Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) İslam İnqilabının sabiq Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhadətinin qırxıncı günü münasibətilə, eləcə də son müharibə ilə bağlı mühüm məqamlara dair bəyanat yayımlamışdır. Bəyanatın tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا لِّيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمًا وَيَنصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا
Bağışlayan və mehriban Allahın adı ilə
Həqiqətən, Biz sənə açıq-aşkar bir fəth (zəfər) bəxş etdik ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin və Allah sənə şanlı bir zəfər bəxş etsin. (Fəth surəsi, 1–3-cü ayələr)
İslam dininə və İran İslam Respublikasına qarşı törədilmiş ən ağır cinayətlərdən birinin, eləcə də bu xalqın tarixində baş vermiş ən ağır ümummilli matəmlərdən birinin üzərindən qırx gün ötür.
Bu hadisə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin, o cümlədən İran xalqının rəhbəri, İslam ümmətinin lideri, eləcə də müasir dövrdə haqq axtaranların öncülü, İranın və müqavimət cəbhəsinin şəhidlərinin lideri şəhid Ayətullah Seyid Əli Xameneinin ürəkləri sarsıdan şəhadəti ilə bağlıdır.
Artıq qırx gündür ki, şəhid Ayətullah Seyid Əli Xameneinin uca ruhu Allah dərgahında İslam şəhidlərinin və Allah dostlarının yanındadır. Eyni zamanda bunun ardınca bir çox müsəlmanlar, o cümlədən silahı qüvvələrin bir sıra komandir və döyüşçüləri, eləcə də çoxsaylı həmvətənlərimiz məzlum şəkildə şəhid olmuşdur.
Artıq qırx gündür ki, şəhid Ayətullah Seyid Əli Xamenei bu dünyadan köçmüşdür. Lakin bu dəfə, Musa peyğəmbərin dövründə baş verənlərdən fərqli olaraq, şəhid Ayətullah Seyid Əli Xameneinin əsgərləri və onun rəhbərlik etdiyi xalq haqqın bərpası və batillə mübarizə üçün ayağa qalxmış, Samiri və onun buzovuna (ABŞ və İsrail) qarşı dağlar kimi möhkəm dayanmış, təcavüzkarların və Firon xislətli qüvvələrin üzərinə sanki od seli kimi yerimişlər.
Qırx gündür ki, dünya istismarçıları öz yalançı və aldadıcı maskalarını çıxardaraq qətl, zülm, təcavüz, yalan, təkəbbür, uşaq qətli, istibdad və fəsadın çirkin və şeytani mahiyyətini ifşa etmişlər.
Lakin bunun müqabilində qırx gündür ki, İmam Xomeyni (r) və İmam Xameneinin (r) məktəbinin qeyrətli övladları və İslam peyğəmbəri həzrət Məhəmmədin (s) davamçıları meydanlarda, küçələrdə və döyüş səngərlərində yüksək hazırlıq və misilsiz cəsarətlə dayanmışdır. Onlar düşmənin vəhşi hücumlarının nəticəsində yaratdığı itki və zərərlərə baxmayaraq, son baş vermiş müharibəni son müqəddəs müdafiə dastanına çevirmişlər.
İran xalqı bu böyük hüzn matəmində olsada, İmam Hüseynin (ə) Aşura hadisəsindən aldığı dərslərdən bu ağır hüznlü matəmi qəhrəmanlıq dastanına, ağlamaq səslərini isə rəşadət nidasına çevirmişdir. Bütün bunlar tam silahlanmış düşməni heyrət və çıxılmaz vəziyyətə salmış, dünyanın azad insanlarını isə heyran qoymuşdur. Bu dəfə istismarçıların cəhaləti 2026-cı ilin mart ayını İran və İslam İnqilabının gücünün yüksəlişinin yeni mərhələsinin başlanğıcına çevirmiş, İran İslam Respublikasının bayrağını təkcə ölkə coğrafiyasında deyil, dünya haqq sevərlərinin qəlbinin dərinliklərində də ucaldılmışdır.
Şəhid Ayətullah Seyid Əli Xameneinin xüsusiyyət və dəyərləri
Bu münasibət dahi şəxsiyyət şəhid Ayətullah Seyid Əli Xameneinin qısa və ümumi təqdimatı üçün dəyərli bir fürsətdir. Söhbət elə bir insandan gedir ki, geniş şəkildə tanınsa da əsl mahiyyəti ilə tam dərk olunmamışdır.
Şəhid Ayətullah Seyid Əli Xamenei zamanın tam gedişatını dərindən anlayan, müdrik, uzaqgörən, yorulmaz, dağ kimi möhkəm və sabit bir şəxsiyyət idi. O, əməl sahibi, o cümlədən ilahi irfanla yetişmiş alim, eləcə də zikr əhli, gecə ibadəti edən, həmçinin Allaha bağlı, məsumlara (ə) təvəssül edən və qəlbinin dərinliyindən İlahi vədlərə sarsılmaz iman bəsləyən dahi bir şəxsiyyət idi.
Onun mühüm xüsusiyyətlərindən biri vətənə bağlılıq və İranın daha böyük müstəqilliyi uğrunda ardıcıl mübarizəsi idi. Bununla yanaşı, milli birlik və ümummilli həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verirdi.
O, ömrünü İslam dövlətinin qurulması, möhkəmləndirilməsi və davamlılığının təmin olunmasına həsr etmişdi. Eyni zamanda onun baxışında İslam Respublikası xalqdan ayrı təsəvvür edilə bilməz və xalq olmadan isə bu dövlətin məna və mahiyyəti də ola bilməzdir.
Bu dahi şəxsiyyət qətiyyət və möhkəmliklə yanaşı, düşüncə və yanaşmada yüksək incəlik və dərinlik nümayiş etdirirdi. Ölkənin potensialına, xüsusilə gənclərə xüsusi diqqət yetirir, elm və texnologiyanın inkişafını və onun əsasında tərəqqini əsas prioritetlərdən biri hesab edirdi.
Şəhid ailələri, qazilər və fədakar insanların ailələrinə xüsusi ehtiram göstərirdi. O, müxtəlif sahələrdə onilliklərə söykənən zəngin təcrübəyə malik idi və bu xüsusiyyətlərin siyahısı olduqca genişdir.
Son dövrlərdə bəzi media orqanlarında onun incəsənətə münasibəti və sənətə baxışı barədə tez-tez bəhs olunur. Bu xüsusiyyət təkbaşına böyük dəyər daşısa da onun digər üstünlükləri ilə müqayisədə daha kiçik bir istiqamət kimi görünür.
Bununla belə, onun ən mühüm və daha az diqqət çəkən “sahəsi” cəmiyyətin düşüncə, ruhiyyə və hisslərini formalaşdırmaq vasitəsilə cəmiyyəti maarifləndirmək və inkişaf etdirmək sahəsi idi.
Digər mühüm dəyərlərindən biri isə məqsədli institusional sistemlərin qurulması idi. Xüsusilə rəhbərliyinin ilk illərində uzaq strateji baxışla mühüm institusional əsaslar yaratmışdır.
Başqa bir mühüm xüsusiyyəti ölkənin hərbi strukturunun gücləndirilməsində oynadığı rol idi. İran xalqı son illərdə baş vermiş müharibələrdə bunun nəticələrini aydın şəkildə görmüşdür.
Həmçinin elmi, strateji və siyasi sahələrdə innovativ və yaradıcı yanaşma onun mühüm xüsusiyyətlərindən biri idi. Bu xüsusiyyətlər ümumi siyasətlərin formalaşdırılmasında da öz əksini tapmışdır.
O, eyni zamanda yeni mənalar yaradan ifadələrin formalaşdırılması, ictimai diskursun yönləndirilməsi və dərin məzmunlu fikirlərin təqdim edilməsi sahəsində də xüsusi bacarıq sahib idi.
Bütün bunlarla yanaşı, çətinliklər və imtahanlar içində formalaşan kamil ruhiyyə sayəsində gələcək hadisələri əvvəlcədən görmə qabiliyyəti o cümlədən “mömin Allahın nuru ilə baxar” prinsipi çərçivəsi onun mühüm xüsusiyyətlərindən biri idi. Bu xüsusiyyətlərin hamısını burada tam şəkildə sadalamaq mümkün deyildir.
Bu peşəkarlıq və dəyərlərin mənbəyi
Bütün bu peşəkarlıq və dəyərlərin hamısının mənbəyi Allah-Təaladan xüsusi yardım və inayətlərindən, həmçinin peyğəmbərimizin və onun pak Əhli-beytin (ə) xüsusi diqqət və mərhəmətindən başqa bir şey deyildir. Ola bilsin ki, bu ilahi lütf və diqqətlərin o dahi şəxsiyyətə yönəlməsinin səbəbini onun haqqın ucaldılması yolunda fasiləsiz, ixlaslı və yorulmaz mübarizəsi və cihadında görmək mümkündür.
Lakin xüsusilə qeyd etmək lazımdır ki, Pəhləvi rejiminin xəyanətkar sisteminə qarşı mübarizənin çətinliklərindən əlavə, o, vəzifəsini yerinə yetirmə yolunda xalqın adətən məlumatlı olmadığı xüsusi bir fürsətdən də geniş şəkildə istifadə etmişdir. Belə təqdir olunmuşdu ki, elmə ciddi meyilli və əmələ eyni dərəcədə bağlı olan gənc Seyid Əli Xamenei möhtərəm atasının göz xəstəliyi ilə üzləşdiyi bir dövrdə, Qum şəhərində illərlə böyük ustadların yanında təhsil aldığı və elmi yüksəliş üçün bütün zahiri imkanlara malik olduğu halda, bütün bu şəraitdən keçərək, Allaha təvəkkül edib özünü atasına xidmətə həsr etsin.
Bu fədakarlığın ardınca İlahi lütf belə təcəlla etdi ki, Seyid Əli Xamenei otuz yaşına çatmamış Xorasan (Məşhəd) səmasından parlayan bir günəş kimi meydana çıxdı və tez bir zamanda fikir və mübarizə sahəsinin əsas sütunlarından biri hesab olundu. Eyni zamanda o, ənənəvi elmlərdə də ciddi irəliləyişlər əldə etdi. Belə ki, 1971-ci ildə SAVAK (İran şahı Məhəmməd Rza Pəhləvinin dövründə fəaliyyət göstərən kəşfiyyat sistemi) onu “Xorasanın Xomeynisi” adlandırırdı.
Qeyd etmək lazımdır ki, onun zahiri və batini inkişaf prosesi sonrakı mərhələlərdə də davam etmişdir.
Bu dahi şəxsiyyətlərin davranışından dərs almaq baxımından, xüsusilə belə bir şəxsiyyətin timsalında insanların bir-birinə qarşı səmimi xeyirxahlıq və həmrəylik ruhunu öz həyat tərzinə çevirməsi çox önəmlidir. Çünki bu xüsusiyyət və onunla yanaşı İlahi rəhmətə ümid bəsləmək, haqq bayrağı altında dayananlarla batil ətrafında birləşənlər arasındakı əsas fərqi təşkil edir. Şübhəsiz ki, belə bir yanaşma ilahi mərhəmət qapılarını açır. O cümlədən yağışın nazil olmasından tutmuş düşmən üzərində qələbəyə və elmi-texnoloji tərəqqiyə qədər müxtəlif ilahi yardımların nazil olmasına səbəb olur.
Bu günlərdə tez-tez xalqın müxtəlif təbəqələrinin haqlı olaraq o böyük şəxsiyyəti həsrətlə yad etdiyi və onun parlaq simasının daha çox yönlərinin üzə çıxdığı müşahidə olunur. Eyni zamanda onun bəzi davranış və xüsusiyyətlərinə tabe olma meyli də getdikcə genişlənir. Məsələn, xalq onun şəhadət anındakı tutduğu yumruğunu bir rəmz kimi mənimsəmiş və bu gün həmin yumruq bəzi çevrələrdə ortaq ideoloji simvola çevrilmişdir.
Beləliklə, bir daha sübut olunur ki, şəhidin təsiri yalnız onun həyatı ilə məhdudlaşmır. Əksinə onun haqq, tövhid, zülmlə mübarizə və haqq axtarışına çağırış səsi daha güclü və daha təsirli şəkildə davam edir. Eyni zamanda bu böyük şəhidin xalqın və bütün müsəlman ümmətinin səadəti ilə bağlı arzusu gerçəkləşməyə daha da yaxınlaşmışdır.
İranın qəhrəman xalqı son müharibədə əldə etdiyi qələbəsi
Əziz həmvətənlər! Bu gün qətiyyətlə demək olar ki, siz qəhrəman xalq olaraq bu meydanın həqiqi qalibi olmusunuz.
Bu gün İran İslam Respublikasının böyük bir güc kimi yüksəlişinin başlanğıcı və eyni zamanda istismarçı qüvvələrin zəiflik və tənəzzülə doğru sürüklənməsi hər kəsin gözü qarşısında aydın şəkildə görünməkdədir. Bu həqiqətən ilahi bir nemətdir ki, şəhid Ayətullah Seyid Əli Xameneinin və digər şəhidlərin eləcə də Minab şəhərinin "Şəcəre təyyibə" tam orta məktəbində şəhid olmuş məzlum şagirdlərin qanının sayəsində, həmçinin xalqın Allah dərgahında etdiyi dua və yalvarışları, onların meydanlarda, məhəllələrdə və məscidlərdə göstərdiyi yüksək əhval ruhiyyəli iştirakı, eləcə də İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH), Silahlı Qüvvələrin və sərhədçilərin fədakar və qəhrəmancasına xidmətləri nəticəsində bu nemət İran xalqına bəxş olunmuşdur.
Bu nemətə də digər nemətlər kimi şükür etməlisiniz ki, davamlı olsun. "Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam" ayəsinə əsasən bu ilahi nemətin əməli şükrü güclü, ardıcıl və fasiləsiz şəkildə İrana doğru səylərin davam etdirilməsidir.
Xalqın meydanda davamlı iştirakının əhəmiyyəti
Hazırkı mərhələdə bu strateji hədəfə və şəhid Ali Məqamlı Rəhbərin müəyyən etdiyi məqsədlərə çatmaq üçün ən mühüm zərurət, əziz xalqımızın son qırx gündə olduğu kimi meydanda davamlı və fəal iştirakıdır. Bu iştirak, hazırda İranın möhkəmləndiyi mövqenin əsas dayaqlarından birini təşkil edir.
Buna görə də düşmənlə danışıqlara başlanması barədə xəbərlərə əsaslanaraq insanların küçələrdə və meydanlarda iştirakının artıq lazım olmadığı qənaəti düzgün hesab edilə bilməz. Əksinə, əgər hərbi qarşıdurma mərhələsində nisbi sakitlik dövrü yaranmış olsa belə, meydan, məhəllə və məscidlərdə iştirak imkanı olan bütün vətəndaşların məsuliyyəti daha da mühüm olur.
Şübhəsiz ki, sizin meydanlardakı şüarlarınız belə danışıqların nəticələrinə təsir göstərir. Necə ki, “İran üçün ölümə hazırıq” adlı milyonlarla insan hərəkatının artan gücü də bu prosesdə mühüm təsir amillərindən biridir. Allah-taalanın izni ilə bu fədakar iştirakınız sayəsində, həmçinin onun davamlılığı nəticəsində İran xalqının qarşısında parlaq, izzətli və rifahlı bir gələcəyin üfüqləri açılmaqdadır.
Şəhid Ayətullah Seyid Əli Xamenei rəhbərliyi qəbul etdiyi zaman İran İslam Respublikası çoxsaylı zərbələr almış, lakin kökləri möhkəm və sağlam olan bir ağaca bənzəyirdi. Təxminən 37 illik rəhbərlik dövrünün sonunda həmin ağacın kökləri daha da möhkəmlənmiş, budaqları isə regiona və dünyanın geniş coğrafiyasına fayda verəcək şəkildə genişlənmişdir. Bu böyük şəxsiyyət isə onu bütün bəşəriyyət üçün bir miras olaraq geridə qoymuşdur.
Güclü İrana doğru yol, cəmiyyətin bütün təbəqələri arasında birliyin möhkəmləndirilməsindən keçir. Bu məsələ dəfələrlə onun tərəfindən xüsusi vurğulanmışdır. Bu birliyin mühüm təzahürlərindən biri də son qırx gündə müşahidə olundu. İnsanların qəlbləri bir-birinə yaxınlaşdı, müxtəlif təbəqələr arasında olan soyuq əlaqələr tədricən yaxşılaşdı, hamı vətən bayrağı altında birləşdi və bu birliyin həm miqyası, həm də keyfiyyəti gündən-günə artmaqdadır. Hələ meydanlara tam qoşulmayan bəzi şəxslər də qəlbən bu kütlələrlə həmrəy və həmfikir mövqedədirlər.
Bu günlərdə bir çox insanlar sivilizasiya baxışını uzaq üfüqlərə yönəldərək yeni bir gələcək təsəvvürü formalaşdırır və bu təsəvvür artıq xəyali deyil, real mövcudluq və gələcək potensiala söykənir. Bu xüsusiyyət əvvəllər yalnız şəhid liderin rəhbərliyi altında olan məhdud sayda insanlarda müşahidə olunurdu. Buna görə də hər bir müşahidəçi bu xalqın sürətli və möcüzəvi inkişafını aydın şəkildə dərk edir. Təsadüfi deyil ki, dövrün müdrik və uzaqgörən şəxsiyyəti bu vəziyyətdən söhbət açarkən dəfələrlə sözləri boğazında düyünlənərək qəhərlənmişdir.
Cənub qonşu ölkələr, ziyanların təzmini və şəhidlərin qanbahası ilə bağlı qeydlər
Bu məqamda İranın cənub qonşularına müraciətlə deyilir ki, siz bir möcüzənin şahidi olursunuz. Buna görə də doğru baxın, doğru anlayın, düzgün mövqe tutun və yalan vədlərlə aldadan qüvvələrə qarşı ehtiyatlı olun. Biz hələ də sizdən münasib bir reaksiya gözləyirik ki, sizə qarşı qardaşlıq və xeyirxahlıq münasibətimizi daha aydın şəkildə göstərə bilək. Bu isə yalnız sizin istismarçı qüvvələrdən üz döndərməyinizlə mümkündür. Həmin qüvvələr isə sizi alçaltmaq və istismar etmək üçün heç bir fürsəti əldən vermirlər.
Hamı bilməlidir ki, Allah-taalanın izni ilə biz ölkəmizə hücum edən təcavüzkar və cinayətkarları cəzasız buraxmayacağıq. Şübhəsiz ki, bu müharibədə vurulan hər bir ziyanın tam təzminini, şəhidlərin qanbahasını və qazilərin hüquqi diyəsini tələb edəcəyik. Eyni zamanda Hörmüz boğazının idarə olunması məsələsini də yeni və daha güclü bir mərhələyə doğru aparacağıq. Biz müharibə tərəfdarı deyilik və olmamışıq, lakin heç bir halda öz haqqımızdan imtina etmirik və bu istiqamətdə bütün müqavimət cəbhəsini vahid mövqe kimi nəzərə alırıq.
Xalqa tövsiyələr
Birinci: Bu mərhələdə, tam haqqımızı əldə edənə qədər bütün xalqdan xahiş olunur ki, bir-birinə qarşı diqqətli və qayğıkeş olsunlar ki, müharibənin təbii nəticəsi olan çatışmazlıqların yükü cəmiyyətin müxtəlif təbəqələrinə mümkün qədər az təsir etsin. Bu çatışmazlıqların bir qismi qarşı tərəfdə daha kəskin olsa da dövlət və digər qurumlarda çalışan qardaş və bacılarımızın səyləri nəticəsində ölkə daxilində böyük ölçüdə idarə olunmuşdur.
İkinci: Düşmənlərin sosial media vasitəsilə yayımladığı yalanlara qəti şəkildə inanmayın. Düşmən belə bir vəziyyətdə insanların psixoloji durumundan istifadə edir.
Bu media qurumlarının İran xalqına və ölkəyə qarşı xeyirxah olmadığı dəfələrlə sübuta yetmişdir. Buna görə ya onlardan ümumiyyətlə uzaq durmalı, ya da ən azı onların təqdim etdiyi hər məlumatı ciddi ehtiyat və şübhə ilə dəyərləndirməliyik.
Üçüncü: Əziz xalq! İslam İnqilabının Ali Məqamlı Rəhbərinin şəhadətinə görə elan olunmuş rəsmi matəm dövrü başa çatdıqdan sonra qara libaslar çıxarılsa da onun və düşmənin həyata keçirdiyi son müharibələr zamanı şəhid olan insanların qanının qisası ilə bağlı qəti iradə xalqın qəlbində və ruhunda daim saxlanmalı və bu hədəfin gerçəkləşməsi gözlənilməlidir.
İmam Zamana (ə.f) müraciət
Sonda İmam Zamana (ə.f) üz tutaraq deyirik ki, biz uca Allaha iman, məsum imamlara (ə) təvəssül və şəhid liderimizə itaət edərək Sizin bayrağınız altında küfr və istismar cəbhəsinə qarşı müqavimət göstəririk. Bu yolda müxtəlif təbəqələrdən olan çoxsaylı şəhidlər vermiş, ölkənin izzət və müstəqilliyi, İslamın və İslam İnqilabının ucalığı naminə böyük fədakarlıqlar etmiş və müxtəlif zərərlərlə üzləşmişik.
Hazırda bütün varlığımızla Sizin xüsusi duanıza ümid bağlayırıq ki, həm danışıqlar zamanı, həm də döyüş meydanında düşmən üzərində qəti qələbə nəsib olsun. Ümid edirik ki, tezliklə həm düşmən, həm də biz bu duanın möcüzəvi təsirini görəcəyik, inşallah.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
9 aprel 2026-cı il
Xəbərin sonu
Rəyiniz