çərşənbə axşamı 14 aprel 2026 - 12:49
Məzlumun yanında dayanmaq peyğəmbərlərin (ə) yoludur

Hövzə / İranın Vatikandakı səfiri dünya katoliklərinin liderinə müraciət edərək bildirib ki, məzlumun yanında dayanmaq, hərçənd çətin və məsuliyyətli olsa da, peyğəmbərlərin keçdiyi və ilahi övliyaların sadiq qaldığı yoldur. O qeyd edib ki, sülhün səsi müharibə hay-küyü arasında zəif görünsə də, əslində ən dərin və davamlı səsdir. Bu səs elə bir həqiqətə söykənir ki, nə zorla susdurula, nə də təhqirlə aradan qaldırıla bilər.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, İranın Vatikandakı səfiri Höccətül-İslam vəl-müslimin Məhəmmədhüseyn Muxtari dünya katoliklərinin lideri Papa XIV Leona məktub ünvanlayıb.

Məktubda bildirilib ki, bu gün dünyada zorakılıq və müharibə alovları insanlığın üfüqlərini qaranlığa bürüyüb, məzlumların fəryadı isə güc sahiblərinin səs-küyü arasında itib gedir. Belə bir şəraitdə ilahi şəxslərin istər kilsədə, istərsə də İslam ümməti daxilində səsi qaranlıqda işıq kimi parlayaraq yatmış vicdanları oyadır.

O qeyd edib ki, dini rəhbərlərin zülm və təcavüz qarşısında dayanması siyasi seçim deyil, ilahi vəhyə, ilahi kəlamlara və peyğəmbərlərin yoluna söykənən müqəddəs bir vəzifədir. Hər bir həqiqi dini lider məzlumların müdafiəsinə qalxdıqda, bu, İncilin “Sülh yaradanlara nə bəxtiyardır” çağırışının və İslam ənənəsindəki «کونوا لِلظّالِمِ خَصماً و لِلمَظلومِ عَوناً» “Zalımın düşməni, məzlumun yardımçısı olun” prinsipinin təcəssümüdür.

Məktubda daha sonra vurğulanıb ki, dini liderlərin müharibə və zorakılığa qarşı çıxışı müqəddəs borcdur. Zülm qarşısında susmaq ona şərik olmaq deməkdir və məzlumları müdafiə etməyən söz dinin əsasından uzaq sayılır. Müharibələrdə həyatını itirən uşaqlar, övlad itirən analar və viran qalan torpaqlar haqqında danışmaq, əslində, bəşəri vicdanın dilə gəlməsidir.

Səfir bildirib ki, son vaxtlar ABŞ prezidenti Donald Trampın Papa XIV Leonaya qarşı hörmətsiz davranışları təəssüf doğurur. O, bu cür hərəkətləri pisləyərək qeyd edib ki, heç bir dövlət və ya güc sülhə çağıran bir səsi təhqir etmək haqqına malik deyil. O, əlavə edib ki, əxlaqdan uzaq güc kor alətə çevrilir, din isə hər zaman gücün nəzarətçisi və tənqidçisi olmalıdır.

Məktubda qeyd olunub ki, sülh və ədalət uğrunda danışan dini liderlərə qarşı hörmətsizlik, əslində, insan cəmiyyətinin əsas dəyərlərinə qarşı hörmətsizlikdir və bu cür davranışlar güc deyil, həqiqət qarşısında zəifliyin göstəricisidir.
Muxtari vurğulayıb ki, müasir dünya ilahi dinlərin birgə səsinə əvvəlkindən daha çox ehtiyac duyur. İncil və Qurani-Kərimin məzlumların müdafiəsində bir araya gəlməsi insanlıq üçün yeni ümid üfüqləri aça bilər. Bu baxımdan dini liderlər siyasi fiqurlar deyil, mənəvi dəyərlərin və insan vicdanının qoruyucuları kimi çıxış etməlidirlər.

O qeyd edib ki, məzlumun yanında dayanmaq, çətin olsa belə, peyğəmbərlərin və ilahi övliyaların yoludur. Sülhün səsi zahirdə zəif görünsə də, əslində ən dərin və davamlı səsdir, çünki bu səs insan vicdanında yaşayan ilahi həqiqətdən qaynaqlanır və nə zorla susdurula, nə də təhqirlə aradan qaldırıla bilər.

Məktubda vurğulanıb ki, məzlumun müdafiəsi sadəcə seçim deyil, ilahi çağırışa cavabdır. Sevgi zorakılığı əvəz etdikdə və ədalət gücün yerini tutduqda, insan öz həqiqi mahiyyətinə yaxınlaşır. Bu zaman insanlar bir-birinin dərdinə şərik olaraq vahid səsə çevrilir və bu səs zülm qarşısında ümidin hələ də yaşadığını bəyan edir.

Sonda Papa XIV Leonanın sülh, ədalət və birgəyaşayış naminə tutduğu mövqeyə görə təşəkkür edilib və bildirilib ki, ilahi vədə əsasən, zorakılıqdan uzaq bir dünyanın qurulması azadlıqsevərlər üçün mümkündür.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha