cümə 27 fevral 2026 - 16:36
Məhdəviyyət mövzuları (37) | Vilayəti-fəqihin əsası (əqli dəlil)

Hövzə | Vilayəti-fəqih məsələsi həm əqli, həm də nəqli baxımdan təhlil oluna bilər. Yəni ağıl hökm edir ki, qeyb dövründə bir müsəlman dini və ictimai məsələlərdə ədalətli və alim fəqihə itaət etməlidir. Eyni zamanda məsumlardan nəql olunan hədislər də bu prinsipi təsdiq edir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı silsiləvi məhdəviyyət mövzuları həzrət İmam Zamanla (ə.f) bağlı elm və maarifi yaymaq məqsədilə siz dəyərli və ziyalı oxuculara təqdim olunur.

Vilayəti-fəqih mövzusunda ən mühüm məsələlərdən biri onun dəlilləridir. Daim bu sual irəli sürülür ki, İslam cəmiyyətində hansı əsasla fəqih başqalarından üstün tutulur və nə üçün cəmiyyətdə vilayət sahibi məhz odur?

Bu sualın cavabında deyilir ki, vilayəti-fəqihin dəlili həm əql (ağıl), həm də nəqli (rəvayət) baxımdan təhlil oluna bilər. Yəni həm ağıl müsəlmanı qeyb dövründə fəqihə itaətə yönəldir, həm də İslam rəvayətləri bunu təsdiqləyir.

Vilayəti-fəqihin əqli dəlilinin təhlili

İnsan ictimai varlıqdır və cəmiyyət daxilində yaşayaraq mənəvi kamilliyə çatmaq istəyir. Bu məqsədə nail olmaq üçün iki əsas ünsürə ehtiyac vardır:

1. İlahi qanun
Bu qanun Allaha bağlı olduğuna görə hər cür nöqsan, zəiflik və xətadan uzaqdır. O, həm ictimai nizamı təmin edir, həm də ona əməl olunması hamının səadətinə zəmanət verir. Bu qanun Allahın kitabı və sünnəsidir. Bu qiyamət gününədək bəşəriyyət üçün kamil və əhatəli bir proqramdır.

2. Alim və ədalətli hakim

Bu şəxs ilahi qanunun tam şəkildə həyata keçirilməsində məsuliyyət daşıyır.

Aydındır ki, bu iki ünsürdən biri olmadıqda və ya hər ikisi mövcud olmadıqda, insan cəmiyyəti günah və fəsadla üzləşər.

Bu əqli dəlilin nəticəsi olaraq peyğəmbərlərin nübüvvətinin, son peyğəmbərdən sonra isə məsum imamların imamətinin zəruriliyi ortaya çıxır. Yəni ilahi qanunların icrası və Allah hökmlərinin həyata keçirilməsi üçün ən layiqli şəxs məsum imamdır.

Məsum olan şəxs düşüncə və davranışlarında günah, xəta və nöqsana yol verməz.

İndi isə ağla müraciət edirik: Əgər məsum şəxslə görüşmək mümkün olmasa, nə etmək lazımdır?

Ağıl cavab verir ki, ictimai nizamın qorunması və insanın mənəvi və ilahi kamilliyə doğru hərəkəti zəruri olaraq qalır. Deməli, məsum şəxsə ən yaxın xüsusiyyətlərə malik olan şəxs onun yerində qərar tutmalıdır.

Məsumun rəhbərliyə layiq olmasının əsas səbəbi dinə və onun maarifinə tam və hərtərəfli elmi, həmçinin təqvası və ədalətidir. Bu xüsusiyyətlər onun şəxsi maraq və nəfsani istəklərini ümmətin mənafeyindən üstün tutmasına mane olur.

Digər tərəfdən, məsumun ictimai məsələləri dərk etməsi və onları idarə etmə bacarığı da onun üstünlüyünün səbəblərindəndir.

Beləliklə əgər qeyb dövrü kimi bir zamanda məsum şəxslə görüşmək mümkün deyilsə, o zaman insanlar arasında bu xüsusiyyətlərə malik olan şəxslərə müraciət edilməlidir. Bu isə təqvalı, ədalətli və cəmiyyətin işlərini idarə etmək bacarığına sahib olan fəqihdir. Çünki fəqih olmayan şəxs İslamın hökm və maarifi barədə yetərli elmə malik deyil ki, ilahi qanunu həyata keçirə bilsin. Elmli, lakin təqva və ədalətdən məhrum olan şəxs isə nəfs və şəxsi maraqların təsiri altına düşə bilər. Bu səbəbdən müsəlmanların idarəçiliyi etibarsız adama tapşırıla bilməz. Eyni zamanda, idarəetmə bacarığından məhrum olan bir şəxs, zəruri və həssas məqamlarda düzgün, müdrik və faydalı qərarlar qəbul etmək qüdrətinə sahib ola bilməz.

Bu mövzuların ardı var...

Mənbə: “Negine afərineş” kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha