Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri 9 yanvar 1978-ci ildə Qum şəhərinin əhalisinin baş vermiş tarixi və qələbə ilə nəticələnmiş xalq üsyanının ildönümü ilə bağlı bu şəhərin minlərlə mömin və coşqun sakini ilə görüşü zamanı korrupsiyalaşmış Pəhləvi rejiminin və onun əsas himayədarı olan Amerika Birləşmiş Ştatlarının öncədən planlanmış səhvlərini İran xalqı qarşısında məğlubiyyətlərinin əsas səbəbi kimi qiymətləndirmiş və vurğulamışdır ki, bu gün də xalq İran İslam Respublikasının sayəsində həm mənəvi və ideoloji (pisixoloji güc), həm də maddi-texniki (sərt güc) imkanlar baxımından həmin dövrlə müqayisədə çox güclüdür və təkəbbürlü, yanlış hesablamalara yol verən ABŞ-ı məğlub edəcəkdir.
Minlərlə pak və şərəfli şəhidin qanı bahasına formalaşmış qüdrətli İslam dövləti, düşüncəsiz və iğtişaş törətməklə məşğul olan şəxslər qarşısında geri çəkilməyəcəkdir.
İslam İnqilabının Ali Rəhbəri ölkədə baş vermiş bəzi dağıdıcı hadisələrə toxunaraq bildirmişdir ki, bəzi şəxslərin əsas fəaliyyəti yalnız ziyan verməkdir. Onun sözlərinə görə, 8 yanvar gecəsi Tehranda və bəzi digər bölgələrdə bir qrup təxribatçı, ABŞ prezidentini razı salmaq məqsədilə öz ölkələrinə məxsus binaları dağıtmışlar.
Həzrət Ayətullah Xamenei əlavə etmişdir: ABŞ prezidenti bundan məmnun qalır, lakin bacarırsa, müxtəlif problemlər və daxili böhranlarla üzləşmiş öz ölkəsini idarə etsin. O, son on iki günlük müharibə zamanı min nəfərdən artıq iranlının qanına bulaşmış və özü də açıq şəkildə etiraf etmişdir ki, hücum əmri verən və bu müharibəyə rəhbərlik edən şəxs mən olmuşam. Daha sonra isə həmin şəxs iddia edir ki, guya İran xalqının tərəfdarıdır. Düşüncəsiz və biganə insanlar da bu iddiaya inanaraq onun istəklərinə uyğun şəkildə ictimai əmlaka ziyan vurur və bu kimi əməllər törədirlər.
İslam İnqilabının Ali Rəhbəri bir daha təkidlə vurğulayaraq bildirib ki, neçə yüz min şəhidin qanı bahasına qurulmuş İslam Respublikası təxribatçılar qarşısında geri çəkilməyəcəkdir. O bildirmişdir ki, İslam Respublikası xarici qüvvələrə muzdlu xidmət göstərənlərə güzəştə getmir və İran xalqı, kimliyindən asılı olmayaraq, xarici qüvvələrə xidmət edən şəxsləri qəti şəkildə rədd edir.
İslam İnqilabının Ali Rəhbəri ABŞ prezidenti haqqında danışarkən qeyd edib: Dünyanın bütün xalqları və ölkələri barəsində təkəbbür və lovğalıqla hökm verən həmin şəxs bilməlidir ki, tarix boyu Nəmrud, Firon, Rza xan və Məhəmmədrza Pəhləvi kimi istibdad və təkəbbür sahibləri məhz güclərinin zirvəsində olduqları zaman süquta uğramışlar və o da eyni aqibətlə üzləşəcəkdir.
Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində Qum şəhər əhalisinin 9 yanvar 1978-ci il tarixli qiyamını İranın şanlı və iftixarlı tarixinin ayrılmaz bir səhifəsi adlandıraraq bildirib ki, bu mühüm və həlledici hadisə İslam hərəkatının başlanğıcından, yəni 5 iyun 1963-cü ildən etibarən İmam Xomeyninin (r) müdrik bəyanatları və İslam alimlərinin səyləri nəticəsində xalqın zehni və mənəvi dünyasında toplanmış dərin maarifi real ictimai hərəkata çevirmişdir. Bu hadisə ildırım kimi diktator Pəhləvi rejimi və Amerikaya bağlı rejimə qarşı xalqın qəzəb və nifrətini alovlandırmış, ardıcıl xalq üsyanları vasitəsilə korrupsiyalaşmış rejimin süqutuna zəmin yaratmışdır.
O, Pəhləvi hakimiyyətini müasir dövrün ən zalım və ən uğursuz rejimi kimi qiymətləndirərək əlavə edib: Həmin zəif və asılı rejim devrildikdən sonra, İmam Xomeyninin vəd etdiyi kimi, xalq iradəsinə əsaslanan bir hökumət qurulmuş, Amerika, sionizm və dünya hegemon dairələrinə bağlı rejimin yerini müstəqil və milli bir idarəçilik sistemi almışdır.
İslam İnqilabının Ali Rəhbəri Pəhləvi rejimi və ABŞ-ın yanlış siyasət və hesablamalarını Qum şəhərindəki qiyamın baş verməsinin əsas səbəbləri kimi göstərərək qeyd edib ki, qiyamdan bir müdət əvvəl ABŞ prezidenti Tehranda İranının Pəhləvi dövrünü “sabitlik adası” adlandıraraq, İran xalqını tanımadığını açıq şəkildə nümayiş etdirmişdir.
Tarixi reallıqlara toxunan İslam İnqilabının Ali Rəhbəri vurğulayaraq bildirib ki, ABŞ-ın İran xalqı və İslam Respublikası ilə bağlı davamlı və yüksək hesablama ilə baştutmuş səhvləri onu keçmişdə də məğlubiyyətə sürükləmiş və bu gün də həmin səhvlərin nəticəsi yalnız uğursuzluq olacaqdır.
Qum qiyamının və Pəhləvi rejiminin süqutunun səbəblərini izah edərək o bildirib ki, həmin dövrdə İran xalqı top və tank kimi ağır silahlara malik olmasa da, bütün döyüş meydanlarında həlledici rol oynayan ideoloji və mənəvi gücə sahib idi.
O, İslam dininə olan inanc, dini qeyrət, daxili vicdan, vətən sevgisi və ictimai məsuliyyət hissini İran xalqının əsas güc elementləri olduğunu qeyd edərək bildirib: İran xalqı açıq şəkildə görürdü ki, ölkə ABŞ, sionist dairələr və onların yerli muzdlu qüvvələri tərəfindən idarə olunur və bu reallıq cəmiyyətdə böyük qəzəb və nifrət doğururdu.
İslam İnqilabının Ali Rəhbəri ABŞ-ın təzyiqlərinə qarşı xalqın mövqeyini izah edərkən vurğuladı: Bu gün İran xalqı həm mənəvi-ideoloji, həm də maddi-texniki baxımdan həmin dövrlə müqayisə edilməyəcək qədər güclü, hazırlıqlı və mütəşəkkildir.
O, ABŞ və onun əlaltılarına qarşı xalqın mübarizəsini qəbul etməyən şəxsləri diqqətsiz və laqeyd adlandıraraq dedi: Onlar bilmir ki, Amerika və onun əlaltıları İran xalqına qarşı mübarizəyə başlayıb və davam etdirirlər. Çünki İslam Respublikası xalqın dayağı, İranın böyük sərvətləri və resurslarını onların əlindən çıxarıb və məhz bu, ABŞ-ı İran xalqına qarşı qəzəbləndirir və nifrət hissi oyadır.
İnqilab Rəhbəri Latın Amerikasındakı hadisələri ABŞ-ın xalqların resurslarını ələ keçirməyə çalışan bir nümunəsi kimi göstərdi və dedi: Onlar bir ölkəni mühasirəyə alır və biabırçı şəkildə deyirlər ki, bunu neft üçün etdik. Eynilə inqilabdan əvvəl İranın neft və digər resursları da zalımlar, sionistlər və onların agentlərinin əlinə keçmişdi.
Həzrət Ayətullah Xamenei ABŞ-ın İslam Respublikası ilə davamlı düşmənçiliyini xatırladaraq əlavə etdi: Allahın lütfü ilə İslam dövləti gündən-günə güclənir və onların bu dövləti məhv etmək cəhdləri uğursuz olub. Bu gün onların istəmədiyi halda İslam Respublikası dünyada güclü, şərəfli və nüfuzlu bir mövqeyə malikdir.
O, düşmənin bütün hərbi, təhlükəsizlik, iqtisadi, mədəni təzyiqlərə və bir sıra dəstəkçilərinə baxmayaraq uğursuzluğunun səbəbini İslam Respublikasının hakimiyyəti ilə izah etdi: Əgər İran xalqının üzərində liberal-demokratik, monarxik və xaricdən asılı bir hakimiyyət olsaydı, bu təzyiqlərə qarşı dayana bilməzdi. Amma bu xalq və İslam dövləti sayəsində İran elm və texnologiya, beynəlxalq siyasət və digər sahələrdə böyük irəliləyişlər əldə edib.
İslam İnqilabının Ali Rəhbəri İran Respublikasının təcrid olunduğu iddialarını tamamilə rədd etdi və əlavə etdi: Bu iddialar xaricdən başlanır və bəziləri içəridən də onlara tabe olur, amma bu, sadəcə özünü aldatmaqdır. Çünki bu gün müstəqil, cəsur və gələcəyi olan bir ölkə kimi İran İslam Respublikası dünyada tanınır.
Həzrət Ayətullah Xamenei ölkədə bir çox fəaliyyət və nailiyyətlərin əsas mənbəyinin gənclər olduğunu qeyd etdi və dedi: Əlbəttə, gənclər və xalqın ümumi kütləsi eyni səviyyədə deyillər, amma ümumilikdə gənc nəsil, düşmənin yalan iddialarına baxmayaraq, İran üçün ən böyük üstünlüklərdən biridir.
O, düşmənin gənc iranlını azmış, Qərbə bağlı, dinə arxasını çevirmiş, laqeyd, korrupsiyalı və zəif ruhlu kimi təqdim etmək cəhdini tənqid edərək vurğuladı: Bu təsvir yüz faiz yalnışdır. İran gənci döyüşdə cəsur, siyasətdə ağıllı və Amerika ilə tanışdır. Dini baxımdan təqva sahibidir və bütün sahələrdə,o cümlədən 22 Bəhmən yürüşləri, Qüds günündə keçirilən aksiyalarda, etikaf, bayram və dini mərasimlər, şəhidlərin dəfn və anım mərasimlərində fəal iştirak edir.
Həzrət Ayətullah Xamenei həmçinin gənclərin elmi araşdırmalar və ölkənin inkişafındakı rolunu yüksək qiymətləndirdi. O, peyk texnologiyasından nüvə sənayesinə, kök hüceyrə tədqiqatlarından nanotexnologiya və dərman sənayesinə qədər gənclərin göstərdiyi fəaliyyətləri İran gənclərinin hər sahədə qabaqcıl rol oynamağa hazır olduğunun göstəricisi kimi təqdim etdi.
Həzrət Ayətullah Xamenei gənclərə müraciət edərək vurğuladı: Əziz gənclər! Dininizi, siyasi düşüncənizi, milli birliyinizi və ölkənin tərəqqisi naminə əzminizi qoruyun. Vahid və həmrəy bir millət hər bir düşmən üzərində qələbə çalır və inşallah, yaxın gələcəkdə qələbə hissi bütün İran xalqının qəlbində ucalacaqdır.
Rəyiniz