bazar 1 fevral 2026 - 00:56

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Fəcr ongünlüyünün ilk günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə vətəndaşlarla görüşdə 1fevral (12 bəhmən) istisna və tarixyaradan bir gün kimi dəyərləndirmiş, Pəhləvi rejiminin «fərdi, istibdadi, din əleyhinə və asılı» hakimiyyətdən «xalq iradəsinə əsaslanan, dini təməl üzərində qurulan və hegemon güclərin zorakılığına qarşı dayanan» bir hakimiyyətə çevrilməsinə toxunaraq bildirmişdir ki, xalq Amerika və sionist mənşəli son fitnənin odunu da əvvəlki bütün sui-qəsdlər kimi külə çevirdi. Allahın köməyi ilə xalq gələcək hadisələrin qarşısında öz vəzifələrini qəti şəkildə sona çatdıracaqdır.
12 Bəhmən (1 fevral) İran İslam Respublikasının tarixində mühüm bir hadisədir. Fəcr ongünlüyü 1979-cu ilin fevral ayının 1-dən 11-ə olan günləri əhatə edən mühüm tarixi dövr kimi xarakterizə olunur. Sözügedən dövr İmam Xomeyninin (r) on dörd illik sürgündən sonra 1 fevral 1979-cu il tarixində İrana qayıdışı ilə başlamışdır. 11 fevral 1979-cu il tarixində Pəhləvi sülaləsi süquta uğramış, bununla da 1979-cu il İran İslam İnqilabı qələbə qazanmışdır.

Həzrət Ayətullah Xamenei həmçinin ABŞ-ın İranı məğlub etmək cəhdlərini və müdrik İran xalqının bu hərisliyə qarşı mətanətli müqavimətini İranla ABŞ arasında 47 ildir davam edən qarşıdurmanın əsas səbəbi kimi qeyd etmiş, həmçinin ABŞ-ın son bəyanatlarına işarə edərək əlavə edib: Onlar daha əvvəl də İran xalqını qorxutmaq məqsədilə «çıxış yolu müzakirələrə qoşulmaqdadır» deyirdilər. ABŞ  bilməlidir ki, əgər bu dəfə müharibəyə əl atsalar, bu, «regional müharibə» olacaqdır.

İnqilabın Ali Məqamlı Rəhbəri çıxışının əvvəlində 1 fevral 1979-cu ildə (12 Bəhmən 1357-ci il) xalqın İmam Xomeynini (r) möhtəşəm və misilsiz şəkildə qarşılamasına toxunaraq deyib: İmam Xomeyni (r) bütün təhdidlərə baxmayaraq, şücaət və qüdrətlə Tehrana gələrək xalqın möhtəşəm və misilsiz qarşılanmasını yeni bir siyasi dövlətin formalaşması üçün amilə çevirdi və elə həmin gün şah rejiminin devrildiyini elan etdi.

İnqilabın Ali Məqamlı Rəhbəri fərdi və istibdadi hakimiyyətin bütün səlahiyyətlərin xalqa məxsus olduğu bir idarəetmə formasına çevrilməsini, həmçinin Pəhləvi rejiminin nəzərdə tutduğu din əleyhinə prosesin dini bir proseslə əvəz olunmasını İmam Xomeyninin (r) və xalqın mücadiləsi ilə qurulan dövlət iki əsas xüsusiyyəti kimi qeyd edərək əlavə edib: Əgər bütün məsul şəxslər öz vəzifələrini layiqincə yerinə yetirsəydilər, hakimiyyət həqiqətən tam dini xarakter alardı, lakin ümumilikdə dini və islami prosesdə irəliləyiş əldə etmişik.

Həzrət Ayətullah Xamenei ölkənin əsl sahiblərinə, yəni xalqa qaytarılmasını və Amerikanın İranda olan əlinin və nüfuzunun kəsilməsini İran İslam Respublikasının digər mühüm xüsusiyyəti kimi dəyərləndirərək bildirib: Məhz bu xüsusiyyət ABŞ-ı narahat və təşvişə saldı və elə həmin gündən onu xalq və dövlətə qarşı düşmənçiliyə sürüklədi.

O hakimiyyətin xalq xarakterinin izahında millətdə özünəinam ruhunun formalaşdırılmasına xüsusi diqqət çəkərək bildirib ki, müdrik İmam Xomeyni (r) xalqı özünün böyük potensialı və dəyərləri barədə agah etmiş, cəmiyyətdə mövcud olan «bacarmırıq» psixologiyasını son dərəcə mühüm və həlledici olan «biz bacarırıq» inancına çevirmişdir.

İnqilabın Ali Məqamlı Rəhbəri Qacar və Pəhləvi dövrlərində həyata keçirilən siyasətlərin, özünəinamın itirilməsinin və asılılığın nəticəsini «böyük və parlaq mədəni və sivilizasiya keçmişinə malik» bir millətin «alçaldılmış və geridə qalmış» bir cəmiyyətə çevrilməsi kimi xarakterizə edərək qeyd edib ki, həmin dövrdə «elm və texnologiya, siyasət, həyat tərzi, beynəlxalq nüfuz, regional tənliklər» də daxil olmaqla bütün sahələrdə geriləmə müşahidə olunurdu. Lakin İmam Xomeyni (r) millətdə «özünəinam» ruhunu dirçəldib və inkişaf istiqamətini 180 dərəcə dəyişib.

Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri xatırladaraq bildirib: Kim təsəvvür edə bilərdi ki, İran xalqı bir gün elə bir mərhələyə yüksələcək ki, amerikalılar onun istehsal etdiyi silahların nümunələrini köçürməyə məcbur qalacaqlar? O vurğulayıb ki, bu nailiyyətlərin hamısı İmam Xomeyninin «ümid və özünəinamın təcəssümü» olaraq millətdə formalaşdırdığı inam, ümid və yüksək hədəflərə yönəlmiş iradənin nəticəsi olmuş, xalqı səylə çalışmağa və ruhiyyəli olmağa sövq edib.

O həmçinin xarici və daxili düşmənlərin «İran gəncinin ümidi və gələcəyi yoxdur» məzmunlu təbliğat və vəsvəsələrinə toxunaraq bildirib ki, İran gənci həm ümidə, həm də yüksək əzmkarlığa sahibdir və gələcəyi də, onların istəklərinə rəğmən özü inşa edəcəkdir.

İnqilabın Ali Məqamlı Rəhbəri, İslam İnqilabının qələbəsinin ildönümü olan 12 fevralı (22 Bəhmən), eləcə də xalqın səsi ilə İslam Respublikasının təsis edildiyi 1 aprel (12 Fərvərdin) gününü və ölkənin bütün nailiyyətlərini 1 fevral 1979-cu ilin (12 Bəhmən 1357 şəmsi) nəticələri kimi dəyərləndirib və vurğulayıb ki, bu möhtəşəm günün bərəkətləri uca Allahın yardımı ilə davam etməkdədir.

O, çıxışının başqa bir hissəsində 8 və 9 yanvar (18 və 19 dey) fitnəsinin Amerika və sionist mahiyyətini vurğulayaraq, iğtişaş törədənlərin «başçılar» və «icraçılardan» ibarət olduğunu bildirərək əlavə edib: Başçılar  (onların çoxu artıq saxlanılıb)  öz etiraflarına əsasən, gördükləri işlərə görə pul alıblar və mərkəzi yerlərə necə hücum etmək, gəncləri toplamaq və hərəkətə gətirmək üsulları üzrə təlim keçiblər. Lakin iğtişaşçıların bir hissəsi də emosional gənclər olub ki, onlarla ciddi problemimiz yoxdur.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ABŞ prezidentinin açıqlamalarını son fitnənin Amerika və sionist mənşəli olmasının açıq göstəricisi kimi dəyərləndirərək deyib: O, açıq şəkildə İran xalqı adlandırdığı iğtişaşçılara «siz ayağa qalxın mən də sizin arxanızdayam» deyirdi. Halbuki onların baxışına görə bu bir neçə min iğtişaşçı İran xalqı sayılır, lakin 12 yanvarda (22 dey) ölkə üzrə meydana çıxan milyonlarla insan İran xalqı hesab edilmir.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının yeni düşüncə və yolunun, eləcə də bunun dünya hegamonlarının maraqları ilə toqquşmasının onların düşmənçiliyinin davam etməsinə səbəb olduğunu bildirərək deyib: Bu baxımdan, son fitnə necə ki Tehranda ilk fitnə deyildi, sonuncu da olmayacaq və gələcəkdə də bu cür hadisələrin təkrarlanması mümkündür.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri əlavə edib: Bu düşmənçiliklər İran xalqı sabitlik, mətinlik və işlər üzərində tam nəzarət vasitəsilə düşməni ümidsizliyə sürükləyənədək davam edəcək və biz həmin mərhələyə də çatacağıq.

O, Tehranda baş verən son fitnəyə bənzər hadisə və cinayətlərə, o cümlədən 20 iyun 1981 -ci ilin (30 xordad 1360 şəmsi) hadisələrinə işarə edərək qeyd edib ki, həmin vaxt münafiqlər kəsici bıçaqlarla bəsicilərə hücum etmişdilər və bütün bu hadisələrdə yad qüvvələrin, xüsusilə ABŞ və sionist rejimin izi açıq şəkildə aydın olmuşdur.

İnqilabın Ali Məqamlı Rəhbəri son fitnə və əvvəlki illərin hadisələri zamanı polis orqanlarının, Bəsicin, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və digər qurumların öz vəzifələrini tam şəkildə yerinə yetirdiyini vurğulayaraq bildirib: Lakin 2009-cu ildə (1388-ci il şəmsi təqvimi) olduğu kimi, fitnənin odunu söndürən və alovları külə çevirən əsas amil xalqın meydana çıxması olub. Bundan sonra da ölkə üçün hər hansı hadisə baş verərsə, uca Allah bu xalqı onunla mübarizə aparmaq üçün səfərbər edəcək və xalq öz vəzifəsini qətiyyətli şəkildə yerinə yetirəcək.

Həzrət Ayətullah Xamenei Amerika mənşəli son fitnənin xüsusiyyətlərini izah edərkən onun birinci xüsusiyyəti kimi iğtişaşçıların bazar ticarətçilərinin etdiyi etirazlarının arxasında gizlənməsini göstərərək deyib: Şəhərlərə hücum edən, qadın və uşaqları özlərinə sipər edən cinayətkarlar kimi, iğtişaşçılar da məntiqi və haqlı sözləri olan, küçələrə çıxmış ticarətçilərin arxasında gizləniblər ki, tanınmasınlar.

İnqilabın Ali Məqamlı Rəhbəri əlavə edib: Lakin ayıq-sayıq ticarətçilər iğtişaşçıların polis bölmələrinə hücum kimi hərəkətlərini gördükdən sonra sakit yürüş yolunu tərk edərək onlardan ayrılıblar və iğtişaşçıları tək qoyublar.

O, çıxışında son fitnənin ikinci xüsusiyyətini onun yarı-dövlət çevrilişi xarakteri ilə əlaqələndirərək deyib: Bu fitnə, dünya miqyasında da bəzi mənbələrin qeyd etdiyi kimi, dövlət çevrilişinə bənzəyirdi. Əlbəttə, qısamüddətli olaraq yatırıldı, lakin polislərə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mərkəzlərinə, bəzi dövlət idarə və banklarına hücum və dinin müqəddəs dəyərlərinə o cümlədən məscidlərə və Qurani-Kərimə qarşı yönəlmiş dağıdıcı hərəkətlər bunun reallığını göstərdi.

Həzrət Ayətullah Xamenei fitnənin xaricdə planlaşdırılmasını və daxili başçılarının müxtəlif vasitələrlə, o cümlədən peyk məlumatlarından istifadə edərək, yönləndirilməsini yanvar iğtişaşlarının digər xüsusiyyəti kimi göstərərək bildirib: Əldə olunan məlumata görə, ABŞ-ın hökumətdə təsirli bir elementi öz iranlı tərəfdaşına demişdir ki, SİA və Mossad kəşfiyyat təşkilatları bütün imkanlarını bu hadisəyə səfərbər ediblər.

O, təlim keçmiş başçıların ölümə səbəb olmaq üçün təyin olunmasını iğtişaşların daha bir xüsusiyyəti kimi qeyd edərək əlavə edib: Bu plan çərçivəsində hərbi və polis mərkəzlərinə müasir şəxsi silahlarla hücum edildi ki, əməkdaşların reaksiyası nəticəsində müəyyən sayda insan ölsün. Əlbəttə ki, daha çox ölümə səbəb olmaq üçün isə propaganda vasitəsilə meydana çıxardıqları öz əlaltılarını da amansızcasına hədəfə aldılar.

İnqilabın Ali Məqamlı Rəhbəri iğtişaş başçılarının ölümlərin sayını artırmaqda uğur qazanmasına görə təəssüfünü bildirərək deyib: İnsanın qəlbi bu aldadılmış və məsuliyyətsiz gənclər üçün yanır.

Həzrət Ayətullah Xamenei düşmənin ölənlərin sayının on dəfə artıq göstərmək istədiyi hədəfə diqqət çəkərək qeyd edib: Onlar ölüm sayının bundan çox olmasını istəyirdilər. Lakin mövcud itkilər belə böyük təəssüf doğurur.

O, düşmənin əsas məqsədini ölkənin təhlükəsizliyini pozmaq kimi qiymətləndirərək əlavə edib: Təhlükəsizlik olmadıqda nə çörək, nə istehsal, nə ticarət və biznes, nə təhsil və elmi tədqiqat, nə də elm və inkişaf heç nə mövcud olmur. Buna görə ölkənin təhlükəsizliyini qoruyanlar bütün xalq qarşısında bunu özlərinə insanlıq vəzifəsi bilirlər.


İnqilabın Ali Məqamlı Rəhbəri vurğulayıb ki, düşmən xalqı hakimiyyətə qarşı çıxarmaq istəyirdi, lakin milyonlarla insanın iştirakı ilə 12 yanvar  (18 dey) tarixində meydanda olub, düşmənlərin niyyətinə qarşı qəti cavab verərək İran xalqının həqiqi gücünü göstərmişdir.

O, vurğulayıb ki, məsul şəxslər bu xalqın qədrini həqiqi mənada bilməlidir: Təbii ki, bu fitnə təsadüfi şəkildə deyil, məqsədli və hesablanmış formada, hökumət və məsul qurumların ölkənin iqtisadi vəziyyətinin daha yaxşılaşdırılması üçün iqtisadi paket və yol xəritəsi hazırladığı bir vaxtda həyata keçirilib.

İnqilabın Ali Məqamlı Rəhbərinin son fitnə ilə bağlı qeyd etdiyi sonuncu xüsusiyyət onun İŞİD‑ə bənzər zorakı mahiyyəti olub.

O, ABŞ-ın hazırkı prezidentinin ilk prezidentlik seçkiləri dövründə Amerika hökumətinin İŞİD-in yaradılmasında rolunu etiraf etməsinə işarə edərək bildirib: Son fitnədə də amerikalılar fəaliyyəti İŞİD-in əməllərinə bənzəyən bir “İŞİD” formalaşdırıblar. İŞİD insanları dinsizlik ittihamı ilə amansızcasına qətlə yetirirdi, bunlar isə insanları eyni vəhşiliklə, lakin dindar olduqlarına görə məhv edirdilər. Misilsiz qəddarlıq və amansızlıqla bəzi şəxsləri diri‑diri yandırır, başlarını kəsirdilər.

Həzrət Ayətullah Xamenei çıxışının yekun hissəsində ABŞ ilə İran arasında qırx ildən artıq davam edən düşmənçiliyin səbəbinə toxunaraq bildirib: Məsələ iki kəlmə ilə ifadə olunur — Amerika İranı məğlub etmək istəyir, lakin İran xalqı və İran İslam Respublikası buna mane olur. Əslində İran xalqının “sözü” budur ki, Amerikaya deyib: Sən mənim ölkəmi məğlub etmək istəyində yanılırsan.

O, İranın çoxsaylı cəlbedici xüsusiyyətlərini, o cümlədən neft və qaz ehtiyatlarını, zəngin mədənləri, eləcə də strateji və coğrafi mövqeyini  Amerika kimi təcavüzkar və hegemon gücün iştahını qabardan amillər kimi dəyərləndirərək qeyd edib: Onlar Pəhləvi hakimiyyəti dövründə olduğu kimi, İranı nəzarət altına almaq, ölkənin resursları, nefti, siyasəti, təhlükəsizliyi və beynəlxalq əlaqələri üzərində yenidən hökmranlıq qurmaq niyyətindədirlər. Onların əsas düşmənçiliyinin səbəbi də budur. Digər iddiaları isə məsələn, insan hüquqları barədə söylədikləri, əsassız sözlərdir.

İnqilabın Ali Məqamlı Rəhbəri vurğulayıb: İran xalqı Amerikanın tamahkarlığı qarşısında sinəsini sipər edərək möhkəm dayanıb, dayanır və dayanacaq, onları hiyləgərliyindən və təzyiq göstərmək cəhdlərindən ümidsiz edəcək.

O, amerikalıların müharibə, filan təyyarələrdən istifadə ilə bağlı hədələrinə toxunaraq bildirib: Bu sözlər yeni deyil, keçmişdə də dəfələrlə “bütün variantlar masadadır” deyə hədələyirdilər. İndi də həmin şəxs bu qəbildən iddialar irəli sürərək “gəmi gətirmişik” deyir.

Həzrət Ayətullah Xamenei əlavə edib: İran xalqını bu cür sözlərlə qorxutmaq olmaz. İran xalqı bu bəyanatlardan təsirlənmir. Əlbəttə, biz müharibəyə başlayan tərəf deyilik, heç kimə zülm etmək və ya hər hansı ölkəyə hücum etmək niyyətimiz yoxdur, lakin İran xalqı tamahkarlıq edən, hücum və zorakılıq göstərmək istəyən hər kəsə qarşı sərt və qəti cavab verəcək.

İnqilabın Ali Rəhbəri bir daha vurğulayıb: Amerikalılar bunu da bilməlidirlər ki, əgər bu dəfə müharibəyə əl atsalar, bu müharibə regional bir müharibə olacaq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha