cümə axşamı 2 aprel 2026 - 02:23
İran xalqı çətinlikləri aşaraq tarixi dönüş yaratdı

Hövzə | İraqın Əhdullah Hərəkatının baş katibi bildirib: İran xalqı çətin şəraitdə müdrik iştirakı və qəhrəman duruşu ilə vəliyyi-fəqihə və inqilab ideallarına sədaqətin nadir nümunəsini göstərərək tarixi dönüş yaratdı.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İraqın Əhdullah Hərəkatının baş katibi Höccətül-İslam vəl-müslimin Seyid Haşim Heydəri müqəddəs Cəmkəran məscidində keçirilən “Ümmətin imamı” adlı toplantıda çıxış edib. O, 1 aprel (12 fərvərdin) İran xalqının İslam dövlətinə verdiyi tarixi səsvermənin ildönümünü xatırladaraq, bu hadisənin müxtəlif aspektlərini və son prosesləri şərh edib.

O bildirib ki, İslam İnqilabının qələbəsindən 47 il ötür. Hazırkı acı hadisələrdən, müharibədən və vəliyyi-fəqihin şəhadətindən təxminən bir ay keçib. Bu günlər çətinlik və kədər ilə müşayiət olunsa da eyni zamanda İran xalqının imanının, dözümlülüyünün və inqilab ideallarına sadiqliyinin nadir nümunələrini nümayiş etdirib.

Höccətül-İslam vəl-müslimin Seyid Haşim Heydəri 1 aprel 1979-cu il (12 fərvərdin 1358 şəmsi) referendumunu xatırladaraq bildirib: Həmin tarixi gündə İran xalqı yazılı səsvermə yolu ilə İslam dövlətini seçib. Lakin bu gün, onilliklər sonra eyni xalq müharibə şəraitində, düşmən hücumları altında və şəhidlərin qanı hesabına “Meydan referendumu” kimi dəyərləndirilə biləcək formada bu sistemə və vilayəti-fəqih prinsipinə sadiqliyini bir daha sübut edib.

O qeyd edib: İran xalqı Ayətullah Seyid Əli Xameneinin itkisinin kədərini yaşadığı bir vaxtda, Ekspert Məclisinin Rəyasət Heyəti tərəfindən yeni liderin seçilməsi cəmiyyətdə xüsusi mənəvi mühit formalaşdırıb. Qədr gecələri Qədirə bənzər günlərə çevrilib. Bu fərqlə ki, Qədir gecəsindən müəyyən bir müddət keçdikdən sonra müsəlmanlar müəyyən olunmuş yoldan uzaqlaşmışdılar, lakin İran xalqı bu dəfə yeni lider həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə beyət etməklə öz bəsirətini və ayıqlığını nümayiş etdirib.

İraqın Əhdullah Hərəkatının baş katibi vurğulayıb ki, vəliyyi-fəqihə itaət və İslam hakimiyyətinin müdafiəsi zühurun tezləşməsi və İslam ideallarının gerçəkləşməsi üçün ən doğru yoldur. Bu gün dünyanın heç bir nöqtəsində İran İslam Respublikasından başqa həqiqi İslam hakimiyyəti nümunəsi mövcud deyil. Bu reallıq 3 yanvar 1963-cü ildə  (1342 xordad) bu günədək İran xalqının müqaviməti və mübarizəsinin nəticəsidir.

O bildirib ki, zühurun zəmininin hazırlanması xalqın iştirakı ilə bağlıdır. İnqilabının Ali Məqamlı Rəhbərinin vurğuladığı kimi, zühurun gerçəkləşməsi xalqın hazırlığından asılıdır. Zühurun əsas şərtlərindən biri sadiq və hazır tərəfdarların olmasıdır. Xalqın bu geniş və əzəmətli iştirakı həmin ilahi vədin gerçəkləşəcəyinə ümid yaradır.

Höccətül-İslam vəl-müslimin Seyid Haşim Heydəri İran xalqına müraciət edərək bildirib: Siz cihad, dözümlülük və fəal iştirakınızla İmam Zamanın (ə.f) qəlbini sevindirmisiniz. Siz İslamın möhkəm səngəri hesab olunursunuz. İnqilaba sadiqlik və rəhbərliyə itaət ilə İslam tarixində nadir nümunəyə çevrilmisiniz.

O, çıxışının sonunda xalqın müxtəlif sahələrdə fəal iştirakına görə təşəkkür edərək vurğulayıb: İran xalqının küçələrdə böyük iştirakı, xüsusilə mövcud çətin şəraitdə, İslam dünyası üçün qürur mənbəyidir. Biz şiələr və müsəlmanlar olaraq bu müqaviməti yüksək qiymətləndirir və bu böyük xalqa qələbə və ucalıq arzulayırıq.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha