Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, Elmi hövzələrin Ali Şurasının katibi Ayətullah Məhəmməd Məhdi Şəbzendedar, bu Şuranın katibliyinin rəhbəri Höccətül-İslam vəl-müslimin Əhməd Fərruxfal ilə birlikdə ötən gecə Qum şəhərinin şəhid Ayətullah Səduqi (r) adına olan küçədə keçirilən xalq toplantılarının 65-ci gecəsində iştirak edib.
Elmi hövzələrin Ali Şurasının katibi həmin ərazidə fəaliyyət göstərən bir sıra xeymələrə baş çəkərək onların təşkilatçılarına təşəkkür edib və xalqın sədaqətli və inqilabçı təbəqəsinə göstərdikləri xidmətə görə minnətdarlığını bildirib.

Xalqın birliy, uzaqgörənliyi və dözümlülüyünə təşəkkür
Ayətullah Məhəmməd Məhdi Şəbzendedar, Şəhid Səduqi (r) adına Təhsil Kompleksinin təşəbbüsü ilə təşkil olunan xeymədə toplaşan insanlarla görüşdə bildirib: Əziz, şərəfli və zamanın tələblərini düzgün dərk edən İran xalqının malik olduğu mərifət və uzaqgörənliyi qarşısında təşəkkür və minnətdarlıq olaraq bu məclisdə iştirak etməyi özümə borc bilirəm.
O, İslam İnqilabının başlanğıcdan etibarən xalqın iştirakı və sədaqəti sayəsində irəlilədiyini vurğulayaraq qeyd edib: Bu gün ölkə boyu müşahidə olunan uyğunluq, birlik, ayıqlıq və ictimai dözümlülük, bu vətəni məhv etmək üçün planlar quran qəddar düşmənlər üzərində xalqın qələbəsinin əsas amilidir.
Xalq bahalaşma və çətinliklərə baxmayaraq İslam İnqilabının yanındadır
Elmi hövzələrin Ali Şurasının katibi xalqın günlərlə meydanlarda səbirli şəkildə iştirakını düşmən planlarının iflasa uğramasının səbəbi kimi dəyərləndirərək bildirib: Eşq olsun sizə ki, bu bahalaşma və çətinliklərə baxmayaraq, inqilabın yanında möhkəm dayanmısınız.
O, İmam Cəfər Sadiqdən (ə) nəql olunan bir hədisə istinad edərək deyib: Şiələrin dörd gözü vardır: iki zahiri (üzdə olan) gözü və iki batini (qəlb/bəsirət) gözü. Onlar qəlb gözləri ilə hadisələri düzgün təhlil edir, harada və necə davranmalı olduqlarını anlayırlar. Bu bəsirətlə düşmən qarşısında möhkəm dayanır, sarsılmır və qorxuya qapılmırlar.
Qələbə üçün üç əsas sütun: Meydan, diplomatiya və xalq
Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü qeyd edib ki, qələbə üçün meydan, diplomatiya və xalqın fəal iştirakı kimi üç əsas sütuna ehtiyacı var. O bildirib: Meydan sədaqətli, imanlı, şücaətli və eyni zamanda Ali Məqamlı Rəhbərin göstərişlərinə tabe olan silahlı qüvvələrin əlindədir və biz gördük ki, bu qüvvələr necə böyük nailiyyətlər əldə edərək dünya ictimaiyyətini heyrətə saldılar.

İndi geri çəkilmək vaxtı deyil
O, qələbədə diplomatiyanın əhəmiyyətinə toxunaraq bildirib: Ümid edirik ki, diplomatlarımız Ali Məqamlı Rəhbərin göstərişlərinə uyğun şəkildə düşmən qarşısında güclü və qətiyyətli mövqe nümayiş etdirəcəklər. Biz bu yolda çox böyük xərclər vermişik, buna görə də indi geri çəkilmək və ya lazımsız ifadələr işlətmək vaxtı deyil ki, düşmən bizim zəiflədiyimizi düşünə bilsin.
Diplomatlar xalqın tələbinə uyğun hərəkət edəcəklər
Ayətullah Məhəmməd Məhdi Şəbzendedar xalqın meydanlarda iştirakı və tələbkarlığının əhəmiyyətini vurğulayaraq bildirib: Düşmən elə düşünürdü ki, xalq artıq dövlətdən yorulub. Lakin şəhid Ayətullah Seyid Əli Xameneinin buyurduğu kimi, Allah bu xalqı düşmən qarşısında dayanmaq üçün meydana çıxarmışdır. Bu xalq meydanı qətiyyətlə tərk etməyəcək və son qələbəyə qədər möhkəm dayanacaq. Xalqın bu davamlı və ardıcıl iştirakı həm düşməni ümidsiz edir, həm də öz tərəfdarlarımızı qəti qələbəyə daha da ümidləndirir.
Sizə təşəkkür edirəm / Dua və təvəssül etməyə dəvət
O, sonda vurğulayıb: Bu toplantılarda ən mühüm məsələ uca Allah dərgahında dua və təvəssül etməkdir. Bu iki hal bir araya gəldikdə ilahi yardım gerçəkləşəcəkdir. Mən bu yolda addımlayan rəşadətli İran xalqına bir daha səmimi qəlbdən təşəkkürümü bildirirəm və uca Allahdan bu fədakarlıqların ən gözəl mükafatını verməsini diləyirəm.
Hövzə Xəbər Agentliyinin müxbiri ilə Ayətullah Şəbzendedarın geniş müsahibəsi daha sonra ayrıca yayımlanacaq.
Xəbərin sonu 3 \ 313
Rəyiniz