çərşənbə axşamı 24 mart 2026 - 20:15
Ramazan ayında baş vermiş müharibənin bu qədər qanunsuzluqlarla müşayiət olunması təəccüb və təəssüf doğurur

Hövzə / Cənubi Afrikanın Yohannesburq Universitetinin hüquq və beynəlxalq münasibətlər üzrə professoru doktor Manosi Mankub Ramazan ayında baş vermiş müharibənin hüquqi aspektlərinə toxunaraq, bu müharibəni tamamilə qeyri‑qanuni adlandırıb və İranın müdafiəsini beynəlxalq normalara uyğun, legitim və hüquqi hesab edib.

«Hövzə Xəbər Agentliyi»nin beynəlxalq bürosunun verdiyi məlumata görə, Cənubi Afrikanın Yohannesburq Universitetinin hüquq və beynəlxalq münasibətlər üzrə professoru doktor Manosi Mankub dinlərarası beynəlxalq vebinarda İranın ABŞ və İsraillə müharibəsinin beynəlxalq hüquq aspektlərini təhlil edib və bu müharibəni beynəlxalq hüquqi meyarlara əsasən tamamilə qeyri‑qanuni bir müharibə kimi dəyərləndirib. O vurğulayıb ki, İranın özünü müdafiə etməsi tamamilə hüquqi və qanunidir.

Yohannesburq Universitetinin bu hüquq məsələləri üzrə professoru sözügedən müharibənin qeyri‑qanuni cəhətlərindən biri kimi, müqavilələr, konvensiyalar, beynəlxalq təşkilat və qurumlara məhəl qoyulmadan müharibənin başlanmasını və İrana zorla qəbul etdirilməsini qeyd edib, bu miqyasda qanunsuzluqlarla müşayiət olunan bir müharibənin baş verməsini təəccüb və təəssüf doğuran hal kimi qiymətləndirib.

O, davamında İranın nüvə obyektlərinə hücumu bu müharibənin digər qeyri‑qanuni aspektlərindən biri kimi göstərərək bildirib ki, İran nüvə enerjisindən sülhməramlı məqsədlər üçün istifadə etməyə çalışdığı və bu ölkənin nüvə silahına sahib olmasına dair heç bir əlamət mövcud olmadığı halda, İrana hücum edilib və onun atom enerjisindən qanuni və normal şəkildə faydalanmasının qarşısı alınıb.

Doktor Mankub bu müharibədə beynəlxalq hüququn digər pozuntuları sırasında mülki əhaliyə və günahsız insanlara hücumları, xüsusilə də qızlar məktəbinə edilən hücumu və nəticədə yüzlərlə iranlı uşaq və yeniyetmənin həlak olmasını qeyd edərək vurğulayıb ki, bu cür əməllər bütün beynəlxalq norma və qanunlara qəti şəkildə ziddir. Məktəbə bilərəkdən, həm də müharibənin ilk günündə və ilk hücumlar zamanı edilən hücum İsrail və ABŞ‑ın cinayətkar ruhunu açıq şəkildə göstərir.

O əlavə edib ki, Trampın zorakılığı və güc tətbiqi yalnız İranla məhdudlaşmır və Venesuela, Kuba və digər ölkələrdə də bu cür zülm və cinayətlərin şahidi oluruq.

Bu universitet professoru İrana qarşı törədilən cinayətləri Fələstin və Qəzza məzlum xalqına qarşı həyata keçirilən cinayətlərin davamı kimi qiymətləndirib və təəssüflə bildirib ki, uzun illərdir müxtəlif ölkələrdə bu cür cinayətlər baş verir və heç kim onların qarşısını almır.

Manosi Mankub İranın qlobal zülmə və beynəlxalq hüququn pozulmasına qarşı apardığı səyləri və mübarizəni təqdir edərək, İran üçün düşmənləri üzərində qələbə və uğur arzulayıb.

O, davam edərək qeyd edib ki, İranın zalımlara və zorakılara qarşı göstərdiyi cəsarət və müqavimət təqdirəlayiqdir və beynəlxalq hüquq baxımından İranın hücumları xalqın və ölkənin hüquqlarının bərpası məqsədi daşıyan qanun çərçivəsində və legitim müdafiə hesab olunur.

Yohannesburq Universitetinin hüquq professoru, həmçinin ABŞ və İsrailin mülki obyektlərə, enerji infrastrukturlarına, xəstəxanalara, məktəblərə və universitetlərə etdiyi hücumları qətiyyətlə pisləyib və bunları ABŞ və İsrailin qeyri‑qanuni hərəkətlərinin digər sübutları kimi dəyərləndirib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha