cümə 22 may 2026 - 18:11
Şəhid rəhbərin həyat tərzi və göstərişləri: milli özünəinamın dirçəldicisi

Şəhid Ayətullah Seyid Əli Xamenei rəhbərlik dövrünün ən mühüm göstəricilərindən biri ölkənin elmini gücə və milli qüdrətə çevirmək istiqamətində hərtərəfli səylərin göstərilməsi olub. Bu proses milli özünəinamın gücləndirilməsinin əsas nəticələrindən biri kimi qiymətləndirilir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İnqilabın şəhid rəhbəri Seyid Əli Xameneinin rəhbərliyi dövründə onun ən çox vurğuladığı əsas anlayışlardan biri “milli özünəinam” məsələsi və bu ruhun gücləndirilməsi olub. Onun baxışına görə, bu amil inkişafın hərəkətverici qüvvəsi, ölkənin müstəqilliyi və izzətinin əsas dayağı hesab olunur.

İmam  Xomeyni (r) və şəhid rəhbərin nəzərində milli özünəinam bir xalqın “biz bacararıq” düşüncəsinə qəlbən inanması deməkdir. Bu düşüncə gerçəkləşdiyi halda düşmənin psixoloji müharibəsi təsirsiz qalır, ölkənin potensial və imkanları daha da inkişaf edir və elmi-texnoloji tərəqqi üçün əsas zəmin formalaşır.

Milli özünəinamın dirçəldilməsi

Tehran Universitetinin Farabi fakültəsinin müəllimi doktor Həmidrza Yəzdani bildirib ki, İmam Xomeyni (ə) və şəhid rəhbərin düşüncə və rəhbərlik xəttinin mühüm nəticələrindən biri son onilliklərdə ölkədə milli özünəinamın yenidən dirçəlməsi olub.

O, şəhid rəhbərin “yumşaq hərəkat” və elm inkişafı ilə bağlı xüsusi təkidinə toxunaraq bildirib ki, onun rəhbərliyi dövrünün əsas xüsusiyyətlərindən biri biliyin gücə çevrilməsi istiqamətində aparılan geniş fəaliyyət olub.

İranın elmi inkişaf yolu

Doktor Həmidrza Yəzdani əlavə edib ki, bu dövrdə İranın yalnız dünyada elmdən faydalanan  ölkədən, dünya üzrə elmin inkişafına səbəb olan ölkəyə çevrilməsinə xüsusi diqqət göstərilib. Bu proses nanotexnologiya, nüvə enerjisi və kök hüceyrə texnologiyası kimi qabaqcıl sahələrə yatırımlarla başlayıb və əsas məqsəd İranın inkişaf üçün xarici güclərdən asılı olmaması idi.

Təhlükəsizlik qalxanı və çəkindirici güc

O bildirib ki, Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi dövrünün digər mühüm istiqamətlərindən biri də təhlükəsizlik sipərinin yaradılması olub. Bu strategiya təhlükəni ölkə sərhədlərindən uzaqda saxlamağa əsaslanırdı.

Onun sözlərinə görə, raket və pilotsuz uçuş aparatları sahəsində əldə olunan inkişaf, həmçinin bölgədəki müttəfiq qüvvələrə dəstək İran üçün elə bir çəkindirici güc formalaşdırıb ki, düşmən üçün hərbi hücumun qiymətini olduqca ağırlaşdırıb. Bu amilin nəticələri 12 günlük məcburi müharibədə və “Ramazan müharibəsi”ndə də özünü göstərib.

Gənc nəslin biliyinə əsaslanan müqavimət iqtisadiyyatı

Doktor Yəzdani iqtisadi müstəqillik və dayanıqlılıq istiqamətində görülən işlərə də toxunaraq bildirib ki, şəhid rəhbərin “müqavimət iqtisadiyyatı” anlayışına verdiyi önəm xarici təzyiqlər və sanksiyalar qarşısında dağılmayan iqtisadiyyat qurmaq məqsədi daşıyırdı.

O vurğulayıb ki, daxili istehsalın dəstəklənməsi, bilik əsaslı şirkətlərin inkişafı və neftdən aslı olmayan ixracın genişləndirilməsi bu siyasətin əsas istiqamətləri olub.

Tehran Universitetinin professoru bildirib ki, ən mühüm məsələlərdən biri milli və İslam kimliyinin dirçəldilməsidir. Şəhid rəhbər bu mövzuya xüsusi diqqət və təkid göstərib. Mədəniyyət baxımından əsas istiqamət Qərb həyat tərzinə qarşı müqavimət və yerli, dini dəyərlərə qayıdışdır. Bu yanaşmanın məqsədi milli özünəinamı olan bir cəmiyyət formalaşdırmaqdır. Belə ki, bu cəmiyyət inkişaf nümunəsini Qərbdən deyil, öz tarixi və dini köklərindən götürür.

Şəhid rəhbərin idarəetmə üslubunun izahının zərurəti

O bildirib ki, şəhid rəhbərin düşüncə tərzi və rəhbərlik yanaşması milli özünəinamın dirçəlməsinə səbəb olub və bu həqiqəti həm tərəfdar, həm də rəqiblər qəbul edir. Buna görə də bu nailiyyətin müxtəlif tərəfləri mütəxəssislər tərəfindən daha geniş şəkildə təhlil edilməlidir.

Yəzdani əlavə edib ki, bu dövrü bir cümlə ilə ifadə etmək istəsək, əsas xüsusiyyət “çoxqütblü dünyada müstəqil güc formalaşdırmaq”dır. Bu model göstərir ki, bir ölkə Qərb mərkəzli beynəlxalq sistemə tam inteqrasiya olmadan da yüksək texnologiyalara yiyələnə, təhlükəsizliyini təmin edə və inkişaf edə bilər. Bu yol gənclər, alimlər və məsul şəxslərin səyi ilə davam etdirilməlidir ki, ölkə strateji sənədlərdə nəzərdə tutulan məqsədlərə çata bilsin.

Milli iradə problemlərin həllinin əsas şərtidir

Hövzə araşdırmaçısı Nərgiz Şəkərzadə bildirib ki, şəhid rəhbərin baxışında milli özünəinamın əsas sütunlarından biri “milli iradə və qətiyyət”dir. Onun sözlərinə görə, bir xalqın güclü iradəsi olmayanda, o heç bir böyük məqsədə çata bilməz. Düşmənlər isə məhz bu iradəni zəiflətməyə, xalqda şübhə və zəiflik hissi yaratmağa çalışırlar.

O əlavə edib ki, milli iradənin güclənməsi üçün mədəniyyət, iqtisadiyyat və sosial sahələrdə paralel inkişaf vacibdir. Həm xalq, həm də dövlət qurumları birgə hərəkət etsə, ən güclü düşmənlər belə bu xalqa qarşı uğur qazana bilməz.

Gələcəyə ümid – cəmiyyətin inkişafının əsas amili

Şəkərzadə qeyd edib ki, rəhbərin tövsiyələri xalqda və gənclərdə ümid və özünəinam ruhunu gücləndirib. Bu ruh sayəsində cəmiyyət elmi inkişaf yolunda irəliləyə bilib.

O bildirib ki, ümid hissi gənclərin ölkəni tərk etmək əvəzinə, problemlərin həllinə yönəlməsinə səbəb olur. Əsas məsələ isə odur ki, dövlət və məsul qurumlar gənclərin elmi fəaliyyətləri üçün lazımi şəraiti yaratsın.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha