bazar 17 may 2026 - 23:00
Şəhadət aşiqi olan 2010-cu illərin cavanları / Yeniyetmələrin şəhid rəhbərin yolunu davam etdirmək üçün bağladıqları əhd

Qum əhalisi, xüsusilə də yeni nəsil Ramazan müharibəsinin başladığı gündən bu günədək gecə saatlarında keçirilən toplantılarda coşqulu şəkildə iştirak edir. Bu toplantılarda iştirak edən bir neçə uşaq və yeniyetmə ilə müharibə və ölkənin hazırkı vəziyyəti barədə aparılan söhbətlər, düşmənlə mübarizədə müxtəlif yaş qruplarının müqavimət ruhunu və dözüm həddini daha da genişləndirir. Hazırkı reportajda məhz bu məsələlərə toxunulub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkənin bütün bölgələri ilə həmrəy olan Qum şəhərində də axşam saatlarında xalq toplantıları davam edir. Lakin “Müfid meydanı” xüsusi coşqu və hərarəti ilə seçilir. Bu ərazidə uşaqların, yeniyetmələrin və gənclərin iştirakı digər məntəqələrlə müqayisədə daha çox diqqət çəkir. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən 60 gündən artıq vaxt keçir və bu müddət ərzində küçələrdə xalq toplantıları və onların təşkil etdiyi mərasimlər fasiləsiz davam edir. Mən də insan bu axını ilə birlikdə Müfid meydanından hərəkət edərək Səduqi küçəsinə daxil oluram. Küçənin hər iki tərəfində qurulan xeymələrin sayı o qədər çox və sıxdır ki, hamısını gəzmək mümkün olmur.

Xalqın qeyrətindən qaynaqlanan şüarlar hər tərəfdən eşidilir: “Allahın əli aşkar oldu, Xamenei yenidən cavan oldu”, “Nə güzəşt, nə təslim — Amerika ilə mübarizə”, “Yeganə şah Nəcəf şahıdır, şərəfsiz Pəhləvi yox”, “Ölüm olsun Amerikaya, ölüm olsun İsrailə”, “Biz hamımız rəhbərimizin qanının bahasını istəyirik və onun oğlunun əmrinə tabeyik” və sair. Bu şüarlar gecənin əvvəlindən sübhədək küçələrdə səslənir.

İnsanı valeh edən xeymə 

Müfid meydanından bir qədər aşağıda, Səduqi küçənin sağ tərəfində bir qrup yeniyetmənin toplaşdığı görünür. Hamının baxışları qarşıdakı səhnəyə yönəlib. Bura “Qüds” məscidinin xeyməsidir. Bu məscid Şəhid Kərimi küçəsinin ərazisində yerləşir.

Bir yeniyetmə səhnədə dayanaraq gur və təsirli səslə fasiləsiz danışır. O qədər cazibədar və qüsursuz nitq söyləyir ki, insanı özünə heyran qoyur.

O, müharibə məsələləri, insan yaranışından bəri haqq və batilin qarşıdurması, haqq tərəfdarlarının məzlumları müdafiə etməkdəki məsuliyyəti, Allah yolunda mübarizənin fəziləti və bərəkətləri, İslam şəhidlərinin yolu, müqəddəs müdafiə şəhidlərinin həyat tərzi və digər mövzular barədə danışır.

Fon musiqisinin sakit ahəngi onun səsini müşayiət edir və dinləyicini ətrafdakı səs-küydən uzaqlaşdıraraq sakitlik və diqqət mühitinə aparır. Səhnənin qarşısında düzülmüş stullar artıq kifayət etmir və bəzi iştirakçılar ayaqüstə dayanmağa məcbur qalırlar.

Anbaan izdiham artır. Xemənin sol tərəfində böyük plastik masa qoyulub. Masanın üzərində, biri çay, digəri isə neskafe ilə dolu olan iki iri elektrik samovarı yerləşdirilib. İnsanlara çay və neskafe təqdim olunur, lakin iştirakçıların daha çox üstünlük verdiyi içki neskafedir.

İnsanlar xeymədə olan xidmətlərdən məmnun qaldıqları kimi, onun fəaliyyətinin davam etməsi üçün maddi yardım da edirlər ki, bu canlı və dinamik məclis ayaqda qalsın.

Bir yeniyetmə oğlan bacısı ilə birlikdə stulda oturub, digərləri kimi diqqətlə rəvayətçini dinləyir, arada isə bir-biri ilə pıçıldaşırlar. Mən onların yanına yaxınlaşıb müharibə və ölkənin, eləcə də bölgənin mövcud vəziyyəti barədə fikirlərini soruşuram.

Yeni nəslin baxışlarının əhəmiyyəti və müharibə haqqında təsəvvürlərin onların zehnində necə formalaşması, müqavimət cəbhəsinin fəaliyyəti və düşmənə qarşı mübarizə qədər mühüm hesab olunur. Bu bacı-qardaşın adları Seyid Məhəmmədhadi Musəvinəsəb və Seyidə Fatimə Həsəni Musəvinəsəbdir.

Qum şəhərindən olan yeniyetmə: İran xalqı öz ilahi missiyasının qədrini bilməlidir

Qumun Müfid meydanında keçirilən toplantıda iştirak edən yeniyetmə Seyid Məhəmmədhadi Musəvinəsəb Hövzə Xəbər Agentliyinə müsahibəsində İranın hazırkı vəziyyəti ilə bağlı hisslərini belə ifadə edib: Ölkəmin insanlarının müharibə əzabına məruz qalmasına, rəhbərimizin və əziz həmvətənlərimizin, xüsusilə də Minab şəhərinin məzlum şagirdlərinin şəhid olmasına görə çox kədərlənirəm. Amma eyni zamanda sevinirəm ki, İran xalqı tarixin doğru tərəfində qətiyyətlə dayanıb və Allah ordusunun əsgərlərini əzmlə müdafiə edir.

O əlavə edib ki, böyük İslam alimləri İran xalqının mənəvi yetkinliyini və oyanışını İmam Zamanın (ə.f) zühurunun yaxınlaşmasının əlamətlərindən hesab edirlər. Bu barədə düşündükcə anlayıram ki, öz canımı və əzizlərimi bu yolda fəda etməyə hazıram. Çünki yaradılışın əvvəlindən bu günədək bütün ilahi peyğəmbərlər və övliyalar xilaskarın zühurunda rol almaq həsrəti ilə yaşamışlar.

Raket partlayışlarının səsindən qorxmadım

Seyid Məhəmmədhadi evlərinin yaxınlığına düşən raketlərin partlayış səsləri barədə danışarkən deyib: Evimizin yaxınlığında partlayan raketlərin səsindən qorxmadım. Çünki bilirdim ki, həmin an Allah məni də, ailəmi də görür və bizi qoruyur. Ən pis halda ailəlikcə şəhid olar və Allahın cənnətində yer alardıq. Bundan böyük səadət nə ola bilər?

Cinayətkar uşaq qatilləri

Qumun Müfid meydanındakı toplantının yeniyetmə iştirakçısı bildirib: Əgər düşmənlə müharibədən başqa bir yol olsaydı və onun vasitəsilə İslam vətənimizin izzətini, istiqlalını, şərəfini və ərazi bütövlüyünü qoruya bilsəydik, yaxud Qəzza və Livanın məzlum uşaqlarını bu qaniçən düşmənlərin əlindən xilas edə bilsəydik, mütləq həmin yolu seçərdik. Amma bu cinayətkar uşaq qatillərini dayandırmağın başqa yolu yoxdur.

O vurğulayıb ki, İran xalqı bu xəbis düşmənləri məhv etmək üçün seçilmiş xalqdır və bu ilahi missiyanın qədrini bilməlidir.

İnsanlığı müdafiə etmək üçün heç bir fədakarlıqdan çəkinməməliyik. Çünki İran Allaha təvəkkül edərək qorxmadan küfr və zülm cəbhəsinin qarşısında dayanan və onların təcavüzünə cavab verən yeganə ölkədir.

Qum şəhərindən olan azyaşlı: Partlayış anında birlikdə dua edirdik ki, sakitləşək

Bu yeniyetmənin 8 yaşlı bacısı Seyidə Fatimə Həsəni Musəvinəsəb də Hövzə Xəbər Agentliyinə danışaraq evlərinin yaxınlığındakı partlayış anını belə xatırlayıb: Partlayış olan gün atam işdə idi. Amma nənəm və xalamsa bizim evdə idilər. Seyid Məhəmmədhadidən başqa bir balaca bacım və qardaşım da var. İlk partlayış səsini eşidəndə hamımız nənəmin yönləndirməsi ilə evin təhlükəsiz bir küncünə yığışdıq.

O bildirib ki, həmin anda xalası uca səslə İmam Zamanın (ə.f) zühur duasını oxumağa başlayıb və hamı birlikdə ona qoşulub.
Səsimiz o qədər yüksəlmişdi ki, sonrakı partlayışların səsi artıq az eşidilirdi. Sonra hərəmiz bir şüar səsləndirir, digərləri təkrar edirdi. Məsələn, mən ‘Ölüm olsun Amerikaya’ dedim. Balaca qardaşım Seyid Məhəmməd Məhdi isə yenicə danışmağı öyrəndiyi üçün səhvən ‘Ölüm İsrailə’ əvəzinə ‘Ölüm İsmayıla’ dedi və hamımız güldük.”

O əlavə edib ki, zühur duasının oxunması, İmam Zamanı (ə.f) çağırmaları və birlikdə səsləndirdikləri şüarlar onların qorxu hissini tez bir zamanda aradan qaldırıb: Qardaşımın həmin gülməli sözü də bizi gərginlikdən uzaqlaşdırdı və qısa müddətdə sakitləşdik.

“Düzünü desəm, bomba və raket səslərindən qorxdum...”

O sözünə davam edərək deyib: Düzünü desəm, bomba və raket səslərindən qorxdum, amma ailəmin qucağında sakitlik tapdım. Həmin an Qəzza uşaqlarını düşündüm. Onlar bu raketlərin qarşısında müdafiəsizdirlər, hətta ailə üzvlərini də itiriblər və onların yanında olub təsəlli ala bilmirlər. Allahdan istəyirəm ki, ölkəmizin döyüşçülərinə güc versin, düşmənləri məhv etsin və İran, Fələstin, və həmçinin Livanın uşaqlarını düşmənin amansız raketlərindən qorusun.

Mən də qardaşım kimi şəhidlikdən qorxmuram

Müfid meydanındakı toplantıda iştirak edən balaca qız əlavə edib: Mən də qardaşım kimi şəhidlikdən qorxmuram. Ya izzətli həyat istəyirəm, ya da qələbə ilə nəticələnən şəhidlik. Əgər düşmən bizə hakim olsa, heç vaxt rahatlıq görməyəcəyik və ölkədə həyat çox çətin olacaq. Amma şəhid olsaq, şübhəsiz ki, behiştdə gözəl və nemətlərlə dolu həyata qovuşacağıq. Mən əminəm ki, İran qalib gələcək. Çünki Allah Quranda buyurub ki, zalımların qarşısında dayanan yaxşı insanlara yardım edir.

İran xalqının heyranedici müqaviməti yaş tanımır

İran xalqının heyrətamiz müqaviməti yalnız böyüklər arasında deyil, uşaqlar və yeniyetmələr arasında da eyni dərəcədə güclü və köklüdür. Bu isə göstərir ki, İran xalqı heç vaxt təslim olmayacaq. Çünki bu torpağın uşaqları müqavimət dərsini yaxşı öyrəniblər.

İran xalqının dözüm və müqavimət həddi

Ölkənin müdafiəsi yolunda İran xalqının dözüm və müqavimət gücü düşmən üçün gözlənilməz oldu. Çünki onlar müsəlmanların ruhiyyəsini, müqavimətini, şücaətini və şəhidlik eşqini anlaya bilmirlər.

İran yüksək hərbi imkanlara malik olsa da, bu xalqı ucaldan əsas amil onların Allaha qəlbən iman gətirməsi, birlik nümayiş etdirməsi və haqq cəbhəsini canla-başla müdafiə etməsidir.

Hətta bütün dünya bütün hərbi qüvvələri ilə İrana qarşı birləşsə belə, bəşəriyyət Allahın ayələrinin necə gerçəkləşdiyini görəcək. 
کمْ مِنْ فِئَةٍ قَلِیلَةٍ غَلَبَتْ فِئَةً کَثِیرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِینَ
"Neçə-neçə azsaylı dəstə Allahın izni ilə çoxsaylı dəstəyə qalib gəlmişdir. Allah səbir edənlərlədir.”
(“Bəqərə” surəsi, 249-cu ayə)

Heç bir iş mümkünsüz deyil

Burada bir başqa yeniyetmə də mənim diqqətimi cəlb etdi. O, xeymənin bir küncündə ruhani bir şəxsin yanında dayanaraq insanların qəbulunu və digər işləri təşkil edirdi.

Görünür, bu xeymənin fəaliyyətinin böyük hissəsi “Qüds” məscidinin yeniyetmələr qrupu tərəfindən planlaşdırılır və məscidin böyükləri onların inkişafı üçün münasib şərait yaradıblar.

Bu cür şəbəkələşmə ölkə üçün olduqca vacib və faydalıdır. Təkcə siyasi sahədə deyil, həm də mədəniyyət, elm, din, iqtisadi və əyləncə sahələrində böyük əhəmiyyət daşıyır.

İnqilabın şəhid rəhbəri həzrət Seyid Əli Xamenei 12 may 2025-ci il tarixində bu barədə buyurmuşdu: Əgər gənclər və yeniyetmələr motivasiya və iradə ilə meydana daxil olsalar, mümkünsüz heç bir iş qalmayacaq. Hətta ölkədə infrastruktur olmayan sahələrdə belə, həmin infrastrukturu yaratmaq mümkündür.

Yeniyetmələr bu ölkəni zirvəyə daşıyacaq nəsildir.

Niyə gecənin bu vaxtı buradadır?

Məhəmməd Musahibniya adlı bir yeniyetməyə yaxınlaşaraq ABŞ və sionist rejimin İrana qarşı başladığı müharibə barədə onunla söhbət etdim.

Ondan soruşdum ki, niyə gecənin bu saatında burada dayanıb xeymənin yükünü çiyinlərində daşıyırsan?

Məhəmməd cavabında dedi: Çünki ölkəmiz hazırda müharibə günlərini yaşayır. Bir çox alim və mütəfəkkirlərin dediyi kimi, bu müharibə haqla batil müharibəsidir və həmçinin İmam Zamanın (ə.f) zühuruna zəmin hazırlayacaq. Mən də bu müqəddəs savaşda xidmət etmək istəyirəm və ölkəmin mənə ehtiyacı olduğu günlərdə bu vətənin bir guşəsində səngəri ayaqda saxlamaq istəyirəm.

O əlavə edərək bildirib ki, İslamın və İmam Zamanın (ə.f) işinə xidmət etmək istəyən çox insan var. Amma həmin səhnədə yer tutmaq və rol oynamaq üçün çalışan biz olmalıyıq.

Şəhid rəhbərin yolunu davam etdirmək üçün yeniyetmələrin əhd-peymanı

Söhbətin davamında ondan İmam Xameneinin şəhadət xəbərini eşitdiyi an barədə soruşdum. O isə cavabında dedi: Bu xəbər bizim üçün çox sarsıdıcı idi. Ailəm, dostlarım, məhəlləmizdəki insanlar və tanıdığım hər kəs böyük şok keçirmişdi. Ağanın şəhadətə çatdığı günün ilk saatlarında birlikdə yas saxlamaq üçün özümüzü məscidə çatdırdıq. Lakin biz müharibənin içində idik və matəm üçün fürsət yox idi. Boğazımızdakı hıçqırıqları və göz yaşlarımızı içimizə boğaraq, İslam dövlətinin düşmənlərinə və rəhbərimiz, özümüzə ata bildiyimiz əziz şəxsiyyətin qatillərinə qarşı qəzəbimizi qəlbimizdə alovlandırdıq ki, vaxtı gələndə bu qəzəb düşmənə endirilən sarsıdıcı zərbələrə çevrilsin və onları məhv etsin. Mən və dostlarım şəhid rəhbərimizin yolunu davam etdirmək üçün bir-birimizlə əhd bağlamışıq.

Qumdakı “Qüds” məscidinin xeyməsində fəaliyyət göstərən bu yeniyetmə, şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin yolunu davam etdirmək üçün dostları ilə müəyyənləşdirdikləri proqram barədə bildirib: Şəhid rəhbərimiz İranı sevirdi və bu vətənin inkişafı və ucalığı üçün heç bir səydən çəkinmirdi. İran İslam Respublikasını müdafiə etmək və ölkəmizin inkişafı üçün çalışmaq, bizim şəhid rəhbərimizin yolunu davam etdiməkdə əsas prinsipimiz olacaq.

Mən və dostlarım şəhadət arzusundayıq

Mən və dostlarım Allah yolunda şəhadətə çatmağı arzulayırıq. Bu, rəhbərimizin nail olduğu ən gözəl aqibətdir. Lakin şəhadətdən öncə İmam Zamanı (ə.f) tanımaq və onunla görüşmək arzusu qəlbimizdə çox güclüdür. Allahdan istəyirik ki, bu arzumuza çatdıqdan sonra canlarımızı şərəfli bir şəhadətlə satın alsın.

Məhəmməddən soruşdum ki, ailəsi onun müstəqil şəkildə toplantılarda iştirak etməsinə və xeymədə fəaliyyət göstərməsinə etiraz etmir? O isə belə cavab verdi: Xeyr, nəinki etiraz etmirlər, əksinə məni daim xeymədə və xalq toplantılarında fəal olmağa təşviq edirlər. Bu müddətdə bəzən yorğun olduğum və ya başqa planım olduğu hallarda belə, valideynlərim məndən istirahəti və digər proqramları kənara qoymağımı, mütləq toplantılarda iştirak etməyimi və ya müstəqil şəkildə məscidin xeyməsində fəaliyyət göstərməyimi istəyirdilər ki, İran cəmiyyətinin bir üzvü olaraq xalq iştirakının coşqulu qalması üçün üzərimə düşən vəzifəni yerinə yetirim.

Qum şəhərindən olan yeniyetmə: İran xalqı ABŞ-la danışıqlardan bezib

O, 1391-ci ildə (2012/2013) anadan olub və “90-cı illər nəsli”nin nümayəndəsi kimi deyir ki, hərbi və dövlət məsullarından bir istəyi var: Xalq müharibədən daha çox danışıqlardan bezib. Çünki hər dəfə ABŞ-la aparılan danışıqlarda İrana qarşı daha böyük xəyanət və hiylə baş verdi, düşmənçilik alovu daha da gücləndi. Təcrübə göstərdi ki, Amerika heç vaxt öhdəliklərinə sadiq qalmır.

Şəhid rəhbərin və Minab şəhərinin tam orta məktəbinin şagirdlərinin qanının intiqamını tələb etməsi

Şəhid rəhbərimiz və həmçinin əziz rəhbərimiz həzrət İmam Seyid Müctəba Xamenei dəfələrlə ABŞ-la danışıqlarda İran xalqının hüquqlarının qorunmasını vurğulayıblar. Amma belə bir keçmişə malik düşmənə necə etibar etmək olar?! İmam Xomeyninin (r) dediyi kimi, ‘Amerika böyük şeytandır’ və onun öhdəliklərinə əsla güvən yoxdur. Öz nəslimin nümayəndəsi kimi məsul şəxslərdən xahiş edirəm ki, xalqın istəyinə diqqət etsinlər və onların potensialını nəzərə alsınlar. Xalq öz şəhid rəhbərinin qanının intiqamını, cə eyni zamanda Minab məktəbinin məzlum uşaqlarının qanının intiqamını tələb edir.

Ayətullah Seyid Əli Xameneinin əbasının bir sapı bütün istikbar dünyasından dəyərlidir

Bütün dünya istikbarı və zalım qüvvələr məhv olsa belə, yenə də bizim böyük rəhbərimizin intiqamı alınmış sayılmaz. Çünki ağamızın əbasının bircə sapı belə bütün istikbar dünyasından və onun başçılarından daha dəyərlidir. Bununla belə, şəhid rəhbərimizin və həmvətənlərimizin qanının qisası istiqamətində atıla biləcək ən kiçik addım İsrailin tamamilə məhv edilməsi və Amerikanın Qərbi Asiyadan birdəfəlik çıxarılmasıdır.

Xalq ayaqdadır ki, düşməni çarəsiz qoysun

Bütün İran xalqı qüdrətli rəhbərin əmrinə itaətlə, tam birlik içində ölkəni müdafiə edən qüvvələrin yanında dayanıb ki, düşməni çarəsiz vəziyyətə salsın və vətənin pak canını şeytanın murdar qüvvələrinin hücumundan qorusun. Bu gün vətən yaralansa və qəlblər ağrısa da, bu imanlı xalqın iftixar bayrağı və qüdrət sədası bütün dünyaya yayılıb. Bu müharibənin içindən elə uşaqlar və yeniyetmələr yetişib ki, onların hər biri ölkənin gələcəyi üçün böyük təminat ola bilər. Müharibənin zərərləri ilə yanaşı bərəkətləri də var və bu bərəkətlərdən biri də uşaqların qəlb və düşüncəsində formalaşan inkişaf, yetkinlik və bəsirətdir.

Haqq cəbhəsi heç vaxt olmadığı qədər parlaq şəkildə işıq saçır, batil cəbhəsi isə istər ölkə daxilində, istərsə də xaricdə rüsvayçı şəkildə məhvə doğru gedir. Uca Allahın bu ayəsi artıq aşkar şəkildə gerçəkləşir:
«جاءَ الحَقُّ وَزَهَقَ الباطِلُ»
De: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur!”
(İsra surəsi, 81-ci ayə)

Reportaj: Fatimə Camalzadə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha