cümə axşamı 7 may 2026 - 00:29
“Öncül və nümunəvi Hövzə”nin tarixi və sivilizasion bəyanatı şəhid Ayətullah Seyid Əli Xameneinin düşüncələrinin xülasəsidir / Ölkə üzrə Elmi Hövzələrin rektorunun müraciətinin beş mühüm məqamı

Hövzə/ Şəhid rəhbər Ayətullah üzma Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) ürəkyandıran itkisi və məzlumcasına şəhadəti İran, region və dünyada heyrətamiz bir oyanış və genişmiqyaslı dirçəliş meydana gətirdi. Bunun ardınca qlobal miqyaslı güclü dalğalar yüksəldi, dünya düzəninin hesablarını və hegemon güclərin planlarını alt-üst etdi. “Öncül və nümunəvi Hövzə” adlı tarixi və sivilizasion bəyanat isə həmin şəhid rəhbərin düşüncələrinin xülasəsi, İslam İnqilabı və İmam Xomeyninin (r) ideyalarının davamı, elmi hövzələrin manifesti, gələcək hövzə nəslinin və uzaqgörən ruhanilərin yolu, gənc tələbə və fəzilət sahiblərinin rəhbəri, həmçinin hövzənin gələcək inkişaf və dəyişikliklərinin istiqamətverici kompasıdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Ərafinin “Öncül və nümunəvi hövzə” bəyannaməsinin yayımlanmasının ildönümü münasibətilə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:
بسم الله الرحمن الرحیم

﴿مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا﴾
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab surəsi 23)

Şəhid rəhbər Ayətullah üzma Xameneinin (Allah ona rəhmət eləsin) Qum elmi hövzəsinin yenidən təsisinin yüz illiyinə həsr olunmuş beynəlxalq konqresə ünvanladığı tarixi “Öncül və nümunəvi hövzə” bəyannaməsinin ildönümü yetişir və həmin ruhverici çağırış bir daha hövzə əhlinin düşüncə və qəlbində səslənir.

Lakin bu böyük elmi, maarifləndirici və inqilab yönümlü hadisənin ildönümü bu il ağır hüznlə qarşılanır. Çünki o böyük şəxsiyyət artıq aramızda deyil və şəhadət məqamına ucalmışdır. Bu ağır müsibət İran, İslam Respublikası və elmi hövzələr üçün dərin bir hüzünə səbəb olmuşdur.

Bununla belə, onun məzlumcasına şəhadəti İran, region və dünyada heyrətamiz bir oyanış və böyük bir dirçəliş yaratdı. Bu hadisədən sonra yüksələn dalğalar dünya miqyasında təsir göstərərək qlobal güclərin hesablarını və hegemon qüvvələrin planlarını alt-üst etdi.

“Öncül və nümunəvi hövzə” adlı bu tarixi və sivilizasiya yönümlü bəyanat, həmin şəhid rəhbərin düşüncələrinin xülasəsi, İslam İnqilabı və İmam Xomeyni (r) məktəbinin davamı, elmi hövzələrin gələcək yol xəritəsi və gənc nəslin istiqamətverici bələdçisidir.

Bu bəyanat, İmam Xomeyninin (r) ruhaniyyət manifesti, İnqilab rəhbərləri Ayətullah Seyid Əli Xameneinin düşüncələri, şəhid rəhbərin tövsiyələri, böyük mərcələrin və hövzə alimlərinin göstərişləri ilə birlikdə Qum hövzəsinin tarixində yeni bir mərhələ açdı. O, mərhum Ayətullah üzma Hairi Yəzdinin (r) arzularını, İslam, İnqilab, müqavimət və ruhanilik şəhidlərinin yolunu əks etdirərək gələcək zirvələri müəyyənləşdirdi.

Bu bəyanat hövzə alimləri, xüsusilə gənc tələbələr, müəllimlər, tədqiqatçılar, təbliğçilər və idarəçilərin məsuliyyətini daha da ağırlaşdırdı.

Bu gün həmin böyük mücahidin çağırışı hələ də qulaqlarımızda səslənir. İran və İslam İnqilabının qlobal hegemonizmə qarşı apardığı bu böyük sivilizasiya mübarizəsində qorxu, süstlük, passivlik və hadisələrdən geri qalmaq “öncül hövzə” anlayışı ilə uyğun deyil. Hövzə əhli bu bəyanatın işığında, vilayəti-fəqihə itaətlə öz tarixi missiyasını davam etdirməlidir.

Ali  Məqamlı Rəhbər həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) və böyük mərcəyi-təqlidlərin rəhbərliyi ilə yeni şərait və yaranmış fürsətlərdən istifadə edərək, əxlaq və mənəviyyat əsasında qurulan bir dünyanın formalaşması, eləcə də İslamın yeni sivilizasiyasının təməllərinin qoyulması və çiçəklənməsi istiqamətində böyük addımlar atmalıdırlar. İnşallah, Allahın lütf və izni ilə, xalqın dirçəlişindən, eləcə də üçüncü müharibədə hövzə və mədəniyyət cəbhəsinin rolundan ilham alaraq daha üstün gələcəkləri düşünməli, riskləri qəbul etməli, “mövcud sərhədləri yarıb yeni bir nizam qurmalıdırlar". 

Ruhaniyyət Manifesti və “Öncül və nümunəvi hövzə” bəyanatı barədə çoxsaylı izahlı və təhlili mətnlər hazırlanmış, hövzə alimləri, böyük şəxsiyyətlər və müxtəlif elm adamları bu barədə fikirlərini bildirmişlər. Mən də öhdəmə düşən həddə qədər müxtəlif çıxışlarımda onun fərqli yön və ölçülərinə toxunmuşam.

İndi isə bu bəyanatın yayımlanmasının ildönümündə və ölkə, İslam İnqilabı və elmi hövzələrin tarixində son dərəcə həssas bir mərhələdə, hörmətli müəllimlərə, hövzə və universitet alimlərinə, tələbələrə, gənc tədqiqatçılara bir neçə məqamı təvazökarlıqla xatırlatmaq istəyirəm:

Birinci: İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin İnqilab məktəbinin, İslam İnqilabının böyük şəxsiyyətlərinin və xüsusilə “Öncül və nümunəvi hövzə” mesajının əsas mahiyyəti, hər şeydən əvvəl, “müasir dünyada elmi hövzənin yeni tərifi”dir.
Elmi hövzə uzun tarixə malikdir və onun zəngin irsində elm istehsalı, müxtəlif bilik sahələrinin,  xüsusilə hikmət və fiqhin inkişafı, həmçinin İran xalqı və İslam ümmətinin mənəviyyat, əxlaq, ictimai və siyasi rəhbərliyində böyük xəzinələr mövcuddur. Həmçinin cihad, fədakarlıq və xalqa xidmət ruhu da bu irsin ayrılmaz hissəsidir.

Lakin bu gün sürətli dəyişikliklər, düşüncə və yaşayış tərzində dərin çevrilmələr, sonsuz suallar və yeni ehtiyaclarla qarşı-qarşıyayıq. Müasir elm və texnologiyalar bütün güclü və zəif tərəfləri ilə həyatımızı əhatəyə almışdır. Daha önəmlisi isə maddi sivilizasiyanın dünyaya hakim olması bəşəriyyət, İslam dünyası, din və mənəvi dəyərlər üçün ciddi təhlükələr yaradıb. Bütün bunlarla yanaşı, İslam oyanışı dövrü, dünya məzlumlarının qiyamı və İslam İnqilabı yeni səhifələr açaraq hövzənin və din institutunun məsuliyyətini daha da artırmışdır. “Öncül, nümunəvi və inqilabçı hövzə” bu yeni mərhələdə öz rolunu düzgün şəkildə yerinə yetirməlidir. Bir tərəfdən öz tarixi kimliyinə, möhkəm elm və ictihad metodlarına, mənəviyyat və əxlaq ənənələrinə sadiq qalmalı, öz əsas yolundan zərrə qədər uzaqlaşmamalıdır. Digər tərəfdən isə dəyişiklikləri fəal şəkildə dərk etməli, yeni ehtiyaclara düzgün cavab verməli, müasir hadisələrlə ağıllı və cəsarətli münasibət qurmalı, İslama dininə uyğun və imanlı həyat tərzinə doğru yeni üfüqlər açmalı və yeni sivilizasiya baxışı formalaşdırmalıdır.

Bu baxış və düşüncə İmam Xomeyni (r), şəhid rəhbər və elmi hövzələrin böyük mütəfəkkirləri tərəfindən formalaşdırılmış, nəticədə İslam hərəkatı, İnqilab, İslam sistemi, müqavimət cəbhəsi və müasir dünyada böyük dəyişikliklər meydana gəlmişdir. Bu yanaşmanı yaşatmaq və hövzənin bu zirvə və üfüqdə inkişafı üçün çalışmaq həmin bəyanatın əsası və mənəvi çağırışıdır. Bu yol elm və əməli cihadla davam etdirilməlidir və bu meydanda hər kəsin, bütün səviyyələrdə vəzifəsi vardır.

İkinci: Öncül və nümunəvi hövzənin təməli, Qurani-Kərimə və həzrət Peyğəmbərin (s) və onun pak Əhli-beytinin (ə) sünnəsinə əsaslanan fiqh və İslam maarifi sahəsində düşüncə, elmi yaradıcılıq və düşüncə mərkəzli yanaşma üzərində qurulmuşdur.

Lakin bu elmi fəaliyyət yalnız mənbələrin və metodların möhkəmliyi və həqiqiliyi ilə kifayətlənmir, eyni zamanda mövzuşünaslıq, ehtiyacların düzgün müəyyənləşdirilməsi, elmi dərinlik, intellektual dəqiqlik, müasir dövrün dəyişiklikləri, sualları və narahatlıqları ilə geniş tanışlıq, həmçinin İslam sistemi, İslam İnqilabı, İslam ümməti və beynəlxalq mühitin ehtiyaclarına dərindən diqqət yetirməyi tələb edir.

Bu banatda dini sistemqurma zərurəti, yeni və müasir məsələlərin dərindən araşdırılması, bütün İslam və hövzə elmlərinə diqqət yetirilməsi, fürsətlərin əldən verilməməsi və hövzə sistemlərinin düzgün şəkildə qurulması ilə bağlı vurğular da məhz bu əsasdan qaynaqlanır. Bu isə hövzənin bütün səviyyələrində yanaşma və baxışların yenilənməsini tələb edir. Şükürlər olsun ki, istər daxili və beynəlxalq sahələrdə mərcəyi-təqlidlərin, hövzənin böyük şəxsiyyətlərinin, Ali Şuranın və hövzə qurumlarının diqqəti ilə istər qardaşlar və bacılar bölməsində, istər elmi, mədəni və təbliğ sahələrində, istərsə də ölkənin müxtəlif bölgələrində bu istiqamətdə ilk nəticələr görünməkdədir.

Xüsusilə son illərdə İnqilabın iki rəhbərinin tələbləri və şəhid rəhbərin otuz ildən artıq rəhbərliyi dövründəki çağırışları sayəsində onlarla layihə hazırlanmış və həyata keçirilmişdir. İnşallah, “Öncül və nümunəvi hövzə” qərargahı gələcəkdə bu fəaliyyətlər barədə hesabatlar təqdim edəcəkdir.
Buna görə də hamımız mövcud nöqsanları qəbul etməli, səhlənkarlıq və çatışmazlıqlara görə üzr istəməliyik. Bu bəyanatın ildönümündə bütün hövzə qurumları, rəhbərlər, elit təbəqə və dini cərəyanlar öz fəaliyyətlərini yenidən nəzərdən keçirməli və daha böyük səylə çalışmağa başlamalıdırlar. Bu çatışmazlıqların bir hissəsi ikinci beşillik proqram çərçivəsində aradan qaldırılmalı və tamamlanmalıdır. Bu mühüm vəzifə yalnız rəsmi qurumların deyil, həm də hövzənin əsas gövdəsinin, orta həlqələrin, gənc tələbə və fəzilət sahiblərinin, müstəqil birliklərin və müxtəlif hövzə müəssisələrinin üzərinə düşür; çünki onlar bu yolda öncül və rəhbər rol oynaya bilərlər.

Üçüncü: Sadalanan bu məsələlər biz hövzə əhlini xalqyönümlülük, gənclər mərkəzli fəaliyyət, meydanda fəal iştirak, əxlaq prinsiplərinə bağlılıq və bu vəzifələrin icra üsullarından uzaqlaşdırmamalıdır. Həmçinin universitet ziyalıları, universitet mühiti, həqiqət axtaran tələbə və müəllimlər, eləcə də beynəlxalq əlaqələrlə qarşılıqlı əməkdaşlıq da diqqətdən kənarda qalmamalıdır. Bu mühüm istiqamətlər bəyanatın müxtəlif hissələrində açıq şəkildə əks olunmuşdur və onlar xüsusi önəm daşımalı, bu sahələr üzrə ciddi proqramlaşdırma və daha böyük səylər göstərilməlidir.

Dördüncü: Bu gün biz böyük bir meydan və tarixi bir mərhələ ilə qarşı-qarşıyayıq. İran xalqının, müqavimət oxunun və İslam ümmətinin möhtəşəm dirçəlişi, üçüncü (Ramazan ayında baş vermiş) müharibədə baş verən ilahi oyanış və İranın, regionun və dünyanın tarixində yeni bir mərhələ ilə üz-üzəyik.

Şükürlər olsun ki, gənc tələbələr, başıuca təbliğçilər, uzaqgörən hövzə əhli, hövzənin ali qurumları, geniş hövzə xeymələri, birləşik müharibə qərargahları və “Bəlaği-Mubin” cəbhəsi bu prosesdə təqdirəlayiq rol oynayıblar.

Bu rol düşmən üzərində qələbəyə və hiyləgər, zalım düşmənin məğlubiyyətinə qədər davam etməli, həmçinin müharibədən sonrakı mərhələdə də öz yolunu tapmalıdır.

Dövlətin üç əsas hakimiyyət orqanının məsul şəxsləri, əziz xalq, gənclər, elmi hövzələr, hövzə, universitet, mədəniyyət və Bəsic qurumlarının qarşısında ağır vəzifələr dayanır və onlar bu məsuliyyətlərə hazır olmalıdırlar. Xüsusilə hövzənin gənc nəsli və cəmiyyətin ayıq gəncləri qarşıdakı həssas dövrlərə və xüsusi rol oynamağa hazırlaşmalıdırlar. Allahın izni ilə İranın və dünyanın gələcəyi İslamın və İslam İnqilabının olacaqdır.

Beşinci: Təbliğ, maarifləndirmə, aydınlaşdırma cihadı, İslam düşüncəsinin yayılması və təbliğ sisteminin təşkilatlanması və inkişaf etdirilməsi şəhid rəhbərin  daimi tövsiyələrindən olmuşdur. Bu məsələ həm “Öncül və nümunəvi hövzə” bəyanatında, həm də 2025-ci ilin iyul ayının 12-də təbliğçilərlə tarixi görüşlərində xüsusi vurğulanmışdır.

Bu illər ərzində böyük dəyişikliklər baş versə də, hövzənin dostları və aidiyyəti qurumlar bu istiqaməti davam etdirməli və fəaliyyətləri barədə hesabat verməlidirlər. Bununla belə, biz hələ bu böyük dönüş yolunun başlanğıcındayıq və daha böyük fədakarlıqlara, ümumi əməkdaşlığa və geniş səylərə ehtiyac vardır.

Sonda bütün hövzə əhlinin və dəyərli ruhanilərin sağlamlıq və səadətini, eləcədə müsəlmanlar, məzlumlar, silahlı qüvvələr və həmçinin müqavimət cəbhəsinin dünya təkəbbürçüləri və düşmənləri üzərində son qələbəsini uca Allahdan diləyirəm.

Ölkə üzrə Elmi hövzələrin rektoru 
 Ayətullah Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha