Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi ABŞ prezidenti Donald Tramp və digər düşmən qüvvələrin İran xalqı və məsul şəxslər arasında ixtilaf yaratmaq cəhdlərinə cavab olaraq bəyanat yayıb.
Bəyanatda deyilir:
الله الرحمن الرحیم و صلی الله علی محمد و آله الطاهرین
إِنْ تَنْصُرُوا اللَّهَ یَنْصُرْکُمْ وَیُثَبِّتْ أَقْدَامَکُمْ
Bağışlayan və mehriban Allahın adı ilə
Allahın salam və rəhməti Məhəmməd (s) və onun pak Əhli-beytinə (ə) olsun.
“Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.” (Məhəmməd surəsi, 7-ci ayə)
Trampın ardıcıl mesajları, tvitləri və mövqeləri bir tərəfdən həqiqətə, ədalətə, azadlığa və insan ləyaqətinə, eləcə də İslam İnqilabının irəli aparıcı düşüncəsinə qarşı düşmənçilik və dərin kin-küdurətdən qaynaqlanır. Digər tərəfdən isə bu çıxışlar onun daxili mahiyyətini, təkəbbürlü sivilizasiyanın zorakılıq və vəhşilik üzərində qurulmuş ruhunu açıq şəkildə əks etdirir.
Bundan əlavə, bu mövqelər onun psixoloji gərginliyini, meydandakı acizliyini və dünya ictimai rəyinə, İran İslam Respublikasına və müqavimət cəbhəsinə qarşı çıxmaqda uğursuzluğunu nümayiş etdirir. ABŞ cəmiyyətində və rəsmi strukturlarında dərin ixtilaflar, hökumət və siyasi partiyalar daxilində parçalanmalar, eləcə də Avropa və dünya ölkələrində müttəfiqlərin mövqelərində yaranan qeyri-müəyyənlik ABŞ və sionist dairələri ciddi çaşqınlıq vəziyyətinə salıb.
Region və dünya xalqlarının müharibə, təcavüz və zorakılığa qarşı birləşməsi, eyni zamanda İranın və müqavimət cəbhəsinin möhkəm iradəsi ABŞ və sionist cəbhəsinin daha da təşvişə düşməsinə səbəb olub. Trampın son dövrlərdəki ziddiyyətli, əsassız və təhqiramiz çıxışları da məhz bu strateji uğursuzluq və meydandakı çıxılmaz vəziyyətin nəticəsidir və heç vaxt İran xalqının, silahlı qüvvələrinin və məsul şəxslərinin möhkəm birliyində zərrə qədər sarsıntı yarada bilməz.
Qoy bütün dünya bilsin ki, bu gün İran xalqının, müqavimət cəbhəsinin, bütün qurumların və məsul şəxslərin qəlbləri, addımları və həmrəylikləri daha sıx birləşmiş, düşmənin hiylə və təxribatlarına qarşı daha hazırlıqlı vəziyyətdədir. Onlar İslam İnqilabının Ali Məqamlı Rəhbərinin rəhbərliyi ilə öz izzət və şərəflərini qorumaq yolunda qətiyyətlə irəliləyirlər.
Dini qurumlar, ruhaniyyət, elmi hövzələr və bütün elmi və dini mərkəzlər, eləcə də bu sahədə fəaliyyət göstərənlər Ruhullah Xomeyni, şəhid rəhbər Ayətullah Seyid Əli Xamenei və böyük mərcəyi-təqlidlərin yolunu davam etdirərək İranın müstəqilliyi və izzəti uğrunda öz əhdlərinə sadiqdirlər. Onlar xalqla həmrəyliyi, rəhbərliyə itaəti, silahlı qüvvələr və müqavimət cəbhəsi ilə birliyi bir daha vurğulayır, Trampın xalq və dövlət daxilində parçalanma yaratmaq məqsədi daşıyan xam xəyallarını əsassız və mənasız hesab edərək qətiyyətlə rədd edirlər.
Sonda Ayətullah Ərafi İslamın, İran İslam İnqilabının və müqavimət cəbhəsinin qələbəsini Uca Allahdan diləyərək, İmam Zamanın (ə.f) nəzərində olmağı arzulayıb.
Ölkə üzrə Elmi hövzələrin rektoru
Ayətullah Əlirza Ərafi
Rəyiniz