çərşənbə axşamı 28 aprel 2026 - 17:39
Düşmənin koqnitiv müharibədə strategiyaları və onlara qarşı mübarizə yolları

İmam Xomeyni Tədris və Tədqiqat İnstitutunun elmi heyət üzvü haqq cəbhəsinə qarşı aparılan hibrid müharibənin müxtəlif ölçülərinə toxunaraq vurğulayıb ki, hərbi müharibə ilə yanaşı, koqnitiv müharibə də ən mühüm sahələrdən biri kimi davam etdirilir. Onun sözlərinə görə, düşmən cəmiyyətlərin inanc və məlumat sistemlərinə nüfuz etməklə ictimai rəyi öz xeyrinə istiqamətləndirməyə və bununla da qarşı tərəfin zəifləməsi üçün zəmin yaratmağa çalışır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, İmam Xomeyni Tədris və Tədqiqat İnstitutunun elmi heyət üzvü Höccətül-İslam vəl-müslimin Əli Əmin Rüstəmi müasir dövrdə haqq və batil arasında mübarizə müxtəlif sahələrdə davam edir. O qeyd edib ki, bu qarşıdurmanın cəmiyyət üçün daha çox görünən hissəsi hərbi müharibədir, lakin əslində bu mübarizə daha geniş sahələri və çox vaxt diqqətdən kənarda qalan müxtəlif ölçüləri də əhatə edir.

O, “hibrid müharibə” anlayışına toxunaraq əlavə edib ki, keçmişdə də bu cür qarşıdurma formaları mövcud idi, lakin bu gün həmin sahələr daha da genişlənib və mübarizə hərbi, psixoloji, siyasi, mədəni və digər istiqamətlərdə aparılır. Hibrid müharibənin ən mühüm istiqamətlərindən biri isə “koqnitiv müharibə”dir.

İnstitutun elmi heyət üzvü davam edərək bildirib ki, koqnitiv müharibədə düşmən qarşı tərəfin inanc və məlumat sisteminə nüfuz etməyə və onları öz xeyrinə yönləndirməyə çalışır. Əgər düşmən bu sahədə uğur qazanarsa, qarşıdurma meydanında məqsədlərinin mühüm hissəsini həyata keçirmiş olur.

Düşmənin koqnitiv müharibədə strategiyaları və onlara qarşı mübarizə yolları

Höccətül-İslam vəl-müslimin Əmin Rüstəmi İslam tarixində koqnitiv müharibənin nümunələrinə toxunaraq bildirib ki, məsələn, Müaviyə ibn Əbu Süfyan Əmirəl-möminin Əli (ə) ibn Əbu Talib üzərində üstünlük qazanmaq üçün Şam əhalisinin o həzrətə dair düşüncəsini dəyişməyə çalışırdı. Nəql olunur ki, Əmirəl-mömininin (ə) şəhadət xəbəri yayılanda bəzi şamlılar təəccüblə “Məgər Əli namaz qılırdı ki, mehrabda şəhid oldu?” deyə soruşmuşdular. Bu isə göstərir ki, insanların idrakı dəyişdirilməklə haqq cəbhəsinə qarşı mübarizə üçün zəmin hazırlanırdı.

O əlavə edib ki, Xəvaric hadisəsində də Xəvaricin arxa planında Müaviyənin rolu var idi və müxtəlif təbliğatlar vasitəsilə bu qrupa Əmirəl-möminin Əlinin (ə) hakimiyyəti qəbul etməklə (həkəmiyyət məsələsində) guya dindən çıxdığı fikri təlqin olunurdu. Nəticədə zahirdə ibadət əhli olan şəxslər belə bir qənaətə gəlib İmam Əli (ə) ilə müharibəni vacib hesab etdilər ki, bu da koqnitiv müharibənin bariz nümunəsidir.

Höccətül-İslam vəl-müslimin Əmin Rüstəmi bildirib ki, müasir dövrdə koqnitiv müharibənin əsas meydanı mediadır. Media şəbəkələri, qəzet və jurnallar, kitablar və xüsusilə sosial media vasitəsilə qarşı tərəfin inanc sistemi sarsıdılır və “rəvayət müharibəsi” çərçivəsində ictimai rəy onların əleyhinə formalaşdırılır.

Əmin Rüstəmi düşmənin koqnitiv müharibədə istifadə etdiyi strategiyalara da toxunaraq qeyd edib ki, ilk addım dini etiqadlara zərbə vurmaqdır. Adətən bu proses birbaşa siyasi mövzulardan başlamır, əksinə, əvvəlcə insanların dini əsasları zəiflədilir ki, sonda cəmiyyətdəki problemlərin səbəbi kimi din təqdim olunsun.

O davam edərək bildirib ki, son illərdə baş verən hadisələrdə də müşahidə olunub ki, əvvəllər dini mərasimlərdə iştirak edən bəzi şəxslər koqnitiv təsirin nəticəsində Qurani-Kərimi yandırmaq, imamzadə və hüseyniyyələri dağıtmaq kimi addımlar atmış, hətta İslam əleyhinə şüarlar səsləndirmişlər.

Çıxışının davamında o, tarixi bir nümunəyə də işarə edərək qeyd edib ki, Siffeyn döyüşü zamanı və Əmmar ibn Yasir şəhid edilərkən, Peyğəmbər (s) əvvəlcədən buyurmuşdu ki, Əmmarı zalım bir dəstə öldürəcək. Əmmar Əlinin (ə) ordusunda şəhid olduqda bu məsələ Şam ordusunda şübhə yaratdı. Lakin Müaviyə koqnitiv müharibə üsulundan istifadə edərək iddia etdi ki, Əmmarın qatili onu döyüşə gətirən şəxsdir.

O qeyd edib ki, Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) bu iddiaya cavab olaraq buyurmuşdu: Bu məntiqlə yanaşsaq, deməli Məhəmməd Peyğəmbər də Həmzə ibn Əbdülmüttəlibin qatili sayılmalıdır, çünki onu döyüşə gətirmişdi. Buna baxmayaraq, Şam ordusunda olan bəzi sadəlövh insanlar bu şübhəni qəbul etdilər.

Höccətül-İslam vəl-müslimin Əmin Rüstəmi davam edərək bildirib ki, koqnitiv müharibədə düşmənin ikinci strategiyası ümidsizlik və ruh düşkünlüyü yaratmaqdır. O qeyd edib ki, İslam tarixində də bunun nümunələri var. Məsələn, Uhud döyüşü zamanı Peyğəmbərin (s) şəhid olması barədə yayılan şayiə bəzi müsəlmanların döyüş meydanını tərk etməsinə səbəb olmuşdu.

O əlavə edib ki, həmin vaxt yaralı halda yerdə uzanan bir müsəlman qaçmaq istəyən yoldaşına demişdi: “Əgər Peyğəmbər (s) şəhid olsa belə, onun dini qalır və Allah diridir. Buna görə də dayanıb dinimizi müdafiə etməliyik.” Bu nümunə göstərir ki, koqnitiv müharibəyə qarşı durmaq üçün uzaqgörənlik və möhkəm iradə vacibdir.

O, şayiə yaymaq və cəmiyyətdə ümidsizlik yaratmağın düşmənin əsas üsullarından biri olduğunu vurğulayaraq bildirib ki, necə ki, İslamın ilk dövrlərində Peyğəmbərin (s) şəhid olması barədə şayiə bəzi müsəlmanların zəifləməsinə səbəb olmuşdu, bu gün də oxşar iddialarla cəmiyyətin ruhiyyəsini sarsıtmağa çalışırlar. Məsələn, bəzi dairələr ABŞ-ın bir düymə ilə ölkənin müdafiə gücünü sıradan çıxara biləcəyi kimi iddialar irəli sürərək insanların ruh yüksəkliyini zəiflətməyə cəhd edirdilər. Halbuki zaman keçdikcə bu iddiaların əsassız olduğu üzə çıxıb.

O, düşmənin üçüncü strategiyasının haqq cəbhəsinə qarşı bədbinlik yaratmaq olduğunu bildirib və əlavə edib ki, Qasim Süleymani kimi şəxsiyyətlərin nüfuzdan salınması və müqavimət oxuna qarşı aparılan təbliğatlar bu istiqamətdə atılan addımlardandır.

Əmin Rüstəmi vurğulayıb ki, iğtişaşlar zamanı Qasim Süleymaninin şəkillərinin endirilməsi və yandırılması, eləcə də “Nə Qəzza, nə Livan” kimi şüarların səsləndirilməsi həqiqətin təhrif edilməsi və müqavimət cəbhəsinin zəiflədilməsi məqsədi daşıyırdı.

İmam Xomeyni Tədris və Tədqiqat İnstitutunun elmi heyət üzvü davam edərək bildirib ki, tarixdə olduğu kimi bu gün də haqq cəbhəsinə qarşı ittiham və təhriflər davam edir. O qeyd edib ki, İslamın ilk dövrlərində Əli ibn Əbu Talib (ə) haqqında ittihamlar səsləndirilir, Kərbəla hadisəsi zamanı isə Hüseyn ibn Əliyə (ə) dinə qarşı çıxmaq kimi böhtanlar atılırdı. Bu gün də düşmən eyni üsullarla cəmiyyətdə haqq yoluna qarşı bədbinlik yaratmağa çalışır.

O, koqnitiv müharibədə düşmənin dördüncü strategiyasının etnik və məzhəbi ixtilaflar yaratmaq olduğunu bildirib. Onun sözlərinə görə, bir tərəfdən “ingilis şiəliyi” kimi tanınan cərəyanlar müxtəlif peyk kanalları vasitəsilə fəaliyyət göstərir və bu kanalların bir çoxu sionist rejimə qarşı mövqe sərgiləmir, digər tərəfdən isə İŞİD kimi radikal sünni qruplar gücləndirilir ki, müsəlmanlar arasında uzunmüddətli qarşıdurmalar yaransın.

Əmin Rüstəmi əlavə edib ki, düşmənin məqsədi otuzillik müharibə kimi, gələcək nəsillərin dinə inamını zəiflətməkdir.

O, bu sahədə görülən qarşı tədbirlərə də toxunaraq bildirib ki, imamın təşəbbüsü ilə Tehranda və Çeçenistanda keçirilən toplantılar vasitəsilə düşmənin ideoloji mahiyyəti ifşa olunub, praktiki müstəvidə isə Qüds qüvvələri Qasim Süleymani rəhbərliyi ilə yaranmış fitnələrin qarşısını almağa nail olub.

Höccətül-İslam vəl-müslimin Əmin Rüstəmi koqnitiv müharibə ilə mübarizə yollarına da toxunaraq birinci yolun “təbliğ və maarifləndirmə cihadı” (cihadət-təbyin) olduğunu bildirib. O vurğulayıb ki, cəhalət bir çox problemlərin əsas mənbəyidir və bu səbəbdən düzgün və vaxtında məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.

O, İslam İnqilabının şəhid rəhbəri Ayətullah Seyid Əli Xameneinin virtual məkanın əhəmiyyətinə dair fikirlərinə istinad edərək qeyd edib ki, Ayətullah Xamenei, dəfələrlə vurğulamışdır ki, əgər rəhbərlikdən başqa bir məsuliyyət daşısaydı, virtual məkanın idarə olunmasını seçərdi.

Əmin Rüstəmi ikinci çıxış yolunun düşmən təbliğatına aldanmamaq və mötəbər mənbələrə müraciət etmək olduğunu bildirib. Onun sözlərinə görə, Qurani-Kərim mühüm məsələlərdə zikr əhlinə müraciət etməyi tövsiyə edir və düşmən yönlü media qurumlarına etibar etməyi doğru saymır. Halbuki bəzi insanlar yerli media və rəsmi məlumat mənbələrinə qarşı etimadsız yanaşırlar.

Sonda o, üçüncü mühüm məqam kimi dəqiq olmayan məlumatların yayılmamasını qeyd edib və bildirib ki, insanlar bilmədikləri məlumatları paylaşmamalıdırlar. Qurani-Kərim insanın bilmədiyi şeylər barədə məsuliyyət daşıdığını bildirir və xüsusilə sosial mediada məlumatların yoxlanılmadan yayılması ciddi problemlərə səbəb ola bilər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha