinin (ə) təqva yoluna tabe olmasının vacibliyini vurğulayaraq bildirib ki, İmam Əlinin (ə) ədaləti də ölkənin ən ciddi və ən zəruri ehtiyacıdır. O qeyd edib ki, bu gün tarix boyu yaşamış şiələrdən fərqli olaraq, ədalətin icra olunmaması üçün heç bir bəhanəmiz yoxdur. Çünki hazırkı dövlət İslam Respublikası və şiə idarəçilik sistemidir.
İslam İnqilabının Rəhbəri ədalət və təqvanın reallaşmasına mane olan amillərdən danışaraq qeyd edib ki, bəzən qorxu və tərəddüd, dostluq münasibətləri və ya düşmən amilini nəzərə almaq irəliləyişə əngəl törədir. Halbuki əsassız çəkinmələr olmadan ədalət və təqvanın inkişafına doğru addımlamaq lazımdır.
O, Əmirəl-mömininin (ə) həyatındakı mühüm bir məqama diqqət çəkərək bildirib ki, Həzrət Əli (ə) Peyğəmbər dövründə və öz hakimiyyəti illərində bütün hərbi qarşıdurmalarda qalib gəlsə də, məğlub düşmənlərin xalqı aldatmaq və ruhdan salmaq üçün apardıqları müxtəlif hiyləgər üsullar bir çox hallarda onun ali məqsədlərinin tam reallaşmasına mane olub.
Ali Rəhbər şayiə yaymaq, yalan, aldatma və nüfuz kimi metodları bugünkü terminologiya ilə desək, psixoloji müharibəni Əmirəl-mömininin düşmənlərinin cəmiyyəti ruhdan salmaq və tərəddüd yaratmaq siyasəti adlandıraraq qeyd edib ki, xalq zəiflədikdə, məqsədlərin reallaşması qeyri-mümkün olur. Çünki ilahi sünnəyə əsasən, bütün işlər xalqın əli ilə həyata keçirilir.
Ali Rəhbər İran xalqının güclü iradəsini düşmənlərin narahatlığı kimi qiymətləndirərək bildirib ki, psixoloji müharibə meydanında düşmənin və bəzən daxildə bələdiyyəsiz və ya laqeyd şəxslərin əsas vasitələrindən biri xalqın malik olduğu imkan və qabiliyyətləri inkar etməkdir. Çünki milli potensialın gözardı edilməsi xalqın alçaldılması və düşmən qarşısında təslim olmasına yol açır.
Həzrət Ayətullah Xamenei bir gündə üç peykin kosmosa göndərilməsini və ölkənin müxtəlif elmi sahələrində aerokosmik, biotexnologiya, tibbi, müalicə, nano, müdafiə və raket sənayesi daxil olmaqla əldə etdiyi heyrətamiz irəliləyişləri İran xalqı və istedadlı gənclərin böyük işləri kimi qiymətləndirib. O, təəssüf ki, düşmənlərin və bəzi daxili şəxslərin bu böyük nailiyyətləri, xüsusilə sanksiyalar şəraitində əldə edilmiş uğurları gizlətdiyini və xalqın xəbərdar edilmədiyini vurğulayıb.
Ali Rəhbər qeyd edib ki, düşmənin müharibənin dayandırılması üçün etdiyi müraciət və sonrakı “sizlərlə müharibə etmək istəmirik” kimi mesajları məhz İran xalqının gücü və potensialı ilə əlaqədardır. Lakin o, düşmənin hiyləgər və yalançı təbiətinə heç bir inamın olmadığını bildirib.
O, son üç peykin buraxılmasında iştirak edən alimlərin orta yaşının 26 olduğunu qeyd edərək bunu İran xalqının böyük insan kapitalının nümunəsi kimi qiymətləndirib. Ali Rəhbər əlavə edib ki, ABŞ xalqımız barədə danışanda yalan və hiylə ilə qarışıq təriflər verir. Lakin bu gün həm İran xalqı, həm də dünya ABŞ-ı tanıyıb və onun nüfuzunun zəiflədiyi açıq şəkildə üzə çıxıb.
Ali Rəhbər düşməni düzgün tanımağı böyük bir nailiyyət hesab edib və bildirib ki, xalq son 12 günlük müharibədə ABŞ-ın gerçək simasını gördü. Hətta ölkənin problemlərinin həllini onunla danışıqlarda görənlər də anlayıblar ki, danışıqlar zamanı ABŞ hökuməti müharibə planlarını hazırlayırmış.
O, düşmənin psixoloji müharibə, şayiə və yanlış məlumat yaymaq kimi üsullarına qarşı diqqətli olmağın zəruriliyini vurğulayıb və qeyd edib ki, düşmən ölkəyə milyardlarla dollar xərcləyərək televiziya və informasiya məlumatları vasitəsilə yalan yayır. Məqsəd ölkəni zəiflətmək və xalqın 12 günlük müharibədə göstərdiyi möcüzəvi birliyi sarsıtmaqdır. Bu səbəbdən ən vacib məsələ düşməni tanımaq və daxili həmrəylik yaratmaqdır. Quran ayəsinə uyğun olaraq, “Kafirə qarşı sərt, bir-birinizə isə mərhəmətli olun”. «اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم»
Ali Rəhbər bazar iqtisadiyyatla məşğul olan təbəqəyə də diqqət çəkərək bildirib ki, bazar və tacirlər İslam İnqilabına ən sadiq qruplardan biridir və onların davranışını yaxşı tanıyırlar. Buna görə bazar adı ilə dövlətə qarşı çıxmaq mümkün deyil.
O, ticarətçilərin milli valyutanın dəyər itirməsinə qarşı etirazını haqlı sayıb və əlavə edib ki, düzgün yanaşma budur ki, bu şəraitdə normal ticarət aparmaq mümkün deyil. Məsələni həm də dövlət rəhbərliyi tanıyır və prezident və digər yüksək vəzifəli şəxslər bu problemin həlli üçün çalışır.
Ali Rəhbər həmçinin qeyd edib ki, əlbətdə problemin yaranmasında düşmənin də əli var. Xarici valyuta qiymətlərinin süst və hesablanmamış yüksəlməsi ticarətçiləri çaşdırır. Bu isə təbii deyil və müxtəlif tədbirlərlə qarşısı alınmalıdır. Məsul şəxslər də bu istiqamətdə fəal işləyirlər.
Həzrət Ayətullah Xamenei vurğulayıb ki, ticarətçilərin haqlı etirazı qəbul ediləndir. Lakin arxa planda ticarətdən sui-istifadə edərək düşmənin qızışdırdığı və ya muzdlu şəxslərin dayanması, anti-İslam və anti-İran şüarlar səsləndirməsi qəbuledilməzdir.
O, bir daha qeyd edib: Haqlı etiraz var, amma etiraz iğtişaş deyil. Ali Rəhbər bildirib ki, məsul şəxslər etirazçılarla danışmalıdır, lakin iğtişaş törədənlə danışmaq faydasızdır. Onu yerinə oturmaq lazımdır.
İslam İnqilabının Ali Rəhbəri bildirib ki, bir qrup şəxsin müxtəlif adlar altında, ölkəni qarışdırmaq və təhlükəsizlik mühitini pozmaq məqsədilə mömin, sağlam və inqilabçı bazar təbəqəsinin arxasında dayanaraq onların etirazlarından sui-istifadə edərək iğtişaş törətməsi heç bir halda qəbuledilməzdir.
O, düşmənin həmişəki fəaliyyətini fürsətçi bənzədərək və məsul şəxslərin mövqeyinin meydanda olmasını bildirərək qeyd edib ki, əsas məsələ xalqın hazır olması və iman, səmimiyyət, əməl kimi amillərin gücləndirilməsidir. Qasim Süleymanini Qasim Süleymani edən də məhz bunlar olmuşdur.
Ali Rəhbər əlavə edib ki, düşmənin psixoloji müharibə və şayiə yaymaq kimi fəaliyyətlərinə biganə qalmamaq, tam qüvvə ilə qarşı durmaq, həm dövlət, həm xalq qarşısında məcburiyyətlə tətbiq olunan tələblərə boyun əyməmək vacibdir.
Həzrət Ayətullah Xamenei vurğulayıb ki, biz düşmənin qarşısında geri çəkilməyəcəyik və Allaha arxalanaraq, xalqın dəstəyinə güvənərək düşməni diz çökdürəcəyik.
Ali Rəhbər həmçinin general Qasim Süleymaninin şəhadətinin ildönümünün 13 Rəcəbə təsadüf etməsinə diqqət çəkərək bildirib ki, həmin şəhidin əsas xüsusiyyətləri olan iman, səmimiyyət və əməl onu müasir dövrdə tam və nümunəvi bir insan etmişdir.
O, general Süleymaninin Allaha dərin inamı, İlahi dəstəyə etibar və məqsədə sadiqliyini xüsusi vurğulayaraq bildirib ki, o, şəxsi şöhrət və başqalarının tərifini qazanmaq üçün heç bir hərəkət etməmişdir.
Ali Rəhbər general Qasim Süleymaninin bütün vacib sahələrdə iştirakı ilə bağlı qeyd edərək bildirib: O, bəzi şəxslərin yalnız danışmaq və anlamaqla kifayətlənməsindən fərqli olaraq, inqilabın yönləndirilməsi, Kərman bölgəsində təhlükələrin qarşısının alınması, Qüds qüvvələrində xidmət, müqəddəs yerlərin müdafiəsi, İŞİD-lə mübarizə eləcədə zəruri olan bütün məqamlarda və digər sahələrdə hər zaman iştirak etmişdir.
Həzrət Ayətullah Xamenei generalın bölgədəki siyasi məsələlərdəki təsirini və xüsusilə ən həssas və vacib problemlərdə göstərdiyi bəzən misilsiz rolunu vurğulayıb. O əlavə edib ki, general Qasim Süleymani həm də əmrində olan həmkarları və qüvvələrin yetişdirilməsinə xüsusi diqqət göstərmiş, bu xüsusiyyətləri səbəbindən onun məzarı hər il daha müqəddəs və hörmətli olur. İnsanlar uzaq yerlərdən, hətta xarici ölkələrdən belə ziyarətə gəlirlər.
Ali Rəhbər həmçinin son 12 günlük müharibədə şəhid ailələrinin görüşdə iştirak etməsinə diqqət çəkərək bildirib ki, bu iclas bütün 12 günlük müqəddəs müdafiə şəhidlərini və onların ailələrini həm cihad və şəhadətə can atan general və döyüşçüləri, həm istedadlı alimləri, həm də digər şəhidləri hörmət və ehtiramla yad etmək məqsədilə təşkil olunub.
O, əlavə edib ki, bütün bu şəhidlərin adları tarixdə əbədi olaraq qalacaq və biz bu müqəddəs adların bərəkətlərindən faydalanmalıyıq.
Rəyiniz