Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın keçmiş hakim və naziri Məhəmməd Visam Əl‑Murtəza yaydığı bəyanatda «siyasi mövqelərin uyğunlaşdırılması» siyasətinə tabe olmağın yaratdığı təhlükələr barədə bildirib ki, bu yanaşma müstəqillik prinsipi ilə ziddiyyət təşkil edir və bir asılılıqdan qurtulmaq başqa bir asılılığa düşməklə nəticələnir.
Əl‑Murtəza vurğulayıb ki, bir ölkənin suverenliyi bölünməz anlayışdır. Onun sözlərinə görə, həqiqi müstəqillik yalnız bəyanatlarla əldə edilmir və başqa güclər qarşısında təslim olmaqla təmin olunmur. Həqiqi müstəqillik sabitlik və dayanıqlılığın qorunması, təcavüzlər qarşısında milli birliyin möhkəmləndirilməsi, eləcə də azad və müstəqil milli qərarların qəbul edilməsi yolu ilə reallaşır. Bu qərarlar hər cür hegemonluğun rədd edilməsinə əsaslanmalı, Livanın və onun xalqının, eləcə də torpağının qorunmasını təmin etməli, eyni zamanda ölkənin ləyaqətini, gələcəyini və azadlığını uca tutmalıdır.
Livanın sabiq naziri bəyan edib ki, mövcud təzyiqlər bəzi dairələri İsrailin hökmranlığı altında formalaşmış siyasi bloka tez bir şəkildə qoşulmağa sövq edə bilər. Onun sözlərinə görə, belə bir blokun məqsədi Livanın dövlət və ictimai strukturunu sarsıtmaq, bu ölkənin işğalını və ona qarşı yönəlmiş təcavüzü legitimləşdirməkdir.
Əl‑Murtəza belə bir ssenarinin gerçəkləşməyəcəyinə və Livanın suverenliyinin qalib gələcəyinə əminliyini ifadə edib. O əlavə edib ki, həqiqi suverenlik yalnız uzaqgörənlik, müdriklik, sabitlik və dayanıqlılığa əsaslanan siyasət yürütməklə, eləcə də azadlıq görüntüsü yaradaraq şeytana xidmət edən bütün xarici siyasi xətləri qəti şəkildə rədd etməklə təmin oluna bilər. Onun sözlərinə görə, «azadlıq illüziyası» əslində Livanın bir daha düşməməli olduğu yeni bir tələdir.
Rəyiniz